Kitabın, sözün və xalqın içindən çıxan adam - Əyyub QİYAS

 

Tarixdə elə insanlar var ki, onların həyatını sadəcə doğum və ölüm tarixləri arasına sığışdırmaq olmur, ömürləri təqvimə yerləşmir. Çünki gördükləri işlər onlardan sonra da yaşayır, yetişdirdikləri insanların yaddaşında, çap etdikləri kitabların səhifələrində, yol göstərdikləri nəslin düşüncələrində davam edir. Bəli, Əjdər Xanbabayev məhz belə insanlardan idi.

1931-ci ildə Ordubadda dünyaya göz açan Əjdər Xanbabayev bütün ömrünü Azərbaycan mədəniyyətinin ən mühüm sahələrindən birinə - kitab və nəşriyyat işinə həsr etdi.

Bu il 95 yaşı qeyd edilən unudulmaz insan haqqında yazmaq mənim üçün sadəcə bir şəxsiyyətin bioqrafiyasını vərəqləmək deyil. Azərbaycanın kitabçılıq tarixinin bütöv bir mərhələsinə nəzər salmaq, bir nəslin mənəvi yaddaşına toxunmaq və ən əsası, sözün, kitabın və vətəndaşlıq mövqeyinin qiymətini yenidən düşünməkdir.

Hələ 6 il əvvəl "Ədəbiyyat qəzeti"nin "Varislər" layihəsi üçün yazı hazırlayarkən Əjdər müəllimin yadigarı, mənim isə mənəvi bacım Afət Xanbabayeva ilə görüşüb, xeyli söhbət etmişdim. Söhbət əsnasında Əjdər müəllimin cəmiyyətə və ictimaiyyətə bəlli olan keyfiyyətləri ilə yanaşı, onun bir insan, bir ailə başçısı, bir ata kimi də nə qədər böyük ürəkli və dolğun insan olduğunu anlamışdım.

Onun ömrünün ilk illəri çətin dövrlərə təsadüf etmişdi. Ordubaddakı fəhlə-gənclər məktəbində oxuyur, həm də işləyirdi. Sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil aldı. Universitet illərində o dövr üçün nüfuzlu Stalin təqaüdünə layiq görülməsi, onun bir tələbə kimi yüksək intellektinə verilən dəyər idi.

Ali təhsil aldıqdan sonra onun, demək olar ki, bütün həyatı kitaba bağlandı. 1956-cı ildən "Elm" nəşriyyatında redaktor, sonra baş redaktor kimi fəaliyyət göstərən Xanbabayev 1960-cı ildə həmin nəşriyyata direktor təyin edildi və 1972-ci ilə qədər bu vəzifədə çalışdı. Sonralar "Azərnəşr"ə, "Yazıçı" nəşriyyatına rəhbərlik etdi. 1986-cı ildə isə Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini oldu.

Bu vəzifələrin arxasında sadəcə karyera ardıcıllığı görmək böyük səhv olardı.

 

Əjdər Xanbabayev üçün nəşriyyat işi bir idarəçilik sahəsi deyil, milli mədəniyyət məsələsi idi. Onun naşirlik fəaliyyətinin miqyasını anlamaq üçün nəşriyyat sahəsinə rəhbərlik etdiyi dövrdə çap olunan nəşrlərə baxmaq kifayətdir.

10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"; 50 cildlik "Dünya uşaq ədəbiyyatı" seriyası; "Dünya ədəbiyyatı kitabxanası"nın ilk 30 cildi; Azərbaycan və rus dillərində 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası"; Nizami Gəncəvi də daxil olmaqla, böyük Azərbaycan şairlərinin əsərlərinin xarici dillərdə nəşr olunması.

Bu siyahıya sadəcə rəqəm kimi baxmaq doğru olmaz. Çünki hər cildin arxasında müəllif, redaktor, tərcüməçi, korrektor, poliqrafçı, kitab tərtibatçısı və nəşriyyat işçisindən ibarət böyük bir əmək dayanır. Əjdər Xanbabayev bütünlüklə bu proseslərin içində idi. O, sadəcə naşir deyildi, o, kitabın məsuliyyətini daşıyan şəxsiyyət idi. O, Azərbaycan insanını kitaba qaytarmaq, kitaba sevgi oyatmaq missiyasını öz üzərinə götürmüşdü. O, Azərbaycan müəllifinə dəyər verə bilirdi.

Əjdər Xanbabayevi fərqləndirən nə idi? Məncə, Əjdər Xanbabayevin şəxsiyyətini yalnız "naşir", "direktor", "ictimai xadim" sözləri ilə ifadə etmək mümkün deyil. Onun əsas keyfiyyəti insanları tanımaq və istedadları qorumaq bacarığı idi. Tanıyanların xatirələrində Əjdər Xanbabayevin yazıçılara, şairlərə, jurnalistlərə və elm adamlarına münasibətindəki bir cəhət xüsusi diqqət çəkir: o, istedadlı insanın qarşısına süni bürokratik maneə atıldığını görəndə, seyrçi kimi kənarda dayana bilmirdi.

