Prezident təqaüdçüsü, AYB və AJB-nin üzvü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, tanınmış şair Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayevin əziz xatirəsinə həsr etdiyi "Murovun Aslanı" poeması müasir Azərbaycan ədəbiyyatında yeni hadisə, müsbət və maraqlı tendensiyadır. Poema 44 günlük Vətən müharibəsindən, bu müharibədə iştirak edən qəhrəman Azərbaycan zabiti Rəşad Abdullayevdən bəhs etsə də, əsərdə cəsur kapitanın simasında bütün Azərbaycan Ordusunun qəhrəmanlığına şahid olur, onların vətən uğrunda necə böyük məhəbbət, necə sonsuz cəsarətlə döyüşdüyünü müşahidə edirik.
.jpg)
Oxucu Rəşad Abdullayevin timsalında Vətən müharibəsi tarixi ilə poetik bir dillə tanış olur, bu mübarizənin önəmini, onun bugünkü və gələcək proseslərə təsirini, strateji əhəmiyyətini daha dərindən dərk edir. Müəllif Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatını bu sözlərlə təsvir edir:
Əks-hücum əmri verdi
Ali Baş Komandanım.
Şığıdı düşmən üstə
Neçə min qəhrəmanım.
O gün qisas günüydü,
İntiqam almaq üçün.
Düşməni yurdumuzdan
Didərgin salmaq üçün.
Başına uçuruldu
Qurduğu qalaları.
Tüpürüb dabanına
Yerevana qaçırdı
Erməni tulaları.
Poemada diqqətçəkən məqamlardan biri də erməni faşizminin törətdiyi vəhşiliklərin ifşa edilməsidir. Hansı ki, istər işğal dönəmində, istərsə müharibə vaxtında, istərsə də post-müharibə zamanı Azərbaycan dövləti erməni vəhşiliklərinin ifşasını özünün əsas fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edib.
Ədalət Salmanın "Murovun Aslanı" poemasını oxucu üçün əhəmiyyətli edən digər bir amil isə müəllifin atalar və oğullar, babalar və nəvələr arasındakı mənəvi birlik faktına toxunması, gənc nəslin əcdadlarının qəhrəmanlıq ənənəsini uğurla davam etdirməsinə diqqət çəkməsidir. Hansı ki, poemanın əvvəlində bu nüans konkret misralarla dəqiq və poetik bir dildə təsvir edilir. Müəllif kapitan Rəşad Abdullayevin babasının da vaxtilə faşizmə qarşı döyüşdüyünü xatırladır, nəvəsinin babasının qəhrəmanlığından, onunla bağlı ailə üzvlərinin danışdığı xatirələrdən necə təsirləndiyini təsirli bir dillə oxuculara çatdırır:
Faşistlərlə vuruşan
Məmmədağa baban var.
Ot kökü üstə bitər! -
Yaxşı deyib babalar.
Müharibədən sənə
O, danışardı hər gün.
Babanın söylədiyi
Nağıllarla böyüdün.
Görüb qoçaqlığını
Baban şəstlə deyərdi:
- O, general olacaq!
Rəşad kimi oğullar
Yad əldə əsir qalan
Qarabağı alacaq!
"Murovun Aslanı" poeması kapitan Rəşad Abdullayevin şəhid olması və 44 günlük Vətən müharibəsinin məntiqi sonluğuna uyğun olaraq Azərbaycan Ordusunun düşmən üzərindəki tarixi qələbəsi ilə başa çatır. Müəllif əsərdə Rəşad Abdullayevin doğma vətənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmasını ağrı ilə dilə gətirsə də, bütövlükdə poema bədbin əhval-ruhiyyə ilə yekunlaşmır. Əksinə, poemanın sonunda da xalqımızın və dövlətimizin gələcəyinə olan böyük inam öz əksini tapır. Müəllif Azərbaycanın tarixi-strateji şəhəri olan Şuşanın erməni faşizmindən azad edilməsini xüsusi olaraq vurğulayır və Şuşada zəfər marşının çalınmasını böyük qələbənin tarixi akkordları kimi təqdim edir.
Hesab edirəm ki, Ədalət Salmanın "Murovun Aslanı" poeması Vətən müharibəsi tarixini ədəbi müstəvidə əbədiləşdirmək üçün atılan mühüm addımlardan biridir və bu əsər gənclərimizin maariflənməsi, onların qəhrəmanlıq tərbiyəsinin güclənməsi, habelə milli tariximizə, soykökümüzə daha dərindən bələd olması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda onu da qeyd edim ki, Azərbaycan Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində "Murovun Aslanı" kitabının təqdimatı keçirilib. Kitabın müəllifi şair-publisist Ədalət Salman Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayevə həsr etdiyi bu əsərə görə Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
