Uzun illər boyu tanıdığım Anar - ELÇİN - ANAR - 80

Dünyada söz-söhbət mövzularından çox nə ola bilər? - Ancaq bu saysız mövzular arasında elələri var ki, mən onu yalnız Anarla danışa bilərəm, başqa heç kimlə və güman edirəm ki, Anar da mənə dediklərini başqa bir həmsöhbətə deyə bilməz, həm də, indiki halda söhbət yalnız dünyanın hansısa, Aşıq Cüma demişkən, "pünhan" sirlərindən, yaxud İsgəndərin buynuzları ilə bağlı quyu ehtiyacından getmir, çünki bəzən ən sadə həyati söhbətlər münasibətlərin daha artıq məhrəmliyini tələb edir.

Arzular da çox olub və nə yaxşı ki, bu uzun illər boyunca o arzu-istəklərin bir qismi həyata keçib. Ən böyük arzulardan biri, əlbəttə, Azərbaycanın yenə də müstəqil bir dövlət olması idi və biz bunu gördük…

…Anar öz doğma xalqının tarixi və taleyi kontekstində yaradıcılığı yüksək qiymətə malik görkəmli ədibdir. Mən əvvəllər də dəfələrlə yazmışam ki, sənətdə və o cümlədən də, təbii ki, ədəbiyyatda sənətə aparan yol millidən keçir, milli kökləri olmayan sənət bəşəri yox, zahirən kosmopolit pərdəsinə bürünmüş bir şeydir, çünki böyük mənada kosmopolitliyin özü üçün də millilik keçilmiş bir mərhələdir.

Anar milli ədəbiyyatın, milli mədəniyyətin maraqları ilə yaşayan və həmin maraqları ən yüksək tribunalardan müdafiə etməyə qadir bir intellektual, həmin milli ədəbiyyata, mədəniyyətə nəinki səriştəli qiymət verməyi bacaran, eyni zamanda həmin mənəvi dəyərlərlə fəxr edən görkəmli ədəbiyyat, mədəniyyət xadimidir.

Anar, necə deyərlər, qanıyla, canıyla öz xalqına bağlı olan, genetik yaddaşa, zövqə və təəssübkeşliyə malik qələm sahibi bir vətəndaşdır. O, azərbaycanlı xarakterinin, indi dəbdə olan sözlə desək, mentalitetinin koloritini duyan, hiss edən, mənim uzun illər boyu tanıdığım az adamlardan biridir.

...Yadıma gəlir, 60-cı illərin əvvəllərində Anarın elə ilk hekayə və povestləri necə səs saldı, öz məxsusiliyi ilə necə seçildi. O zamanlar mən dəfələrlə bunun şahidi olmuşam ki, gənclər Anarın o ilk yazılarını hansı bir həvəslə oxuyurdu və o hekayələr, povestlər gənclikdə ədəbiyyatla bağlı necə bir ruh yüksəkliyi, bir coşqunluq yaradırdı.

Anarın hekayələri, povestləri Azərbaycan nəsrinin inkişafında, yeni-yeni bədii-estetik çalarlar əldə etməsində rol oynadığı kimi, dediyim o ruh yüksəkliyi, o coşqunluq da bizim oxucuların bədii zövqünün formalaşmasında rol oynadı.

O hekayələrlə ədəbiyyata gələn Anar elə o hekayələrlə də layiq olduğu şöhrəti qazandı və illər keçdikcə o gənc yazıçı görkəmli nasir oldu, görkəmli publisist, ədəbiyyatşünas, sənətşünas, dramaturq, rejissor oldu, tərcümələr etdi, hətta... şeir də yazmağa başladı...

Bu gün yalan-doğru, bilən də, bilməyən də, görən də, görməyən də Sovet İttifaqını söyür, hərdən tərifləyənlər də var, ancaq bizim söyüb, yaxud tərifləməyimizdən asılı olmayaraq, bu nəhəng imperiyaya obyektiv qiyməti tarix verəcək. İndiki halda həqiqət isə bundan ibarətdir ki, Anar da, mən də, adlarını çəkdiyim və çəkmədiyim başqa dostlarımız da sovet sisteminə, Sovet İttifaqındakı siyasi riyakarlığa, senzuraya, ictimai yalana və ictimai əxlaq pozğunluğuna, deyilən ilə mövcud arasındakı təzada, bu ölkənin beton sərhədlərinə nifrət edirdik və yeri gəlmişkən deyim ki, bu nifrət, belə bir daxili barışmazlıq "60-cılar" dediyimiz ədəbi nəslin istedadından, yaradıcılığının səviyyəsindən asılı olmayaraq, bütün nümayəndələri üçün səciyyəvi bir xüsusiyyət idi və onların, o cümlədən də "60-cılar"ın ən parlaq nümayəndələrindən biri  olan Anarın yaradıcılığının ümumi əhəmiyyəti də, mənim fikrimcə, bu yaradıcılığın məhz belə bir dünyagörüşü üzərində köklənməsidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!