Həyat Şəminin darıxmağı... ayrılıq, həsrət və... - Rəfail TAĞIZADƏ

 

İnsan, olanlardan uzaqlaşdıqca darıxmağa başlayır. Əl çatmayan, göz görməyən yerlərə, günlərə, insana, gülüşə, bəzən səsə, mehə, yağışa, soyuğa, istiyə darıxır.   

Əlçatmazlıqdı insanı darıxdıran.

Gedə bilmədiyi, görə bilmədiyidi insanı darıxdıran.

Xatirələrə üz tutmaqdır darıxmaq...

 

O yer mənim kəndimdi,

Görünən dağı deyir -

Çəkilib sinəsinə,

Hər gün bir ağı deyir...

 

...Solubdu, soluxubdu,

Yurd olmaqdan çıxıbdı,

Nə qədər darıxıbdı:

Hardaydın axı! - deyir.

 

***

Burnumda qoxun,

əllərimdə sığalın darıxır...

 

 

Bu, Həyat Şəminin darıxmağıdı. O yer, baxış, səs... gün üçün gün-gün, an-an darıxmağı. Onun şeirlərini oxuduqca özününkülərə bu dəfə o cür darıxırsan. Söz-söz, sətir-sətir...

 

Od düşdü hər yerə:

kiminin evi-eyvanı,

kiminin heyvanı,

kiminin zəhməti yandı,

kiminin əməyi,

kiminin canı,

kiminin də ürəyi...

 

- söyləyib ən çox ürəyi yanan, "hər şeyi cızıq-cızıq alın yazısına bağlayan" şair.

Bu "Qarabağsız qalan qarabağlı qadın"ın Vətən, Qarabağ, Gecəgözlü üçün darıxmağıdı.

Həyat Şəminin darıxmağı da şairliyi kimi fərqlidir, düşündürücüdür. İnsanı özünə cəlb edən, əslində onun fərqliliyidir; başqalarından seçilməsidir.

Onun darıxmağı həsrətdə də, azadlıqda da, sevgidə də eynidir, təbiidir.

Həyat Şəminin darıxmağı sadəcə bir fərdin həsrəti, intizarı deyil, məkanın ruhla, yaddaşla qovuşmasının vəhdət sızıltısıdır.  

Sükutu danışan, baxışı pıçıldayan şairin darıxması şeirdəki daxili çırpıntılarda özünü göstərir. Söz çırpınır, səs çırpınır, zaman çırpınır...

Bəzən sözdən boylanan, bəzən sözə baş əyib diqqət kəsdirən, "məni bir də oxu" deyən şeirlər, ifadələr oxucunu öz təsirinə salır. Bu, şair gücüdür, düşüncə dərinliyidir.

O, şeirlərini söz-söz cilalaya bildiyi kimi, onun yerini, məqamını ustalıqla verdiyindəndir şeirin ürəyə toxunması.

Şeirlərindəki düşüncənin yaratdığı özəllik şeirin yükünü artırır, onu daha da gözəlləşdirir.

"Barmaqları Vətən dadan" Vətən sevdalı şairin Vətən sevgisi başadüşüləndi.

Məncə, Həyat Şəminin şeirlərində Vətən sevgisi daha qabarıqdır. Bəlkə də, bu ağrıya, həsrətə, ayrılığa olan sevginin sevgimlə üst-üstə düşdüyündəndir. Ona görə mən bu sevginin yanğısını daha çox hiss etdim.

Bu sevginin içində hər şey var, hər kəs var...

Həyat Şəmi "Qarabağ"şeirlərində Qarabağı canlı varlıq kimi təqdim edir.

 

Yarımsan,

yarı məndə, yarı səndə qalan.

 

Tariximsən,

köçhaköç, qaçhaqaç, gəlim-alım dediyim,

bir az məsum, bir az da zalım

tarixim.

 

***

Aç qoynunu, sənə yenidən toxunmağa,

Səni ev-ev, xana-xana toxumağa gəldim.

Evimizə gəlmişəm əlimdə çıraq,

Söz ver ayrılmayacağımıza,

Qarabağ.

 

Şair doğulduğu yeri unuda bilmir, məqamı gəldikcə onu şeirə gətirir. Həyat xanımın Qarabağ sevgisi gah Vətən həsrətində, gah şəhid timsalında, gah da muğamlarla ifadədə səslənir. 

 

Qarabağ - bağrımın qara ləkəsi,

Vətənin ən gözəl, dadlı tikəsi...

 

***

Bağçamıza qızılgül qələmi əkmişdim

Gecəgözlüdə...

Böyüyüb "ayrılıq" yazdı ömrümə:

Yurdumdan...

Anamdan...

 

Harda ayrılıq, həsrət, ağrı, sevgi var, Həyat Şəminin fikri şəhər-şəhər, kənd-kənd, ev-ev, əsgər-əsgər, şəhid-şəhid... baş alıb ora gedir.

