Azərbaycan ədəbiyyatında azadlıq düşüncələrinin, müstəqillik ideyalarının yayılmasında, heç şübhəsiz ki, sevimli xalq şairimiz Xəlil Rza Ulutürkün özünəməxsus yeri və rolu vardır. Bir çox mətləblərə aydınlıq gətirilən zəngin bədii yaradıcılığı biz çağdaş oxucular, ədəbiyyatsevərlər, poeziya həvəskarları, sənət aşiqləri üçün çox önəmlidir; istər əsərlərinin hər birinin ayrı-ayrılıqda tədqiq olunub, araşdırılması baxımından, istərsə də vətəndaşlıq nöqteyi-nəzərindən.
Azadlıq düşüncəsinin, müstəqillik ideyalarının, vətənpərvərlik, yurda, elə, obaya, torpağa bağlılıq hissinin düzgün aşılanmasını, təbii ki, böyük həyat təcrübəsinə malik olan şair Xəlil Rza Ulutürkün timsalında açıq-aşkar görmək mümkündür.
Müstəqilliyə gedən yolda Azərbaycan özünün əzmkarlığı, şücaəti ilə ilk günlərdən etibarən fərqlənməyə başladı. Mədəniyyət, ədəbiyyat, incəsənət öz inkişaf səviyyəsinə görə SSRİ ölkələrinin heç birindən geri qalmırdı. Ədəbiyyata yeni gələn qüvvələr yalnız bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənmir, əksinə, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini də doğma dilimizə tərcümə etməyə üstünlük verirdilər. Bunun özü isə ayrı-ayrılıqda ədəbiyyata xidmət kimi qiymətləndirilməlidir. Gözlərimiz önündə hər dəfə üsyankar şeirləri ilə canlanan şair Xəlil Rza Ulutürkün bu sahədə əməyi danılmazdı.
Tarixi fakt budur ki, Türk dünyasının böyük şairi Xəli Rza Ulutürk Lefortovo zindanına salınmasına, təqiblərə məruz qalmasına baxmayaraq, tutduğu Haqq yoldan, məsləkindən üz döndərməyib və bunu heç ağlına belə gətirməyib. Çünki müəllif 80-90-cı illər ədəbiyyatının ən gözəl nümunələrini qələmə almaqla kifayətlənməmiş, tarixin çətin sınaqları ilə üz-üzə qalan Odlar yurdu (müəllifin özü isə "Odər yurdu" deyərdi) Azərbaycanın düşdüyü bu çətin, çətin olduğu qədər də şərəfli bir yolda büdrəməməsini gözləri ilə görmüş, tezliklə haqq-ədalətin bərpa olunacağına ümid bağlamış, nəhayət, bağladığı ümid isə puça çıxmadı. Qısa zaman kəsiyində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. SSRİ-nin hakimiyyətinə birdəfəlik son qoyuldu. Ölkənin başının üstünü almış qara buludlar çəkildi. Yeni həyat öz axarı ilə davam etməyə başladı. Bir sözlə, şair Xəlil Rza Ulutürkün uzun illərdir ki, gözlədiyi o sevincli gün gəlib çıxdı. Yəni, haqq-ədalət bərpa olundu.
Ümumiyyətlə, xalqına, millətinə bağlı olan şair Xəlil Rza Ulutürkün zəngin bədii yaradıcılığında yalnız Azərbaycan ilə bağlı əsərlərə üstünlük verilməsini söyləmək doğru olmazdı. Çünki həyatın sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacaran müəllifin - ustad şairin türkçülük ideyalarının təbliğ olunması ilə birbaşa bağlı olan onlarla, bəlkə də, yüzlərlə əsəri vardır. Həmin əsərlər müxtəlif illərdə müəllifin yeni işıq üzü görən kitablarında dəfələrlə nəşr olunmuş, oxucu auditoriyasının nəzərinə çatdırılmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
