Merab Mamardaşvili. "Gürcü Sokratı" - Firuz MUSTAFA

 

Merab Konstantinoviç Mamardaşvili 15 sentyabr 1930-cu ildə Gürcüstanın Qori şəhərində doğulmuş, 25 noyabr 1990-cı ildə Moskvada vəfat etmiş və Tbilisidə dəfn olunmuşdur. Sovet və gürcü filosofudur. Fəlsəfə elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru olmuşdur.

Merabın atası peşəkar hərbçi, anası isə qədim gürcü aristokrat nəslindən olan Garsevanişvililər soyuna mənsub idi. Mamardaşvili uşaqlıqdan gürcü, rus və ingilis dillərində sərbəst danışmış, sonralar isə müstəqil şəkildə alman, fransız, italyan və ispan dillərini mənimsəmiş, həmçinin yunan və çex dillərində də özünü ifadə edə bilmişdir.

Böyük Vətən müharibəsi başlayana qədər uşaqlığını atasının xidmət etdiyi Ukraynanın Vinnitsa şəhərində keçirmiş Merab, orada birinci sinfə getmişdi. Müharibə başlayandan sonra gələcək filosofun atası cəbhəyə yollanmış, ailə isə Tbilisiyə təxliyə olunmuşdu. Burada Mamardaşvili orta məktəbdə oxumuş və 1949-cu ildə oranı qızıl medalla bitirmişdir. Daha sonra Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olaraq, 1954-cü ildə oranı bitirmişdir.

Universitetə daxil olduğu dövrdə onun Ernst Neizvestnı ilə dostluğu başlayıb. Bu faktı ona görə xüsusi qeyd etmək lazımdır ki, bu dostluq sonralar hər ikisinin həyatına güclü təsir göstərmişdir.

Haşiyə. Dördüncü kursda oxuyarkən, Mamardaşvili siyasi iqtisad fənni imtahanından kəsilmişdi. Hətta 6 yanvar 1953-cü il tarixli "Moskva universiteti" qəzetində o vaxtlar üçün çox maraq doğuran belə bir informasiya getmişdi: "Əlaçı Mamardaşvili kəndli təsərrüfatının ikili təbiəti məsələsini imtahanda düzgün izah edə bilmədi". Əslində isə hələ universitet illərində onun diqqətini kənd və ya kəndli təsərrüfatı deyil, insan və insan şüuru problemi cəlb edirdi. Ümumiyyətlə, düşüncənin təbiəti onun fəlsəfəsinin əsas mövzusu olmuşdur.  

Mamardaşvili məşhur filosof Oyzermanın rəhbərliyi ilə "Marksın "Kapital" əsərində tarixi və məntiqi məsələsi" mövzusunda diplom işini müdafiə etmiş, Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, eyni zamanda məşhur rus yazıçı və filosofu, sonralar dissident kimi uzun illər Avropada yaşamış Aleksandr Zinovyevin rəhbərliyi altında məntiqi-metodoloji seminarlarda iştirak etmişdir. Aspiranturanı bitirdikdən sonra "Fəlsəfə məsələləri" jurnalında redaktor-məsləhətçi kimi çalışan Mamardaşvilinin ilk məqaləsi ("Analiz və sintez prosesləri" (1958)) dərc olunmuşdur. 1961-ci ildə SSRİ EA Fəlsəfə İnstitutunda "Hegelin idrak formaları haqqında təliminin tənqidinə dair" mövzusunda fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Həmin ildə Kommunist partiyası sıralarına daxil olmuşdur.

 

Gənc alim 1961-ci ildə Sov.İKP MK-nın Beynəlxalq şöbəsi tərəfindən Praqaya "Sülh və sosializm problemləri" jurnalında işləmək üçün göndərilmiş, burada tənqid və biblioqrafiya şöbəsinin müdiri olmuşdur (1961-1966). Həyatının bu dövrü haqqında o, yenidənqurma illərində verdiyi müsahibələrdən birində danışmışdır. Bu dövrdə M.Prustun "İtirilmiş zamanın axtarışında" romanlar silsiləsini oxuması onun sonrakı yaradıcılığına mühüm təsir göstərmişdir. O, İtaliya, AFR, ADR və Kiprə ezamiyyətlərə getmişdir. Sonralar Parisdə ezamiyyətinin uzadılmasına icazə verilmədiyi üçün Mamardaşvili Moskvaya geri çağırılmış və bir neçə il "ölkədən çıxışına icazə verilməyən" şəxs elan olunmuşdur.

