Şeirlərini, hekayələrini, bayatılarını oxuduqca anlayırsan ki, Təranə Arifqızı sözlə susmağı da bacaran qadındır. Onun qələmi duyğuların ən incə səsini çatdırır oxucusuna. Və o, sadəcə yazmır, hissləri tarixə çevirib yaddaşlarda möhürləyir. Onun dünyanı daha dərindən anlamasıdır ki, yazılarında həm sevgi, həm kədər, həm də ümidi yaşadır. Ruhunu misralarda gizlədən bu incə düşüncəli sənətkar həyatın ağrılarını belə gözəlliyə çevirməyə qadir biridir. Susqunluğu belə şeir kimidir onun. Misralarında qadının gücü və zərifliyi birlikdə təzahür edir. Ruhundan doğulan bütün şeirləri körpə uşaq qədər əzizdir ona. Və beləcə yüzlərlə körpənin anasıdır Təranə Arifqızı. Ona görə qadının ana adlandırılması üçün dünyaya uşaq gətirib böyütməsi əsas şərt deyil. Axı qadın qəlbinin hərarətindən ehtiyacı olanlara pay biçib, könül alıb, yol göstərərsə, elə anadır. Bu gün ondan peşəsinin sirlərini öyrənməyə çalışan gənclərə ana kimi qayğı göstərir, biliklərini əsirgəmir. Ona görə qadın dünyanın əkizidir. Necə ki, dünya bütün canlılara evdir, qadın ürəyi də bütün duyğulara yuvadır.
Adın dünya yaradıb,
dünyaya min ad qadın.
Dünyanın əkizisən -
həm kədər, həm şad qadın.
Bu misralar qadının həyatdakı müqəddəs və əvəzsiz yerini tərənnüm edir:
Şair burada qadını həyatın başlanğıcı, dünyanın davamı kimi təqdim edir. "Adın dünya yaradıb" ifadəsi qadının ana olaraq bəşəriyyətin varlığındakı rolunu vurğulayır. "Dünyaya min ad qadın" misrası qadının ana, bacı, ömür-gün yoldaşı, qız övladı və digər çoxsaylı mənəvi dəyərləri özündə birləşdirdiyini göstərir.
"Dünyanın əkizisən" ifadəsi qadının dünya ilə ayrılmaz bağlılığını, onun həyatın bütün rənglərini yaşadığını bildirir. Son misrada isə qadının həm sevincə, həm də kədərə şərik olan, həyatın bütün çətinliklərini və gözəlliklərini öz qəlbindən keçirən bir varlıq olduğu ifadə edilir.

Qadına ehtiramın, məhəbbətin və onun cəmiyyətdəki əvəzsiz rolunun poetik ifadəsi görünür burada.
"Qadın" adlı bu şeirinin digər bəndində isə qadının yaradıcılığı, fədakarlığı və həyatdakı missiyası poetik dillə ifadə olunur:
Musiqinin rəngiylə
rəssam, bəstəkar qadın.
Həyat dolaylarında
əsl fədakar qadın.
Şair qadını musiqi və rəssamlıq sənəti ilə əlaqələndirərək onun həyatın gözəlliklərini yaradan, ruhlara rəng və ahəng bəxş edən bir varlıq olduğunu vurğulayır. "Rəssam, bəstəkar qadın" ifadəsi qadının təkcə sənətdə deyil, həm də həyatın özündə yaradıcı olduğunu göstərir. O, ailəsini, övladlarını, gələcəyi sanki bir rəssam kimi rəngləyir, bir bəstəkar kimi həyatın ahəngini qurur.
"Həyat dolaylarında" misrası qadının qarşılaşdığı çətinliklərə, keşməkeşli ömür yollarına işarədir. "Əsl fədakar qadın" isə onun bütün çətinliklərə baxmayaraq ailəsi, övladları və cəmiyyət üçün göstərdiyi sonsuz qayğı və zəhməti ifadə edir.
