Bəsirətli istedad sahibi, qeyri-adi kosmik bilgilər daşıyıcısı, gözəgörünməz qüvvələrin, naməlum sivilizasiyanın kainatdan (qeybdən) nazil olan səslərinin - dərin məzmunlu, gərəkli məlumatlarının səsyazanı, parlaq şairə, heyrətamiz rəssam Maya Rəhim qızı Rzayeva 3 may 1952-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Körpəliyindən qəribəlikləri ilə doğmalarının diqqətini tez-tez özünə cəlb edərmiş. Gah heç kimin eşitmədiyi, oxumadığı fantastik bir hekayət quraşdırıb danışarmış, gah macəralarla dolu gecə səyahətlərindən söz açarmış, gah da kiminsə başına gələcək olaylardan xəbərlər toxuyub-toqquşdurarmış. Soruşanda ki, sən bunları haradan bilirsən, həmişə hər şeyi yuxuda gördüyünü, yaxud yuxuda kimdənsə eşitdiyini deyərmiş. Dörd qardaşın yeganə dəcəl və ərköyün bacısı yeddi yaşında evlərinin yaxınlığında yerləşən Bakı şəhərinin 6 saylı orta məktəbinin rus bölməsinin birinci sinfinə getmiş, 1969-cu ildə uğurla orta təhsilini başa vurmuş və elə həmin il qəbul imtahanlarından müvəffəq qiymətlər alaraq, Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olmuşdur. Gözəlliyi və intellekt səviyyəsilə fərqlənən Maya tələbəlik illərində Azərbaycanın sayılıb-seçilən Bədəlbəyli soyunun layiqli nümayəndəsi, kosmik tədqiqatlar sahəsində uğurlu gənc alim kimi tanınan Elxan Davud oğlu Bədəlbəylinin (1947) diqqətini cəlb etmiş və gənclər arasında yaxın ünsiyyət ehtiyacı yaranmışdır. Onların münasibətləri istəyə, sevgiyə çevrilmiş və 1973-cü ilin 29 iyununda təmtəraqlı toy məclisinin qurulmasına səbəb olmuşdur.
Yeri gəlmişkən, qeyd edək ki, Mayanın ömür-gün yoldaşı Azərbaycanın dünya şöhrətli virtuoz pianoçusu, bəstəkar, SSRİ Xalq artisti Fərhad Şəmsi oğlu Bədəlbəylinin (1947) doğmaca əmisi oğludur. Ədəbi portret qəhrəmanımızın daha bir şöhrətli qohumluq əlaqəsini aşkarlamadan keçmək insafsızlıq olardı. Bu doğmalıqdan söz düşəndə həmişə mərhum Maya xanımın gözləri gülər, çöhrəsi nur saçar, "o mənim canım, ciyərim, sevimli kiçik qardaşımdır", deyərdi. Söhbət 200-dən çox psixoloji, siyasi detektiv roman müəllifi, əsərləri dünyanın əksər aparıcı dillərinə tərcümə edilmiş, Azərbaycanın Xalq yazıçısı, səmimi qələm dostumuz, fenomenal şəxsiyyət Çingiz Abdullayevdən (1959) gedir. O, Maya Bədəlbəylinin dost-doğmaca, haqqənnəs xalası oğludur. Bu doğma insanların hər birindən onların saysız-hesabsız şirin, səmimi, mübhəm, mehriban, qohumcanlı xatirələrini dönə-dönə dinləmiş, qohumluq bağlarının möhkəmliyinə, kökə-soya istəyin, sevginin qorunub saxlanmasına dostcasına qibtə edib, həsəd aparmışam...
Ali təhsilini başa vurub, orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə diplom alanda Mayanın soyadı artıq Bədəlbəyli idi. Maya Bədəlbəyli təyinatla beş il Bakı Məişət Kondisionerləri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və rus ədəbiyyatından dərs demişdir. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunların nəşrə hazırlanması üzrə redaksiyaya redaktor vəzifəsinə qəbul olunmuş, 1982-ci ildən isə Azərbaycan SSR Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində işləməyə başlamışdır. Həmin dövrdə xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə əhalinin bu işə daha fəal cəlb edilməsi üçün Maya Bədəlbəyli Azərbaycanın, demək olar ki, bütün bölgələrini əriş-arğac dolaşmış, doğma yurdun təbii gözəlliklərini heyranlıqla yaddaşına, ruhuna hopdurmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosioloji Tədqiqat qrupu yaradılmış və bu qrupa rəhbərlik də ona tapşırılmışdır.
