50 yaşın işığında! - Gülbəniz BABAYEVA

 

Çağdaş Azərbaycan ədəbi-bədii mühitinə şair, satirik, publisist, ədəbiyyatşünas, redaktor və ictimai xadim kimi daxil olan Əvəz Qurbanlı yaradıcılıq üslubu, mövzu rəngarəngliyi və maraqlı deyim tərzi ilə seçilən şairlərimizdəndir.

Əvəz Qurbanlının mətbuatda ilk çıxışı 1992-ci ilə təsadüf edir. Həmin il Xocalı faciəsinə həsr etdiyi "Qarabağ" şeiri doğulub boya-başa çatdığı Saatlı rayonunun "Dönüş" qəzetində dərc olunmuşdur. 1994-cü ildə ali məktəbə qəbul olunan şair 1997-ci ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanmışdır. Hərbi xidmət illərində qazandığı həyat təcrübəsi sonralar, xüsusilə hərbi-vətənpərvərlik mövzusunda yazdığı əsərlərdə əksini tapmışdır.

Əvəz Qurbanlının müxtəlif mövzuda şeirləri 1999-cu ildən dövri mətbuatda müntəzəm çap olunaraq geniş oxucu auditoriyasına çatdırılmışdır.

Gənc şairin əsərləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat qəzeti" və digər nüfuzlu mətbuat orqanlarında dərc edilmişdir.

Əvəz Qurbanlı 2004-cü ildən ANS televiziyasının "Qulp" satirik-yumoristik layihəsində satirik şeirləri ilə müntəzəm çıxış etmiş, verilişlərin hazırlanmasında yaxından iştirak etmişdir. "Qulp" proqramında onun söz müəllifi olduğu və ya rekonstruksiya etdiyi xalq və bəstəkar mahnıları "Aşıq Yediyar" kimi tanınan mərhum Əməkdar artist, Şuşa Dövlət Dram Teatrının keçmiş direktoru Yadigar Muradovun və digər sənətkarların ifasında tamaşaçılara təqdim olunmuşdur.

Ə.Qurbanlının satirik və lirik şeirlərdən ibarət "Təzə zarafat" kitabı 2006-cı ildə işıq üzü görmüş, həmin il Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. Geniş ədəbi fəaliyyəti nəzərə alınaraq, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün təqaüdünə layiq görülmüşdür.

Əvəz Qurbanlının çoxşaxəli yaradıcılığında pedaqoji fəaliyyəti də mühüm yer tutur. O, 2011-2012-ci illərdə Bakı Slavyan Universitetində "Əruz vəzni və klassik Şərq poetikası" fənnini tədris etmiş, tələbələrinə bu vəznin incəliklərini öyrətmişdir. Əruz nəzəriyyəsi, klassik Şərq poeziyası və qəzəl yaradıcılığı sahəsindəki bilikləri bu sahəyə maraq göstərən gənclərin hazırlanmasına töhfə vermişdir.

Əvəz Qurbanlının 2012-ci ildə qələmə aldığı "Canlı dirəklər" hərbi-vətənpərvərlik romanının yaradıcılığında özünəməxsus yeri vardır. Əsər Azərbaycan torpaqlarını qoruyan sərhədçilərin həyatından bəhs edir. Romanda Vətən sevgisinin müqəddəsliyi, igid əsgərlərin yenilməzliyi, şəxsi taleləri və çətin hərbi şəraitdə insan xarakterinin sınaqları geniş epik lövhələrlə əksini tapmışdır. "Canlı dirəklər"i Əvəz Qurbanlının yaradıcılığında yeni və uğurlu səhifə kimi dəyərləndirmək olar.

"Məzardan səngərə" şeirlər toplusu 2014-cü ildə çapdan çıxmışdır. Müəllifin sayca üçüncü kitabında yüksək vətənpərvərlik, müxtəlif taleli insanların ömür yolu, dövrün ictimai problemləri, milli yaddaşa qayıdış və mənəvi dəyərlər poetik baxışla təqdim olunur.

Ə.Qurbanlı şair və yazıçı olmaqla yanaşı, publisist, ədəbi tənqidçi kimi də fəaliyyət göstərir. Onun Anar, Musa Yaqub, Fikrət Qoca, Əlibala Hacızadə, Zəlimxan Yaqub və digər görkəmli sənət adamları, elm xadimləri ilə müsahibələri dövri mətbuatda dərc olunmuşdur. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Qövsi Təbrizi və başqa klassiklərin irsinə dair araşdırmaları, elmi-publisistik yazıları və məqalələri oxuculara çatdırılmışdır.

Ə.Qurbanlı 2019-cu ildə Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasının əruz vəznində orijinal tərcüməsinin (mütərcim: Mircəlal Zəki) Təbrizdə nəşrinə nail olmuşdur. 2021-ci ildə "Xan" nəşriyyatı tərəfindən buraxılan "Azərbaycan şairi Nizami" (müəllif: M.Ə.Rəsulzadə) əsərinin redaktəsi, korrektəsi və mətn təshihini də həyata keçirmişdir.

Ə.Qurbanlı Məhəmməd Füzulinin "Mətləül-etiqad" əsərinə yazılmış və bu günədək yeganə şərh hesab edilən kitabın (müəllif: Təbriz Qasımov) bədii redaktorudur.

