Böyük sənətkar, görkəmli şəxsiyyət Mirzə İbrahimovla bağlı yadıma düşənlər...
I
Təkcə güneyli-qüzeyli Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşında əbədi yaşayacaq şəxsiyyətlərdən biri də, heç şübhəsiz ki, Mirzə İbrahimovdur.
Böyük sənətkar, xalq yazıçısı, ədəbiyyatşünas alim, akademik, bir zaman Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, rəsmən ölkənin dövlət başçısı olmuş görkəmli ictimai-siyasi xadim...
Orta məktəb illərində, parta arxasında şagird kimi əyləşdiyim vaxtlarda ədəbiyyat fənni üzrə dərs müntəxabatlarından isə mən onu "Gələcək gün" romanının müəllifi olan bir yazıçı kimi tanıdım.
Sonralar bu görkəmli ədibin neçə-neçə hekayələrini, "Böyük dayaq", "Pərvanə" romanlarını dönə-dönə oxuyacaqdım, əvvəlcə bir ədəbiyyat, sonralar isə özüm də bir yazı-pozu həvəslisi olanda yazıçının dilinə - ana dilimizə heyranlığım, vurğunluğum elə artırdı ki, özlüyümdə belə bir qənaətə gəlmişdim: əbəs uerə Ana dili ifadəsini işlətmirik, dilimiz həm də elə Anamızdır.
Sonralar biləcəkdim ki, Mirzə İbrahimov - bu böyük şəxsiyyət, görkəmli yazıçı, alim, respublika rəhbərliyində ən mühüm bir vəzifə sahibi olanda Ana dilimizin respublikamızda dövlət statusu alması uğrunda necə bir siyasi çarpışmaya qalxmış, vəzifədən kənarlaşdırılaraq başı nə qədər bəlalar çəkmişdir.
.jpg)
II
O vaxt, 1973-cü ilin sonlarında yaradıcılıq yollarında ilk kövrək addımlarını atan gənc yazarlara dəstək olmaq, yeni istedadları üzə çıxarmaq məqsədi ilə AYB-ə sədrlik edən xalq yazıçısı, böyük sənətkar Mirzə İbrahimovun təşəbbüsü ilə bir müddət xeyli əvvəllər keçirilən ənənəvi "Gənclər günü" bərpa edildi. Qəzetlərdə də bu haqda elanlar verildi. O zaman ali məktəbin sonuncu kurs tələbəsi, 21 yaşlı bir gənc olan mən də ədəbi həyatımızda mühüm hadisəyə çevrilən o "Gənclər günü"nün ilk iştirakçılarından biri oldum.
Tədbirdə əlliyə yaxın gənc yazar iştirak edirdi. Tədbiri Mirzə müəllim özü aparırdı. O, əvvəlcə "Gənclər günü"nün keçirilməsinin məqsədindən danışdı, gənc yazarlara yaradıcılıq uğurları arzuladı, İttifaqın onlara hər cür diqqət və qayğı göstərəcəyini dedi.
O gün həmin tədbirdə kimlər yox idi?! Ədəbiyyatımızın o illərdə yaşayıb-yaradan, az qala, bütün klassikləri, o zaman yaxşı tanınan, sonralar isə xalq yazıçısı, xalq şairi adlarına layiq görülən neçə-neçə qələm adamları. Nə isə... O "Gənclər günü"ndə iştirak edən gənclərin, demək olar ki, hamısı şeir yazırdı, hərə özlüyündə bir şair idi, aralarında tək-tük nəsr yazanlar var idi. Bunu sonralar biləcəkdim. Bəlkə də buna görə bir ağsaqqal şairimiz (o, İttifaqda poeziyaya baxırdı) sədrin çıxışından sonra ilk əvvəl ayağa qalxdı. Çıxışına şeir yazan cavanlara ədəbiyyat dərsi keçməklə başlayıb özlüyündə müdrik, vacib bildiyi nəsihətlərini verdi, çıxışını yekunlaşdırmaq ərəfəsində birdən-birə şaqqanaq çəkdi:
- Bugünkü "Ədəbiyyat və incəsənət" qəzetində bir cavan şairin şeirlərini oxudum, - dedi. - Görün nə yazır:
Balıq olmaq istəyirəm,
lap balaca,
bapbalaca bir balıq,
gümüşü balıq...
- Ha-ha-ha... Ağsaqqal şair öz gülüşündən ləzzət ala-ala: - Əşşi, balıq olursan-ol də, daha gümüşü niyə? Qızıl balıq ol ki, ləzzətlə kabab çəkib yeyək.
