"Əlyazmalar yanmır": Bulqakovun "Master və Marqarita"sı - ALSU

 

M.Bulqakovun "Master və Marqarita" əsərini keçən yay oxumuşam. Kitabı oxuduqca əmin olurdum ki, mənim ən sevdiyim romanlardan birinə çevriləcək. Bulqakovun üç fərqli süjeti təsvir etməsi və onları bir əsərdə ustalıqla birləşdirməsi məni valeh etmişdi. Əsəri bitirdikdən sonra rusiyalı kinematoqrafçılar tərəfindən 2005-ci ildə ekranlaşdırılan 10 bölümlük serial versiyasına (rejissor: Vladimir Bortko) baxdım və çox bəyəndim. Atmosfer, aktyor oyunu, xüsusən də musiqi olduqca uğurlu idi (bəstəkar İqor Kornelyuk).

Roman 1930-cu illərdə İblisin (Volandın) ateist Moskvaya gəlməsi ilə başlayır. Müəllif, Voland (bu ad İ.V.Hötenin "Faust" əsərindən götürülüb) və fövqəltəbii gücünün böyük bir xaosa səbəb olması ilə sovet cəmiyyətini, xüsusən də ədəbi dairələri, bürokratiyanı və şəhər elitasını satirik şəkildə təsvir edir. İkinci süjetdə İsa və Ponti Pilatın hekayəsindən, üçüncüdə isə Master və Marqaritanın sevgi hekayəsindən bəhs olunur.

Bulqakovun yaradıcılıq dövrü: Stalin, qadağalar və senzura

1920-ci illərdə Bulqakov Sovet İttifaqının ən məşhur dramaturqlarından biri idi. Bununla belə, o, uğurla yanaşı, bir çox tənqidlərlə də qarşılaşırdı. 1926-cı ildə Bulqakovun "Ağ qvardiya" əsərinin teatr adaptasiyası olan "Turbinlər ailəsinin günləri" pyesi Moskva Bədii Akademik Teatrında səhnəyə qoyuldu. Bundan sonra müəllifin mənzilində dəfələrlə axtarış aparıldı, qəzetlər onu tənqid etdi və tamaşalar qadağan edildi. Müəllif, demək olar ki, işsiz qalsa da, o vaxt Stalinin tamaşaya on beş dəfədən çox getdiyi barədə şayiələr yayılmışdı.

"Master və Marqarita" (2024) filmindən kadr

 

30 mart 1930-cu ildə iş və azadlıq axtarışı içində çarəsiz qalan Bulqakov Sovet hökumətinə birbaşa məktub yazaraq ya teatrda işləmək, ya da mühacirət etmək üçün icazə istəyir.

18 aprel 1930-cu ildə İosif Stalin şəxsən Bulqakovun mənzilinə telefonla zəng edir. Stalin onu SSRİ-də qalmağa razı salır və Moskva Bədii Akademik Teatrına yenidən müraciət etməyi tövsiyə edir. Beləliklə, Bulqakov rejissor köməkçisi vəzifəsinə işə götürülür və qadağan olunmuş "Turbin ailəsinin günləri" pyesi yenidən səhnəyə qoyulur.

Ömrünün son on iki ilində Bulqakov davamlı olaraq "Master və Marqarita" romanının üzərində işləyib (birinci adı: "İblis haqqında roman"). Roman Stalinist repressiyalar fonunda Bulqakovu əhatə edən qorxu, senzura, bürokratiya atmosferini və təzyiqləri özündə cəmləşdirir. Romandakı məşhur "Əlyazmalar yanmır" sitatının müəllifinin öz əlyazmalarını yandırdığını bilirdinizmi?..

Bulqakov 1939-cu ildə ölüm ayağında, xəstə yatağında belə, romanın üzərində işləyib və eyni zamanda "Batum" (Stalinin gəncliyi haqqında) pyesini yazıb. Lakin əsərə Stalin tərəfindən qadağa qoyulub.

