201-ci səhifə - Taleh MANSUR

 

Bu yazı Qulu Ağsəsin 200 səhifəlik "Saat 6-nı gözləyirəm" kitabının 201-ci səhifəsi, mündəricatın ön sözüdür...

Bu sətirləri 39 yaşımın tamam olmasına 39 gün qalmış yazıram: 14 iyul 2026-cı ildə... Mən Qulu Ağsəs haqda az yazsam da, çox düşünmüşəm. Necə deyərlər, onun haqqında hər zaman yazmaq üçün fürsət axtarmışam. Bilmirəm, xoşbəxtlikdən, ya bədbəxtlikdən, fürsət düşməyib. Qulu Ağsəs haqqında adi günlərdə yazmağı bacarmamışam. Elə bilmişəm ki, yazmağa başlasam, kəsdiyimiz çörək, haqq-salam, nə bilim, müdir-işçi münasibətləri gəlib duracaq qələmin qarşısında. Deyəcək ki, onu elə yazma, bunu belə yaz. Aparan yollar təkcə ayırmır ki, həm də qovuşdurur, işığa, aydınlığa çıxarır. Nəhayət, mən də çıxış yolunu tapdım, yazıya giriş üçün: mən Qulu Ağsəsdən ondan incik vaxtlarımın birində yazmalıydım. Belə bir "fürsət" iyulun ilk on günlüyündə yaşandı, sonuncu olsun. Bir-birimizdən incimədik, bizi incitdilər, biz də dönüb bir-birimizdən incidik. Olur belə şeylər, olmadan olmur. Bu haqda, sadəcə, bir kitablıq cümlə: bizi incidənləri Tanrı incitməsin. Xülasə... Nə qədər ki fürsət var, bu yazını qələmə almalıyam, daha doğrusu, sözü haqqı-salamdan keçə bilməyən qələmin əlindən almalıyam. Fikirləri yerli-yataqlı, cümlələri qısa və konkret yazmalıyam...

Harda bitirəcəyimi dəqiq bilməsəm də, hardan başlayacağımı yaxşı bilirəm, Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabından. Mən rəqəmlərin magiyasına Tanrı və söz qədər inanıram, söz 39-dan düşmüşkən, elə 39-cu səhifədən başlayıram... Bu səhifədə Yazıçılar Birliyinin 12-ci qurultayında Qulu Ağsəsin məruzəsi yer alıb: "Şeirdən şeir kimi..." Qulu müəllim bu yazıya nə az, nə də çox, 200-ə yaxın şairin ədəbi hesabatını sığışdırıb. Şairdən şair kimi yazıb. Haqqında hamının danışdığı şair hamı haqqında - haqqına danışıb, haqqı tapdalamadan.

Təzədən ilk səhifəyə qayıdıram: "Görsən, üşüyürsən, yandır özünü". Məşhur Qulu Ağsəs misraları... Yazı belə başlayır: "Hərdən mənə elə gəlir ki, əlimdə qələm, gözümdə eynək doğulmuşam..." Bu fikrə "... ürəyimdə sözlə doğulmuşam" cümləsini də əlavə edərdim. Məncə, Qulu Ağsəs həm də gözündə qələm, əlində eynək doğulub. Axı onun gözləri şeir yazdığı kimi barmaqlarının da görmə qabiliyyəti var, təkcə gözüylə gördüklərini yazmır, barmaqları görmədiyi sözü kağıza rəva bilmir.

 

Səhifə 16... başqa bir yazı: səsə - Rəşid Behbudovun canlı səsinin əbədiyyətə qovuşmasına həsr edilmiş "Səssiz yazı"... Əsgərlik xatirəsi, Rəşid Behbudovun ölümünə görə göz yaşı tökən şairi böyük sənətkarın qohumu hesab edib həyatında ilk dəfə ağlayan çeçen... Yazını oxuya-oxuya fikirləşdim ki, görəsən, o çeçen indi hardadı, neynir, ümumiyyətlə həyatdadırmı?.. Bİlmirəm... Bircə onu dəqiq bilirəm ki, nə həmin çeçen, nə də onun övladları indi Ukraynada döyüşmür. Qulu Ağsəsin göz yaşlarına inanan adam belə bir müharibənin döyüşçüsü ola bilməz; nə özü, nə də onun qanını, genini, sümüyünü daşıyanlar. Adım kimi əminəm.

Səhifə 18 - "İkicə kəlmə: Mənsum İbrahimov"dan da deyim: "Leylini ona düz edib  vermirlər, o, Leylinin yox, Məcnunun Məcnunudur". Sənətkara sənətkarcasına qiymət, Leylinin və oxucunun canına yağ kimi yayılan sözlər...