Bəlkə də ağsaqqal şairə yarınmaq üçün bir neçə həmyaşıdı ilə yanaşı, gənc yazarlar da ona qoşulub gülüşdülər. "Ədəbiyyat və incəsənət" qəzetinin həmin sayında dərc edilən o şeirin müəllifinin, yaxşı tanıdığım, aramızda xoş münasibət olan Camal Yusifzadənin ağsaqqal şairin istehza, lağ hədəfinə çevirib məsxərəyə qoyulması mənə yer elədi. Şair şeirin alt qatında sətiraltı mənalarla amansız 1937-38-ci illər repressiyasında Nargin adasında güllələnib nəşləri Xəzərə atılan, yəqin ki, meyitləri sonralar balıqlara yem olan günahsız qurbanlarından söz açırdı...
Hövsələsiz cavanlıq yaşımın yüyəni əlimdə olmayan bir vaxtında yerimdən qalxaraq üzümü ağsaqqal şairə tutub hiddət dolu bir səslə: - O şeiri bugünkü qəzetdə mən də oxumuşam, - dedim, - şeirin ayrı-ayrı misralarını təhrif edə-edə niyə o şeirlə hələ diqqətlə tanış olmayanlarda yanlış təəssürat yaradırsınız?..
Elə bil zalda birdən-birə bomba partladı. Ağsaqqal şairlə birgə ona yaxın olanlar da əvvəlcə donub qaldılar, sonra isə ağsaqqal şair elə bil birdən-birə özünə gəldi, az qala yerindən qalxıb üstümə cummaq, əl qaldırmaq istədi. Cavanlar isə bu qəfil səhnəyə mat qalıb susur, gah ağsaqqal şairə, gah da mənə heyrətlə baxırdılar. Ağsaqqal şair hücumda idi, kükrəyib coşur, mən də cavab qaytara-qaytara, deyəsən, pis müdafiə olunmurdum. O vaxt özlüyümdə mənə elə gəlirdi. Mirzə İbrahimov ayağa qalxmışdı. Bir neçə dəfə üstümə acıqlandı ki, a bala, otur, otur yerində.
Nə qədər həyəcanlı olsam da, Mirzə İbrahimovun aranı qarışdırdığım üçün o məclisdə üstümə acıqlansa da, səsində bir istilik, mehribanlıq, bir ağsaqqal ərki duydum və o gündən o böyük sənətkar mənə bir şəxsiyyət kimi də doğmalaşdı...
Ağsaqqal şairi də öz həlim səsi ilə məzəmmət edib sakitləşdirməyə çalışırdı ki, əşşi, bəsdir, uşağa baş qoşdun. Burasını da deyim ki, birdən-birə açıq-aşkar hiss etdim ki, bu qəfil replikam, ağsaqqal şairlə söz güləşdirməyim, haqsızlıq qarşısında susa bilməyib ağsaqqal bir şairlə çəkinmədən söz-sözə verib bu dirəşməyim, deyəsən, böyük sənətkarda mənə qarşı nəsə bir hüsn-rəğbət oyadıb.
Buna mən dekabrın ikinci yarısında "Gənclər günü"nün növbəti məşğələsində əmin oldum. Tədbiri açandan sonra Mirzə müəllim gənclər arasında ilk əvvəl mənə üz tutub:
- Şeirlərindən oxu...- dedi, - görək dilin varsa, dilçəyin də varmı?
- Hekayə yazıram, - dedim. Mirzə müəllimin mənə marağı daha da artdı.
- Hekayə olsun, oxu, - dedi, - qulaq asaq...
Özümlə 2-3 hekayə götürmüşdüm ki, hərəsinin də həcmi təxminən, səhifə yarım, hər biri heç iki səhifə də deyildi. Əvvəlcə "Buz heykəllər əriyir" adlı hekayəmi oxudum (təvazökarlıqdan uzaq olsa da, sonralar "Ulduz" jurnalında çap olunan bu hekayəm haqqında mərhum akademik Bəkir Nəbiyev "Söz ürəkdən gələndə" kitabında xeyli xoş sözlər demişdi). Mirzə müəllim razılıqla:
- Birini də oxu, - dedi, - amma o da belə qısa olsun ki, başqa cavanları da dinləməyə vaxtımız qalsın.
Deyə bilmədim ki, indiyəcən yazdıqlarımın hamısı elə vur-tut ikicə səhifədir.
