Gəncə təəssübkeşi Fərhad Ağamalıyev - Abuzər BAĞIROV

 

Bəzən insanın həyatında qəfil baş verən adi bir hadisə onun taleyini əsaslı şəkildə dəyişir, ömür yolunu tamam ayrı məcraya yönəldir. Belə gözlənilməz məqamlar adama xeyir də gətirər, ziyan da vura bilər. 1987-ci il mart ayının 7-də Moskvanın tanınmış jurnalistləri arasında cəsarətinə, bacarığına, rus dilini mükəmməl bildiyinə, hamı ilə xoş münasibətlər yaratmaq qabiliyyətinə görə sayılıb-seçilən, hörmət-izzət sahibi olan azərbaycanlı jurnalist, ssenariçi, yazıçı Fərhad Ağamalıyevin rahat, firavan həyatında özünün də ağlına gəlməyən siyasi səs-küy yaradan əhvalat vaqe oldu. O zaman həmyerlimiz Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Sovetskaya kultura" ("Sovet mədəniyyəti") qəzetinin ədəbi-mədəni şöbəsində kino icmalçısı kimi yüksək işdə çalışırdı. O nəhs gündə Fərhad redaksiyanın tapşırığı ilə Nizami Gəncəviylə bağlı yazı hazırlamış, "Vətəndaşlıq" adlı həmin yazıda sözarası dahi şairin doğma şəhərinin qədim Gəncə adının özünə qaytarılması məsələsinə də toxunmuşdu.

Əlüstü qəzet kollektivinin ümumi iclası keçirildi və "siyasi səhvə yol verdiyinə görə" Fərhad Ağamalıyev tutduğu mötəbər vəzifəsindən uzaqlaşdırıldı, yəni qovuldu. Zəlzələdən, ya vəlvələdən, arada itirən tək Fərhad olmadı, ümumilikdə biz hamımız olduq...

Qəzetin baş redaktoru Albert Andreyeviç Belyayev (1928-2017) ümumi iclasdan sonra Fərhadı kabinetinə çağırıb uzun-uzadı təskinedici söhbətin sonunda səmimi təəssüf hissilə dedi:

- Əzizim Fərhad! Sən yüksək peşəkarlığınla, həm Şərq, həm Qərb mədəniyyətini dərin bilginlə, rus dilində səlist yazmağınla qəzetimizə, baş redaktor kimi şəxsən mənə çox lazımsan, amma neyləyə bilərəm, səni mən yox, sənin özününkülər çıxardırlar işdən, ordan tələb belədir... - "Ay maşallah, bizdə olan qeyrətə!.."

Düzdür, Fərhad Ağamalıyev işsiz-gücsüz qalmadı. Şükürlər ki, bir qarın çörəyə möhtac olmadı, lakin ömrünün sonunadək Moskvanın jurnalistika aləmində bir daha fəth etdiyi ucalığa qalxmadı. Ona boş yerdəncə özümüz qara yaxdıq, alapapaq elədik, "xatalı adam" damğası vurduq və harda onun adı gəldisə, Sovet paytaxtının, sonralar da müstəqil Moskvanın media rəhbərləri "əlhəzər, az aşım, ağrımaz başım" deyib, bu "cəncəlli" jurnalistdən kənar gəzdilər...

 

