2026-cı ilin əvvəlində tanınmış Azərbaycan şairi və tərcüməçi Səlim Babullaoğlunun Bakıda rumın ədəbiyyatına həsr olunmuş kitabı - "Rumın yazıları" ("Note romanesti") nəşr olundu. Kitab xoşbəxt görüşlərin, ədəbi hadisələrin və illər boyu sürən, tərcümə prosesinə çevrilmiş sadə təsadüflərin yekunudur.
Kitabın yaranma tarixini onun "Ön söz" və "Son söz"ündən öyrənirik. Hər şey 2017-ci ildə Səlim Babullaoğlu Kişineuda təşkil edilən VII "Avropa Şairlərinin Baharı" Beynəlxalq Poeziya Festivalına dəvət olunanda, sonra isə Rumıniyada, Yaş şəhərində keçirilən poeziya festivalına dəvət alması ilə başladı. Beləliklə, azərbaycanlı şair Prutun hər iki sahilindəki rumın ədəbi mühiti ilə yaxından tanış olur. Səlim Babullaoğlu "Son söz"də yazır ki, Rumıniya və Moldova Respublikasından olan insanların eyni dildə danışdıqlarını təxminən, 2005-ci ildə kəşf etmişdi. Dil birliyi onu ədəbi birlik ideyasına da inandırmışdı.
Səlim Babullaoğlu üçün rumın ədəbiyyatı tamamilə yad deyildi. Elə həmin "Son söz"də o xatırlayır ki, rumın mədəniyyəti və ədəbiyyatı ilə bağlı ilk tanışlığı, uşaqlıqda əyalət kitabxanasından götürdüyü nağıllar kitabı ilə başlayıb. Daha sonra, şəraitə görə təbii olaraq, Qərbdə tanınmış rumın yazıçılarını kəşf edir: Ejen İonesku və Emil Çoranı. Təbii şəkildə ardınca Eminesku gəlir. Babullaoğlunun dahi rumın şairinin kəşfi ilə bərabər açıqlaması belədir: "Və bu yerdə məndə müəyyən narahatlıq doğuran bir etiraf etməliyəm: məhz həmin illərdə öyrəndim ki, bir zamanlar moldovanlar adlandırdığım insanlar əslində rumınlardır, "moldovan dili" isə rumın dilidir". Beləliklə, həmin dövrə qədər onun bilikləri beynəlxalq səviyyədə tanınmış klassiklər ətrafında cəmlənirdi. Bir daha təsdiqlənir ki, xüsusən, müasir poeziyanı tanımaq üçün ən etibarlı yollardan (həmişə olmasa da) biri heyranedici bəhrələr verə bilən şəxsi əlaqələrdir.
Əsas dönüş nöqtəsi Səlim Babullaoğlunun Moldova Azərbaycanlıları Konqresinə 15 il rəhbərlik etmiş və "Azmol Group" holdinqinin prezidenti Vüqar Novruzovla görüşüylə başlayıb. Səlim Babullaoğlu təşəkkür və xatirələrə yer verdiyi "Minnətdarlıq və xatirələr" başlıqlı Son sözünü və bütövlükdə kitabı həsr etdiyi Vüqar Novruzovun simasında təkcə Azərbaycanla Moldova arasında dostluğun təbliğatçısını deyil, həm də ədəbi dəyərlərin dəstəkçisini tapmışdı. Beləliklə, Səlim Babullaoğlu Bakıdakı digər həmkarlarının - tarix və filologiya elmləri üzrə fəlsəfə doktoru Jalə İsmayılın, professor Cavanşir Yusiflinin və filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmovun köməyi ilə zaman-zaman Moldovadan və Rumıniyadan bir sıra şairlərin şeirlərini tərcümə etmək qərarına gəlir. Vüqar Novruzovun dəstəyi ilə 2017-2025-ci illərdə Kişineuda azərbaycanlı müəlliflər, Azərbaycanda isə rumındilli müəlliflərin kitabları nəşr olunur. Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper, Nikolae Spetaru və b. kitabları Bakıda işıq üzü görür; Azərbaycan dilinə tərcümə olunan şairlərin ümumi sayı isə daha çoxdur.

