Abidə insan - Rafael Hüseynov (II hissə) - Turan UĞUR

Akademik, ictimai xadim, yazıçı, tədqiqatçı, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Baba oğlu Hüseynovun doğum gününə ithafən (Əvvəli ötən sayımızda)

Turan UĞUR

 

Rafael Hüseynovu "Həmid Araslı körpüsü"ndə qarşılayaq!

Salam olsun, Həmid Araslı körpüsü!

Mərhaba!

"Doqquzuncu imamın - Məhəmməd Tağının adından ad, şanından şan almış Gəncə münəvvərinin övladı idi Həmid Araslı. Ərəszadələrin layiqli yetirməsinin peşəsi təkcə öz şəcərəsinin deyil, həm də bütövlükdə türk millətinin aydınlarının ömrünə qahmar çıxmaq olur. Sovetin asıb-kəsdiyi çağlarda Dədə Qorqudu savunduğu üçün cəzalanacaq, Füzulini dərsliklərə qaytardığı səbəbi ilə dışlanacaq, milli kökə bağlı şairlərimizin həyat hekayətlərini körüklədiyindən dolayı "arzuolunmaz alim" adlanacaq, fəqət yolundan hərgiz dönməyəcəkdi.

Belə baxanda, o zillətli, müsibətli yoldan dönməyə nə vardı ki?! Firudin bəy Köçərli kimi ədəbiyyatşünaslar öldürüləndə yeniyetmə idi Həmid Araslı; Salman Mümtaz repressiya olunanda, artıq 30-u haqlamışdı alimimiz.

Əkrəm Cəfər, Cəfər Rəmzi İsmayılzadə kimi nəsildaşları məhbəsdə, sürgündə çürüdüləndə Həmid Araslı da söz meydanında əli ilə qələmə sarılmışdı.

Yəni o mütəqəlqəl, çətin yoldan dönmək, yaxasını kənara çəkmək üçün ortada neçə-neçə göz dağı vardı. Həm də elə göz dağları idi ki, dağ boyda kişilərin canına oxunmuş, çırağı söndürülmüş, dudmanı yaxılmış, evi yıxılmış, ipi kəsilmişdi.

O dağ boyda kişilərə basılan dağdan Həmid Araslını da gözləyirdi, ancaq bu möhtərəm insan, şərqşünas-alim Həmid Araslı heç nəyi və heç kimi gözləmirdi - Nizamini, Nəsimini, Əssarı, Xətaini, Kişvərini tədqiq etməkdə israrlı idi.

Akademik Rafael Hüseynovun müəllifi və aparıcısı olduğu "Vətənim" silsiləsindən növbəti buraxılış da Həmid Araslıya məhz buna görə ithaf olunur ki, ulularımızdan gen düşməyək. Rafael müəllim dəfələrlə Həmid Araslını həm yazılarında, həm çıxışlarında öyüb, onun ədəbiyyat tariximizə verdiyi töhfələri anıb, haqqında proqramlar ərsəyə gətirib. Bu buraxılış da istisna deyil. Akademik Həmid Araslının qızı Nüşabə xanımın, filoloqların, şərqşünas-alimlərin Laura Orucova, İmamverdi Həmidov, Nüşabə Əlizadə, Şəfəq Əlibəylinin çıxışları ilə müzəyyən olan veriliş sizə əla bir ziyafət vəd edir. Adına Söz ziyafəti də deyə bilərsiniz.

O ziyafətdən hər kəsin nuş etməsi diləyi ilə...

"Vətənim - Həmid Araslı - III hissə"ni izləməyə dəvətlisiniz!

Və əlbəttə ki, Novruz bayramının çox böyük aşiqi kimi Rafael müəllimin Novruz bayramına səyahətini yazmasam olmaz.

Rafael Hüseynovu "Novruz körpüsü"ndə qarşılayaq!