Belə qüssəli sicilləmədən sonra ustufca keçək köklü-köməcli bakılı, xanəndə Mütəllibin 10 yanvar 1946-cı ildə dünyaya gələn ilk övladı Fərhadın həyat və yaradıcılıq yolunu çözələməyə. Onun uşaqlığı Böyük Vətən müharibəsindən (1941-1945) sonrakı illərin özünəməxsus, təkrarsız koloritli Bakı həyətində, dalan, küçə və məhəllələrində keçdi, əsl bakılı balası kimi tərbiyə alıb, böyüdü. Fərhadın 16 yaşı olanda ailə Sumqayıta köçmüşdür. Lakin oturuşu-duruşu, davranışı, insani münasibətlər meyarı, atmacalı danışıq manerası, mülayim, qədeşi yumoru həmişə onun xalis bakılı xarakterindən xəbər verirdi. O, orta məktəbi Sumqayıt şəhərində 1964-cü ildə rus dilində bitirmişdir. İki il Rusiya ərazisində Sovet ordusunda hərbi xidmətdə olmuş, on ildən çox Sumqayıt şəhərinin bir sıra zavodlarında, eyni zamanda şəhərin mərkəzi klubunda rəssam-tərtibçi işləmiş, özünün dediyi kimi, həyat təcrübəsi toplamaqla məşğul olmuşdur. Fərhad lap gənclik illərindən başladığı yazı-pozu işlərini də unutmur, imkan düşdükcə kiçik həcmli lirik hekayələrinin, publisistik məqalələrinin respublika və mərkəzi mətbuat səhifələrində dərcinə də nail olurdu. Şəhərin ictimai-siyasi orqanı olan "Exo Sumqaita" - "Sumqayıtın əks-sədası" qəzeti ilə sıx əməkdaşlıq etmiş, uzun zaman ədəbi-mədəni hadisələrin qəzet səhifələrində işıqlandırılmasında xüsusi fəallıq göstərmiş, hətta bir müddət rəsmən qəzetin xüsusi müxbiri olmuşdur. Kino sənəti onu daha çox maraqlandırırdı. Odur ki, Fərhad 1979-cu ildə Moskvanın S.A. Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin qiyabi şöbəsini bitirmiş və həmin ildən ömürlük paytaxta köçmüş, əvvəllər "Sovetskiy ekran" - "Sovet ekranı" (1979-1983) jurnalında redaktor, "Sovetskaya kultura" - "Sovet mədəniyyəti" qəzetində isə kino icmalçısı vəzifələrində işləmişdir. Gəncənin təəssübkeşliyi Fərhad Ağamalıyevə baha başa gəldi, Rusiya kütləvi informasiya vasitələrinin qapısı onun üzünə biryolluq qapandı...

1991-ci ilin yanvar ayından Moskvada SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin Daimi Nümayəndəliyinin rus dilində "Panorama Azerbaydjana" - "Azərbaycanın panoramı" adlı həftəlik ictimai-siyasi qəzeti buraxılmağa başladı. Daimi Nümayəndəliyin sədri Söhrab İbrahimov (1943) respublikamızın Sovet İttifaqının paytaxtında fəaliyyətə başlayan ilk rəsmi mətbuat orqanına təcrübəli, yetkin, peşəkar jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1983) Fərhad Ağamalıyevi baş redaktor təyin etməkdə heç də yanılmamışdı. Bu qəzet cəmi iki ilə yaxın ömür sürsə də, onun Azərbaycan gerçəkliklərinin Rusiya məkanında gur səslə yayılmasında göstərdiyi əvəzsiz xidmətlər mətbuat tariximizdə əbədi qalacaqdır. Qəzetin qısa müddətdə yüksək səviyyəli uğurlar qazanmasında məhz baş redaktorun layiqli zəhməti, dərin vətənsevərliyi həlledici rol oynamışdır. Həmin dövrdə Fərhad Ağamalıyevin təşəbbüsü, bacarığı, inadkarlığı və baş redaktorluğu sayəsində Azərbaycanımızın mətbuat tarixinin Moskva bölümünə daha bir dəyərli səhifə əlavə olunmuşdur: "Vostoçnıy ekspress" - "Şərq ekspresi" aylıq ictimai-siyasi jurnalı.

Fərhad Ağamalıyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində mətbuat katibi və birinci katib diplomatik vəzifələrində çalışmışdır. Görkəmli jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü (1996), zəhmətkeş və istedadlı söz xiridarı diplomatik xidmətdən sonra Ümumrusiya Azərbaycan Konqresi ictimai diaspor təşkilatının "Azerbaydjanskiy konqress" - "Azərbaycan konqresi" qəzetinin diaspor şöbəsinin müdiri kimi Rusiyaya səpələnmiş soydaşlarımızın taleyini araşdırmaq yolunda can yandırdı, qələm çaldı (2004-2010). Eyni zamanda Moskvada Leyla Əliyevanın baş redaktorluğu ilə rus dilində nəşr olunan "Baku" ("Bakı") jurnalı ilə fəal əməkdaşlıq etdi, oxucular tərəfindən maraqla qarşılanan "Bakılılar" rubrikasının yaradıcısı və əsas yazarı oldu.

Çox acı təəssüflə qeyd etməliyəm ki, belə qızğın, səmimi vətənpərvəri, yüksək səviyyəli peşəkar jurnalisti, milli koloritli kinodramaturqu, istedadlı nasiri səbəbini özünə də düz-əməlli aydınlaşdırmadan, təcili təqaüdə göndərdilər. Yazı-pozu ilə başını nə qədər qatmağa çalışsa da, onun necə kədərləndiyini, necə dərdikdiyini bir özü, bir yaxın dost-tanışları, bir də əlçatmaz Yaradan bilirdi... Bir daha təkrardan başqa əlacımız qalmır: "Ay maşallah, bizdə olan qeyrətə!.." Yox, bir misra da artıraq gərək: "Nə vecimə, təpik dəyir millətə!.."