Maya xanım 1994-cü ilin 14 fevral gününəcən nazirlikdə babat bir vəzifədə işləyən, ilham gələndə lirik təbiət və sevgi şeirləri yazan, yüksək humanitar səviyyəli bir bakılı gənc ziyalı qadın kimi sakit-səllim, firavan həyatını yaşayırdı. Zaman etibarı ilə təxminən, saat 9-a təsadüf edən həmin səhər onun gündəlik yaşam tərzini, dünyaya və dünyanın əşrəfi sayılan insanın məğzi-mahiyyətinə, özünün inamına, etiqadına, bütün mənəvi dəyərlər sisteminə münasibətini, hər şeyə, yerə-göyə, ərşə-gürşə, külli-kainata fəlsəfi baxışını köklü-köməcli şəkildə biryolluq dəyişdi. Sanki onun cismini də, ruhunu da başqa bir aləmə çəkib apardılar. Qısa müddətdə orada gördükləri, eşitdikləri, öyrəndikləri dünyagörüşünü, kimliyini, taleyini büsbütün dəyişmişdi. Onda düşdüyü yeni halını uzun müddət, hətta Maya Bədəlbəylinin özü tamam-kamal anlaya bilməmişdi. Az qala tanınmaz, tamam fərqli, amma son dərəcə heyrətamiz məhsuldarlıqla çalışan istedadlı şairə, əlvan rənglərin harmonik tüğyanından yaranan çoxsaylı tablolar rəssamı, uca göylərdən gələn sirli-soraqlı Tanrı ismarışlarından baş çıxaran, Kainatdan göndərilən fantastik ezoterik bilgilərin, nazil olan vəhylərin Yerdə mirzəliyini yerinə yetirən, "səsyazanlığını" edən, keçmişdən, gələcəkdən, elmdən-irfandan dürlü-dürlü xəbərlər verən maraqlı, qeyri-adi bir xanım şəxsiyyəti zühur eləmişdi. El dili ilə desək, həmin gün Maya xanıma "Haqq vergisi" verilmişdi. Qəfildən öz-özünə ilmə-ilmə, qatar-qatar düzülən sözlər hazır şeir misralarına çevrilib, Maya Bədəlbəylinin təxəyyülündən süzülərək qulaqlarında səslənir, qeybdən əta olunmuş kəlamlar kimi kağız üzərinə qonurdular. Düzdür, o, uşaqlıqdan şeir yazmağa həvəsli olmuş, hətta məktəbli olanda yazdığı bir neçə şeiri Moskvada nəşr olunan "Pionerskaya pravda" ("Pioner həqiqəti") qəzetində, sonralar üç şeiri "Molodıye qolosa" ("Gənc səslər") poetik toplusunda çap edilmişdi. Lakin bu şeir yazmaq o vaxtkı şeir yazmağa bənzəmirdi, indi elə bil xoş bir təsadüf nəticəsində dağ çeşməsinin gözü açılmışdı, incə, mənalı-məzmunlu poetik sözlər selləmə gəlirdi, otur, kağıza köçür. Yaxud, əsasən axşamlar, birdən-birə müxtəlif natürmortlar, mənzərələr, təbiət təsvirləri, tanıdığı, tanımadığı adamların portretləri bütün rəng çalarları ilə, bitkin tablo şəklində Maya xanımın gözləri önündə peyda olurdu. O, dərhal gözünə görünən lövhəni əvvəlcədən hazırladığı kətanın, kağızın və yaxud kartonun üzərinə köçürərdi. Əlinin altında nə olsa, boyaları onunla çəkərdi. Əlinə bir şey keçməyəndə barmaqlarını işə salardı. İlhamı cuşa gələn gənc rəssam bir ildə 100-dən artıq təsviri sənət nümunələri ərsəyə gətirə bilmişdi həmin ərəfədə. Ümumən, Azərbaycan Rəssamlar Birliyinin üzvü (2008) Maya Bədəlbəyli 250-dən çox müxtəlif janrlı rəsm əsərləri yaratmışdır.