"Çoban bayatısının kövrək, nostalji sədası fonunda, gözlərini yuman anda düşdüyün sehrli bir aləm var: nazəndə təbiət, ətirli gül-çiçəklər, yaşıl-yaşıl yamaclar, azman dağlar, keçilməz vadilər, ağzı şadara kimi açılan yarğanlar, zümrüdü libaslı ormanlar - qısacası, yaz fəsli. O Yaz fəsli ki, "Vətənim" verilişinin 48 dəqiqəlik bayram buraxılışına şərəf verəcək.

O "Vətənim" ki, veriliş boyu baharın təravətini öz nəfəsində, yazın nəvasını öz səsində duyarsan.

Akademik Rafael Hüseynovun müəllif verilişində tezliklə Novruz bayramının hənirini, hənirtisini yaxından duyacağıq. Proqram boyu bu qutsal bayramın ta qədimlərdən bugünə kimi olan tarixi yolu faktlarla çözələnəcək.Dünyada az qala 400 milyon insanın bu bayramı ehtişamla keçirməsi və əksərinin türklər olması dəlili də gün kimi ortadadır.

Rafael müəllim Novruz bayramının fəlsəfəsi, konsepsiyası, tarixi ilə bağlı bilgilərini bölüşərək Ömər Xəyyamın "Novruznamə" əsərindəki, Nizamimülkün "Siyasətnamə"sindəki Novruzdan geninə-boluna bəhs edir, habelə ilk yaranmış Bahariyyələrdə yazı vəsf edən Şah babamız Xətainin "Dəhnamə"si ilə proqramı müzəyyən etdi:

 

"Qış getdi, yenə bahar gəldi,

Gül bitdüvi laləzar gəldi.

 

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü..."

 

Proqramda çağdaş dönəmdə - 20-ci əsrdə Hüseynqulu Sarabskinin "Köhnə Bakı" kitabındakı İçərişəhərdə keçirilən Novruz ənənələrinə işıq tutulur.

Novruz bayramı Allahın iradəsinin təzahürüdürsə, o zaman bəndənin də ən ümdə görəvi bu iradəyə mail olmaqdır.

Bu ecazkar səyahətlərdə, xalq yazıçısı Anarın da adı çəkilməli, çəkilib də haqqı verilməlidir, zira, Rafael müəllim Anara, valideynləri - Rəsul Rzaya, Nigar xanıma hər daim rəğbətini bildirib, bu qəbildən neçə-neçə proqramlar hazırlayıb.

Rafael Hüseynovu "Anar körpüsü"ndə qarşılayaq! - Bu səfərə "Millətin Anarı" da söyləmək olar.

Salam, Anar körpüsü!

Mərhaba!

"Anar - onun şəcərəsi Məmmədxanlılar+Rəfibəylilər nəslinin taleyini və tarixini müfəssəl şəkildə öyrəndiyim yeganə mənbə Rafael müəllimin "Rəfibəylilər" kitabı olub. Yanılmıramsa, 1996-cı ildə nəşr olunmuşdu. Həmin əsəri bir nəslin epopeyası da saymaq olar. Onda bu kitab bizim ailəmizin masaüstü kitabına çevrildi. Akademik Rafael Hüseynovun bu sanballı, arxiv sənədləri ilə zəngin tədqiqat kitabı ilk baxışda məşhur fransız romançısı Moris Drüonun qalın, səhifəsi 1000-i aşqın tarixi romanlarını andırır. Bu müəzzəm, Drüonsayağı kitab Anarın gəldiyi yolu, onun nəslinin keçdiyi iztirabları gün kimi aydınladırdı. Akademik Rafael Hüseynov Anara sayğısını hər daim izhar edib, haqqında dəfələrlə yazıb, verilişlər ərsəyə gətirib.