Ürək neyləsin?! Haqsızlığa nə qədər dözsün? Daşdan deyil, dəmirdən deyil... 2012-ci ilin 18 sentyabrında, səhər-səhər, Günəşli bir gündə (təbiət qədirbiləndi, vallah!) 66 yaşlı Fərhad Mütəllib oğlu Ağamalıyevin döyünən ürəyi dayandı, bir daha döyünmədi... 20 sentyabrda bir qiymətli qələm sahibimizin nəşini də yola saldıq haqqın dərgahına, tapşırdıq Moskva torpağına... Yerin cənnət olsun, əziz dost. Bağışla bizi - sağ qalanları. Deyəsən qədrini az bildik, qoruya bilmədik səni. Qismət beləymiş, neyləyək. Rahat yat, növbə çatanda hamı quzu kimi bir-bir gələcək yanına...

Təskinlik xatirinə bir az da Fərhad Ağamalıyevin bizə irs qoyub getdiyi istedad işığına bələnmiş dəyərli əsərlərinin məziyyətlərindən söz açaq. Onun ssenariləri əsasında "Köhnə körpü", "Qələbədən sonrakı məğlubiyyət", "Uşaqlığın on yeddi yaşında", "Heç nə istəməyən adam" bədii filmləri və bir neçə sənədli kinolentlər Bakı, Moskva, Sverdlovsk və Minsk kinostudiyalarında lentə alınmışdır. Onun "Ox və hədəf" pyesi Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında uğurla tamaşaya qoyulmuş və uzun səhnə həyatı nəsib olmuşdur.

Fərhad Ağamalıyevin bütün kinematoqrafik işlərində Azərbaycan milli koloriti və onun rusdilli mədəni mühitdə təqdimi və təbliğinə diqqətli, həssas münasibət aydın şəkildə, yüksək vətənpərvərliklə əks olunmuşdur. Bu ekran və səhnə əsərlərindəki süjetlərin materiallarının əksəri müəllifin ömür yolunda rastlaşdığı, yaşadığı hadisələrdən, olaylardan qaynaqlandığı üçün bədii süzgəcdən keçərək nəticədə olduqca həyati və inandırıcı görünürlər. Fərhad Ağamalıyevin bütün bədii, publisistik, dramaturji əsərləri gerçəkliyə və pedallığa söykənərək yaradıcı təxəyyüldən barınırlar.

Çox güman ki, XX əsrin ikinci yarısındakı Bakı, bakılılar və bakılılıq haqqında ən parlaq bədii-publisistik əsər xalis bakılı və çox mahir qələm sahibi Fərhad Ağamalıyevin 2010-cu ildə Moskvada çapdan çıxmış "Bakılılıq" (Farxad Aqamaliev. "Bakinstvo". Sbornik gsse. Moskva, "MİK", 2010. 126 s.) adlı topluya daxil edilən lirik-nisgilli hisslərlə zəngin esseləridir. Kitaba daxil olan cəmi 15 esse Moskvada rus dilində nəşr olunan və bu gün dünya miqyasında geniş tanınan nəfis və məzmunlu Azərbaycan jurnalı olan "Baku"da dərc olunmuşdu. Kitabın əvvəlində müəllif jurnalın baş redaktoru Leyla Əliyevaya böyük minnətdarlıq hissilə kitabın meydana gəlməsi tarixçəsini açıqlayır: "İki il əvvəl mənə onun arzusunu çatdırdılar: Leyla xanım yeni jurnalın o vaxt hazırlanan birinci nömrəsi üçün Bakı haqqında yazı yazmağımı istəyirdi. Həm də yaxşı olar ki, elə yazılsın ki, mətn insan qəlbinin incə tellərinə toxunsun, Bakıda və yaxud da ondan kilometrlərlə uzaqlarda yaşamasından asılı olmayaraq, hər bir bakılı üçün olduqca əziz olan şəhər haqqında emosional nostalji hisslər doğursun. Axı "Bakı" toponimində sadəcə coğrafi yer ifadə olunmayıb. Bakı şəhərdən daha artıq bir anlamdır. Çünki o, çox böyük mənada bizim taleyimizin hərəkət istiqamətini də müəyyənləşdirmişdir. Jurnalın ilk nömrəsi "Bakılılıq" essesi ilə işıq üzü görən kimi baş redaktordan yeni süjetlər haqqında düşünmək təklifi daxil oldu - indi artıq daimi rubrika üçün. Mən Leyla Əliyevaya çox minnətdaram. Bu layihənin baş tutması və belə bir kitabın meydana gəlməsi üçün məhz ona borcluyuq" (Farxad Aqamaliev. "Bakinstvo". Sbornik gsse. Moskva, "MİK", 2010. S. 3-4. 126 s.).