"O - Baloğlan Cəlil İdrisi", yazısında cənublu Baloğlan İdrisi, "Heca Hakimiyyət Başçısı"nda Firuzə Məmmədli, "İki alimin səsi"ndə professor Kamil Vəli , "Şahin nəğməsi"ndə hüquqşünas Şahin Rüstəmov, "Öz səsinə düşən şeirlər"də aktyor və şair Nazir Rüstəm, "Qarabağın başqa adı"nda 60, 70, 80... yaşlı yazıçı Aqil Abbas, "Misralardan salınmış torpaq yol"da Elxan Yurdoğlu, "Bələdçi"ylə 240 səhifə"də Eyvaz Zeynalov, "Əlyazmanın qırağına yazdığım qeydlər"də şair dostumuz Ramil Mərzili, "Ətəyində namaz qılınan Savalan"da Zahir Məlikli, "Nəsrin... mərtəbəsi"ndə Məmməd Məmmədli, "Cəbrayıloğlu Etibar"da Etibar Cəbrayıloğlu dilə gəlir Qulu Ağsəsin kağız kimi ağ səsiylə... Hə, bir də "Hərarət normadan yuxarıda" olanda yada xətrini normadan çox istədiyim Avdı Qoşqar düşür. İlahi! Nə qaranlıq məqamlara işıq tutur bu ağ səs - Qulu Ağsəs... Nə qədər adama (təkcə kitablarına yox) Ön söz yazıb, olub ki, son söz də deyib, fəqət heç vaxt sönən söz deməyib...

Səhifə 65-də "Qolunda muğam saatı" oturub, ürəyə müntəzir Nəzakət Teymurovanın Leyli sevdalı səsini dinləyirsən. Əvvəl dinləyirsən, sonra oxuyursan. Məcnundan - Məsumdan yazıb, Leylini unutmaq sənətə qarşı nəzakətsizlik olardı. Elə özü demişkən: "Bunu da Nəzakət xatirinə yazıram".

İçərisindən boğazımda qəhər, dilimdə düyünlənmiş sükut və göz yaşı ilə keçdiyim bir yazı da var səhifə 90-da: "Yeddi il yeddi gün". Adamı yerdən-yerə vurur Fərqanə Mehdiyevanın əziz xatirəsini uca tutan bu yazı. Yazının adı Fərqanə xanımın xəstəliyinin ömrüdü: 7 il, 7 gün... Nə qəribədi, nə özünün ömrü uzun oldu, nə də xəstəliyinin...Özünün və xəstliyinin ömründən kəsilənlər sözünün ömrünə calandı, hələ də yaşayır, yaşayacaq da.

Kitabda elə doğma fikirlər var ki, uzun zamandır ağlımızdan keçməyib, elə doğma yazılar var ki, uzun zamandır görmədiyimiz doğma adamları xatırladır bizə. "Meşə də dənizdir, yarpaqlar ləpəsi" yazısı kimi. Professor Cəlal Bəydilinin tərcümə və tərtib etdiyi "Aforizmin iki zirvəsi" kitabına həsr edilib. Yazını oxuyub Cəlal müəllimə zəng edirəm... Bu kitab həm də "telefon kitabçası"dı, telefonumuzdan daha etibarlı, daha sədaqətli.

Səhifə 93-dəki yazı kitabın adıyla adaşdı: "Saat 6-nı gözləyirəm". Məncə, bu "93" 1993-cü illə adaş olsa da, antonimdi. 1993-də itirdiklərimizi 2020-ci ildə qazanarkən yazıya alınan qazancdı. 44 günlük müharibədə xalqımız, dövlətimiz itirdiyimiz torpaqları qazandı, ədəbiyyatımız da Qulu Ağsəsin bu yazısını: "Murovu demirəm, Suqovuşanı da demirəm. İlk fəth elədiyimiz yüksəkliyin adı Ruh yüksəkliyidir. Dünyada ən böyük yüksəklik Ruh yüksəkliyidir! Ordumuz əvvəl o yüksəkliyi fəth etdi..." Bu, milyonlara çatacaq qazanc deyil, bəs nədir?

Yazı 18 oktyabrda - müstəqilliyimizin 29-cu ildönümündə yazılıb, müharibənin ən qızğın çağında. 1918-ci ilin xatırladan 18-i mən də sevirəm.

Tək dünyanın bu üzündəkilərin qayğısına qalmır Qulu Ağsəs, o biri dünyadakıların da halına yanır. Yanır, demişkən, gah "Günün altında bişən Nərimanov"a dönür, gah da cəmiyyəti "Sa-bir, Sa-tira, Sa-bun" deyə arınmağa səsləyən "Tək Sabir"ə.

Kitabda rəqəmlər və fikirlər ulduzlar kimi sayrışır. Hərdən adama elə gəlir ki, bu kitabı gecənin zülmətində fikirlərin və rəqəmlərin işığına da oxumaq olar. Gəlir, deyəndə ki, elə elədi, siz də sınayın. Rəqəm demişkən, "Beşdə beş" yazısı Qulu Ağsəsin Əsəd Cahangirin 55 yaşı münasibətilə Tanrı masasında açdığı söz süfrəsidi, özü demişkən: "Yer kürəsi Tanrının dəyirmi masasıdır(...)" Yaxud, "4+4: Rəqəmsal namə" yazısı, zəfərinəcən dəqiqliklə hesablanmış bir savaşın söz məsələsidi. Qulu Ağsəs həll eləyib qoyub kitabının 101-ci səhifəsinə: "44 günlük savaş, 8 noyabr 2020-ci il - Zəfər tariximiz, 4+4=8".

