Orxon abidələrinin semantikası üzərinə müşahidələr - Rövşən ƏLİZADƏ

 

Məzmununda Göytürk dövlətinin qüdrəti əks olunan Orxon yazıları türk hökmdarlarının qələbələrini təsvir edən, eyni zamanda xalq qarşısında hesabat xarakteri daşıyan abidələrdir. Eramızın 551-552-ci illərində qurulan I Göytürk dövlətinin idarəçilik sistemi və qədim türk toplumlarının kainat və dünya haqqında təsəvvürləri (yer üzünü dördbucaqlı, göyü isə dairəvi hesab edən dünyagörüşü) Kül Tigin abidəsində belə ifadə olunur: "Yuxarıda mavi göy, aşağıda isə yağız yer yaradıldıqda, bu ikisinin arasında insan oğlu yaradıldı. İnsan oğlunun üzərində əcdadlarım Bumın Kağan və İstəmi Kağan hakimiyyətə gəldilər. Onlar hakimiyyətə gəldikdən sonra Türk xalqının dövlətini (elini) və törəsini qoruyub saxladılar, onları nizamlayıb möhkəmləndirdilər. Dörd tərəf düşmən idi. Onlar ordu yeridərək dörd bir yandakı xalqları özlərinə tabe etdilər. Başlı olanlara baş əydirdilər, dizli olanlara diz çökdürdülər. Şərqdə Kadırkan meşəsinə, qərbdə isə Dəmir Qapıya qədər olan torpaqlarda hakimiyyət qurdular. Bu iki sərhəd arasında yaşayan Göytürk xalqı əvvəllər siyasi baxımdan kifayət qədər təşkilatlanmamış vəziyyətdə idi. Kağan müdrik və igid idi. Onun buyruqları (dövlət adamları) da müdrik və cəsur idilər. Bəyləri də, xalqı da doğru və sədaqətli idi. Məhz buna görə dövləti qoruyub saxlaya bildilər. Dövləti möhkəmləndirərək törəni yenidən nizama saldılar. Daha sonra isə Kağan vəfat etdi".

Yaxın dövrlərə qədər aşkar edilmiş bütün abidələrin yalnız II Göytürk dövrünə, yəni VIII əsrin 20-30-cu illərinə aid olmadığı, həmçinin onların I Göytürk Xaqanlığının yazı ənənəsini əks etdirdiyi tədqiqatçılar tərəfindən elmi şəkildə sübut edilmişdir. Bu isə göstərir ki, türk hökmdarlarının tarixi-bioqrafik məzmunlu monumental daş abidələr ucaltmaq ənənəsi yalnız II Göytürk Xaqanlığı dövründə formalaşmamışdır. Əldə olunan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, Göytürk dövrünə aid simvol və damğalar müstəqil şəkildə deyil, kult sistemi və dini-ideoloji təsəvvürlərlə əlaqəli kontekstdə qiymətləndirilməlidir.

 

Göytürklərdə Tanrı kultu

 

Qədim türklərin tək Tanrı inancına malik olduqları geniş qəbul edilmiş elmi nəzəriyyələrdən biridir. Göy Tanrı dini-mifoloji sistemi paradiqmatik baxımdan monoteizmə olduqca yaxındır. Əgər monoteizm müqəddəs kitabı, peyğəmbərləri, ibadət və ayinləri ilə formalaşmış bir dini sistem hesab edilirsə, onda Göy Tanrı inancının müqəddəs kitabı hansıdır və ya din kimi qəbul edilən bu sistemin peyğəmbəri kim olmuşdur? Bu suala dəqiq cavab verməyin çətinliyi ondan irəli gəlir ki, mənbələrdə türklərin İslamdan əvvəl əhli-kitab olmadıqları, ancaq tarix səhnəsinə tək Tanrı inancına sahib bir xalq kimi çıxdıqları göstərilir. "Təvarix-i Cədid-i Mir'at-ı Cihan" adlı mənbədə bu barədə belə deyilir: "Onlar din və məzhəb bilməzdilər, lakin Haqqı iqrar edərdilər."

Türk mifoloji düşüncəsində Tanrının cəza vermə funksiyasına malik olduğu müşahidə edilmir. Mətnlər və etnoqrafik mənbələrin təqdim etdiyi məlumatlara əsasən, nizamı pozan, qarışıqlıq yaradan, ədalətsizlik edən və müxtəlif cinayətlər törədən şəxsləri cəzalandırmaq vəzifəsi aru töz, yayan töz və ya aru və yayan nəmələr kimi fövqəltəbii varlıqlara aid edilir. Altay-Sayan şamanist ənənəsində bu missiyanı körməslər, Yakut inancında isə abaasılar yerinə yetirirlər. Hətta sonrakı tarixi mərhələlərdə şamanlığın güclü təsiri nəticəsində Bay Ülgenin yaradılış prosesində əsas rol sahibi və kainatın yeganə hakim qüvvəsi kimi qəbul olunaraq yalnız xeyirxahlıq edən bir varlıq funksiyası qazanması da Tanrının cəzalandırıcı funksiyaya malik olmaması ilə əlaqələndirilir.