Fərhad Ağamalıyevin təqdimatında Bakı, bakılılar və bakılılıq xüsusi fəlsəfi məna kəsb edir, müəllif baxışının rakursu bu anlayışların gözlənilməz tərəflərini açır və bu zaman ona təmkinli obyektiv yanaşma, dərin analitik psixologizm, təkrarolunmaz milli kolorit, bədii-obrazlı şərh manerası xasdır. Bakılıların başlıca xarakteristikasını və ruhi-mənəvi imzasını unudulmaz Fərhadın aşağıdakı sətirləri daha aydın, daha parlaq ifadə edir: "Bəli, bakılıları hər şeydən daha çox nə birləşdirir? Əgər bir sözlə ifadə edilsəydi, mən belə cavab verərdim: bakılılıq. Elmi baxımdan izah edilməyən substansiyadır, çünki o (bakılılıq - A.B.) mənəvidir, daha çox hiss və duyğular aləmindəndir, məntiqdən bir az uzaqdır. Əgər belə demək mümkünsə, bu, xüsusi manşırlıq nişanıdır. Onda bizim dənizimizin, şəhərimizin, uşaqlığımızın səsi var. Bizim Bakı həyatımızın unudulmaz səsləri var. İngilislər deyirlər ki, "keçmiş senbernar" demək olmaz, eləcə də "keçmiş zadəgan" demək olmaz. "Keçmiş bakılı" da demək olmaz. O, bizim uşaqlığımızın daşlarından, küçələrindən, səmalarından nə qədər uzaqda yaşasa da, heç də həmişə şəfqətli olmayan tale onu hansı uzaq qitəyə atsa da, o, ən son gününədək bakılı olaraq qalır! Özünün xüsusi mədəniyyəti və dünyagörüşü ilə, mətanəti və bacarığı ilə, ümidverici, acımtıl yumor hissi ilə və bir töhfə kimi qiymətləndirilən həyatı kifayət qədər fatalist duymağıyla" (Yenə orada. s. 16).

Fərhad Ağamalıyev son illərdə də çox maraqlı və əhəmiyyətli ümummilli layihə üzərində düşünürdü. O, rusdilli oxucuları doğma diyarımızın konkret regionları ilə tanış etmək məqsədilə Azərbaycanın ayrı-ayrı rayonları haqqında sənədli-publisist, tarixi-etnoqrafik kitablar seriyası yazmaq istəyirdi. Çox təəssüf ki, xeyirxah və böyük arzular müəllifi düşündüklərinin çox az hissəsini həyata keçirə bildi. Görünür, belə qismət imiş, Fərhad bu seriyadan yalnız iki kitab buraxa bildi. Moskvada "MİK" nəşriyyatında çapdan çıxmış, Azərbaycanın qədim diyarları - Ordubad və İsmayıllıdan, oraların sadə və məşhur insanlarından, parlaq və dramatik hadisələrindən, unikal sənət və sənət adamlarından, əsrlərlə qorunub saxlanılan dədə-baba adətlərindən, bu torpaqlarda hələ də davam etdirilən milli ənənələrdən və bir çox başqa mətləblərdən bəhs edən "Ordubadın böyük vaxtları" (Farxad Aqamaliev. "Bolğşoe vremə Ordubada". Moskva, "MİK", 2008. 208 s.) və "Canəli üzərində ay" (Farxad Aqamaliev. "Luna nad Djanali". Moskva, "MİK", 2010. 274 s.) istedadlı moskvalı Azərbaycan ədibi Fərhad Ağamalıyevin səmimi vətənpərvərlik hisslərini ifadə edən yaradıcı irsinin layiqli nümunələridir.