Bulqakov 10 mart 1940-cı ildə 48 yaşında vəfat edir. Onun məzarı üzərinə həyat yoldaşı Yelena Bulqakovanın müraciəti ilə əvvəllər Qoqolun məzarı üzərində olmuş və "Qolqofa" adlandırılan daş qoyulur... Yelenanın davamlı səyləri sayəsində "Master və Marqarita" Bulqakovun ölümündən 26 il sonra, 1966-cı ildə "Moskva" jurnalında dərc olunur.

Bütün bunlara nəzər saldıqda, "Master və Marqarita"da təsvir olunan mühiti daha yaxşı başa düşə bilərik. Bulqakovun Moskvası "iblis"lərin ziyarət etdiyi təsadüfi bir şəhər deyil. Burada onsuz da qorxaqlıq, ikiüzlülük, bürokratiya, tamahkarlıq, acgözlük, hər cür absurdluq baş alıb gedir. Voland və onun sehrbazları isə şəhərdə əvvəldən mövcud olan bu iyrənclikləri, rüsvayçılıqları, ən əsası da cəmiyyəti ifşa edir.

Elə ilk fəsli götürək. Berlioz və İvan Bezdomnı İsa peyğəmbərin varlığını müzakirə etdiyi vaxtda müəmmalı bir şəxslə rastlaşırlar. Əcnəbi təəssüratı oyadan bu adam özünü qara magiya üzrə professor deyə tanıdır və Moskvaya da dəvət əsasında təzəcə gəldiyini deyir. Səhər yeməyini İ. Kantla yediyini bildirən bu adamdan gözləri su içmir və onun psixi problemlərinin olduğuna şübhə etmirlər. Nəhayət, müzakirə zamanı Voland onların dünyagörüşünə görə qeyri-mümkün bir fikri olduqca əminliklə deyir: Şeytan mövcuddur! Söhbət əsnasında Berliozun tezliklə faciəli ölümünün qaçılmaz olduğunu xəbər verən, ölümün necə baş verəcəyini detallı söyləyən Volandın dediyi baş verir, Berlioz dəhşətli şəkildə həyatını itirir.

Romanın ilk çapı. "Moskva" jurnalı, N-11, 1966

 

Buna şahid olduqdan sonra Bezdomnı Volandı və böyük qara pişiyi izləyib, tapmağa çalışır. Onun bu cəhdləri, hərəkətləri getdikcə daha da gülünc hal alır və nəticədə o, ruhi xəstəxanaya aparılır (Masterlə də məhz burada tanış olur). Maraqlıdır ki, fövqəltəbii hadisələrin şahidi olan şəxsə dəli kimi baxılır, dediklərinə heç bir məhəl qoyulmur.

Bulqakovun satirası Volandın qrupu Moskvanın ədəbi dairələri ilə qarşılaşdıqda daha da kəskinləşir. Əsərdə ən sevdiyim nümunələrdən biri üzvlük vəsiqəsi ilə bağlı mübahisədir. Rəsmilər üzvlük kartını istəyəndə Korovyev (Volandın sağ əli olan iblis) "Doğrudanmı, Dostoyevskinin yazıçılığına inanmaq üçün ondan vəsiqə tələb etmək lazımdır? Siz onun hər hansı romanından istənilən beş səhifə götürün və vəsiqəsiz-zadsız qarşınızdakının yazıçı olduğuna inanacaqsınız. Güman eləyirəm onun heç vəsiqəsi də olmayıb!" deyə cavab verir.

- ...Dostoyevski ölüb, - qadın inamsızlıqla dedi.

- Etiraz edirəm! - Begemot qızğıncasına ucadan səsləndi.- Dostoyevski əbədidir!

Burada Bulqakov bürokratik mənzərəni, müvafiq qurumlardan verilən sənədlərin yazıçının istedadından daha vacib sayıldığı yanaşmanı incə yumorla tənqid edir.

