Adıgözəl Məmmədovun yeni - "Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabı Azərbaycan tarixində görkəmli iz qoymuş dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin fəaliyyətinə həsr olunub. Bu tədqiqat əsəri tariximizin bir çox gizli səhifələrinə işıq salmaqla təkcə bu sahənin adamları üçün deyil, həm də geniş oxucu kütləsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Müəllif arxiv sənədlərinə əsaslanaraq Əziz Əliyevin, xüsusən, Dağıstanda fəaliyyət göstərdiyi illəri başqa rakursdan işıqlandırmaqla, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edib.
Əziz Əliyevin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyətinin ilk aylarında hərbi hissələrin formalaşdırılması, döyüş batalyonlarının və partizan dəstələrinin yaradılması, səfərbərlik ilə bağlı ən mühüm büro qərarları verilmişdi. Bunun nəticəsində respublikanın bütün bölgələrindən 120 min insan orduya cəlb edilmiş, müdafiə obyektlərinin tikintisi ilə bağlı çoxlu işlər görülmüşdü. Həmin dönəmdə dağlılara inam artmışdı. Sonradan Dağıstan Vilayət Komitəsinin birinci katibi Əziz Əliyevin təşəbbüsü ilə Dağıstan gənclərini əsasən azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasına daxil etmişdilər.
1943-cü ilin yanvar-iyul aylarında DMSSR Xalq Komissarları Soveti və partiyanın Dağıstan Vilayət PK Bürosu Dağıstan xalqlarından Qızıl Ordu sıralarına könüllülərin cəlb edilməsi haqqında bir sıra qərarlar qəbul edib. 1943-cü il fevralın 17-dək cəbhəyə göndərilmək üçün 12 mindən çox müraciət daxil olmuşdu. Burada ən vacib məqam odur ki, Əziz Əliyev əsasən azərbaycanlılardan formalaşdırılmış 416-cı Taqanroq diviziyasının tərkibində dağıstanlılardan ibarət süvari eskadrilyanın yaradılmasının təşəbbüskarı kimi çıxış edir və buna nail olur...

"Böyük Azərbaycan naminə Əziz Əliyev " kitabından öyrənirik ki, diviziyanın yaranması o qədər də asan olmamışdır. Azərbaycan K(b)P-nin ikinci katibi işləmiş Mirhəsən Seyidov öz xatirələrində bu barədə ağrı və acı ilə danışıb: "Kerç faciəsini eşidən Mir Cəfər Bağırov çox narahat oldu və Mexlisə möhkəm qəzəbləndi. Çünki Mexlis nəyin bahasına olursa-olsun, Kerç körfəzi vasitəsilə Krım yarımadasına daxil olmaq əmrini vermişdi. Bu vəzifələri yerinə yetirməli olan diviziyalar isə əsasən azərbaycanlılardan formalaşdırılmışdı. Həmin cəhd zamanı açıq dənizdə alman bombardmançıları bu əsgərləri daşıyan bütün gəmiləri məhv etmişdilər. Buna baxmayaraq, əməliyyatın davam etdirilməsi və Krım yarımadasına daxil olmaq üçün təkrar əmr verilmişdi. Bu dəfə alman bombardmançıları diviziyanın bütün heyətini darmadağın etmiş, köməksiz əsgərlər sadəcə olaraq dənizdə boğularaq həlak olmuşdular.
Mexlisin səriştəsiz əmri haqqında Sevastopolun müdafiəsi üzrə quru qoşunları komandanının müavini və sahilyanı ordunun rəhbəri İ.Petrov M.C.Bağırovu məlumatlandırır və deyir ki, "Bir neçə gündən sonra soydaşlarınızdan heç kim sağ qalmayacaq. Mən heç nə edə bilmirəm (Mexlisi nəzərdə tutur). Lütfən, müdaxilə edin və təcili tədbirlər görün. Xahiş edirəm, mənim adımı çəkməyəsiniz".
Azərbaycanlılar Sovet Ordusunun tərkibində faşist Almaniyasına qarşı qəhrəmancasına vuruşurdular. Amma təəssüf ki, əksəriyyəti rus dilini bilmir, döyüş zamanı verilən bir çox komanda və əmrləri başa düşmürdülər. Buna görə də tez-tez nizamnaməni pozduqlarına və ya əmri yerinə yetirmədiklərinə görə hərbi tribunala verilirdilər.
1942-ci il yanvar ayının sonunda Stalin L.Z.Mexlisi siyasi rəhbərliyin nümayəndəsi kimi Krım cəbhəsinə göndərdi. O isə adətinə uyğun olaraq, kömək göstərmək əvəzinə rəhbər kadrları qatıb-qarışdırmağa başladı. Hər şeydən əvvəl, cəbhənin qərargah rəisi Tolbuxini general-mayor Veçni ilə əvəz etdi. Cəbhənin hazırladığı hücum dəfələrlə təxirə salındı, Mexlis yalnız komandirlərlə mübahisə etməkdəydi. Mayın 7-də almanlar özləri hücuma keçdilər və bir gün sonra cəbhənin müdafiəsini yardılar. Nəticədə Krım yarımadası Kerçlə birlikdə düşmən tərəfindən ələ keçirildi ("Avropadakı son hüdudlarda" ).
Hərbi hissələrdə "Azərbaycanlıdan döyüşçü çıxmaz" söz-söhbəti yayılırdı. Bu, əlbəttə ki, əsgərlərin mənfi reaksiyasına səbəb olur, onları təhqir edirdi. Bununla bağlı M.C.Bağırov Stalinin qarşısında çıxış etdi və hər şeydə, o cümlədən də Kerçdəki uğursuz əməliyyatda Mexlisi günahlandırdı.