Sən ki, adına şərəf,
məhəbbət, qürur qadın.
Dünya səndən başlayır,
səndə qurtarır, qadın!
Burada isə qadının ucalığını, həyatdakı əvəzsiz rolunu və mənəvi gücünü tərənnüm edir.
Şeirdə qadın şərəf, sevgi və qürur rəmzi kimi təqdim olunur. "Dünya səndən başlayır" ifadəsi ananın, qadının həyatın davamında, insan nəslinin yetişməsində əsas rolunu vurğulayır. "Səndə qurtarır" misrası isə qadının ailənin, cəmiyyətin və bütövlükdə bəşəriyyətin mənəvi dayağı olduğunu bildirir. Burada əsas ideya qadına hörmət, onun fədakarlığının və müqəddəsliyinin tərənnümüdür. Şair qadını həyatın başlanğıcı, sevginin və insanlığın mənbəyi kimi təqdim edir. Bu baxımdan şeir yüksək emosional təsirə və dərin mənəvi məzmuna malikdir.
Şairin yaradıcılığında janr müxtəlifliyi ilə yanaşı, mövzü bolluğu da bariz görünür. Onun duyğuları hər yerdə var olur, hər şeyi hiss edir, hər şeydən məna çaları əldə edərək, könlünün ən dərin yerindən qoparaq qələmindən süzülüb misralarda bənd alır. Onu daha dərindən tanımaq üçünsə oxumaq lazımdır.
"Həyat lövhəsi" adlı şeiri şairin ömrünün poetik hesabatıdır, desək, bəlkə də yanılmarıq.
Əlçim-əlçim didilmişəm özümdə,
Dükcələyib toplamışam özümü.
Əl cəhrədə, cəhrə iyin izində,
Mənikləyib sarımışam dizimi.
Boyanmışam bu həyatın rənginə,
Bilməmişəm ağ-qaranın dəngi nə?
Yumaqlanıb asılmışam ipimdən,
Arzu keçib həvə, kirgit cənginə.
"Əlçim-əlçim didilmişəm özümdə,
Düyçələyib toplamışam özümü..."
Burada insanın həyatın çətinlikləri qarşısında parçalanması, sonra isə yenidən özünü toparlaması təsvir olunur. "Didilmişəm" sözü daxili ağrıları, mənəvi sarsıntıları ifadə edir.
"Mənikləyib sarımışam dizimi..." misrasında yorğunluq, ümidsizlik və çarəsizlik hissləri öz əksini tapır. Dizləri qucaqlamaq insanın öz dərdi ilə baş-başa qalmasının rəmzidir.
Şair ömrünü geriyə dönüb qiymətləndirir və etiraf edir ki, həyatın rənglərini tam anlaya bilməyib:
"Boyanmışam bu həyatın rənginə,
Bilməmişəm ağ-qaranın dəngi nə?"
"Ağ-qara" ifadəsi yaxşı ilə pisin, doğru ilə yanlışın simvoludur. Lirik qəhrəman həyatın mürəkkəbliyi qarşısında bəzən çaşdığını bildirir.
Bədii təsvir vasitələri və metaforaları uğurla işlədən şair
"Həyatın rəngi" - həyat təcrübələri və yaşanmış hadisələrə
"Arzu keçib həvə, kirgit cənginə" - arzuların dəyişkən və qeyri-sabit hisslərin əsirinə çevrilməsinə bənzədib.
Şeirdə həm peşmançılıq, həm də həyat təcrübəsinin verdiyi müdriklik hiss olunur. Müəllif keçdiyi yolu tamamilə uğursuz saymır, əksinə, yaşadığı bütün ağrıların onu formalaşdırdığını göstərir.
Və ya daha bir şeirinin ilk bəndində...
Cavabsız qoyma gəl suallarımı,
İndi hər suala cavab tapılır.
İndi səhv edənin dili uzundur,
İndi hər günaha savab tapılır.