"Səni ev-ev, xana-xana toxumağa gəldim", - deyib göyərən arzuları ilə Vətəni söz-söz öz yerində toxumağa gəlir...

Qarabağda daş qalağına çevrilmiş evlərə yazdığı "Elegiya" şeirində deyir:

 

Mən bir daş qalağıyam,

qocalan keçmişimin ağ yaddaş qalağıyam,

axıb keçən zamanın içində bir kəsiyəm,

çapığıyam torpağın,

daş olan arzuların yosun tutmuş üzüyəm.

 

Üzüyümü quşların barmağına taxmışam,

Daşdan namə daşıyır.

 

Şair özünü Qarabağda dağıdılmış, viran qalmış evlərin "daş qalağı" adlandırır. Arzu və yaddaşı əks etdirən yosun tutmuş üzüyünü quşlara etibar edir. Quşlar səngər xətlərini keçib gələcəyə məktub daşıyaraq bizi sabaha aparır.

 

***

Hər daşın altından şəhid olmuş mən çıxıram,

Dilim çıxır, Vətənim çıxır,

qurban olduğum vətənim və tənim.

 

Şairin "Gün cəbhədən doğdu bu gün", - deyərək, əsgərlərimizə xitabı diqqətçəkəndi.

 

Dan yeri söküldü sənlə bu səhər,

Salam, əsgər!

 

***

Həyat Şəminin darıxmaq, həsrət, ayrılıq şeirlərindən yazmaq istədim, ancaq onun başqa səpkili diqqətçəkən şeirlərindən də yan keçə - susa bilmədim.

Həyat Şəminin bənzətmələri söz-söz alovlanır:

 

Qəm tağında dəyən kəsin,

Yetişmişəm, deyən kəsin,

Öz dərdini yeyən kəsin

İçində dərd kişi çıxır.

 

...Yenə axırımız birdir,

Son mənzilin işi sirdir,

Torpağın ağzı qəbirdir,

Yeyir, sonra dişi çıxır.

 

Şairin xatirə baxışlarından fərqlənən real baxışları da olduqca maraqlıdır:

 

Kişi ilə qadını bir düz xətt birləşdirir.

İki nöqtədən yalnız bir düz xətt keçir,

Üçüncü məşuqədir.

 

Kişi atadır,

Qadın ana...

Uşaq isə uşaq...

 

Bəs uşaq yoxdursa?!

Uşaq yoxdursa,

Kişi kişidir, Qadın qadın...

Uşaq isə Allahın işidir!

 

"Kişi ilə qadını bir düz xətt birləşdirir... Üçüncü məşuqədir", - söyləyən şair iki nöqtə arasındakı bağlılığın ən qısa və doğru yolunun düz xətt olduğunu göstərir. Üçüncü isə bu xətti - doğruluğu pozur.

"Bəs uşaq yoxdursa?!. Uşaq isə Allahın işidir!" fikrində şair bütün hər şeyi İlahi iradəyə təslim edir. Bu şeir "ana" ola bilməyən şairin məsum səsidir.

Həyat Şəminin şeirlərini oxuduqca olanları görürsən, sükutu anlayırsan. Budur poeziyanın möcüzəsi.

 

Rənglə duyuram yolu,

aramızda yollar,

rəngli xətlər vardı:

ciddi-ciddi qoşa xətlər

kişi rəngində, kəsmək olmaz.

Qırıq-qırıq qadın xətti -

Könül kimi...

 

Rənglə duyuram

yanaqlarındakı sözü,

qızarmış...

 

Həyat Şəmi böyük bir əsərin mövzusunu 3-4 sətrə yerləşdirməklə poeziyanın gücünü göstərir.

 

İndi mən iki dodaq arasında

sıxılan sözəm,

sən -

iki qadın arasındakı adam.

 

***

Sevgin

bu yaz da bətnini doyurmadı...

 

***

Doğulmayan körpələrə

hamilə şişmiş ürəklərin sancısını,

kim bilə bilir ki...

 

Həssas qəlbli Həyat Şəmi İstanbul saatı ilə Vətənin və həyatın ağrılarına qarışıq sevgi ilə baxır, bəzən sadə, bəzən fəlsəfi düşüncələrlə yaşadıqlarını çatdırır.

Şeirlərdəki fəlsəfi baxış şairin kimliyini bildirir.

Füzulidən başlayıb, Bakıdan keçərək İstanbula yetən dövrün yaşantılarını Həyat Şəmi poeziyanın bütün gücü ilə yaşadır.

 

Eyni işləməz

gedənlə qalanın saatı.

Getdim,

bir saat geri çəkdim həyatı...

 

Bu, zamanla zamanın, məkanla məkanın, yerlə göyün arasındakı Həyat Şəminin özüdür. Onun fəlsəfi baxışları düşündürücüdür. O, düşüncələri qısa formada cəmləşdirir, poetik formada təqdim edir. Şeirlərindəki fəlsəfi və psixoloji məqamları oxucunun ixtiyarına buraxır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!