Taleyindən qaça bilməyənlər - SƏRRAF

Yazıçı-dramaturq Tamara Vəliyevanın Türkiyədə nəşr edilmiş "Güneşin arkasında" hekayələr kitabı haqqında düşüncələr

 

Borxes ədəbiyyatı "idarə olunan yuxu" adlandırırdı. Rəssam üçün tablolar, rejissor üçün filmlər, memar üçün istənilən tikili idarə olunan yuxudur, yaxud müəllifin görmək istədiyi yuxu. Dünyanın bütün uşaqları eyni dildə ağladığı kimi, bütün insanları da yuxunu hamının anlayacağı dildə görür və bir-birinə danışanda da heç bir çətinlik çəkmədən "bu bir yuxudur" deyib anlayırlar.

Bəzi mövzular da belədir - sevgi, ayrılıq, xəyanət, həsrət, nəfs, vüsal, vəfa, sədaqət, diqqət, əzab, minnətdar olmağı bacarmaq və bir az da peşmanlıq. Bu mövzular idarə olunan yuxulara - ədəbi mətnlərə hopdurulan zaman həmin mətnlər də bütün toplumlar, xalqlar, hətta millətlər üçün də eyni dərəcədə maraqlı olur. Yetər ki, müəllif oxucuya bir açar dəliyi, yaxud işıqları söndürülmüş teatr salonunda ən zülmət küncdə oturmaq üçün ən narahat stul və ya ayaq üstə dayanmağa yer təklif etsin.

Yuxular insanların davranışını idarə etdiyi kimi, sənət də yuxuların mövzusunu, formasını, hətta rəngini müəyyənləşdirir və onun süjet xəttini idarə edir. Buna görə bir mətn, film, yaxud rəsm bir xalqın, ailənin, yaxud insanın davranışına təsir edərək onu qoruya, yönləndirə və idarə edə bilir. Bu sistemin doğru işlədiyindən əmin olan yunanlar hər kəsin anlaya bildiyi ifadələrdən qurulmuş pritçalarla yunan cəmiyyətində yaşayan insanlardan Odisseyə deyirdilər ki, başqasının inəyini kəsib yemək olmaz, Araxnaya deyirdilər ki, Allahla yarışa girmək olmaz, Prometeyə deyirdilər ki, oğurluq etmək olmaz, Dedala deyirdilər ki, Allaha - Heliosa uçmaqla çatmaq olmaz, Laakona deyirdilər ki, sirri faş etmək olmaz, Axillesə deyirdilər ki, Allahların işinə qarışmaq olmaz. Bununla cəmiyyətin və növbəti mərhələdə doğulacaq vətəndaşın tərbiyəsi ilə məşğul olurdular. Bu ənənə səmadan gələn ehkamlarla məhv edilsə da, min il sonra renessans adı ilə yenidən dirilmiş və insanı sənətin mərkəzində ölməz abidəyə çevirmiş, zaman-zaman "Qabusnamə", "Sirlər xəzinəsi", "İlahi komediya", "İctimai müqavilə", "Oliver Tvistin macəraları", "Tom dayının daxması", "Kəmalüddövlə məktubları", "Ağ zanbaqlar ölkəsində", "Pelenin bioqrafiyası" adlı kitablarda cəmiyyətə xitab etmiş, insanı əxlaq, sevgi, ailə, dil, vətən, dövlət, azadlıq, milli kimlik, hüquq naminə yaşamağa səsləmişdir.

Bu gün Azərbaycan cəmiyyəti ilə bağlı əsas narahatlıq ailə dəyərlərinin kövrəkləşməsi, ailə institutunun dağılmağa meyilliliyi, canlı ünsiyyətin azalması, yadlaşma, demoqrafik problemlər və urbanizasiyadır. Bəzən düşünürsən ki, bəlkə də 30 il öncəyə qədər Azərbaycan cəmiyyətini indiki narahatlıqlardan hifz edən az qala hər evə çatacaq qədər çap edilib yayılan Mikayıl Müşfiqin, Cəfər Cabbarlının, Süleyman Sani Axundovun, Mir Cəlalın, Əli Kərimin, Əlibala Hacızadənin, Nüsrət Kəsəmənlinin, Musa Yaqubun kitabları, Həsən Seyidbəylinin, Tofiq Tağızadənin, Rasim Ocaqovun, Hüseyn Seyidzadənin, Şamil Mahmudbəyovun filmləri olub. İndi narahat olduğumuz cəmiyyətimiz üçün yenidən film, yaxud kitab lazımdır. Gənc valideynlər, qohumlar, baba-nənələr, dostlar, şəhərlilər, kəndlilər üçün yazılan kitablar lazımdır. Bugünkü Azərbaycan cəmiyyətində də böyük sözü dinləməyən, verdiyi qərarın sonrasını düşünməyən və nəticədə iztirablara düçar olan, özünü və ya başqasını bədbəxt edən, ailəsinə və doğmalarına əzab verən insanlara kimsə, yaxud hansısa kitab deməlidir ki, ailə quranda, övlad dünyaya gətirəndə, başqa yerə köçəndə, insanlarla ünsiyyət quranda, ani hisslərə aldanıb gərəksiz işlər görəndə yüz ölçüb bir biçmək lazımdır.

