Sözə, yurda və milli yaddaşa sədaqət - Samir ƏSƏDLİ

 

Rəfail Həbiboğlunun mənəvi dünyasının başlanğıc nöqtəsi Yardımlının Anzov kəndidir. O, 1959-cu ildə burada dünyaya göz açıb. Uşaqlıq illərinin keçdiyi bu mühit sonralar onun düşüncəsində, xarakterində və yaradıcılığında dərin iz buraxıb. Yardımlının sərt və təmiz təbiəti, kənd həyatının sadəliyi, el-obaya bağlılıq, doğma ocağın hərarəti onun poetik duyumunun formalaşmasında mühüm rol oynayıb. Şeirlərində hiss olunan yurd sevgisi, səmimiyyət və həzinlik də böyük ölçüdə həmin ilkin həyat təəssüratlarından qaynaqlanır.

O, ömrünün mühüm hissəsini gənc nəslin təlim və tərbiyəsinə həsr edib. Ana dilinin gözəlliyini, klassik ədəbiyyatın zənginliyini, sözün insan həyatındakı mənasını şagirdlərinə çatdırmağa çalışıb. Çünki dil yalnız danışıq vasitəsi deyil, xalqın yaddaşıdır. Ədəbiyyat isə həmin yaddaşın ən həssas və uzunömürlü səsidir. Bu baxımdan onun müəllimliyi ilə şairliyi bir-birini tamamlayan iki ayrı yol deyil, eyni mənəvi missiyanın iki ifadəsidir.

Rəfail Həbiboğlunun həyatında qəzetçilik və publisistika da mühüm yer tutur. O, bir müddət Yardımlı Rayon İcra Hakimiyyətinin orqanı olan "Zirvə" qəzetində məsul katib vəzifəsində çalışıb. Qəzet mühiti onun üçün sözlə cəmiyyət arasında daha geniş bir yol açıb. Burada o, yalnız mətbuat işçisi deyil, ədəbi düşüncənin içində yaşayan bir qələm adamı kimi fəaliyyət göstərib.  Həmin illər onun publisistik və ədəbi yaradıcılığının inkişafında mühüm mərhələlərdən biri olub. Onun yaxından iştirakı və köməyi ilə Yardımlı yazarlarını bir araya gətirən "Haça yurd" ədəbi birliyi yaradılıb. Bu birlik bölgədə yaşayan yaradıcı insanların görüşməsinə, söz və fikir mübadiləsinə, ədəbi mühitin canlanmasına töhfə verib.

Xalq şairi Sabir Rüstəmxanlı Rəfail Həbiboğlunu sözü həyat və mənəviyyat məsələsi kimi dərk edən, ana dilinə, doğma yurda və milli ədəbi dəyərlərə bağlı ziyalılardan biri kimi səciyyələndirib. Onun fikrincə, ədəbiyyatı yaşadan yalnız yazılan əsərlər deyil, həm də sözü ömrünün mənasına çevirən qələm və fikir adamlarıdır. Rəfail Həbiboğlunun ömür və yaradıcılıq yolu da məhz bu ziyalı mövqeyinin ifadəsidir. Onun üçün söz yalnız yaradıcılıq vasitəsi deyil, insanla yurd, keçmişlə gələcək, müəllimlə şagird arasında qurulan mənəvi körpüdür.

Rəfail Həbiboğlu müxtəlif illərdə dövri mətbuat səhifələrində bədii və publisistik yazıları ilə çıxış edib. Onun yaradıcılığında klassik Azərbaycan poeziyasının nəfəsi ilə çağdaş insanın düşüncələri bir araya gəlir. Şair klassik aşıq poeziyasının müxtəlif janrlarına müraciət etməklə yanaşı, sərbəst şeirdən və müasir poetik formalardan da istifadə edib.

Onun poeziyasında insanın daxili aləmi, həyat və zaman, sevgi və tənhalıq, Vətən və yurd, mənəvi dəyərlər, insanla cəmiyyət arasındakı münasibətlər mühüm yer tutur. Bəzən sakit görünən bir misranın altında böyük bir düşüncə yaşayır. Rəfail Həbiboğlunun şeirində duyğu yalnız şəxsi hiss olaraq qalmır, zaman keçdikcə ümumi insan ağrısına, ümumi yaddaşa çevrilir. Onun misralarında səsdən çox nəfəs, hayqırtıdan çox düşüncə, təntənədən çox insan qəlbinin səssiz danışığı duyulur.

Bu səbəbdən onun şair duyğusu ilə publisist düşüncəsi bir-birini tamamlayır. Rəfail Həbiboğlu sözü həm hissin, həm də vətəndaş məsuliyyətinin ifadə vasitəsinə çevirə bilir. Onun poeziyasının gücü də məhz bundadır: şəxsi duyğunu ümumi mənəvi düşüncəyə yüksəltməkdə.