Merab Mamardaşvili Kinematoqrafiya İnstitutunda, ssenarist və rejissorların ali kurslarında, SSRİ EA-nın Ümumi və pedaqoji psixologiya institutunda, eləcə də Riqa, Vilnüs, Rostov kimi şəhərlərdə dostlarının dəvəti və ya tövsiyəsi ilə mühazirələr oxumuşdur. Onun "söhbətlər" adlandırdığı bu mühazirələr, əsasən, maqnitofona yazılmış formada, yaradıcılıq irsinin əsasını təşkil etmişdir. 1970-ci ildə Tbilisi Dövlət Universitetində "Düşüncənin formaları və məzmunu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, iki ildən sonra ona professor adı verilmişdir.

O, 1980-ci ildə Gürcüstan SSR EA-nın Fəlsəfə İnstitutunun direktoru, akademik Niko Çavçavadzenin dəvəti ilə Tbilisiyə köçmüş, burada baş elmi işçi vəzifəsində çalışmış (1990-cı ilə qədər) və Tbilisi Dövlət Universitetində, Gürcüstan aspirantlar ittifaqında, Teatr İnstitutunda Dekart, Kant, Prust və fenomenologiya mövzularında mühazirələr və xüsusi kurslar aparmışdır. Merab, eyni zamanda Ümumi və pedaqoji psixologiya institutunda da elmi işçi olmuşdur. Tbilisi, Borjomi və digər şəhərlərdə seminarlar keçirmişdir. Onun dostları ilə görüşləri və söhbətləri adətən dar, demək olar ki, ev mühitində baş tuturdu. Lakin o zaman artıq Mamardaşvili dünya şöhrətli filosof idi.

Mamardaşvili 1989-cu ilin aprelində infarkt keçirmişdir. Lakin xəstə olmasına baxmayaraq, 1990-cı ildə Londonda Qafqaz-Orta Asiya konfransında iştirak etmiş və ABŞ-da mühazirə turu keçirmişdir. Həmin ildə məşhur "İnsan" jurnalının ilk redaksiya heyətinə daxil olmuşdur.

Mamardaşvili ömrünün böyük bir hissəsini qürbətdə yaşasa da, daim öz vətəninə bağlı olub. O, deyirdi ki, mənim mübarizəm Vətənə mənsub olmaq uğrunda deyil, azad, dolğun və güclü həyat yaşayan Gürcüstan uğrundadır. O, yazırdı: "İndi bu mürəkkəb vəziyyətdə hər kəs milli hərəkatın mahiyyətini tarixi vəzifə kimi, azadlıq uğrunda ümumbəşəri mübarizənin bir hissəsi kimi, milli dövlət uğrunda mübarizə kimi aydınlaşdırmalıdır. Milli azlıqlar bizim gürcü taleyimizin tərkib hissələridir". Filosof fikrinə davam edərək, bəzi gürcülərin təkəbbürlü hərəkətlərinə işarə olaraq yazırdı: "Müsəlman milləti olmadan gürcü milləti yoxdur. Biz müasir dünyanın passiv yox, canlı bir hissəsiyiksə, artıq əyalət xəyallarına, lovğalığa və uydurmalara son qoymalıyıq".

Merab Mamardaşvili o zaman populyar olan gələcək prezident Zvaid Qamsaxurdiyanın fəaliyyətini kəskin tənqid edirdi və yazırdı ki, üzdə olan bir çox tədqiqatlardan belə çıxır ki, guya gürcü xalqının böyük əksəriyyəti prezidentliyə Zviad Qamsaxurdiyanı seçmək istəyir. Amma bu, ağ yalandır. "Əgər mənim xalqım Qamsaxurdiyanı seçərsə, onda mən öz baxışlarım və hisslərim baxımından öz xalqıma qarşı çıxmalı olacağam". O, bunu da əlavə edərək deyirdi ki, Zvaidin başçılıq etdiyi dövlətdə yaşamaqdansa ölümü seçmək xoşdur.

