.jpg)
Nərminə AĞAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, İrəvan Dövlət Azərbaycan Dram Teatrının ədəbi hissə müdiri
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı səhnəsində xalq yazıçısı Elçinin "Stalin" tragi-fars janrlı pyesi əsasında əməkdar mədəniyyət işçisi, ustad rejissor İftixarın "Qeyri-səlis məntiq" sistemi ilə hazırladığı "Stalin - İzm" birhissəli qeyri-səlis təzahürlü, paradoksal, siyasi-faciəvi farsının tamaşası nümayiş olundu. "Stalin" pyesi siyasi idarəetmə sisteminin və avtoritar hakimiyyətin psixoloji və mənəvi mahiyyətini araşdıran fəlsəfi səhnə əsəridir. Müəllif burada yalnız sovet lideri İosif Stalinin siyasi fəaliyyətinə deyil, onun yaratdığı ideoloji sistemin mahiyyətinə diqqət yönəldir, həm də qorxu, hakimiyyət, tənhalıq, yaddaş və vicdan problemlərini dramaturji konfliktə çevirir. Müasir teatr düşüncəsi üçün yeni teatr sistemi ilə hazırlanan "Stalin - İzm" tamaşası transqressiv oyunun qeyri-səlis variasiyalı funksionallığı ilə görünən və görünməyən aləmlər arasında körpü yaradır; rejissor mətni deyil, mətnin mümkün anlayışlarının xülasəsini səhnəyə çıxarır. "Qeyri-səlis teatrı"nda rejissorun rolu ənənəvi teatrdan xeyli fərqlənir. Burada rejissor artıq yalnız "quruluş verən" deyil, həm də mənalar yaradan, qeyri-müəyyənliyi təşkil edən və tamaşaçını interaktiv proseslər daxilində sonsuz dərketməyə istiqamətləndirən yaradıcı subyektdir.
Əsərin əsas ideyası totalitar rejimin insan talelərini necə məhv etməsi və nəticədə həmin hakimiyyət sahibinin özünün də daxili faciəyə çevrilməsidir. Stalin obrazı (xalq artisti Sabir Məmmədov) burada yalnız siyasi lider deyil, həm də öz qorxularının əsiri olan mürəkkəb psixoloji fiqur kimi təqdim edilir. Pyes boyu müəllif belə bir sual irəli sürür: sonsuz hakimiyyət insanı qüdrətli edirmi, yoxsa onu daxildən məhv edir? Bu sual əsərin bütün dramatik xəttini müəyyənləşdirir.
Tamaşada Stalin repressiyasına məruz qalmış Azərbaycanın elm və sənət xadimlərinin taleyindən qara xətt kimi keçən dramatik hadisələr və milli ruhun ölməməsi üçün mübarizə aparan şəxsiyyətlərin taleyi ilə oynadığı anlar, ölüm hökmünə qurban etdiklərinin acı taleyini canlandıran hadisələr cərəyanı ilə zənginləşən epizodlar biri digərini əsaslandıran ştrixlərlə cərəyan edir. Bu proses müəllifin Stalin personajı tipində və onun ideoloji düsturunda formalaşdırdığı dramaturji materialdan irəli gələn, "sovetlər ölkəsi"nin "həbsxana cəmiyyəti" strukturunda idarə edilməsinə ömrünü vermiş qaniçən vandalın həyat hekayəsini eskizləyən tablosunda orijinal formada qurduğu səhnə-oyun üslubunda - Elçin teatrı strukturunda səciyyələnən düşüncələrin rejissor təxəyyülü ilə paralelləşən duyğusal hisslər məcmusudur.
Rejissorun metafizik estetikası tamaşanın üslubunu, semantik prinsiplərini, poetikasını və bədii bütövlüyünü artırır. Tamaşanın kompozisiya-struktur həlli qeyri-adekvatdır; buradakı çoxşaxəli oyun prinsipi, çoxölçülü qavrayış prizmasının minimalist transformasiyası, müxtəlif teatr elementlərinin bir tamaşa daxilində toplanması, mətndən irəli gələn epizodların mizanlaşdırılması zamanı səhnə əsərini müxtəlif mimikalar, jestlər, göz təması, bədən dili elementləri, hind və gürcü rəqslərinin improvizələri vasitəsi ilə zənginləşdirərək, nəticədə pyesin daxilindən doğan məntiqlə birləşmə çevrəsində qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində yarada bildiyi əsrarəngiz harmoniyaya yol açır.