Xalq şairi Sabir Rüstəmxanlı Əjdər Xanbabayevlə işlədiyi illəri həyatının parlaq dövrü kimi xatırlayır. Sabir bəy müxtəlif təzyiqlərə baxmayaraq, Əjdər müəllimin onu müdafiə etdiyini və yaradıcılığına dəstək verdiyini söyləyir. Yəni o, güclünün qarşısında əyilməkdən daha çox, zəifin yanında dayanmağa üstünlük verirdi. Məncə, Əjdər Xanbabayevin xarakterini açan ən mühüm cəhətlərdən biri də budur:

Əjdər müəllimin ümummilli lider Heydər Əliyevlə münasibətləri də bu baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk dönəmdə Əjdər müəllim ideoloji cəhətdən son dərəcə mühüm sayılan bir sahəyə rəhbərlik edib. Sovet senzurasının "qayçısı" ideologiyaya uyuşmayan hər şeyi kəsib ata bilərdi və məhz Əjdər Xanbabayev kimi bir mütəxəssis, ruhu milli təəssübkeşlik hissi ilə dolu olan bir insan o senzuranın qarşısında dayanırdı.

Əjdər Xanbabayevin həyatının son mərhələsini Heydər Əliyev amilindən ayrı təsəvvür etmək mümkün deyil. Bu münasibət sadəcə iki insanın şəxsi tanışlığı deyildi. Əjdər Xanbabayev Heydər Əliyevin Moskvada siyasi həyatdan kənarlaşdırıldığı, Azərbaycandan uzaqda yaşadığı dövrdə onunla əlaqə saxlayan azsaylı ziyalılardan biri idi. 1989-cu ildə Moskvada görüşmüşdülər. Görüşdə Azərbaycanın siyasi vəziyyəti və Heydər Əliyevin Azərbaycana qayıtması məsələsi müzakirə edildi. Bu görüşün ən mühüm tərəfi mənəvi xarakter daşıyırdı. Ölkəni bürüyən xaos, hərc-mərclik bir vətəndaş kimi Əjdər Xanbabayevi ciddi narahat edirdi və çıxış yolunu yalnız Heydər Əliyevin Azərbaycana qayıtmağında, ölkəyə rəhbərlik etməyində görürdü. Ulu öndər həmin görüşlə bağlı öz xatirələrində də danışırdı. O, Əjdər Xanbabayevin həmin dövrdə onunla maraqlanmağını və görüşmək istəyini sevgi ilə anır, onu xeyirxah və qədirbilən insan kimi xarakterizə edirdi.

Əjdər Xanbabayevin Heydər Əliyevlə münasibətlərində ən mühüm məqam onun Azərbaycana qayıdış məsələsində göstərdiyi mövqedir. 1989-cu ildə Moskvada keçirilən görüşdən sonra bu məsələ daha da aktuallaşdı. 1990-cı ilin mayında isə hadisələr kulminasiya nöqtəsinə çatdı.

Mayın 30-da Əjdər Xanbabayev Heydər Əliyevlə telefonla danışdı. Müxtəlif mənbələrdə həmin telefon söhbətinin məzmunu barədə məlumatlar yer alır. Əjdər müəllim Heydər Əliyevdən Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün Bakıya qayıtmağını təkidlə xahiş etmişdi. Bu söhbətdən sonra baş verən hadisə isə Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri olaraq qalır.

1990-cı il, may ayının 30-u. Bakı. Əjdər Xanbabayev Azərbaycan Rus Dram Teatrının yaxınlığında şəxsi avtomobilində güllələnir. 59 yaşlı naşirin həyatı belə amansızlıqla sona çatır.

Görünür, ulu öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr, Əjdər Xanbabayevin qorxmaz ruhunu və sarsılmaz iradəsini susdurmaq üçün başqa çıxış yolu tapa bilməmişdilər. Əjdər müəllimi aradan götürməklə, gələcək proseslərə mane olacaqlarını düşünənlər, ulu öndərin Azərbaycan xalqının qəlbindəki yerindən xəbərsiz idilər. Bu, təsadüfi bir tarix kimi yadda qala bilməz. Çünki həmin gün Əjdər Xanbabayev Heydər Əliyevlə danışmışdı. Çünki o, Heydər Əliyevin Azərbaycana qayıdışını müdafiə edən ziyalılardan biri idi. Çünki onun siyasi hadisələrə münasibəti artıq yalnız şəxsi fikir səviyyəsində deyildi.

Əjdər Xanbabayevə nədən sui-qəsd edildi? Bu suala cavab verərkən emosiyadan çox faktlara söykənmək lazımdır. İlk dövrlərdə qətlin müxtəlif səbəbləri haqqında versiyalar səsləndirilirdi. "Qara Yanvar" kitabının nəşri ilə bağlı versiyalar da ortaya atılmışdı. Lakin sonrakı araşdırmalarda əsas istiqamət siyasi motivə yönəldi.