Onun müxtəlif illərdə kitabları da oxuculara təqdim olunub. 2005-ci ildə "Mütərcim" nəşriyyatında "Dostuma məktub" kitabı işıq üzü görüb. Kitabın adında belə bir doğmalıq, bir söhbət, insanın başqa bir insana ürəyini açmaq ehtiyacı duyulur. 2007-ci ildə "Qanun" nəşriyyatında "Son nəğmə" kitabı çap edilib. Kitab oxucuların marağına səbəb olub, müəllifin yaradıcılığı və əsərləri haqqında müxtəlif məqalə və rəylər yazılıb.

Daha sonralar "Qırmızı xəttin üstü" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Kitab filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərin redaktorluğu və Vəfa Mürsəlqızının Ön sözü ilə nəşr olunub. "Qırmızı xəttin üstü" adının özü də oxucunu düşündürən, içində sirr daşıyan poetik ifadədir. Həyatın görünən və görünməyən sərhədləri, insanın özü ilə apardığı daxili mübarizələr, sevginin və ayrılığın izləri bu adın yaratdığı assosiasiyalar içində bir araya gəlir.

Yazıçı Seyran Səxavət Rəfail Həbiboğlu poeziyasının fərqini onun özünəməxsus poetik havasında görüb. Onun fikrincə, Rəfail Həbiboğlunun şeirlərini başqa müəlliflərin əsərləri arasından seçmək mümkündür. Seyran Səxavət bunu yaddaqalan sözlərlə ifadə edib: "Rəfailin şeirləri havalı şeirlərdir. Onu sözə tapşırıram ki, həmişə sözün qiymətini bilsin".

Söz adamını sözə tapşırmaq, bəlkə də bir yazıçı haqqında deyilə biləcək ən mənalı ifadələrdəndir. Çünki şairin əsl ünvanı da, sirdaşı da, sığınacağı da sözdür. İllər dəyişir, insanlar uzaqlaşır, zaman öz hökmünü verir, amma yaxşı söz insan ömründən daha uzun yaşayır.

Şair Həsən Merac da Rəfail Həbiboğlunun klassik aşıq şeirinin ənənələrindən yaradıcı şəkildə bəhrələndiyini xüsusi vurğulayıb. O yazır: "Rəfailin şeirlərindən görsənir ki, klassik aşıq şeirinin ən gözəl nümunələrini Vətənin cənubunda da, şimalında da, şərqində də, qərbində də yaratmaq olar. Ünvan dəyişsə də, mahiyyət etibarilə şeirə münasibət, şeirə sevgi dəyişmir. Rəfail ənənəvi formaya müraciət edəndə də bu formanın içində itib-batmır, öz sözünü deyə bilir".

Bu fikrin içində mühüm bir həqiqət var: əsl poeziyanın coğrafiyası olmur. Şeir harada doğulursa-doğulsun, onun həqiqi ünvanı insan qəlbidir. Əsas olan sözün səmimiyyəti, şairin öz səsini qoruya bilməsidir. Ənənəyə bağlı qalaraq öz sözünü demək isə yaradıcı fərdiliyin əsas göstəricilərindən biridir.

Şair Ayaz Arabaçı Rəfail Həbiboğlunu yaxşı sözə dəyər verən səmimi qələm adamı kimi xarakterizə edib: "Mən onu şeirlərimə rəy yazdığı vaxtdan tanıyıram. Rəfail Həbiboğlu yaxşı sözə həmişə yüksək qiymət verib. Bu gün isə onun şeirlərinin işığına toplaşmışıq. İnanıram ki, Rəfail Həbiboğlu bundan sonra da gözəl şeirlər, nəğmələr yaradacaq". "Şeirlərin işığına toplaşmaq" ifadəsinin özündə də bir poeziya var. Həqiqətən də, yaxşı şeir gur işıq kimi göz qamaşdırmır; sakitcə insanın içinə düşür və uzun müddət orada qalır.

Şair Faiq Balabəyli də Rəfail Həbiboğlunun poeziyasını sakit, həzin və eyni zamanda düşündürücü ruhu ilə seçilən yaradıcılıq kimi dəyərləndirib. Bu sakitlik onun şeirinin zəifliyi deyil, əksinə, daxili gücüdür. Çünki hər həqiqət uca səslə deyilmir; bəzən ən dərin fikirlər sakit bir misranın içində yaşayır.

Rəfail Həbiboğlu poeziya ilə yanaşı, nəsr və publisistikaya da müraciət edib. Şeir onun duyğularının dili olubsa, publisistika düşüncəsinin, nəsr isə həyat müşahidələrinin başqa bir ifadə formasına çevrilib. Bu janr müxtəlifliyi onun sözə yalnız şair duyğusu ilə deyil, həm də müşahidəçi və düşünən ziyalı mövqeyindən yanaşdığını göstərir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!