Bu bənd fəlsəfi və ictimai məzmun daşıyır. Şair yaşadığı dövrün mənəvi mənzərəsini tənqidi şəkildə təqdim edir.
"Cavabsız qoyma gəl suallarımı,
İndi hər suala cavab tapılır."
Lirik qəhrəman qarşısındakı şəxsə müraciət edərək suallarının cavabsız qalmamasını istəyir. Burada həm də həyatın, zamanın və taleyin bir gün bütün sirləri açacağı fikri ifadə olunur. "Hər suala cavab tapılır" misrası həqiqətin gec-tez üzə çıxacağına inam yaradır.
"İndi səhv edənin dili uzundur". - Bu misrada şair dövrün mənəvi paradoksunu göstərir. Adətən səhv edən insan xəcalət çəkər, susar və ya üzr istəyər. Lakin burada əksinə, səhv edənlərin daha çox danışdığı, özünü haqlı çıxarmağa çalışdığı vurğulanır. "Dili uzundur" ifadəsi məcazi mənada həyasızlıq, özündənrazılıq və məsuliyyətdən yayınmaq anlamı daşıyır.
"İndi hər günaha cavab tapılır". - Bu misra iki mənada başa düşülə bilər:
Tənqidi məna: İnsanlar etdikləri günahlara və səhvlərə bəraət qazandırmaq üçün müxtəlif bəhanələr tapırlar.
Fəlsəfi məna: Hər bir günahın və əməlin gec-tez sorğu-sualı olacaq, heç nə cavabsız qalmayacaq.
Bir neçə bəndlik şeirin sadəcə bir bəndinin əsas ideyası budur ki, müasir dövrdə insanlar səhvlərini etiraf etmək əvəzinə onlara bəraət qazandırmağa çalışırlar. Lakin şair xatırladır ki, həqiqət gec-tez üzə çıxır və hər sualın, hər günahın bir cavabı olur. Bu, həm vicdan qarşısında, həm də həyat qarşısında məsuliyyətə çağırışdır.
Elə yorulmuşam, çəkilməzliyin,
çəkilib içimdə tarım sim kimi...
Hər gün bir az-bir az suyun vermişəm,
dərdlərim göyərib artıb çim kimi...
Elə yorulmuşam, ayaqlarıma
susuz dəyirmanın daşı asılıb.
Gözünü yollardan çəkib ürəyim,
düyünlər vurduğun qaşım asılıb...
Elə yorulmuşam, gülən dodağım
quruyub, gün vuran qızılgül kimi...
Günahkar tutmuşam göydə günəşi,
Kərbəla yolunda yanan çöl kimi...
Şairin "Elə yorulmuşam" şeiri dərin yorğunluq, mənəvi ağrı və həsrət hisslərini ifadə edən lirik nümunədir. Şair yorğunluğunu fiziki hal kimi deyil, ruhun və qəlbin tükənməsi kimi təqdim edir.
Şeirin əsas mövzusu insanın çəkdiyi dərdlərdən, həsrətdən və həyatın ağırlığından yaranan mənəvi yorğunluqdur. Lirik qəhrəman yaşadığı ağrıların onu tədricən əldən saldığını bildirir.
Ömrünün 55-ci baharını geridə qoyan şair, zamanın sərt sınaqlarından keçsə də, qəlbinin baharını qoruyub saxlamış, sözün işığında ömür yolunu nurlandırmışdır. Onu həyata bağlayan, qəlbində yurd salan hər kəlmənin müqəddəsliyi, arzuların sönməyən çırağı və sabaha uzanan ümid körpüsüdür. Qarşıdan gələn illərində ona ömür kitabına yeni-yeni uğur səhifələri yazmasını, ilham çeşməsinin heç zaman qurumamasını və söz dünyasında yeni zirvələr fəth etməsini diləyirik.
Əminəm ki, zamanla layiq olduğun bütün zirvələri fəth edəcəksən, dəyərli şairimiz, əziz könül dostum körpəsi şeir qadın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