Mirzə İbrahimov tədbirdə iştirak edən "Azərbaycan" jurnalının o zamanlar baş redaktoru olan Cəlal Məmmədova göstəriş verdi ki, hekayələrimlə yaxından tanış olsun. Böyük sənətkarın ikicə hekayəmə belə diqqəti məndə, təbii ki, yazı-pozuma, özümə inamı daha da artırdı.
Və... Ayağım redaksiyalara yol açdı. "Bakı" qəzetində, "Ulduz", "Azərbaycan" jurnallarında hekayələrim çap olundu.
III
1971-ci ilin, gərək ki, payızı idi. O zaman tələbəsi olduğum M.F.Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunda Mirzə İbrahimovun anadan olmasının 60 illiyi ilə bağlı görkəmli sənətkarla görüş keçirilirdi. Yazıçı görüşə öz qızı, sevimli bəstəkarımız Sevda xanımla gəlmişdi. İnstitutun rektoru, professorları yazıçının keçdiyi şərəfli ömür yolundan, yaradıcılığından danışdılar. Əsərlərindən parçalar səsləndi, pyeslərindən səhnələr göstərildi. Az qala növbəyə düzülən gözəl-göyçək tələbə qızlar sevimli yazıçıya təzə-tər gül dəstələri təqdim etdilər. Gül dəstələrini köksünə sıxan Mirzə müəllim kövrəlmişdi. Bəlkə də Mirzə müəllimi kövrəldən nə qədər təzə-tər olsa da, o güllərin də elə payız çiçəkləri olması idi... Sənətkar öz kövrəkliyini gizlətmək üçün özünə xas yumorla zarafata keçdi:
- Qızım Sevda hərdən mənə xəbərdarlıq edir ki, ata, daha qocalmısan, yazı-pozu ilə özünü çox yorma, səhhətinə fikir ver...
Sonra da Mirzə müəllim üzünü Sevda xanıma tutub təbəssümlə dedi: - Heç qoca kişiyə də cavan qızlar bu qədər gül dəstələri təqdim edər?!.
Zal yazıçının bu sözlərini coşqu ilə alqışladı.
...Aradan 40 il keçəndən sonra, 2011-ci ilin bir xoş yaz günündə, bu dəfə bizim Şabranda, şəhər mədəniyyət sarayında Mirzə İbrahimovun anadan olmasının yüz illik yubiley tədbiri keçirilirdi və o tədbirə paytaxtdan adlı-sanlı qələm adamları ilə birgə qızı Solmaz xanım, gəlini və nəvələri də gəlmişdi.
Məruzə və çıxışlardan sonra söz görkəmli sənətkarın doğmalarına, ailə üzvlərinə verildi.
Atası ilə bağlı şirin xatirələrini böyük maraqla dinləyən şabranlıların diqqətindən danışığından yazıçının qızı Solmaz xanımın rusdilli olması da yayınmadı.
Zaldakılar kimi mənə də maraq güc gəlmişdi. Hökmən bunun səbəbini məqam gözləyirdim ki, Solmaz xanımdan xəbər alım.
Təntənəli tədbirdən sonra qonaqlar çay süfrəsinə dəvət olundu. Mən də o məclisə dəvət olunanlar arasında idim.
Süfrə arxasında o tədbirdə kürsüdən demədiklərini dilə gətirmişdi.
Uşaqlıq illərindən, bacı-qardaşlarından, ata-anasından, ailələrindən kövrələ-kövrələ söz açan Solmaz xanımın danışıqlarından belə məlum olurdu ki, çox mühüm dövlət vəzifəsində çalışa-çalışa, yazıçı kimi bir əli də qələmdə olan ataları övladlarının qayğısına nə qədər qalsa da, onların təlim-tərbiyəsinə, təbii ki, bir elə vaxt ayıra bilmədiyindən bu vəzifə anaların üzərinə düşürmüş...
Xalq artisti, görkəmli sənətkarımız, məşhur tarzən Qurban Primovun qızı, kübar bir qadın olan anaları xanım ömür-gün yoldaşının başı üstündə gəzən qara buludlardan xəbərdar imiş. Bir gün doğma respublikadan sürgün edilmək xofu ilə o illərdə məktəb yaşı çatan balaca Solmazı gələcək təhsil illərində çətinlik çəkməsin deyə rus bölməsinə yazdırıb.
***
...Bax, bu da Solmaz xanımın rusdilli olmağının tarixçəsi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
