Ruhun coğrafiyası: Əlabbas və Əşrəf Dali nəsrində insan və müqavimət - Adilə NƏZƏROVA

 

Qədim İpək Yolu əsrlər boyu karvanların daşıdığı maddi sərvətlərdən daha çox, fərqli xalqların mədəniyyətini, ədəbiyyatını və sənətini bir-birinə qovuşduran mənəvi körpü kimi tarixin yaddaşına köçmüşdür. Bu körpünün üzərində yerləşən Şərq xalqlarının ortaq bədii təfəkkürü, mənəvi dəyərləri və dünyaya baxış fəlsəfəsi elə bir daxili yaxınlığa malikdir ki, coğrafi sərhədlər dəyişsə də, mədəniyyətlərin ortaq dili dəyişməz qalır. Müasir Misir ədəbiyyatının görkəmli siması Əşrəf Dalinin (Əşrəf Əbül-Yezid) təşəbbüskarı və yaradıcısı olduğu "Bu gün İpək Yolu" (The Silk Road Today) layihəsi də məhz bu unudulmuş ortaq yaddaşı dirçəltmək, xalqlar arasındakı mənəvi körpüləri sözün gücü ilə yenidən bərpa etmək məqsədi daşıyır.

Bu yolçuluğun növbəti dayanacağı Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, daxili alovu və ikinci cümlədən özünü tanıdan fərdi üslubu ilə seçilən, bölgə şivəsi ilə zəngin, torpaq qoxulu yazıçı Əlabbasdır.

Ədəbi dialoqun və mənəvi qardaşlığın ən canlı sübutu olaraq, Əşrəf Dalinin Əlabbasın "Gözəl" povestini böyük bir qədirbilənliklə ərəb dünyasına təqdim etməsini, insan ləyaqətinin tapdanmasından doğan mənəvi sarsıntıları ərəb dilinin qatlarında yenidən canlandırmasını göstərə bilərik. Məhz bu əsərin tərcüməsi bədii-estetik dəyərindən əlavə, həm də Əlabbasın 1992-ci ilin Qarabağ fəryadını əks etdirən bədii həqiqətin gücü ilə erməni millətçilərinin dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri, yandırılan evləri və qətlə yetirilən günahsız insanların talelərini ərəb dünyasına çatdırmaq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Əsərdə əsir düşən insanların fiziki cəhətdən geri dönsələr də, cəmiyyətin amansız ittihamı və şübhələri qarşısında əslində mənən öldürüldüyü, ruhən məhv edildiyi reallığı bütün çılpaqlığı ilə açılır.

Deməli, bu kəsişmə sadəcə bir tərcümə faktı deyil, çünki hər iki yazıçının fərqli coğrafiyalarda qələmə aldıqları əsərlər arasında heyrətamiz tipoloji bənzərliklər mövcuddur. Mühitin mənəvi korluğuna və mənəvi terrora qarşı qaldırılan qiyam xətti isə bu ədəbi müqayisənin kulminasiya nöqtəsidir. Əşrəf Dalinin "Şəmavis" əsərində sənətkar ruhun simvolu olan Doktor Kərim Əbdülməcidə və onun iradəli qızı Dünyaya qarşı generalın oğlu Hişam tərəfindən hazırlanan saxta video kaset skandalı qorxunc bir kibercinayətdir. Bu böhtan dalğası qarşısında sənətkarın kəndə qaçaraq mühacirət etməsi onun müdafiəsizliyini göstərir. Sonda kiber ekspertiza ilə Kərimin bəraət alması və cümə namazından sonra Şeyx Əbdülhəlimin xütbəsindən təsirlənən Şəmavis kəndlilərinin yanan məşəllərlə villaları odlara qalaması ədalətin xalqın əli ilə bərqərar olan təmizləyici üsyanıdır. Beləcə, modernizmin və qudurğan elitanın kənd mənəviyyatına vurduğu ləkə xalqın kollektiv qəzəbi ilə təmizlənir.

 

Bu ümumi qəzəb, Əlabbasın "Gözəl" povestindəki o böyük fəryadla fəlsəfi cəhətdən birləşir. Erməni vəhşətindən sonra doğma cəmiyyətin, qardaşının və sevdiyi adamın Gözəli "murdarlanmış" bir cisim kimi kənara itələməsi, kənd icmasının soyuq, kinayəli sükutu qarşısında qadının özünü yandırması saflığın və tapdanmış ləyaqətin dəhşətli bir qiyamıdır.

Yazıçıların yaratdığı bədii coğrafiyaya diqqət yetirdikdə, məkandan rəmzə doğru uzanan sosioloji və mənəvi bir eroziyanın şahidi oluruq. Əşrəf Dalinin "Şəmavis" romanındakı Şəmavis kəndi ilə Əlabbasın "Qiyamçı" romanındakı Əyriqar yurdu, əslində, qloballaşmanın, modernizmin, sosial təzyiqlərin və yad təsirlərin insan xarakterinə vurduğu zərbələrin bədii modelidir. Bu nöqtədə hər iki müəllifin bədii məkan fəlsəfəsində dərin bir paralellik vizuallaşır. Əşrəf Dalinin romanında milyonların qaynadığı Qahirə meqapolisinin o soyuq, daşlaşmış kollektiv ortamı bədii bir qəhrəman kimi çıxış edirsə, Əlabbasın nəsrində bu amansız kütləvi şüur Əyriqarın kiçik, dumanlı daş evlərində qarşımıza çıxır. Müəlliflər coğrafi miqyasları heçə endirərək göstərirlər ki, insanın ruhunu sıxan, öz asan güzəştlərini rədd edən tənha fərdləri sındırmağa çalışan ictimai duyğusuzluq hər yerdə eyni riyakarlıqla hökm sürür. Hətta Əlabbasın romanındakı "Daha ittifaqda ittifaqlıq qalmayıb..." kimi bədii ifadələr təkcə sovet sisteminin çökməsinə deyil, geopolitik nizamın, böyük dövlətlərin maraq savaşlarının gətirəcəyi qlobal mənəvi böhranlara da vaxtından əvvəl qoyulmuş bədii-siyasi öncəgörənlikdir.