Bu mənada, yazıçı-dramaturq Tamara Vəliyevanın "Günəşin arxasında" kitabına daxil edilmiş mətnlər universal və hansı dildə danışmasından, hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq hər bir insan üçün maraqlı, təsirli və ibrətamizdir. Kitabdakı hekayə və əhvalatlar qadınların özlərini dərk etməsi, qadın-kişi münasibətləri, cəmiyyətin yalnız qarşılıqlı ehtiram nəticəsində inkişaf edə bilməsi, doğmalıq, xoşbəxt, firavan yaşamaq, bədbəxt olmamaq haqqında bədii ensiklopediyadır. Kitabdakı hər bir mətn Cəfər Cabbarlı, Süleyman Sani Axundov, Mir Cəlal hekayələri kimi insan taleyini olduğu kimi göstərmək, həyatın hər üzü ilə bağlı informasiya yaymaq, insanları həyatla daha yaxından tanış etmək niyyətlidir.

 

Kitabdakı hər sözün, cümlənin və mətnin arxasından bir ana boylanır. Evinin abad, qonşusunun xoşbəxt, bütün uşaqların bəxtəvər olmasını istəyən Azərbaycan anası. Mətnlər Azərbaycan anasının gördüyü və eşitdiyi, hətta uydurduğu həyati hadisələrə münasibətinin zənciridir. Məhəmməd Füzulinin "vardır hər həlqeyi-zəncirimizin bir ağzı" gileyi Tamara Vəliyevanın hekayələrində cəmiyyətin güzgüsünə çevrilir. Zəncirin hər halqasından gələn səs bir insanın, bir ailənin, hətta bir cəmiyyətin belə yaşamına güzgü tutur, gizlinlərin üzərinə işıq salır və beləcə oxucunu səhvlərdən sıyrılmağa, onu insan ömrü yaşamağa səsləyir.

Hər hekayə bir pritçadır, sadə həqiqətlərlə doludur. Zen mətnlərində təbiətə, quşa, ağaca, daşa, kəpənəyə münasibət, hətta yemək yediyin qaba münasibət belə müdriklik qalasını hörmək üçün bir daş, həqiqətə çatmaq üçün bir maneəni aşmaq hesab edildiyi kimi, bu hekayələrdə də uşağa, valideynə, sənət adamına, itə, pişiyə, dosta, qonşuya münasibət əxlaq göstəricisi və insanın aliliyini tamamlayan detallar kimi göstərilir.

Kitab günahkarlıq hissi ilə yaşayan və əzab çəkən qadının "Günəşin arxasında"kı bilinməzliyə yuxusunun qanadlarında yolçuluğu ilə başlayır. Amma qəfil oyandırılması bu uçuşu dayandırır, yenidən onu düşünmədən verdiyi qərarın acısı və əzabı ilə baş-başa buraxır. Müəllif əlində tutduğu böyük səhnə işığını təkcə evin içinə deyil, qəhrəmanın düşüncələrinin qaranlıq kəhkəşanına yönəldir. Birinci ailəsindən ayrılan və yenidən qurduğu ailədə günahkar kimi yaşayan, sonra ikinci həyat yoldaşını da itirən qadın düşünür ki, Günəşin arxasında insanın axtardığı həqiqi rahatlıq, bəlkə də, cənnət var. Lakin eyni zamanda bu dünyadan da qopa bilmədiyini anlayır. Çünki onu həyata bağlayan övladları, xatirələri və ümidləri vardır. Birinci həyat yoldaşı ömrün bir vədəsində öz günahını anlayıb peşmanlıqla geri dönəndə artıq çox gec olur. İndi o illərdən minlərlə ağ tel uzaqlıqda olan qadın üçün peşmanlıq etirafı və üzr heç bir məna daşımır. İndi nəvələrin əhatəsində olan bir qadın üçün yeganə hüzurlu məkan Günəşin arxasıdır. Bu hekayə həyatı bəxtəvərliklə əzab-əziyyətin birgə xəmirindən yoğrulmuş qadının öz keçmişi ilə haqq-hesabıdır.