Teatr səhnələrində isə müəllifin sarkazmı özünü daha qabarıq şəkildə büruzə verir. Voland tamaşaçılara gözəl, dəbdəbəli pal-paltarı müftə təklif edir və insanlar dərhal bu fürsətdən yararlanmağa tələsirlər. Bu isə onlar üçün rüsvayçılıqla nəticələnir. Sual yaranır ki, onların acgözlüyü və tamahkarlığının, axırda da bu cür biabır olmaqlarının səbəbkarı doğrudanmı  Voland idi? Düzdür, tamaşaçıları "yoldan çıxaran" təklifi o etsə də, belə baxanda, heç kimi heç nəyə məcbur etməmişdi...

Moskvadan Yerusəlimə: Yeşua və Pilat

Bulqakov qəfil bizi Moskvadan qədim Yerusəlimə aparır. Burada təsvir olunan Ponti Pilat və Yeşuanın hekayəsi Bibliyadakı hekayənin təkrarı deyil. Bulqakovun Yeşuası olduqca sakit, mehriban və demək olar ki, nifrət hissindən tamamilə azaddır. Pilat da Yeşuanın təhlükəli olmadığını başa düşsə də, onu qorumaqdan çəkinir. Bununla da romanın ən vacib ideyalarından biri ortaya çıxır: qorxaqlıq. Pilat nəyin doğru olduğunu bilsə də, qorxaqlığı ucbatından ədalətsiz qərar verir, özünü qorumağı seçir.

Bulqakov ustalıqla bu hekayəni müasir dövrlə əlaqələndirir. Əsrlər keçsə də, insan təbiəti dəyişmir, insanlar hələ də səs çıxarmaqdan, ədalətli olmaqdan, doğru olduğunu bildikləri seçimi etməkdən qorxurlar.

Master və Marqarita

Master Pilat haqqında romanı qadağan olunan, həyatı, karyerası tədricən məhv olan, hətta əlyazmalarını yandıran bir yazıçıdır. Bulqakovun senzura, repressiya və s. ilə mübarizəsini, hətta əlyazmalarını yandırdığını xatırladıqda Masterlə onun arasındakı paralellik diqqət çəkir.

Marqarita obrazına isə, zənnimcə, ancaq Masterin sevgilisi kimi yanaşmaq mümkün deyil. Obrazın prototipinin isə Bulqakovun sonuncu həyat yoldaşı Yelena Şilovskaya olduğu qəbul edilir. Romandakı Marqarita kimi yüksək rütbəli sovet hərbçisi ilə evli olan Yelena sonradan Bulqakovla münasibət quraraq, ömrünün sonuna qədər onun yanında olur. Belə ki, Marqaritanın da Masterə olan sədaqətində və onu xilas etmək üçün hər şeyə hazır olmasında bu real sevgi hekayəsindən izlər görmək mümkündür. Marqarita Masterin ən ümidsiz anında belə, əsərdə güclü, fəal olması ilə seçilir. "Arzulardan ehtiyatlı olun -  onlar gerçəkləşə bilər" - yazıçı xəbərdar edir. Və Marqaritanın cadugərə çevrilməsi qəribə, gülməli və müəyyən qədər absurd səhnələrə səbəb olsa da, eyni zamanda yazıçı bir qadının buxovlardan azadolma əzmini, qazandığı azadlığı və müstəsna gücünü, imkanlarını bizə göstərir...

Bir roman, üç hekayə

Bir kitabın içində Sovet Moskvası, qədim Yerusəlim və Volandın fövqəltəbii dünyası kimi üç fərqli dünya təsvir edilsə də, onlar əslində bir-birləri ilə olduqca əlaqəlidir.

Moskva bizə acgözlüyü, ikiüzlülüyü, Pilatın hekayəsi qorxaqlığın nəticələrini, Masterin başına gələnlər incəsənət, senzura və bir yazıçının başa düşülmək istəyini, Marqaritanın hekayəsi isə sevgi və azadlığı göstərir.

Müxtəlif yerlər, müxtəlif dövrlər, tamamilə fərqli personajlarla yazıçı eyni sualları verməyə davam edir: Azad olmaq nə deməkdir? Qorxu bizi nəyə məcbur edir? Senzura və repressiya sənəti boğa bilərmi? Və ya Bulqakovun dediyi kimi: əlyazmalar doğrudanmı yanmır?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!