Mamardaşvili 25 noyabr 1990-cı ildə Gürcüstan prezident seçkilərinin yekun mərhələsində iştirak etmək üçün Tbilisiyə gedərkən, "Vnukovo" hava limanının terminalında ürək tutmasından vəfat etmişdir. Az sonra prezident seçkilərində Qamsaxurdiya qalib gəldi.

Mamardaşvilinin fəlsəfəsinin mahiyyəti nədir? Filosof belə hesab edirdi ki, fəlsəfə "ucadan düşünmə" deməkdir, həyatımızın bir hissəsidir, baş verənləri, o cümlədən, hiss etdiklərimizin gerçəkdə necə olduğunu müəyyən etmək qabiliyyətimizdir. O, həyatın mənasını, Aristotel dövründən bəri bir çox filosoflar kimi, özünü reallaşdırmada, "insan kimi kamilləşməkdə" görürdü. Nəyi nəzərdə tutduğunu obrazlı şəkildə izah etmək üçün o, insanın "Allahın surəti və bənzəri" olması haqqında Bibliya ifadəsindən istifadə edirdi, lakin bunu simvolik, humanist ruhda şərh edirdi. Mamardaşvili insanı "meydana gəlməsi daim yenilənən varlıq" kimi təsvir edirdi. Onun fikrincə, insan özünü "unikal, əvəzolunmaz, artıq olmayan" kimi hiss etməyə meyillidir. O, düşüncənin "faciəvi səhvi"nə misal kimi real vəziyyəti "yayğın ideal"la eyniləşdirməyi göstərirdi. Sosial şərin təbiətini isə o, infantilizmdə, yəni "ictimai materiyanın inkişaf etməmişliyi"ndə görürdü. Onun "canlı fəlsəfəsi"ni anlamaq oxucudan öz üzərində işləməyi tələb edir. Bu, əsasən onun ideyalarının ölümündən sonra aparılmış "deşifrə"sində əks olunur: mühazirələrin audio yazılarında, jurnal və televiziya müsahibələrində, müxtəlif konfrans və dəyirmi masalardakı çıxışlarında.

Həmkarları tərəfindən "Gürcü Sokratı" adlandırılan Mamardaşvili, öz fəlsəfi yanaşmasını bəzən "sokratik" adlandırırdı. Bununla o, yalnız dialoq xarakterini deyil, həm də yazılı irs qoymamasını nəzərdə tuturdu. Sağlığında onun əsərləri "ideoloji səbəblər" üzündən, demək olar ki, çap olunmurdu. Bu da onun nisbətən az yazmasının səbəblərindən biri idi.

Merab Mamardaşvili əsərlərində daha çox düşüncəsinin, azadlığın, mədəniyyətin və şüurun fəlsəfi əsaslarının təhlilini təqdim edir və çox vaxt klassik filosofların ideyalarına əsaslanır.

Merab Mamardaşvilinin əbədiyyət haqqında mühazirələri də diqqəti çəkir. O, əbədiyyəti sonsuz zaman kimi deyil, "dinamik vəziyyət" və ya xüsusi mənəvi ölçü kimi izah edir; bu ölçü insanın düşüncə və azad seçim aktında, həm də məhz burada və indiki halda gerçəkləşir. Mamardaşvilinin əbədiyyət haqqında mühazirələrinin əsas ideyaları belə ümumiləşdirilir:

"Əbədi indi" tezisinə görə, zaman yalnız xətti şəkildə axmır, əbədiyyət hər anın içində ali mənanın mövcudluğudur və düşüncə səyi ilə əlçatandır.

Dinamik əbədiyyət - "canlı", "əbədi" insanın vəziyyətidir ki, bu, şüurun yaradıcı yenilənməsi vasitəsilə faniliyi aşmaq qabiliyyətidir.

Mamardaşviliyə görə, fəlsəfə ilə məşğul olmaq, həyat və həqiqət axtarışını sonraya saxlamadan bu "əbədi indi" rejimində şüurlu şəkildə mövcud olmaq deməkdir.

