Unudulan tarix, danışan yaddaş: "Yovşan qağayılar" - İlahə SƏFƏRZADƏ

 

Keçmişindən heç vaxt qaça bilməyəcəksən. O səni bütün həyatın boyu izləyəcək.

Balzak

 

İnsan keçmişə niyə qayıdır? İtirdiyini tapmaq, yoxsa gələcəyini xilas etmək üçün? Bəzən elə olur ki, keçmiş insanın daxilində susmadan yaşayan bir səsə çevrilir. O səs illərlə cavabı tapıla bilməyən sualların, yarımçıq qalmış talelərin, gizlədilmiş həqiqətlərin səsidir. Elçin Hüseynbəylinin "Yovşan qağayılar" romanı da məhz bu səsin ardınca gedən əsərlərdən biridir. Müəllif oxucunu keçmişə aparmaq niyyətində deyil. Keçmiş taleyə çevrilərək insanın qarşısına çıxır. Fransız sosioloqu Moris Halbvaksın kollektiv yaddaş konsepsiyasına görə insan keçmişini fərdi şəkildə deyil, cəmiyyət daxilində xatırlayır. Romanda qəhrəmanın babasının izi ilə başladığı yol da bir nəslin, hətta bütöv bir xalqın öz yaddaşına doğru yolçuluğudur. Əsər ilk baxışdan bir ailənin, bir kəndin tarixini nəql etsə də, əslində, yazıçı yaddaşını itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın taleyindən danışır.

Romanın diqqətçəkən xüsusiyyətlərindən biri yaddaş fenomeninin milli varlığın əsas dayağı kimi təqdim edilməsidir. Müəllif keçmişi nostalji hisslərlə xatırlamır, onun bu günü anlamağın və gələcəyi qorumağın yeganə yolu olduğuna inanır. Romanda tez-tez rast gəlinən baba, nənə, köhnə kənd, yovşan, dəri kisə, köhnə çəkmə kimi detalların hər biri xalqın yaddaşını daşıyan rəmzlərdir. Əsərin emosional yükünü artıran cəhətlərdən biri də uşaq baxışıdır. Babasının ölümünü anlamağa çalışan uşağın sadə sualları tarixi məqamlar üzərində yenidən düşünməyə vadar edir.

Jan Assmannın mədəni yaddaş nəzəriyyəsinə görə, millətlərin varlığını qoruyan əsas amil ortaq xatirələr və simvollardır. Roman boyunca Azərbaycan insanının milli-mənəvi dünyası müxtəlif çalarlarla təqdim edilir, Novruz bayramının təsviri xüsusi diqqət çəkir. Bayramın zahiri atributlarından çox, onun insanları bir araya gətirən mənəvi gücü ön plana çıxır. Tonqal ətrafında yaranan birlik hissi oxucuya xalqın yaşamasının ortaq yaddaş və ortaq sevinclərlə mümkün olduğunu xatırladır. Həmçinin qız qaçırılması, qan davası, namus-qeyrət anlayışı müəllif tərəfindən xalqın xarakterini göstərmək üçün işlədilir. Yazıçı bu dəyərlərin insan taleyini necə formalaşdırdığını, bəzən qoruyub, bəzən də faciəyə çevirdiyini ifadə edir.

Elçin Hüseynbəyli folklor yaddaşından da bəhrələnir. Nağıl motivləri, mifoloji işarələr, Simurq obrazı, "Nəhlət daşı" haqqında rəvayətlər romanın bədii qatını zənginləşdirir. Müəllif keçmişi müasir insanın düşüncəsinə uyğun şəkildə yenidən yozur. Folklor motivləri isə romanda hadisələrin mənasını üzə çıxaran əsas açarlardandır. Əsərdə diqqət çəkən başqa bir məqam isə vətən anlayışının təqdimatıdır. Müəllif qağayı obrazı vasitəsilə maraqlı müqayisə yaradır. Ac qalsa da, doğma sahildən ayrılmayan quşlarla rahat həyat naminə vətənini tərk edən insanlar arasında gizli paralel qurulur. Bu müqayisə oxucunu vətənin "bizi biz edən" yaddaş olduğunu düşünməyə vadar edir. Romanda yer alan simvollardan biri də atdır. Türk mədəniyyətində at həmişə sədaqətin, gücün və yol yoldaşlığının rəmzi olub. Müəllif bu qədim simvola yeni məna qazandıraraq onu keçmişlə bu gün arasında danışan canlı şahidə çevirir. Babanın atı tarixin dilidir. Onun danışdığı hər cümlə unudulmuş bir dövrün nəfəsini oxucuya çatdırır.