Müəllif bununla göstərir ki, insan bir anlıq emosional qərarla bütün həyatını dəyişə bilər, lakin itirilmiş zamanı geri qaytarmaq mümkün deyil. Buna görə insan hissləri ilə ağlını tarazlaşdırmalı, xüsusilə, övlad qarşısında öz məsuliyyətini unutmamalıdır. Obrazın Azərbaycan nəsrində, demək olar ki, rast gəlinməyən bir vəziyyətə düşməsi - özünü günahkar hesab edərək əzab çəkməsi onu aliləşdirir və hüzura layiq bir simaya çevirir. Buradan belə bir nəticə çıxır ki, insan başqasının günahını bağışlaya bilər, amma öz səhvi ilə yaşamaq daha əzablı və bağışlanmazdır.

Başqa bir düyünün açılması üzərində qurulan və birinci hekayəyə bənzər motivlər əsasında qələmə alınan "Xəyanət" hekayəsi isə sevilmək arzusuyla yaşayan qadının kişi diqqətsizliyi nəticəsində Anna Kareninaya çevrilməsindən bəhs edir. Etinasızlığın dəli etdiyi qadın xəyanəti günah deyil, Tanrının saldığı xilas yolu hesab edir. Bu yol isə onu əzablara və məhrumiyyətlərə gətirib çıxarır. Kitabdakı "Samirə" hekayəsinin qəhrəmanı da diqqətsizliyin və etinasızlığın qurbanıdır. Bir tərəfdə özünü işə həsr edən kişi, digər tərəfdə isə kişinin özünü ona həsr etməsini gözləyən qadın, sonda yenə pərişanlıq və peşmanlıq. Bu hekayələr xəyanətin yalnız ailəni dağıtmadığını, onun günahkarın boynundan bir ömürlük asılan dəyirman daşı olduğunu göstərir.

Kişi və qadın qarşıdurmasının nəticələrini təsirli şəkildə ifadə edən müəllif növbəti hekayədə qadını daha dəhşətli bir sınaqla üz-üzə qoyur - qadın sağalmaz xəstəliklə mübarizə aparan övladının ölümünü gözləyir. "Çirkab" hekayəsinin qəhrəmanı Zəhra ana bu dəhşətli zaman dilimində dərin mənəvi-psixoloji sarsıntı keçirir. Müəllif hekayədə Zəhra ananı Mirzə Cəlilin "Anamın kitabı"ndakı Zəhrabəyim ana kimi cəmiyyətlə, hətta xalqla, dövlətlə üz-üzə, göz-gözə qoyur. Bir tərəfdə heç 2 yaşı tamam olmadan amansız xəstəliyin diktə etdiyi ölümlə çarpışan övlad, digər tərəfdə isə heç müstəqilliyinin 2 ili tamam olmadan bir milyona yaxın qaçqın və məcburi köçkünə məskən olan, torpaqları işğal edilən, daxildən və xaricdən təhdidlərə məruz qalan, vətəndaş müharibəsinə sürüklənən Azərbaycan. Bu baxımdan hekayənin ruhuna hopdurulmuş "çirkab" anlayışı insanda və cəmiyyətdə, ailədə və dövlətdə, eləcə də təbiətdə mənəvi, ictimai və siyasi böhranı ümumiləşdirir. Bəmbəyaz qarın əriməsindən sonra ortaya çıxan mazut qoxuyan, çirkli torpaq vəziyyətin ən gözəl simvolik ifadəsinə çevrilir. Hekayə bütövlükdə insanın, cəmiyyətin və təbiətin müxtəlif formalarda çirklənməsi və bu çirkab qarşısında fərdin acizliyinə tutulan güzgüdür.

Kitabdakı "Təbəssüm" hekayəsi təsadüfən seçilmiş naturaçının həyatından və onun yaratdığı obrazın sənətkarın taleyinə çevrilməsindən, onu sənət zirvəsinə ucaltmasından bəhs edən bədii oyun, "Həmidə" bəxtsizlərin bir-birinə sayğılı davranış nümunəsi, sözlə ifadə edilə bilinməyən hisslərinin tablosu, "Məhruzə" bir topa bulud kimi dolan və yağıb yoxa çıxan insan taleyinin ağrılı təsviri, "Ünsiyyət" insani münasibətlərin gücünün bütün maneələri aşa biləcəyinin ifadəsi, "Unudulmuş məhəbbət" isə Allahın bir-birinə yazmadığı iki insanın heç vaxt qovuşmayacaq bəxt ulduzlarının sayrışmasıdır.