İyin ayının 3-də Çadayev Stalinin qəbul otağında cəbhədən gəlmiş Mexlislə görüşdü. Çadayev danışırdı ki, o, Mexlislə Kerç yarımadasındakı döyüşlərdə məğlubiyyətinin səbəbləri barədə söhbət edərkən "Stalin qapıda göründü. Mexlis oturduğu yerdən sıçradı: "Salam, yoldaş Stalin! İcazə verin, məruzə edim". Stalin yerişinə haram qatıb, bir anlıq yuxarıdan-aşağı Mexlisə baxdı, həyəcanlı səslə dedi: "Lənətə gələsiz Sizi!" Və dərhal da kabinetə girib qapını arxasınca çırpdı. Mexlis yavaş-yavaş əllərini yanlarına endirdi və pəncərəyə tərəf çevrildi...
Sonralar Poskrebışevdən öyrəndim ki, Mexlis həmin gün bir müddət sonra nəhayət ki, Stalinin qəbulunda ola bilib. Krım fəlakətinin günahkarı, sözün əsl mənasında, rəhbərin ayaqlarına düşübmüş (tarixçi Yuri Yemelyanovun "Pravda" qəzetindəki "Ali Baş Komandan" məqaləsi).
Cəbhə komandanı D.T.Kozlov, Hərbi Şuranın üzvü, diviziya komissarı F.A.Şamanin, cəbhənin qərargah rəisi P.P.Veçni və bir sıra başqa komandirlər tutduqları vəzifələrdən uzaqlaşdırılır, Kozlov və Şamaninin rütbələri də aşağı salınır. L.Z.Mexlis Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi İdarəsinin rəisi vəzifələrindən kənarlaşdırıldı və rütbəsi korpus komissarınadək endirildi. Qızıl Ordunun Siyasi İdarəsinin rəhbəri ÜK(b)P MK-nın katibi və Siyasi Büro üzvlüyünə namizəd A.S.Şerbakov oldu.
Bundan sonra cəbhəyə göndərilən Azərbaycan əsgərləri də daxil olmaqla 416, 77, 223-cü hərbi hissələr təşkil olundu. Hərbi hissələrin milli əlamət üzrə siyasi mülahizələrlə yaradılmasında məqsəd həm də sovet xalqının Böyük Qələbəsinin beynəlmiləl səciyyəsini vurğulamaq idi.
416-cı diviziya Taqanroq şəhərini azad edəndən sonra "416-cı Taqanroq diviziyası" adlandırıldı.
Bu diviziya da daxil olmaqla, dağlıların olduğu hərbi hissələrdə Dağıstan Vilayət Partiya Komitəsinin təşəbbüsü ilə respublika ziyalılarının müntəzəm tədbirləri təşkil edilirdi.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosunun Qərarı:
Kareliya cəbhəsində olan Sovet İttifaqı Qəhrəmanı Səid Əliyevlə görüşmək üçün təbliğat briqadasının göndərilməsi haqqında
Kareliya Cəbhəsinə Sovet İttifaqı Qəhrəmanı yoldaş Səid Əliyevlə görüşmək üçün aşağıdakı siyahıda adları çəkilənlər göndərilsinlər:
1. Batırov A.K. - DMSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsinin rəisi - komandanın rəhbəri.
2. Trunov D.M. - yazıçı.
3. Rəsul Həmzətov - şair.
4. Yusup Mollayev - rəssam.
5. Əli - Sovet İttifaqı Qəhrəmanı Səid Əliyevin atası.
6. Əsgər Sarıca - DMSSR-nın əməkdar artisti - heykəltəraş.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin katibi Ə.Əliyev.
Dağıstan yazıçılarının 2-ci Qvardiya Süvari Korpusunda əsgərlər, komandirlər və siyasi işçilərlə görüşmək və dağıstanlıların Vətən uğrunda döyüşlərdə iştirakı ilə bağlı materiallar toplamaq üçün cəbhəyə göndərilməsi haqqında
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin bürosunun Qərarı:
12 aprel 1944-cü il.
1. Aşağıda göstərilən Dağıstan yazıçıları, əsgərlər, komandirlər və siyasi işçilərlə görüşmək və dağıstanlıların Vətən uğrunda döyüşlərdə iştirakı ilə bağlı materiallar toplamaq üçün 2-ci Qvardiya Süvari Korpusuna - cəbhəyə 2 ay müddətinə ezamiyyətə göndərilsin: T.Ədjmətov, R.Həmzətov, D.Trunov.
DMSSR Xalq Komissarları Sovetinə tapşırılsın - yoldaş Daniyalov yazıçıların səfəri ilə bağlı xərclər məsələsini həll etsin.
3. Ağababov yoldaşa göstəriş verilsin ki, cəbhəçilərə sovqatların vaxtında göndərilməsini təşkil etsin.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin katibi Ə.Əliyev.
Məhz bu ağır müharibə illərində Dağıstandakı fəaliyyətinə görə Əziz Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Lenin ordeni", SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1943-cü il tarixli fərmanı, "Qırmızı Əmək Bayrağı" Ordeni, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli fərmanı ilə "Qafqazın müdafiəsi uğrunda" medalı ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 iyun 1944-cü il tarixli fərmanı ilə o, ikinci dəfə "Lenin ordeni" ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli fərmanı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində "Almaniya üzərində qələbəyə görə" medalı ilə və 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "I dərəcəli Vətən Müharibəsi Ordeni" ilə təltif edilmişdir.
Sonda Adıgözəl Məmmədovu bu yeni əsəri ilə bağlı təbrik edir və ona yaradıcılığında növbəti uğurlar diləyirəm. Onun bu yeni əsərindən nəinki tarixçilər, həm də siyasət anlayışı ilə maraqlanan hər kəs yararlana biləcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
