Quzey təbriki - Vaqif Nəsib Sarıhüseynoğlu - ANAR - 80

Təəssüflər olsun ki, o səksən illik ömür-gün bayramını ədəbi baxışlarımıza görə yollarımızın ayrılması hesabı bir növ quzey səmtindən təbrik etməli oluram (Həmin yol ayrıcı zamanı kiçik bir söz güləşimiz də olmuşdu.
- Anarı birinci dəfədir qəlyan çəkən görürəm.

- Vaqif Nəsib kimi dönüklərin ucbatından).

Sonralar da qurultayda yazıçı biletimlə və Anarla xudafizləşməli oldum. Amma böyük ustadım, qayğıkeşim Rəsul Rzanın müridi olaraq qaldım. Elçinin qayğısı, müqəddiməsi ilə işıq üzü görmüş axırıncı kitabımı - "Rəngli günlər"i də rənglərin simfoniyasını yaratmış Rəsul Rzaya ithaf etmişəm.

Mən həmişə ötən illər ərzində Anarın insanlığına rəğbət bəsləmişəm. Anar kimi bir dostdan hər cür məclislərdə kənarda qaldığımdan təəssüflənmişəm.

Bu günlərdə ürək narahatlığı keçirdiyinə də ürəkdən narahat oldum.

Səksən illik ömür bayramınızda başınızdan yerli-yersiz təriflər yağır. Onsuz da yüksək adlar, mükafatlar almısınız. Onların çoxunu üfürülmüş, şişirdilmiş alabəzək şarlar hesab eləyib, inanmayın.

Sizə şərxahım deməyimə də darılmayın. Onsuz da neçə illərdi vəzifəyə (onunla bağlı tədbirlərdə, iclaslarda iştiraka) yaradıcılığınızın müəyyən hissəsini qurban vermisiz  (Mən şəxsən vəzifənizi əyninizin dar paltarı hesab edirəm). Ona görə Anarvari yumorla gülümsəyib qarşılayın. 

Nəsihətlərinə bəlkə də iranlılardan çox bizlərin qulaq asdığı Şeyx Sədi Şirazinin aşağıdakı məzmunda bir beyti var:

Xudavənd istəsə əgər

Şərxah da xeyrə səbəb olar.

Mənim yuxarıda söylədiyim tikanları çox olmuş quzey dəmətini də bir növ şəfalı dərman otlarına bənzədin. Dərmanın əvvəl acılığı, sonra şirinliyi bəlli olur.

Səksən yaşınızı quzeyimdən səslənib bax beləcə alqışlayıram. Bir daha özünüzü Vaqif Nəsiblərdən deyil, məddahlardan qorumanızı arzulayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!