Türk dünyasının böyük şairi və mütəfəkkiri Əmir Əlişir Nəvainin çağatay türkcəsində qələmə aldığı "Xəzain ül-məani" adlı dörd divanın - "Ğəraib üs-siğər", "Nəvadir üş-şəbab", "Bədai ül-vəsat" və "Fəvaid ül-kibər" - tarixdə ilk dəfə Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq Təbrizdə nəşrində Əvəz Qurbanlı məsləhətçi kimi iştirak etmişdir. Hazırda həmin divanların Bakı nəşri üzərində iş aparılır və o, nəşrin elmi redaktoru və məsləhətçisi kimi fəaliyyət göstərir.

Ə.Qurbanlı 2022-ci ildən Əliağa Vahidin adını daşıyan "Vahid" ədəbi məclisinin sədridir. Onun təşkilatçılığı ilə 2025-ci ilin fevralında Yasamal rayon Heydər Əliyev Mərkəzində Əliağa Vahidin 130 illik yubileyi qeyd edilmişdir. 2026-cı ilin fevralında isə Əliağa Vahid adına Bakı şəhər Kitabxanasında Əmir Əlişir Nəvainin 585 illik yubiley tədbiri keçirilmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ilin yekunlarına həsr olunmuş elmi məruzələrində Əvəz Qurbanlının yaradıcılığına mütəmadi yer ayrılmışdır. Satira ilə bağlı məruzələrimdə onun bu janrda yazdığı əsərləri təhlil etmiş, 2020-ci ildə çapdan çıxan "Molla Nəsrəddin" jurnalı və milli ədəbi dəyərlər" monoqrafiyamda Əvəz Qurbanlını çağdaş Azərbaycan poeziyasında "Molla Nəsrəddin" ədəbi məktəbinin ənənələrini yaşadan aparıcı qələm sahiblərindən biri kimi xarakterizə etmişəm.

Azərbaycan satirik poeziyasının zirvəsində dayanan Mirzə Ələkbər Sabirin yaratdığı ədəbi məktəbin çağdaş mərhələdəki davamçıları sırasında Əvəz Qurbanlının özünəməxsus yeri vardır.

Şairin "Bağlı qapı", "Barmaq", "Dəstək", "Qapaz", "Türkün sözü", "Yatmışam", "...Yoxsa yox?" və başqa satiralarında cəmiyyətdəki neqativ hallar tənqid hədəfinə çevrilir. Satirik yaradıcılığında mollanəsrəddinçilərin, xüsusilə Sabirin təsiri açıq görünür. "Vəssalam, şüttamam" satirası üslubu, ifadə tərzi, forma və məzmunu baxımından Sabir satiralarına yaxındır. Əsərdə iki şəxsin dialoqu ilə dövrün ictimai, sosial və mənəvi problemləri satirik dillə oxucuya çatdırılır.

Klassik qəzəlləri oxuyub əruz vəzninin xüsusiyyətlərini mənimsəyən şair özü də aşiqanə lirik qəzəllər, müxəmməslər və mürəbbe şəkilli şeirlər müəllifidir. O, xalq ədəbiyyatının qaynaqlarından bəhrələnərək folklorla klassik ədəbiyyatın sintezini yaradır.

Əvəz Qurbanlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi ədəbi-mədəni tədbirlərdə fəal iştirak edir. Şamaxıda keçirilən Sabir Poeziya Günlərinin, Şuşada təşkil olunan Vaqif Poeziya Günlərinin və digər ədəbi toplantıların iştirakçısıdır.

2024-cü ildə İstanbul Universitetinin dəvəti ilə Türkiyədə keçirilən beynəlxalq ədəbiyyat konfransında "Ölməz Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar" mövzusunda elmi məruzə ilə çıxış etmişdir.

Əvəz Qurbanlı 2005-ci ildən müxtəlif televiziya və radio proqramlarında ekspert, münsif və qonaq qismində çıxış edir. Azərbaycan ədəbiyyatını və mədəniyyətini təbliğ edir.

2005-ci ildə ATV-də yayımlanan söz yarışmasında münsif olmuş, 2011-ci ildə Space TV-də Kamran Həsənlinin aparıcılığı ilə yayımlanan "Sözümüz sözdür" telelayihəsində əruzşünas münsif kimi çıxış etmişdir. 2017-ci ildə ARB TV-də Mübariz Əsgərovun aparıcılığı ilə keçirilən "Xalqın şairi" televiziya şeir müsabiqəsində Baba Vəziroğlu, Rüstəm Behrudi, Nizaməddin Şəmsizadə, Məti Osmanoğlu və Qulu Ağsəslə birlikdə münsif heyətində təmsil olunmuşdur.

Əvəz Qurbanlı bədii redaktor və mətnşünas kimi də fəaliyyət göstərir. Onlarca bədii kitabın redaktoru və tərtibçisidir. 2025-2026-cı illərdə müqəddəs Qurani-Kərimin növbəti nəşrinin (tərcüməçi: Nicat Yəhyazadə) bədii redaktorluğunu həyata keçirmiş, redaktə zamanı terminoloji uyğunluğa və Azərbaycan ədəbi dilinin normalarına diqqət yetirmişdir.

Əvəz Qurbanlı 2000-ci illərin əvvəllərindən peşəkar jurnalistika fəaliyyəti ilə də məşğuldur. Əmək fəaliyyətinə qəzetçilikdən başlamış, müxtəlif illərdə "Həftə" qəzetində filoloji redaktor, "525-ci qəzet"də müxbir, Milli.az, Publika.az, AzNews.az və başqa xəbər portallarında redaktor, baş redaktor vəzifələrində çalışmışdır.

Əvəz Qurbanlının ədəbi, mədəni və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif edilmişdir.

50 illik şərəfli bir yol keçən istedadlı qələm sahibi Əvəz Qurbanlını yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni uğurlar və bitib-tükənməyən yaradıcılıq enerjisi arzulayırıq!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!