 

Əsərin maraqlı xüsusiyyətlərindən biri də zaman anlayışına münasibətdir. Romanda hadisələr klassik ardıcıllıqla inkişaf etmir. Keçmiş və indiki zaman bir-birinə qarışır, xatirə ilə gerçəklik eyni məkanda yaşayır. Yazıçı bununla, yaddaş üçün zaman anlayışının şərti olduğunu ifadə edir. İnsan keçmişdən heç vaxt tam ayrılmır; keçmiş daim onun düşüncəsində, seçimlərində və taleyində yaşayır. Keçmiş və indiki zamanın eyni təhkiyə müstəvisində qovuşması qeyri-xronoloji təhkiyə prinsipini formalaşdırır. Bu xüsusiyyət yaddaş poetikasına əsaslanaraq, psixoloji zaman modelini ön plana çıxarır və əsəri modernist roman estetikasına, xüsusilə, Marsel Prust və Uilyam Folknerin zaman konsepsiyası ilə səsləşdirir. Marsel Prustun "İtirilmiş zamanın axtarışında" əsərində yaddaşın zaman üzərində qurduğu estetikaya yaxınlaşır. Prust üçün keçmiş xatırlananda yenidən yaşanırsa, Elçin Hüseynbəylidə də yaddaş hadisələrini xronoloji ardıcıllıqdan çıxararaq onları daim yaşayan mənəvi gerçəkliyə çevirir.

Müəllif yaddaşın itirilməsini təhlükəli ictimai proses kimi təqdim edir. İnsan öz tarixini, kökünü və milli kimliyini unutduqda onu idarə etmək, ona saxta həqiqətlər qəbul etdirmək daha asan olur. Bu fikir əsərin müxtəlif qatlarında simvollar və metaforalar vasitəsilə ifadə edilir. Yaddaşın fərdi səviyyədə itirilməsi tədricən kollektiv yaddaşın aşınmasına çevrilir. Nəticədə, cəmiyyət öz tarixi təcrübəsindən qoparaq mənəvi istiqamətini itirmək təhlükəsi ilə üz-üzə qalır. Keçmişin unudulması həm də milli özünüdərkin zəifləməsinə səbəb olan ictimai hadisədir. Romanın əsas qəhrəmanı da yaddaşdır. O, bəzən nənənin yarımçıq saxladığı bir cümlədə, bəzən köhnə sandığın dibində qalmış bir ovuc yovşanda, bəzən də sahibini çoxdan itirmiş dəri kisədə nəfəs alır. Romanda qəhrəmanın babasını axtarması, əslində, öz yaddaşını axtarmasıdır. "Yovşan qağayılar"ı fərqləndirən cəhət də məhz budur. Roman oxucunu hadisələrin ardınca aparmır, onu yaddaşın qatlarına endirir. Hər yeni epizod, hər əşya, hər xatirə bir sual doğurur: insan keçmişini unudanda doğrudanmı keçmiş onu unudur? Elçin Hüseynbəyli bu suala birbaşa cavab vermir. O, roman boyu unudulan tarixin yox olmadığını, taleyə çevrilərək geri qayıtdığını təsvir edir. Məhz buna görə "Yovşan qağayılar"ı yalnız tarixi hadisələrdən bəhs edən roman kimi oxumaq əsərin bədii-fəlsəfi yükünü kiçiltmək olardı. 

Müəllif romanın ilk səhifələrindən oxucunu adi xatirələr aləminə aparmadan yaddaşın anatomiyasını açmağa çalışır. Romanın uşaq qəhrəmanının israrla nənəsindən "Babamı niyə öldürdülər?" - deyə soruşması bir ailə tarixini öyrənmək cəhdindən ziyadə insanın öz başlanğıcını axtarmasıdır. Nənənin hər dəfə söhbəti yarımçıq saxlaması isə bəzi həqiqətlərin məhz danışılmadığı üçün yox olmadığını və daha ağır yükə çevrildiyini ifadə edir. Romanın müxtəlif qatlarında uşaqlıq xatirələri, babanın faciəsi, müasir şəhər həyatı və məhkəmə səhnələri bir-birinə qarışır. İlk baxışda, bu fraqmentlər arasında məsafə varmış kimi görünür. Lakin oxucu irəlilədikcə anlayır ki, onları birləşdirən görünməz ip yaddaşdır.