 

Göytürklərdə Umay Kultu

 

Köl Tigin abidəsində belə qeyd olunur: "Umaya bənzəyən anam Xatunun qutu (ilahi bəxti və müqəddəs hakimiyyət gücü) sayəsində kişi igidliyi adını qazandım."Adı çəkilən Umay (Humay) ilahəsinin türk etnik-mədəni sisteminin tərkib hissəsi olub-olmaması tədqiqatçıların xüsusi maraq göstərdiyi məsələlərdən biridir. Umay adının həm yer, həm də göylə əlaqələndirilməsi türk kosmoqonik təsəvvürləri ilə izah olunur. Türk kosmoqoniyasına görə, başlanğıcda yer və göy vahid bir bütöv kimi qəbul edilirdi. Məhz bu təsəvvür Umayın hər iki aləmlə əlaqələndirilməsinin əsas səbəblərindən biri hesab olunur. Sonralar yer və göyün bir-birindən ayrılması ilə həmin dövrə aid mifoloji varlıqlar etnik-mədəni sistem daxilində fərqli istiqamətlər üzrə təsnif edilmişdir. Bu bölgüyə əsasən, onların bir qismi yer aləmi, digər qismi isə göy aləmi ilə əlaqələndirilmişdir.

 

Göytürklərdə Qurd Kultu

 

Kül Tigin abidəsinin şərq tərəfində qurd kultu aşağıdakı şəkildə ifadə edilmişdir: "Tanrı qüvvə verdiyi üçün atam xaqanın ordusu qurd kimi, düşmənləri isə qoyun kimi idi." Bu ifadədən göründüyü kimi, qurd kimi olmaq döyüşkən ruhun, cəsarətin və hərbi gücün rəmzi hesab olunurdu. Orxon abidələri üzərində, xüsusilə Kül Tigin yazısının şərq və qərb tərəflərində yerləşən təpəlik hissələrdə bir-birinə paralel şəkildə qurddan süd əmən uşaq təsvirləri həkk edilmişdir. Eyni motivə Buqut və Bilgə Xaqan abidələrinin təpəlik hissələrində də rast gəlinir. Qurddan süd əmən uşaq təsvirləri türk mifologiyası, dastanları və əfsanələrində mühüm yer tutan qurd obrazını xatırlatması baxımından böyük əhəmiyyət daşıyır. Bu təsvirlər qurdun Göytürklərin mənşəyi, dövlətçilik ideologiyası və kollektiv yaddaşındakı müqəddəs simvolik mövqeyini əks etdirən mühüm mədəni və ideoloji elementlərdən biri kimi qiymətləndirilir.

Xüsusilə, bozqurdun türklərdə əcdad (ata) funksiyasını yerinə yetirdiyini göstərən Çin mənbələrində mühüm məlumatlara rast gəlinir. Həmin mənbələrdə qurdun ilk dəmirçi kimi təqdim edilməsi diqqəti cəlb edir. Altay mənşəli Umay motivində də qurd simvolu ilə müəyyən oxşarlıqlar müşahidə olunur. Tıvaların inanclarında qurdlar şamanların köməkçi ruhları hesab edilirdi. Şaman davullarının üzərində təsvir olunan ən mühüm fiqurlardan biri də qurd təsviri idi. İki dünya arasında əlaqəni simvolizə edən qurd qədim dövrlərdə şamanın gizli və ya ruhlar aləmi ilə əlaqə qurmasında mühüm vasitə hesab olunurdu.

Rus türkoloqu V.A.Qordlevski bu barədə yazırdı: "Bozqurd türk şaman dünyasının qapılarını bizim üzümüzə açır." Onun fikrincə, "boz" sözü "qurd" anlayışından ayrılmazdır. Bu baxımdan, bozqurdla bağlı mifoloji rəvayətlər qonşu slavyan xalqlarına da keçmişdir. Türklərdə işlənən "Bozqurd" ifadəsi peçeneqlər və qıpçaqlar vasitəsilə rus dilinə daxil olmuşdur. "İqor Alayı haqqında dastan" əsərində də göründüyü kimi, rus dilində bu anlayış "Bosıy Volk" şəklində ifadə edilmişdir. Qədim rus dilində qurdun sifəti kimi işlənən "bosıy" və "bosov" sözlərinin türkcədəki "boz" sifətindən qaynaqlandığı qəbul edilir. Eyni zamanda, rus dilində işlənən "biryuk" (tənha qurd, yalquzaq) sözünün də etimoloji əsasının türkcədəki "börü" sözü ilə bağlı olduğu ehtimal edilir.  

Göktürklərdə and içilərkən göyə və yerə də and içilir, "Tengri Teg Tengri" anlayışı çərçivəsində vahid Tanrı inancının mövcud olduğu qəbul edilirdi. Diqqətçəkən məqamlardan biri də budur ki, Göktürk yazıları oxunarkən ilk müəyyən edilən sözlərdən biri "Tanrı" sözü olmuşdur. Göktürklərin dünyagörüşündə sonsuzluğun və ölümsüzlüyün yalnız Tanrıya məxsus olduğu düşünülür, Tanrının doğulmaq və doğurmaq kimi xüsusiyyətlərdən uzaq, əzəli və əbədi bir varlıq kimi qəbul edildiyi anlaşılır.

Umay və qurd kultlarının Orta Asiyada geniş yayılması, əsasən, bu inancların qoruyucu funksiyası ilə bağlı olmuşdur. Qırğızların dünyagörüşündə Umayın bütün qadın sənətlərinin hamisi və piri hesab edilməsi, Göktürk döyüşçülərinin isə qurd kimi güclü, çevik və cəsur olma xüsusiyyətləri bu anlayışın təzahürlərindəndir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!