Əsərdəki hadisələr əsasən Stalinin ömrünün son dövrlərini əks etdirir. Ölkədaxili siyasi gərginlik, qorxu atmosferi və insanların daim şübhə içində yaşaması əsərin emosional fonunu simvolizə edir. Kremldəki konsperativ mənzil və qapalı siyasi mühit, kütləvi repressiyalar insan varlığının məhvinə yönəldilən hadisələrin baş verdiyi əsil məkan deyil. Stalinin daxili təbəddülatlarını əks etdirən Kreml mühiti yalnız siyasi məkan yox, həm də amansız boğucu sistemin simvolikasıdır: qapanmış dünya; təcridolunma; psixoloji həbsxana; total hakimiyyət labirintidir. Rejissor tamaşanı ağ-qara deyil, sonsuz boz çalarların, yaxud da əksinə, tam parlaqlığın canlı sisteminə çevirir. Qara-qırmızı rəngə boyanmış səhnə qətllərin icra olunduğu vahiməli qeyri-müəyyən boş sahəni xarakterizə edir. Səhnə üç halın eyni vaxtda mövcud ola biləcəyi kvant sahəsinə bənzəyir: görünən, görünməyən, yarı-görünən fonlarda zorakılıq üzərində qurulan hakimiyyətin iflası, psixoloji tənhalığın sarsıntılı faciəsi, mənəvi məsuliyyət, zaman qarşısında cavabdehlik kimi problemlərə fokuslanır. Sanki rejissor tamaşaçını müqəddəs ruhların qana bulaşmış ritualına dəvət edir.
İftixarın "Qeyri-səlis teatrı" yaradıcılıq trayektoriyasında insan sadəcə sosial fiqur deyil, həm də mənəvi və kosmik varlıqdır və "İnsan kimdir? Azadlıq və məhkumluq arasında insanın mövqeyi nədir?" sualları ətrafında səhnə hadisəsini fəlsəfi düşüncə platformasına çevirir. İftixarın metafizik düşüncə sistemində zaman keçmiş, indi, xatirə və yaddaş paralellərində gəzişir. Tamaşaçı hadisəni deyil, zaman qatlarının toqquşmasını hiss edir.
Bəzi rejissor sistemlərində söz əsasdırsa, "Qeyri-səlis teatrı"nda pauza belə danışır. "Stalin" pyesinin obrazlar məcmusu sadəcə personajlar toplusu deyil; bu, ideoloji düşüncənin insan psixologiyası üzərində yaratdığı təsirin - XX əsrin ən sərt və repressiv siyasi sistemlərindən biri olan "Stalin - İzm"in teatr modeli olaraq "Qeyri-səlis teatrı" sistemində təcəssümü olub, semiotik dinamik xarakterdə təqdim edilir.
Burada işarələr sabit və birmənalı deyil, çoxmənalı, dəyişkən və ehtimal xarakteri daşıyır. Bir obraz eyni vaxtda bir neçə semantik sahəyə aid ola bilir və onun mənası tamaşaçı duyğularının kvintessensiyasından asılı olaraq dəyişir. Bu yanaşmada işarələrin sərhədləri qeyri-səlis təəssürat yaradır; məna tamaşa prosesində formalaşır; simvol və metaforalar çoxqatlı semiotik struktur yaradır.
Bu baxımdan personajlar həm real, həm də irreal funksiyalara tabe edilirlər. Obrazlar sistemi çoxqatlıdır: simvolik məna yükü daşıyan və psixoloji-fəlsəfi funksiyalı obrazlar eyni tezliklərdə simvolizə olunur. İyirmi aktyorun qırx müxtəlif obrazlarda dinamik ifa bacarığı nəticəsində tamaşanın müəllifi iştirakçıların hər birinin yaradıcı mənəvi kodlarını əlində saxlamaqla aktyor ansamblını özünün rejissor metafizikasına tabe edə bilir.