Romanın bədii tapıntılarından biri yaddaşın əşyalar vasitəsilə danışdırılmasıdır. Köhnə sandıq, dəri kisə, Qurani-Kərim, qurumuş yovşan... Müəllif təsadüfən məhz bu əşyaları seçmir. Onlar romanın canlı personajlarıdır. Sanki illərlə susmuş həqiqət əşyaların yaddaşında gizlənib. Qəhrəmanın babasının gen yaddaşına aparan yol da məhz həmin əşyalardan keçir. Əsərin adındakı "yovşan" və "qağayı" məfhumları da romanın poetik yükünü daşıyan simvollardandır. Yovşan türk yaddaşında doğma yurdun ətri, qayıdışın və kimliyin nişanəsidir. Qağayı isə həmişə uçan, amma dönəcəyi sahili unutmayan quşdur. Müəllif bu iki fərqli məfhumu bir ad altında birləşdirərək vətəni coğrafi məkan olmaqdan əvvəl yaddaş kimi təqdim edir. İnsan isə onu itirdiyi gün yurdunu da itirməyə başlayır.

Əsərdə Elçin Hüseynbəylinin özünəməxsus bədii dili də diqqətçəkən məqamlardandır. Mətn boyunca publisistik düşüncə ilə poetik təsvir üzvi şəkildə qovuşur. Bir kənd mənzərəsi, bir yovşan iyi, bir quş uçuşu bütöv bir fəlsəfi mülahizəyə çevrilir. Məhz buna görə roman yalnız oxunan deyil, həm də hiss edilən əsərlər sırasındadır. Müəllif təbiət təsvirlərini hadisələrin fonundan ziyadə qəhrəmanların daxili aləmini açan bədii vasitə kimi təqdim edir. Yovşanın ətri, quşların səsi, küləyin hərəkəti, kənd mənzərələri insan yaddaşının görünən formasına çevrilərək romanın poetikasını zənginləşdirir.

Əsərin müasir xəttindəki məhkəmə səhnəsi ilk baxışdan elə təsəvvür yaradır ki, mühakimə olunan şəxs qəzetdə yazı yazmış bir jurnalistdir. Halbuki məhkəmə zalında müttəhim kürsüsündə, əslində, yaddaş əyləşib. Qəhrəmanın "yaddaş oğurlanıb" fikri romanın qəhrəmanları ilə birgə oxucunu da narahat edən suala çevrilir. Əgər bir millətin yaddaşı əlindən alınarsa, onun gələcəyini kim yazacaq? Qloballaşmanın sürətləndiyi, informasiya bolluğunun insan yaddaşını kölgədə qoyduğu bir dövrdə müəllif milli kimliyin necə qorunacağı barədə düşündürür. İnsan doğma dilindən, tarixindən, adətlərindən uzaqlaşdıqca təkcə keçmişini deyil, gələcəyini də itirmək təhlükəsi ilə üzləşir. Romanı postkolonial yanaşma kontekstində də oxumaq mümkündür. Çünki burada yaddaş uğrunda mübarizə, əslində, milli identikliyin qorunması uğrunda mübarizədir. Tarixi yaddaşın silinməsi kolonial siyasətin ən təsirli vasitələrindən biri hesab olunur.

"Yovşan qağayılar" yaddaşını itirmək təhlükəsi ilə üz-üzə qalan hər bir insan haqqında yazılmış əsərdir. Elə buna görə də romanı vərəqlədikcə hadisələrdən daha çox simvollar, süjetdən daha çox düşüncə yadda qalır. Roman yalnız Azərbaycan cəmiyyətinin tarixi yaddaşından bəhs etmir. O, müharibələr, köçlər, məcburi miqrasiya və qloballaşma şəraitində milli kimliyini qorumağa çalışan bütün xalqlar üçün aktual olan mənəvi problemi gündəmə gətirir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!