Filosof belə düşünür ki, əbədiyyət insanı "insan kimi gerçəkləşərək" bu nəsnəni qurur. Bu istiqamətdə olan mövzular onun antik fəlsəfə, psixologiya və Avropa mədəniyyətinin təhlilinə dair mühazirələrində (məsələn, "Əbədi indi" əsərində) geniş yer tutur. Bu mühazirələri "Əbədi indi" və "Antik fəlsəfə üzrə mühazirələr" kimi toplularda tapmaq mümkündür.

Merab Mamardaşvili sırf ədəbiyyat üzrə ayrıca mühazirələri oxumasa da, ədəbiyyatın təhlili, onun fəlsəfi metodunun əsas hissəsi idi. Onun "Yolun psixoloji topologiyası" silsiləsilə yazısında ("İtirilmiş zamanın sorağında" romanı əsasında) ədəbiyyat şüurun formalaşması və şəxsiyyətin təşəkkülü prosesi kimi araşdırılır.

Mamardaşvilinin ədəbiyyatla bağlı fikirlərini nəzərdən keçirərkən, onun xüsusilə, məşhur fransız yazıçısı və esseisti, "İtirilmiş zamanın sorağında" romanının müəllifi Marsel Prust haqqında düşüncələrini vurğulamaq lazımdır. 

Onun Prust haqqında tezislərini belə ümumiləşdirmək olar: "Həyat zaman daxilində cəhddir". Mamardaşvili bu tezisi əsas kimi götürür və belə hesab edir ki, şəxsiyyət özünü daim "yığmaq", unudulma hissini aşmaq və itirilmiş mənanı tapmaq səyi ilə formalaşır. "Psixoloji topologiya" tezisindən çıxış edən filosof göstərir ki, özünü anlamaq vəziyyət deyil, keçilməli olan bir yoldur. Mamardaşvilinin şərhində deyilir ki, Prusta görə həqiqət abstrakt bilik deyil, insanın öz təmizlənmiş yaddaşına dalması zamanı yaranan, Kartezyan aydınlığına bənzər bir hissdir. Mamardaşvili sevgi anlayışına da toxunur və onu "əziyyət vasitəsilə dərk" kimi təqdim edir və subyektin daxili həyatının qanunauyğunluqlarını (əsas tənhalıq, təcrübənin unikallığı) "patematik" bucaqdan təsvir edir. Yeri gəlmişkən, "patematika" terminini fəlsəfəyə Mamardaşvili gətirib. Bu anlayışın mənası insanın daxili aləmi ilə bağlı nəsnələrin ifadəsi mənasını verir. Mamardaşviliyə görə, Prustun mətni həyatın uzadılması üsuludur və burada kitab keçmişin dirçəldilməsi vasitəsinə çevrilir.

Mamardaşvili vurğulayır ki, Prust mətn vasitəsilə həm özünü, həm də reallığı yenidən yaradan tədqiqatçıdır. Bu mövzu üzrə əsas mənbə kimi onun "Yolun psixoloji topologiyası" adlı nəşri nəzərdə tutulur.

"Yolun psixoloji topologiyası" kursu 1981-1982-ci illərdə Tbilisi Dövlət Universitetinin tələbələrinə oxunmuşdur. Bu kurs, əslində, müəllifin öz fəlsəfi baxışlarının XX əsrin ən mühüm əsərlərindən biri - "İtirilmiş zamanın sorağında" romanlar silsiləsi əsasında izahıdır. Bu mühazirələrdə filosofla yazıçı arasında intellektual "görüş" baş verir.

"Prust haqqında mühazirələr"də Merab Mamardaşvili maraqlı bir məsələyə - sevgi probleminə toxunur. O, sevgini iztirab və təxəyyül vasitəsilə özünüdərk və şəxsiyyətin transformasiyası prosesi kimi izah edir. Filosof sevgini sadəcə obyektə yönəlmiş bir hiss kimi deyil, varoluş üsulu kimi şərh edərək göstərir ki, burada əsas olan sevilən şəxs yox, sevmək qabiliyyətidir.

Mamardaşvili sevgi haqqında əsas ideyalarında, ilk növbədə, sevginin "patematikası"na toxunaraq vurğulayır ki, bu, yəni sevgi bir iztirab və yaşantıdır və insanı onu öz üzərində işləməyə məcbur edir. Mamardaşvili, Marsel Prusta əsaslanaraq bildirir ki, biz real insanı deyil, təxəyyülümüzün yaratdığı obrazı sevirik. Sevgi reallığın qavranılması deyil, təxəyyülün işidir. Filosofa görə, sevginin səbəbi seviləndə deyil, sevəndədir. Sevgi, sevgi halını yaşamaq üçün lazımdır. Aşiq olmaq insanı başqasının gözündə xüsusi və əvəzolunmaz edir, unikal bir təcrübə yaradır.