İftixar üçün aktyorlar rol ifaçısı deyil, metafizik daşıyıcılardır. "Qeyri-səlis teatrı" yaradıcı sisteminin formulu belədir: "aktyor-obraz-simvol-zaman-mənəvi həqiqət". Ustad rejissorun qeyri-səlis modelində tamaşa sadəcə süjet nümayiş etdirmir; insanın görünən və görünməyən duyğuları arasında dialoq yaradır, çoxsəmtli paralellərə paylanan oyun-estetik prinsipi metamodern teatr estetikasının hüdudlarını belə aşır.
Səhnənin canlı atmosferi rejissorun palitrasında təkcə bədii ifadə vasitəsi deyil, həm də bütövlükdə tamaşanın məntiqi-emosional və semantik nəticəsidir. Səhnə əsəri hadisələrin bir-birinə bağlılığını çoxplanlı süjet xətti istiqamətində dinamik hərəkət detalları ilə paraleldə, biri digərini əvəz edən rəmzlərin rəngarəng stixiyasının ustalıqla səhnəyə gətirilməsi ilə sərgilənir. Hitler, Çörçill, Tito, Stalinin Anası, Tamara kimi tarixi personajlarla yanaşı, Boz qurd maskalarında çıxış edən aktyorlar, iblislər və şeytani qüvvələrin təmsilçiləri, cəzalanmış məzlumlar və İftixarın rejissor traktovkası müstəvisində əsərə əlavə edilən digər rəmzi detallar (Stalinin SSRİ-nin bayrağından asılı qalan qəlyanı, "imirqəzəb"in (Stalin) qəzəblə yediyi narın qan çanağını simvolizə etməsi, dövlət bayrağının parçalarının hər personajın boynuna bağlanması, ölüm maşınını simvolizə edən arabanın bəzi məqamlarda it damı anlamı daşıması və s.) və obrazlar konkretlikdən daha çox ümumiləşdirilmiş məna daşıyıcılarıdırlar; onlar repressiya qurbanlarının, əzab içində inləyən, ölüm hökmlərinin ağrılarından haqqı tapdanmış insanların və mənəviyyatı itirilmiş cəmiyyətin simasına çevrilirlər. Hər dəfə ölüm cəzasına məhkum etdiklərinin fəryadlarının Ananın qeybdən gələn "İosif, İosif" çağırışına qarışan sədaları assosiasiyasında boğulan Stalin, özünün törətdiyi repressiyaların əzab kölgəsi altında yaşayır və bəzən vicdanı ilə üz-üzə qalır.
İftixar hakimiyyət mexanizmini qorxu üzərində quran qəddar, ziddiyyətli Stalin obrazının daxili təbəddülatlarını kölgə teatrı effekti elementləri vasitəsi ilə təqdim edir. Stalinin yaddaşında daşlaşan uşaqlıq və gənclik dövrü hadisələri pərdəarxası kölgə oyununda səsin, sözün, musiqinin, jest və mimikaların, hərəkət və "hərəkətsizliyin səssizliyi"ndə tamaşaçıya məna mesajları ötürür. Bəzi məqamlarda personajların susması çox vaxt onların danışmasından daha çox ilğımlanır və sükut ayrıca işarə koduna çevrilir. Əsərdə ən güclü məna qatlarından biri qorxudur. Tamaşa boyu qorxunun müxtəlif səciyyələri görünür: Stalinin başqalarında (xüsusilə Stalinin sevgilisi, məşhur opera müğənnisi Olqa Aleksandrovskaya ilə görüş səhnələrində) yaratdığı qorxu ətrafındakı insanların hakimiyyətdən qorxması; Stalinin öz daxilində yaşadığı gizli təlaş və zaman qarşısında cavabdehlik qorxusu. Müəlliflərin fikrincə, qorxu yalnız qurbanları deyil, onu yaradanı da əsarətə sala bilir. Semantik baxımdan "Stalin" pyesi tarixi şəxsiyyət haqqında əsər olmaqdan daha dərin məna daşıyır; Stalin yalnız insan deyil; o, hakimiyyətin metaforası, qorxunun simvolu və totalitar sistemin teatr modelidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