"Vətənim"in bu sayı da həmin verilişlərdən biri olsun. Proqramın 1988-ci ilin martında - Anarın 50 illiyində hazırlanmış verilişin fraqmentləri ilə başlaması nostalji hissimizin şeş vurmasına vəsilə olacaq. Sonra yazıçının ilk iş yeri olan Nizami adına Ədəbiyyat Muzeyinə, 1960-cı illərin lap əvvəlinə səyahətimiz var. İlk dəfə tanış olacağıq ki, Muzeyə ekskursiya etmiş tələbə və müəllimlər Anar haqqında hansı ürək sözlərini bildiriblər.

Yoldaş Rzayevin olduqca maraqlı bələdçi olmasından hali olacağıq. Anarın radioda qısa dönəm işləməsindən, habelə "Səslər muzeyi" adlı verilişinin keşməkeşli tarixçəsindən xəbər tutub, yollanacağıq Qobustana. Qobustana, deyəndə ki, "Qobustan" toplusuna... Elə "toplu" sözü də bizim üçün yenilik idi həmin çağlarda. Bu toplu ana dilimizdə unudulmuş çox sözlərə ehya verəcəkdi. Dərgiyə qarşı olan həmlələrə, süngülərə sinə gərib dözəcəkdi, Anarın sayəsində. Bədxah donosçulara, çuğullara qarşı sözdən zireh düzəldəcəkdi, Anarın sayəsində. Yazıçını "siyasi səbatsızlıq"da suçlayan qaragüruhları susduracaqdı, yenə Anarın sayəsində.

Anar qələmi ilə, sözü ilə hamıya qalib gəlməyi bacaran ustaddır, hətta özünə də. O, heç vaxt özünü təkrarlamadı, prozanın bütün janrlarında möhtəşəm izlər qoydu. Bunu da yetərli sanmayıb, lətif şeirlər yazdı. Onun "Qorqud dünyası" adlı əsəri Türkün öz və söz manifestinə dönüşdü. Bunu da kafi bilmədi Anar. "Dədə Qorqud" filminin ssenarisini yazdı, ikihissəli bədii filmin ekrana çıxmasına müvəffəq oldu.

Bu gün də yazır Anar. "Ədəbiyyat qəzeti"nin səhifələrində son illərdə oxuduğum "Kəbirlinskinin son etirafı" və "Qatardan qalan adam" hekayələri sadəcə əladır. Elə akademik Rafael Hüseynovun növbəti proqramı kimi.

"Vətənim"ə baxaq, dostlar, çünki martın 14-də 88 yaşı tamam olacaq Anarın adına layiq şəkildə hazırlanan verilişlərin ən parlağıdır "Millətin Anarı!"

Bu yazdıqlarım Rafael Hüseynovun bir orduya bərabər gördüyü işlərin cüzi bir hissəsidir. Sosial şəbəkə platformalarında daim fəallığı ilə seçilən qəhrəmanımız müdam tariximizə qahmar, ədəbiyyatımıza sahib çıxır. Güncəl paylaşımları ilə dövlətçiliyimizə öz töhfəsini verir. Maarifçilik ruhlu verilişlərinin anonslarını bölüşür, Hacıqabulda, Kürdəmirdə görüşdüyü seçiciləri ilə görüşlərindən fotoları paylaşır. Müntəzəm olaraq rəhbərlik etdiyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən tədbirlərdən söz açır. Rafael Hüseynovun nəhəngliyi həm də yaxşını, istedadlını qiymətləndirməyi, onları öyüb insanlara qol-qanad bəxş etməsidir.

 

Rafael Hüseynov - akademik

 

Rafael müəllim elm, ədəbiyyat xiyabanında hər bir klassikimizə abidə ucaldıb. Sözü ilə, tədqiqatları ilə, araşdırmaları ilə, keçmişimizə məhəbbəti, istiqbalımıza hörməti ilə. Millətimizə abidə ucaltmışların nəsibi isə könüllərdə abidə təki ucalmaqdır. Bu mənada Rafael Hüseynov məsud və bəxtiyar insan kimi yaşarkən özünə abidə ucalda bilib.

Əbədi, nəhəng və sarsılmaz bir abidə!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!