Mötərizədə qeyd edək ki, Səlim Babullaoğlu təkcə müəllif deyil, həm də mədəni prosesin bacarıqlı təbliğatçısıdır. Şeirlər, o cümlədən, nəşr olunan kitablardan parçalar müxtəlif vaxtlarda "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" jurnalında, "525-ci qəzet"də, "kulis.az", "manera.az" portal və digər resurslarda dərc olunur. Kitablar nəşr olunduqdan sonra onların təqdimatları AzTV, "Mədəniyyət", Real TV, Baku TV telekanallarında geniş işıqlandırılır.
Bu "Son söz"də çox təsirli bir məqam da var. 2023-cü ilin yanvarında, Eminesku poeziyasının tərcüməsinin son redaktəsi üzərində gərgin işlədiyi vaxtda (kitab yanvarın 15-nə qədər nəşr olunmalı idi) Babullaoğlunun atası ölüm yatağına düşür və oğul eyni zamanda atasının son günlərində, son anlarında ona qulluq etməli olur. Şair qovurucu ağrı hissi ilə layihəni başa çatdırmaq zərurəti arasında parçalanmışdı. O, daxili parçalanma vəziyyətini ustadcasına təsvir edir: "2023-cü il yanvar ayının ilk günlərində mən ölüm yatağında olan atamın çarpayısı başında ona qulluq edirdim, elə gecələr, gündüzlər olurdu ki, 40-50 dəfə, bəlkə də, daha çox ona su verir, dodaqlarını isladır, yatağında rahat olsun deyə, yerini azacıq da olsa dəyişirdim. Və bu işlərin arasında 2-3 dəqiqəlik fasilələrdə Emineskunun nəşriyyata göndərməli olduğum kitabının (kitab yanvarın 14-nə qədər nəşr olunmalıydı) son oxusuna baş vurur, redaktə eləməyə çalışırdım, bilmirəm, bəlkə də, özümü ovutmağa, ölümü yox, həyatı düşünməyə çalışırdım. Amma atamın tez-tez halsız səslə saatı soruşmağı yenə də həyatdan yox, ölümdən danışır, ölümü xatırladırdı; adətən, həyatımızı, günümüzü planlaşdırmağa xidmət edən zamanın, saatın, sən demə, daha çox ölümü xatırlatmalı olduğunu mən ilk dəfə belə aydın-açıq hiss etdim. Atam yanvarın 15-i, Emineskunun doğum günündə vəfat etdi: bu isə ağlagəlməz həyat-ölüm qafiləsinin təklif etdiyi ağrılı qafiyələr idi..."
Təkcə yaradıcılığın deyil, bəzən ədəbi prosesin də dərin dramatik xarakter daşıya biləcəyini vurğulamaq üçün bu parçanı qəsdən köçürdüm.
"Rumın qeydləri" kitabı məhz Bakıda nəşr olunmuş rumın şairlərinin kitablarına Babullaoğlunun özü tərəfindən yazılmış Ön sözləri ehtiva edir və hər bir müəllifin yaradıcılığı üçün əlamətdar hesab olunan şeirlərlə müşayiət olunur. Bəzi daha uzun "Ön sözlər" əsl tədqiqat səviyyəsindədir, lakin qısa mətnlər də antologiyaya daxil edilmiş şairin dolğun və aydın profilini təqdim edir.
Kitab poeziyasevərlər üçün kədərli bir sonluqla bitir: şair etiraf edir ki, poeziya tərcüməçisi kimi fəaliyyətini başa çatdırır.
"Yazılarla bağlı yazı"mı şair, tərcüməçi və tərtibçi Səlim Babullaoğlunun "Son söz"ündən bir sitatla bitiririk: "Əlbəttə, həm bu kitablara daxil edilən şeirlər, həm də həmin şeirlərin tərcümə səviyyəsi haqqında fərqli fikirlər ola bilər. Necə ki, illər sonra mən öz tərcümələrimə baxanda müəyyən şeyləri başqa cür eləməyin mümkünlüyünü daha aydın hiss edir, təsdiq edirəm ki, yaradıcılıq, həmçinin tərcümə işi nəhayətsiz redaktə prosesidir bir az da. Amma ümid edirəm, sonradan bir faktı təsdiqləyənlər az olmayacaq ki, bu 8 il rumındilli ədəbiyyatın, xüsusən, poeziyanın ana dilimizə çevrilməsinin təkcə 34 illik müstəqillik dövründə deyil, hətta 70 ilə yaxın "sovet epoxası"nda da ən məhsuldar dövrü sayıla bilər".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