Bir də "Altı sıfır"dan sonrakı extra time" yazısı var... Əli Bağışın kitabına və ürəyinə ünvanlanmış baxışdı: "Həmişə çalışıb ki, dostlarının başını uca eləsin, 60 yaşında ənənəni pozmaq istəyir: hamı başını aşağı salsın və bu kitabı oxusun". Əli Bağış bağışlasın, kitabını oxusam da, hələ də düşündüklərimi yazıya ala bilməmişəm. Yenə Qulu Ağsəs sağ olsun, yenə etdi edəcəyini, oldu vəsilə, etirafımızı edə bildik.

Ara-sıra kitabda qəza da törədib Qulu Ağsəs... Cəzasını da çəkib "Qəza törədən "təcili yardım" yazısıyla, həm də ardıcıllıqla: qəza, cəza və yazı... Bəlkə də, cəzanı gözə alıb birbaşa yazıya çevirib qəzanı. Qəzaya da səbəb Elbrus Ərudun "Bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi" yazısı olub. Hadisə də belə olub: "...jurnalist(ika) qəza törədib, ədəbiyyat (müəllimi) haya yüyürüb, amma çatmayıb. Qəsdən".

107-ci səhifədə nüvə başlığı daşıyan bir yazı da var: "Nüvə başlığı" və ya Faites-en bon usage". Həmin nüvə başlığının bağrının ortasına Qulu Ağsəsin xəttiylə belə yazılıb: "Yer göyə nə göndərir: raket, tüstü, zəhər...Göy yerə nə göndərir: Ay işığı, Günəş şüası, Bərəkət yağışı, kasıb daxmasını "Ağ ev"ə döndərən Bəyaz qar". İlahi, bu nüvə başlığı daşıyan yazını qaldırasan buludların yanına, kövrələ buludlar, göz yaşı kimi bir yağış yağa mərmilərin od tutub yanan sinəsinə, yer üzündə mərhəmət göyərə, dünyada əbədi bahar bərqərar ola.

Bu yazının üçaddımlığında bir yazı da var: "Savaş qardaşın başqa adıdır və yaxud "İn God We trust". Üçcə cümləsi bəs edir, düşünməyə və düşüncəyə: "İn God We trust. Yəni biz Tanrının varlığına inanırıq. Yaxşı sözdü, amma bu sözü Tanrısı pul olanlar deyir..."

Sonrası da bəlli... "Ərzi-əsri-hal-namə"lər, xəstə əsrimizin dərdlərinin resepti. Daha doğrusu, şair xəttiylə yazılmış loğman resepti. Əsrimizi və nəslimizi sağaltmaq üçün bu qısa reseptləri uzun-uzun oxumalı, dərin-dərin düşünməliyik. Hər bir "həb söz" keçməlidi boğazımızdan. Yoxsa əsrimizi və nəslimizi məhv etmək üçün boğazımıza ölüm kəndiri keçəcək. Misal, bəlkə də, məsəl üçün:

Resept 1: "Duanı mikrofonla oxuyanda (əlbəttə) Allah səni eşitməyəcək".

Resept 2: "Şəhidlərinizlə fəxr edirsiniz. Gün o gün olsun ki, onlar da sizinlə fəxr etsinlər".

Resept 3: "3 özəl qayda: - özgələri tanı; - özününkülərə hörmət et; - özünü sev".

Resept 4: "Əgər uşaqlar, bir də quşlar sizi görəndə qorxub qaçmırlarsa, demək, yaxşı adamsınız".

Resept 5: "Qulaqlarını tut ki, GÖRƏ biləsən! Gözlərini yum ki, EŞİDƏ biləsən.

Resept 6: "Ölüm həyatın axırı olduğu kimi, şeir də ölümün sonu olmalı!"

Bəlkə, bir az uzağa gedirəm, amma deyəcəm, materik olaraq iki olsa da, qitə olaraq bir Amerikası var Yer üzünün. Onu da Ameriqo Vespuççi kəşf edib, ondan da əvvəl Xristofor Kolumb... Hansının kəşf etməsindən asılı olmayaraq, hər ikisi ilk dəfə kimi kəşf edib. Elə kəşf edilib ki, yenidən kəşfi mümkünsüz olsun. Elə kəşf olunub ki, həmin yeni dünya dönüb bizim köhnə dünyanı təkrar-təkrar kəşf etməkdədi. Sözün də Amerikası - yeni dünyası var... O "Amerikanı" hələ də kəşf edənlər də var yer üzündə; Qulu Ağsəs kimi... Gəl ki, özünü nə şair kimi təqdim edir, nə insan, nə səyyah, nə də baş redaktor kimi... Deyir ki, "Mən adam deyiləm, yazıyam. Adam taleyi yaşamıram. Yazı taleyi yaşayıram. Buna görə xoşbəxtəm".

P.S. Mən də xoşbəxtəm, Qulu müəllim, bu yazını vicdanla qələmə aldığıma görə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!