Özü ilə söhbətdə Anar həmişə mənim üçün "Anar müəllim", haqqında yazanda isə "Anar" olub. Görünür, onun adının "müəllim"siz yazmamız 60-cı illərdən bəri bizə gözəgörünməz mənalar sızdırıb. Adını etiketsiz yazdığımız yazıçının "Anar" adı "məllim" tələffüzündə və müraciətində özünün ideolojiləşməsini və riyasını göstərən Sovet ziyalı mühitindən qıraq olan başqa dünyanı simvolizə edirdi. Bu qıraq dünya modernitenin, Bitlzların, Sartrın dünyası idi. Bu qıraq dünya həsrətində olduğumuz Türkiyənin qoşulduğu dünya idi.
Sovet ədəbiyyatında formaca bütün rəngarənglik cəhdlərini sosialist realizminin ideoloji çərçivələri hürkək etiraza çevirirdi. Ona görə də bu ədəbiyyatın söyləmlərini, narrativlərini olsa-olsa, kənd dünyası ilə bağlı ləhcəli nəsr pozurdu. Sosialist realizminin normativ əsərləri fonunda Anarın hekayələri, sonra isə romanları sanki rusdilli Azərbaycana doğma olan moderniteni simvolizə edirdi. 60-cı illərin biz yeniyetmələri bu modernitenin Azərbaycan variantını arzulayırdıq. Ancaq arzumuza millətçiliyimizdən gələn narazılıq xal salırdı. Çünki bu dünyanın rusdilliləri biz türkdilliləri Şərqin ətalətini daşıyan gənclər aurasında görürdülər. İki Azərbaycan arasında uçurum o qədər böyük idi ki, bəzən bir-birinə qız verib qız almaq da problem olurdu. Bax, bu durumda birdən-birə Anar bizə ərməğan oldu. O rusdilli olmayıban Avropanı millətçiliklə, - azərbaycançılıqla sintez edən parlaq intellektual və sənətçi kimi parladı. Anar Əli bəy Hüseynzadənin "Avropalaşma-türkləşmə-islamlaşma" çağırışının 60-cı illərdə parlaq təcəssümü oldu. Mən o çağlar Əli bəy Hüseynzadənin çağırışını bilməsəm də, düşüncələrimlə, dəyərlərimlə Avropa aurasında görünən liberal əxlaqlı gənc olmaq istəyirdim. "Mən" deyirəm, ancaq bilirəm ki, belə "mən"lər oçağkı yeni nəsildə çox idi. Anar imici bizə bu yaşama pafosunu konkret görüntüdə, örnəkdə göstərdiyi üçün rəmzi oldu. XXI yüzildə Anara qarşı danışmaqla diqqəti qazanmaq istəyən bir çoxları bu söylədiklərimi bilməzlər. Onlar bilməzlər ki, leninizmlə, bolşevizmlə zəhərlənmiş Sovet loqosferində (yəni söz dünyasında) "Molla Nəsrəddin - 66"nın hekayələri həm məzmunca, həm modernist adı ilə bizim üçün nə idi. Mən çağdaş Azərbaycan ədəbiyyatında ilk dəfə ürəkdən gülmüşəm Anarın "Qaravəlli"sini oxuyanda. Onun Təhminəsi emansipe etmiş qadını olsa da, Cəfər Cabbarlının Almazından, Sevilindən fərqli olaraq ekzistensialist kədərdə idi.Sovet estetikası ədəbiyyatdan sarsılmaz nikbinlik tələb etdiyi bir zamanda Təhminə bizə daha maraqlı Azərbaycan qadınını göstərmişdi.
Məni Anar yaxşı bir rəylə Rəhman Bədəlova və Vaqif İbrahimoğluna təqdim edib tanış etmişdi, ona görə də onlarla həməncə curlaşdıq. Mən Moskvadan gələndə Azərbaycan mətbuatında hələ öyrəşilməmiş yöndə yazılar yazmağa başlamışdım. Heç yerdə onları çap etməzdilər. Məhz Anar "Qobustan"da çap etdi və bu yazılara görə də Rəhmanın, Vaqifin rəğbətini qazandım.
Azərbaycanda ilk dəfə edənlərin, ilk dəfə deyənlərin siyahısını tutsan, Anar orada ən yuxarı yerlərdən birində olar. Onun haqqında tərbiyəsiz, sayğısız "tənqid janrında" danışanlar bunu bilməzlər. Birinci dəfə etmək və demək elə də asan deyil, qara yığnağın qınağı ilə üz-üzə qalmaqdır. Anarın yaradıcılığı haqqında bəndəniz, artıq özünün çox bəyəndiyi məqalələrini yazıb. Ancaq arzulardım ki, yeni nəslin intellektualları bilsinlər, Anara qayıtmaq, Anarı düşünmək Azərbaycanı maraqlı yöndən düşünmək ola bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!