Getdi deməyin, gəldi deyin... - Nəriman Həsənzadənin xatirəsinə - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

Böyük şairimiz Nəriman Həsənzadə dünyasını dəyişdi. Bu sözü eşitmək nə qədər ağırdı. Hamı kimi mən də sarsıldım. Qırx ildən çox idi, onu tanıyırdım. Ona sənət aləmində müəllimim və böyük qardaşım kimi yanaşırdım. Mənə deyirdi ki, bilirsən, Nizami Cəfərovu və səni niyə belə çox istəyirəm, çünki siz mənim şeirlərimi və məni ürəyinizin başında - şah damarında yaşadırsınız.

Nəriman Həsənzadə onun həyatı və poeziyası haqqında ədəbiyyatşünas Salatın Əhmədli ilə birgə "Şeirimizin Nərimanı" adlı kitab da yazmışıq. Məqalələrim də var. Nəriman müəllim günlərin bir günü hansı şairinsə tədbirində mənə "Belinski" dedi. O, bunu söyləyərkən çox ciddi idi, amma bunu böyük şairin zarafatı kimi düşündüm. Mənə "Belinski" deyəndə yəqin ki, həm vücudca Vissarion Qriqoryeviçə oxşadığımı, həm də mətbuatda icmal yazılar və məqalələrlə çıxış etdiyimi düşünübmüş. Böyük şairimizdən eşitdiyim bu tərif aramızda əsl səmimiyyət körpüsü yaratdı. "Belinski" Vaqif Yusifli 2001-ci ildə Nəriman Həsənzadənin dəstəsinə qoşulub onun doğulduğu Poylu kəndinə - Ağstafaya getdi, şairin 70 illik yubiley tədbirlərində iştirak etdi, ürək sözlərini söylədi. Bu səyahət zamanı o, Nəriman Həsənzadəni bir şəxsiyyət kimi kəşf etdi.

Nəriman müəllim öz şeirlərinə, şeirləri də ona oxşayır. Çox səmimi insan idi. Təbii ki, onun da bu dünyada xoşlamadığı insanlar, xasiyyətlər, hadisələr vardı. Amma mənim müşahidəmə görə dostlarının sayı-hesabı yox idi. Özü də sənət adamları ilə yanaşı, kəndlərdə, şəhərlərdə adi adamlar, müxtəlif peşə sahibləri ilə tanışlığı, dostluğu vardı. Nəriman Həsənzadəni bu insanlara cəlb edən onun heç bir vaxt üzündən əskilməyən səmimiyyəti və əlbəttə, şeirləri idi.

Nəriman Həsənzadə bir əsrə yaxın ömür sürdü. Atasını erkən itirdi, cavan yaşlarında anası vəfat etdi. Gəncədən Bakıya yol aldı, ədəbi-mədəni mühitə qoşuldu. Onu ömrü boyu duyan, sevən insanların əhatəsində oldu. Belə insanlardan biri böyük ədibimiz Mir Cəlal müəllim idi. Onu bir şair kimi kəşf edən də elə Mir Cəlal müəllim oldu. Mir Cəlal müəllim onun "Könlüm şeir istəyir" kitabına yazdığı Ön sözdə öz ürək sözlərini çox dəqiqliklə belə ifadə etmişdi: "Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir. Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlim üslubu ilə seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Əlbət ki, bu yalnız şeirlərin şəkli xüsusiyyəti ilə yox, həm də məzmunu ilə bağlıdır. Nəriman oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi dindirir".

Gəlin, bir anlığa təsəvvür edək ki, bizim yetmiş illik poeziya və dramaturgiyamızda Nəriman Həsənzadə adlı sevə-sevə oxuduğumuz bir sənətkar olmayıb. Onda bu yetmiş illik ədəbi prosesimizdə bir boşluq, bir çat yaranmış olardı. Lirikamızda Nəriman Həsənzadə zərifliyi, incəliyi, epik poeziyamızda Nəriman Həsənzadə dəst-xətti görünməzdi. Şeirimizdə elə nümunələr var ki, onları məhz Nəriman Həsənzadə yaradıb. Mən Nəriman müəllimin poetik yaradıcılığını xarakterizə etsəm, bircə sözün üzərində dayanaram: sevgi. Bu sevginin mənbəyi Anadan başlanır, sonra həyatı yarıda qırılmış bir gözəl qadına məhəbbətlə davam edir, get-gedə bu sevginin sərhədləri böyüyür, bir ürəyə sığmır, böyük Azərbaycan sevgisinə dönür, ana, sevgili, vətən məhəbbəti Dünyaya, Kainata sevgiylə qovuşur. Nəriman Həsənzadə bu dünyaya sevgi  paylamaq, insanlara sevgi dünyası bəxş etmək üçün gəlmişdi. Həm də içindəki sevgini insanlarla bölüşməyə gəlmişdi.

 

Ağ çiçəklər səpilmişdi üstə çəmənin,

elə bildim buludlardan torpaq süd əmmiş.

Gülüşünə qərq olubmuş bu dünya sənin,

mən bu səsdən bu dünyada xəbərsizəmmiş...

 

...Dünya bir az nağıl idi, bir az həqiqət,

Məhəbbətə səsləyirdi bu məna məni.

Belə gözəl, belə qəşəng, belə qiyamət

Nə dünyanı mən görmüşdüm, nə dünya məni.

 

Əlbəttə, bu yazıda mən Nəriman Həsənzadənin dillər əzbəri olan neçə şeirindən, poemalarından söz aça bilərdim. Onun bütün pərəstişkarları, sevimli oxucuları - Mir Cəlaldan, Mirzə İbrahimovdan başlamış ən gənc tədqiqatçılara qədər, Nəriman həqiqətlərini elmi şəkildə şərh ediblər. Amma onun yaradıcılığı o qədər zəngin və çoxşaxəlidir ki, yeni tədqiqatlara ehtiyac duyulur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!