Ömür yolunu tamam başqa məcraya yönləndirən həmin olayın incəlikləri şairə və rəssam kimi tanınan, önəmli yaradıcılıq irsi qoyub getmiş Maya Bədəlbəyli Moskvada 10 min tirajla qısa müddətə yayılan "Kainatın səsləri" (Moskva, "Ripol Klassik", 2002. 224 s.) kitabında və özü haqda 2000-ci ildə MDB ölkələrinin mərkəzi televiziyası olan "Mir" ("Dünya") tele-şirkətinin çəkdiyi "Maya", "Televernisaj" sənədli filmlərində ətraflı şərh etmişdir. Zamanında qeyri-adi fitri istedad sahibi Maya xanımın başına gələnlərin fenomenal və təkrarsız unikal hadisə olduğu barədə dövrün adlı-sanlı mütəxəssisləri, alimləri maraqlı mülahizələr söyləmiş, bunu "sirri-Xuda" adlandırmışlar...
Amerikada yerləşən Beynəlxalq İnformasiya Akademiyasının müxbir üzvü Maya Bədəlbəyli 1995-2025-ci illər arasında Azərbaycanda, Rusiyada, ABŞ-da, digər ölkələrdə qəzet və jurnallarda dərc etdirdiyi 100-ə yaxın elmi-kütləvi məqalələrində, iştirakçısı olduğu çoxsaylı konfranslarda, simpoziumlarda, tədbirlərdə, radio və televiziya verilişlərindəki çıxışlarında özünün Kainatla əlaqəsindən, ona bəxş edilmiş ilahi enerjinin məğzı-mahiyyətindən, "münəccimlik" qabiliyyətindən, fitri istedadından dönə-dönə söz açmış, geniş şərhlər vermişdir.
Maya Bədəlbəylinin bədii söz yaradıcılığını təşkil edən poetik örnəkləri, poemaları, qısa hekayətləri, hekayətvari esseləri, təmsilləri, fəlsəfi-etik etüdləri onun sağlığında çap olunmuş 6 kitabında toplanmışdır: "Dialoq" (Bakı, 2000. 114 s.); "Səs" (Moskva, 2001.112 s.); "Kainatın səsləri" (Moskva, "Ripol Klassik", 2002. 224 s.); "Mən əks-səda verən dalğayam" (Bakı, 2009. 126 s.), "Kim özünü müqəddəs adlandırıb?" (Bakı, 2011. 124 s.); "Tərəddüdlər" (Moskva, 2015. 240 s.). Şairə yalnız rus dilində yazıb-yaradır, bəzən müasir Azərbaycan şairlərinin şeirlərini də Azərbaycan dilindən rus dilinə tərcümə edirdi.
Azərbaycan Yazıçılar Birliyinin (2004) və Rusiya Yazıçılar İttifaqının (2005) üzvü Maya Bədəlbəyli 25 ilə yaxın Moskvada yaşadı, yaratdı, buradakı milli ədəbi mühitimizə gözəlliyi, nəcibliyi, istedadı və yüksək insani keyfiyyətlərilə xüsusi rövnəq verdi, 3 iyun 2025-ci ildə ürək xəstəliyindən dolayı zalım əcəlin çəngəlinə tuş gəldi, çox sevdiyi fani dünyanı qəfildən tərk etdi. Kainatdan gələn səsləri, sədaları eşidən və eşitdiklərini yazıya alan zərif ruhlu, incə rübablı xanım-xatın şairəmiz, rəssamımız Maya xanım Pirşağıda, ailə məzarlığında, doğmaları arasında son mənzilə yetişdi... Məkanı Cənnət, ruhu rahat olsun o dünyada. Amin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