Ə.Dalinin əsərində qədim firon dilindən gələn və ağsaqqal Məruf əl-Cindinin dilindən verilən "Şəmaus" (Günəşcik) rəvayəti məkanın ilkin mənəvi işığına, saflığına işarə edir. Lakin son otuz ildə yaşıl tarlaların yerini daş və sement betonların alması, Körfəzdən qayıdanların yerli kapital vasitəsilə təbiəti və adətləri korlaması o rəvayətdən süzülən ilkin aydınlığı qaranlığa qərq edir. Bu ekoloji və mənəvi sarsıntının qarşısında Əlabbasın bədii coğrafiyasındakı toponimlər də böyük fəlsəfi yük daşıyır. Yazıçının təsvir etdiyi Əyriqar kəndi haqdan uzaq, düzgün olmayan çevrəyə qarşı bir üsyanı və təkliyi simvolizə etdiyi halda, Çalmalı kəndi uğursuzluğu, Naltökən dərəsi isə daş-qayalıq yolları ilə bəşəri maneələri və ayrılıqları vizuallaşdırır. Şəmavisdə maddiləşən və köklərindən qopan insanlar torpağın mənəvi bərəkət rəmzi olduğunu unudaraq ona sadəcə bir qazanc obyekti kimi yanaşdıqları kimi, Əyriqarda da sakinlər tarixi-siyasi proseslərin, sovetin qorxudan rejiminin və daxili xəyanətlərin təsirilə öz yurdunda didərginləşir, daxili miqrasiyaya məruz qalırlar. Həm Şəmavisə gələn jurnalist-yazıçı baxışı, həm də Əyriqarın salnaməçisi rolunda çıxış edən Əlabbas diktəsi, bu yadlaşmanı milli ziyalı süzgəcindən keçirib oxucuya təqdim edir.

Görünən sosial və texnoloji transformasiya prosesində Əlabbas nəsrinin qan yaddaşı ilə Əşrəf Dalinin sənət prinsipləri arasında dörd böyük tipoloji paralellik ortalığa çıxır.

Birincisi, hər iki yazıçı modernizmin sındırdığı taleləri və şəhər mühitinin kənd mənəviyyatına etdiyi təcavüzü, xüsusən, medianın çirkin bir sahəyə çevrilməsini ictimai diaqnoz kimi qələmə alır. Nil sahilində ucalan üç zəngin villanın uca divarları və quduz mühafizə itləri yuxarı təbəqə ilə kəndlilər arasındakı uçurumu göstərdiyi kimi, Əlabbasın əsərində də sovet sisteminin gətirdiyi yad təfəkkürün ictimai psixologiyada yaratdığı qorxu və adaptasiya mexanizmləri ifşa olunur.

 

İkincisi, mənəvi saflığın qurbanı motivi hər iki mətndə mərkəzi sütundur. "Şəmavis"dəki yoxsul kənd qızı, universitet tələbəsi Nərgiz Kamal təmizliyin və ailəsinə kömək etmək istəyən saf ruhun rəmzi olsa da, sosial bərabərsizlik tunelindən çıxmaq istəyərkən elitanın oyunlarının qurbanına çevrilir. Əlabbasın yaratdığı Şəhriz obrazı da "tək günahı gözəllik olan", xarici füsunkarlığı ilə daxili tənhalığı arasında bədbəxtləşən və cəmiyyətin qınaqları altında əzilən mənəvi paklığın təcəssümüdür.

Üçüncüsü, hər iki mətndə mistik-metafizik qat mühüm rol oynayır. Dalinin romanındakı falçı qaraçı qadın, həmçinin kəndin qədim mənəvi yaddaşı qoruyan Şəmsiyyəli (Günəşli) və Məruf əl-Cindi kimi personajlar digər obrazların daxili vicdan səsinə çevrilirlər. Əlabbasın nəsrində də xalq inancları, dərvişanə elementlər, atalar sözlərinin hikməti və Qəyyum müəllim kimi mənəvi dəstək olan qüvvələr əsərin bədii-fəlsəfi qatını metafizik səviyyəyə qaldırır.

Nəhayət, dördüncü ortaq cəhət heyvan simvolizmidir.

Dünyanı idarə edən qəddar praqmatizm, müharibələr və mənəvi aşınmalar qarşısında insanlığı xilas edəcək yeganə real qüvvə - sərhədləri aşan haqq Sözün sehridir. Məhz bu mənada, Əlabbas və Əşrəf Dali yaradıcılığının kəsişmə nöqtələrini üzə çıxaran, Şərq təfəkkürünün ortaq ağrılarını təhlil edən bu kiçik müqayisəli ədəbi baxışın özü də birbaşa Ə.Dalinin müəllifi olduğu "Bu gün İpək Yolu" layihəsinin ali məqsədinə xidmət edir. Bu yazı ilə qurulan ədəbi-elmi körpü unudulmuş mənəvi yaddaşın bərpası və xalqlar arasındakı könül bağlarının yenidən canlandırılması missiyasının real bir parçasıdır. Bu söz və bu missiya var olduqca, nə Gözəllərin fəryadı yerdə qalacaq, nə də Bəbirlərin, Əhmədlərin və Şəmavis kəndlilərinin qaldırdığı mənəvi qiyam bayrağı enəcəkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!