Azərbaycan Prokurorluğunun istintaq materiallarına əsaslanan məlumatlarda Əjdər Xanbabayevin Heydər Əliyevin tərəfdarı və onun Azərbaycana qayıdışının təşkilində iştirak edən şəxslərdən biri olduğu bildirilir. Həmin materiallarda onun Azərbaycan DTK-sının nəzarətində olduğu da qeyd edilir.

Daha sonra qətlin təşkilində DTK əməkdaşlarının adları hallandı və onların DTK rəhbərliyinin göstərişləri əsasında fəaliyyət göstərdikləri ilə bağlı istintaq məlumatları yayıldı.

Burada bir mühüm məqam var. Bu yerdə unudulmaz Əjdər müəllimin varisi, qızı Afət xanımın sözlərini olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm: "1990-cı il iyunun 6-da Azərbaycan Kommunist Partiyasının qurultayı keçiriləcəkdi. Atamgil çətinliklə də olsa, səhv etmirəmsə, Naxçıvandan ulu öndərin qurultaya nümayəndə seçilməsinə nail olmuşdular. Çünki başda Ayaz Mütəllibov olmaqla respublikanın yeni rəhbərliyi onun Bakıya qayıtmağını istəmirdi. Ayaz Mütəllibovun adından atamın yanına hər gün "elçilər" gəlirdi, bəzən xahişlə, bəzən hədə-qorxu ilə deyirdilər ki, sən Heydər Əliyevlə danış, qoy o, Bakıya qayıtmasın. Atam da deyirdi ki, mən buna mane ola bilmərəm, çünki Bakıya qayıtmaq, qurultay nümayəndəsi kimi iştirak etmək bu insanın haqqıdır. Üstəlik, əgər gəlməsini istəmirsinizsə, zəng vurun, yanına adam göndərin, özünüz danışın. Onu heç cür razı sala bilmədilər və 1990-cı il may ayının 30-da axşam saatlarında atama sui-qəsd oldu".

Afət xanımın sözlərindən belə başa düşdüm ki, istintaq ümumiyyətlə ədalətli olmayıb. Hətta Əjdər Xanbabayevin Bakıda dəfn olunmasına da icazə vermək istəməyiblər, Naxçıvanda dəfn olunmağını təkid ediblər. Amma o dövrün ləyaqətli insanları Ayaz Mütəllibovun təzyiqlərinə baxmayaraq, naşirin cənazəsini ensiklopediyanın binasından qaldırıblar. Əjdər müəllimin cənazəsi çoxsaylı insan axınının müşayiəti ilə İkinci Fəxri xiyabanın lap yaxınlığında torpağa tapşırılıb. İstintaq isə olmayıb, görünür, buna ehtiyac duymayıblar. İstintaq sənədləri bir də ulu öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra yenidən diqqət mərkəzinə gəlib.

Bu faktlar Əjdər Xanbabayevin ölümünü həmin dövrün siyasi mübarizəsindən kənarda düşünməyə imkan vermir.

Maraqlı paradoks budur ki, Əjdər Xanbabayev klassik mənada siyasətçi deyildi. Amma bəzən insan siyasətçi olmadan da siyasi tarixə düşür. O, partiya tribunalarında çıxış edən siyasətçi deyildi. O, kitab adamı idi. Naşir idi. Ziyalı idi. Amma ölkənin taleyi həll olunan zaman susmadı. Bəlkə də onu təhlükəli edən əsas xüsusiyyət də məhz bu idi.

Əjdər Xanbabayev haqqında düşünəndə mənim gözümün qarşısında ilk növbədə kabinetdə oturan direktor obrazı canlanmır. İsa Nəcəfovla Elmira Axundovanın qələmə aldığı "Naşirin ölümü" romanında o böyük insanın həyatı geniş və rəngarəng təsvir olunub. Oxumağınız məsləhətdir. Əjdər müəllim mənim üçün daha çox kitabın içində yaşayan, müəlliflərlə ünsiyyət quran, istedadı görən və lazım gəldikdə onun arxasında dayanan bir ziyalıdır. Bu il unudulmaz Əjdər Xanbabayevin 95 yaşı tamam olur. Məncə, tariximizə hörmət naminə o amansız qətlin təfərrüatlarını zülmətdən işığa çıxarmağın zamanı yetişib.

Bir də... Əjdər Xanbabayevdən yazarkən onu yalnız keçmişin məşhur naşiri kimi təqdim etmək istəməzdim. Mən onu Azərbaycanın söz adamlarından biri kimi görürəm. Çünki söz adamı olmaq yalnız yazmaq demək deyil. Bəzən söz adamı olmaq həm də başqasının yazdığı sözü qorumaqdır. Bəzən müəllifin haqqını müdafiə etməkdir. Bəzən kitabı çap etdirmək üçün maneələrin qarşısında dayanmaqdır. Bəzən isə Vətənin gələcəyi ilə bağlı inandığın fikri söyləməkdir. Əjdər Xanbabayev bunların hamısını etdi.

Ruhun şad olsun, unudulmaz insan!

 

12-21 avqust, 2026-cı il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!