Mamardaşvili həyatının böyük bir hissəsini Rusiyada yaşayıb. Bu mənada filosofun Rusiya haqqında söylədiyi fikirlər də maraqlıdır. O, deyirdi: "Rusiya əbədi hamilə ölkədir. Həmişə nəsə baş verir, amma heç nə baş vermir". Bu fikirlər də ona məxsusdur: "İdeyalar nə rus, nə də belarus olur. Əgər nəyisə "rus ideyası" və ya başqa cür adlandırmaq lazım gəlirsə, deməli, bu artıq ideya deyil. Əgər ideya olsaydı, onu heç cür adlandırmağa ehtiyac qalmazdı".

SSRİ rəhbəri Qorbaçov onunla eyni dövrdə MDU-da təhsil alan Mamardaşvilini öz müəllimi adlandırır, ondan tez-tez iqtibaslar gətirirdi. Halbuki filosofun əsərlərinin nəşrinə gizli qadağa qoyulmuşdu. Yeri gəlmişkən, filosof, həmçinin Raisa Qorbaçova ilə eyni fakültədə və eyni vaxtda oxumuşdu.

Haşiyə. Ötən əsrin 80-ci illərində mənim yolum Moskvaya - "Fəlsəfə İnstitutuna" düşərkən, rusiyalı alimlərdən Mamardaşvili haqqında necə heyranlıqla danışdıqlarını eşidirdim. Çoxları onu "dissident" hesab edirdi. Lakin filosof həbsdə olmasa da belə, artıq dediyimiz kimi, onun kitablarının nəşri daim maneələrlə müşayiət olunurdu.

Söhbətimizin əvvəlində Mamardaşvilinın məşhur rəssam və heykəltəraş Ernst Neizvestni ilə dost olduğu qeyd olunub. Məsələ burasındadır ki, gələcəyin iki dahisini məhz fəlsəfi ideyalar yaxınlaşdırmışdı. Və ən maraqlısı da bu idi ki, Neizvestni daim MDU-nun fəlsəfə kurslarının dinləyicisi olub. Hətta bəzi məlumatlara görə o, fəlsəfə fakültəsinin məzunudur. Bir faktı da xatırladım ki, 60-cı illərdə Neizvestni o vaxtkı dövlət başçısı Xruşşov tərəfindən "sosializm realizmindən uzaq əsərlər yaratdığına" görə kəskin tənqid olunmuş və sonralar Avropaya köçmüş, ABŞ-da vəfat etmişdir. Az maraq doğurmayan bir fakt da odur ki, Xruşşovun məzarüstü abidəsini Ernst Neizvestni hazırlayıb. 26 may 2000-ci ildə, Gürcüstanın Müstəqillik Günündə, Tbilisidəki Rustaveli prospektində Mamardaşviliyə heykəl qoyulmuşdur. Həmin heykəlin müəllifi də məhz Neizvestni idi. 2001-ci ildə Tbilisidə filosofun daha bir abidəsi qoyulmuşdur. Həmin portret-abidə ölkə hökumətinin sifarişi ilə hazırlanmış və əslində heykəltəraşın dostunun xatirəsinə Gürcüstana hədiyyəsi olmuşdur. 2010-cu ildə isə Qori şəhərinə girişdə Mamardaşvilinin heykəltəraşlıq portreti olan stela, yəni xatirə lövhəsi quraşdırılmışdır.

Gürcü xalqı öz fikir adamını unutmur. Belə ki, Tbilisidə Mamardaşvili adına fəlsəfi və interdisiplinar tədqiqatlar fondu yaradılmışdır. Bu fond 1992-ci ildən başlayaraq hər il fəlsəfi oxular keçirir.

Mamardaşvili belə hesab edirdi ki, "ucadan düşünmə" elmi olan fəlsəfə, insanın özünə qayıtmasına yardımçı olur. Filosof necə də haqlı idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!