Bütün əsərlərini yalnız rus dilində yazıb-yaratmış Fərhad Ağamalıyev öz yaradıcılığında mükəmməl səviyyədə bildiyi doğma Azərbaycan dilinin vasitəsilə milli koloritin zənginləşməsinə xidmət edən bilinqvizm (ikidillilik) elementlərindən yerli-yerində, geninə-boluna istifadə etmişdir. Keçən yüzilliyin ortalarında Bakıda "aşıqla" qumar oyununu təsvir edən müəllif "Bakılılıq" kitabında yazır: "Bakıda "cay" adlanan ciddi oyun növü vardı. Üç "aşıq" birdən atılır, eyni zamanda çömbəltmə oturan oyunçu bərk-bərk yanbızlarına vurub tez-tez qışqırırdı: "Cay, balalarım yetim qaldı!", bunun tərcüməsi belədir: "Djay, moi deti ostalisğ sirotami!" (Yenə orada. S. 20). Göründüyü kimi, müəllif ana dilində verdiyi cümləni həm də olduğu kimi rus dilinə tərcümə etmişdir.

Fərhad Ağamalıyevin "Ordubadın böyük vaxtları" bədii-publisistik kitabında da bilinqvizm elementlərinə tez-tez təsadüf etmək mümkündür. Toponimlərin tərcüməsi və şərhi ("Gəmiqaya" - "Skala kovçeqa", "İlandağ" - "Zmeinaə qora" və s.), həmçinin, kitabdakı heyvan, quş və bitki adlarının da Azərbaycan dilində verilməsi, heç şübhəsiz, bilinqvizm əlamətləridir. Məsələn, kəkliyə rus dilində "kuropatka" deyilsə də, müəllif bu sözü eynilə Azərbaycan dilində verməyi məqsədəuyğun saymışdır.

Təsvir etdiyi regionun tarixindən danışarkən ərəb işğalını yada salan müəllif "qılınc müsəlmanı" ifadəsini işlətməyi də unutmur: "Sabelğnıy musulğmanin", bu "Qılınc müsəlman" deməkdir və bu təyini indi də Azərbaycanın müxtəlif guşələrində eşitmək olar..." (Farxad Aqamaliev. Bolğşoe vremə Ordubada. Moskva, "MİK", 2008. S. 18. 208 s.)

Başqa bir yerdə "pomidor satanlar" ifadəsinə mənfi münasibətini ifadə edən nasir həmin ifadəni olduğu kimi işlədir və rus dilinə adekvat tərcüməsini verir (Yenə orada. s. 39). Xalqın adət-ənənələrindən doğan detalların dilimizdə olduğu kimi verilməsi - başqadilli oxucunun yaddaşında bunların yer almasına nail olmaq məqsədi güdür. Məsələn, "cümə axşamı" adətini olduğu kimi verərək, həmin ifadəyə şərh yazan müəllif deyir: "Djuma axşamı", pervıy çetverq v pamətğ nedavno "smenivşix mir" i seqodnə v Ordubade proxodit soqlasno starinnomu obıçaö" (Yenə orada. s. 82).

Göründüyü kimi, bu cümlədə "cümə axşamı" ifadəsi ilə yanaşı, rus dilində nadir hallarda işlənən "dünyasını dəyişmiş" (vəfat etmiş) ifadəsi də kalka edilmişdir.

Yeri gəlmişkən, qeyd edək ki, Fərhad Ağamalıyevin nəzəri-praktik bilinqvizm haqqında konkret regionun nümayəndələrinin timsalında söylədiyi mülahizələr də maraq doğurur. Örnək üçün onun ordubadlıları bu baxımdan necə xarakterizə etdiyinə nəzər salaq: "Ordubadlılar azərbaycanca çox gözəl, obrazlı ədəbi dildə danışırlar. Onlardan bir çoxu lap uzun zamandır Moskvada, yaddilli mühitdə ömür sürürlər, amma doğma dili bütün zənginliyilə qoruyub saxlayıblar" (Yenə orada. s. 18).

Fərhad Ağamalıyevin müasir mövzuda yazılmış maraqlı detektiv-macəravari "Dalğaların astar üzü" (Farxad Aqamaliev. "İznanka voln", roman. Moskva, 2014. 320 s.) romanı onun ölümündən sonra Moskvada nəşr olunmuş yeganə kitabıdır. Amma onun arxivində çap olunası, araya-ərsəyə çıxardılası çox yazıları var. Allah Kərimdir, deyiblər aqil kişilər... "Dalğaların astar üzü" romanı kriminal əhvalatlarla və süjet xəttinin gözlənilməz, amma əsas mövzudan yayınmayan kəskin dönüşləri ilə doludur: əgər insanın qəlbində mərhəmət, vicdan və ən başlıcası, sevgi varsa, o, hətta həyatın fırtınaları altında da davam gətirər, qalib gələ bilər... Romanın aşıladığı başlıca qayə budur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!