"Aynurə" hekayəsində hər sözü özünə qarşı təhdid hesab edən uşağın azadlığa qaçışı və bu qaçış zamanı onu heç zaman tərk etməyən şirin yuxunun qıfıla çevrilməsi, "Sədaqət" hekayəsində itin məkana və insana təmənnasız bağlılığı, "Dul Pəri" hekayəsində qoruduğumuz dəyərlərin bəzən faciələrə gətirib çıxarması, "Firəngiz xanımın gündəliyi" hekayəsində çata bilmədiyi arzuları uşaqlarına yük etmiş valideynlər və şöhrət xəstəliyinə yoluxdurulan uşaqların problemləri zəngin bədii təsvirlər ilə ifadə olunur.

"Sonuncu konsert" hekayəsi üzərinə ancaq səhnədə işıq düşmüş, amma səhnədən enəndən sonra qaranlıqda görünməz olan bir insanın taleyinin işıqlandırılması, sənətkarın həyatının heç kimin görmədiyi tərəfinin aydınlığa çıxarılmasıdır.

"Çəlikli qoca" hekayəsinin qəhrəmanı ömrünün sonuna yaxın bir ali həqiqəti özü üçün müəyyən edir: xoşbəxt olacaq qədər cəsarətin olmalıdır. Əgər cəsarətin yoxdursa, çata bilmədiyin arzular ömrün boyu sənin yaxanı buraxmayacaq və sən nakam arzuların əhatəsində ömrünü başa vuracaqsan.

"Məhkəmə" hekayəsi kiçik bir fraqmentlə bütöv bir ailənin faciəsini göstərən enerjiyə sahibdir. Hekayə bir nəfərin həbs olunmasında müttəhimin özü ilə bərabər, bütün ailə, hətta cəmiyyətin belə günahkar ola biləcəyini dəqiq detallarla göstərir.

Alman şairi M.Rilke "yazmadan yaşaya biləcəyini hiss edirsənsə, yazma" deyir. Amma elə məqam yetişir və sən hiss edirsən ki, yazmadan yaşamaq mümkün deyil. Bu, bəzən özünü aşkara çıxarmaq, bəzən bildiyin həqiqətləri başqalarına da faydalı olsun deyə dilə gətirmək, bəzən yazının mövzusu olacaq yükdən azad olmaq, bəzən isə yazmaq istədiyini unutmaq qorxusuyla bağlı olur. Unudulmasını istəmədiklərin sanki daha çox səni qələmi götürməyə və yazmağa təhrik edir. Kitabdakı hekayələrin bəziləri bu baxımdan olduqca düşündürücüdür. Belə ki, "Beynimin kinolentində qalan xatirələr" müəllifin öz yaddaşına səyahəti, özünün yaddaş sarayını ucaltmaq üçün ən birinci daşı tapmaq cəhdidir. "Timur və mən" hekayəsi ucalan yaddaş sarayının günbəzinə vurulan bəzəkdir. "Xalamın əri" hekayəsi isə ülvi duyğuları təzə saxlamaqdan ötrü keçmişə uzanan yoldur. Buna görə müəllif deyir ki, "Keçmiş keçmişdə qaldı deməyin, keçmiş insanın yanınca gəzər, insan öz keçmişi ilə mövcuddur..."

Tamara Vəliyevanın "Günəşin arxasında" kitabındakı hekayələrinin hər biri Azərbaycan ailəsinin palitrasına toxunmuş ayrı-ayrı, rəngbərəng fırçalardır. Buradakı obrazlar sevir, sevilir, axtarır, itirir, səhv edir, qürur saxlayır, qürurunun qurbanına çevrilir, emosional qərar verir, əzizlərinə üz çevirir, özünü cəzalandırır, qəzəblənir, qorxur, nifrət edir, günahına haqq qazandırır, peşman olur, əzab çəkir, ittiham edir və bütün baş verənlərə baxmayaraq həyata daha gözəl günlər görmək ümidilə davam edir. Tamara Vəliyevanın yaratdığı bu obrazların hər biri sanki üzünü cəmiyyətə tutur və insanlara necə yaşamaq lazım olduğunu öyrətmək istəyir. Oxucunu özünün gördüyü yuxu kimi yönləndirmək, onu peşmanlıq, utanc, əzab gətirəcək əməllərdən çəkindirmək missiyasını yerinə yetirməyə qadir olan bu mətnlərin insanlara, xüsusən, gənclərə çatdırılması onların öz həyatını daha yaxşı qurması üçün əvəzsiz töhfə ola bilər. Tarixən qövmləri, xalqları, millətləri əsarətdən, cahillikdən xilas edən məhz kitablar olub. Bu səbəbdən indiki fərdləri də, cəmiyyəti də bəlalardan hifz edərək daha xoş günlərə yalnız idarə edilən yuxular - ədəbi mətnlər və bu mətnləri köksündə gəzdirən kitablar çıxara biləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!