Bir neçə ay öncə Kaspi liseyində yazıçı Anarla görüş planlaşdırılanda şagirdlər arasında tədbirin adını və ideyasını soruşdum. Cavab belə oldu: "Torpağın oğlu". Hətta, şagirdlər fikirlərini əsaslandıraraq dedilər ki, "Torpaq, dəniz, od, səma"dan ruhlanıb verdiyimiz bu ad onun bütün yaradıcılığına aiddir. Anar yaradıcılığının əsl mahiyyətini dərk edən şagirdləri heyranlıqla dinləyirdim. O, nə yazdısa Vətən, millət, xalq taleyi, dövlətçilik təəssübkeşliyi, vətəndaş mövqeyi ilə birləşərək qoyulan mövzuda ali ideyaya çevrildi. Anarın Azərbaycan əbəbiyyatında kübar yeri hər zaman onu sevdirdi, bəzən də ona qarşı qısqanc münasibət yaratdı. Onun ədəbi yaradıcılığı Azərbaycan xalqının folklor yaddaşı ilə həmyaşıddır. Millətin ruh yaddaşı bütün əsərlərində hər sətirdə boy verdiyi üçün onun yaradıcılığı ruhumuzun tərcümanıdır. Ədəbiyyatımızda, mədəniyyətimizdə, kinomuzda Anar dəsti-xətti milli taleyimizin "anlamaq fəlsəfəsi" ilə birləşir. Anar bu fəlsəfənin işığıyla dərinliklərə endi, qədim türk yaddaşına yol aldı, Dədə Qorqudla görüşdü, onun tapşırığını öz düşüncəsinə köçürərək "torpağı əkib-becərməsən, qorumağa dəyməz, qorumadınsa, əkib-becərməyə dəyməz" düsturunu minilliklərə ərməğan etdi. "Torpağın, vətənin, dövlətin taleyi hər birimizin taleyidir" fikri onun əsərlərinin ana xəttini təşkil etdi. Əsil-nəcabət, soy-kök etibarilə ruh yaddaşından ərməğan aldığı dövlət, bayraq sevgisini əsərlərində hər zaman oxucusunun qəlbinə ötürə bildi. 20 Yanvar hadisələrində Akademiyanın binasında keçirilən iclasın sədri kimi, Ali Sovetin yüksək tribunasından dünya ictimaiyyətinə müraciət edən Anar müəllim xalqının başına gələn müsibətləri yana-yana çatdırırdı. Yenə yadıma liseydəki görüşdə Anar müəllimin babaları Ələkbər bəyin, Xudadat bəyin AXC-nin taleyində oynadığı müstəsna rolu haqqında şagirdlərin söylədikləri çıxışlar düşür. Anar müəllim qürur və iftixar tariximiz olan AXC-nin qısa ömür taleyində rol oynayan babaları haqqında, 20 Yanvarda onun özünün ictimai fəaliyyəti, dünyaya müraciəti, eləcə də o vaxt rus dilində yazılan "Beda" (Müsibət), "Şəhidlər dağı", "Qara yanvar" haqqında bir daha şagirdlərdən dinlədi. Yaradıcılığı, romanları, film ssenariləri ilə yanaşı, millətin qeyrətli oğlu kimi, mübariz ictimaiyyətçi kimi fəaliyyətinin yaddaşlarda yer alması məktəblilərin təhlilləri kontekstində çox qürurverici idi. Anar müəllim babalarının tarixi arzularında yarımçıq qalan dövlətçiliyin varisi kimi bu gün günü-gündən inkişaf edən müstəqil Azərbaycanın ziyalısı, yazarı olaraq məktəbliləri sevinclə dinləyirdi. Kimi onun əsərləri haqqında, kimi onun "Dədə Qorqud", "Xatirələr sahili", "Gecə işıqları", "Gün keçdi", "Torpaq, dəniz, od, səma", "Qəm pəncərəsi" kinossenariləri, kimi də onun hələ sovet dönəmlərində cəsarətlə qələmə alınan "Yaxşı padşahın nağılı"ndan söz açdı. Həmin gün bütün söhbətlər müxtəlif məcralara yönələrək yenə Anar müəllimi böyük vətəndaş, əsl ziyalı, dövlətçiliyə sədaqətli, görkəmli sənətkar kimi xarakterizə edirdi.
Bu yaxınlarda yazıçı Anarın əsərlərini yandırmaq təklifi ilə çıxış edənlər sivil vətəndaşa yaraşmayan təkliflə çıxış edirdilər. Almaniyada Tomas Mannın, Haybedin, Langenin, Freudun və başqalarının əsərləri bir vaxtlar yandırılmağa məruz qalıb. Tarix boyu müharibələr zamanı qalib dövlətlərin sərkərdələri məğlub etdikləri dövlətin kitabxanalarını mənimsəyərək öz dövlətlərinin mütaliə, elm və mədəniyyətini yüksəltmək üçün aparmışlar. Barbar ölkələrin sərkərdələri isə dərk etmədən istila zamanı kitabxanaları yandırmış, yalnız qızıl, pul xəzinələrini mənimsəməklə kifayətlənmişlər. Bir anlığa düşünürük: Bizim cəmiyyətdə bu təkliflə çıxış edənləri belə söyləməyə nə vadar edir? Dövlətinə, dövlətçiliyinə, ölkəsinin müstəqilliyinə, sabitliyinə qarant olan hakimiyyətə münasibətini düşünülmüş ziyalı mövqeyindən izah edən Anar müəllimi qorxudan bir şey varsa, o da cəmiyyətdə laqeydlik xəstəliyinin olmasıdır.
Dövlətinə, bayrağına sevgiylə, sədaqətlə yanaşmaq onun tarixi ruh yaddaşı ilə bağlıdır. Əslində o, yenə də müstəqil Azərbaycanın dövlətçilik ənənələrinə münasibətində əsl Azərbaycan ziyalısının və yazarının mövqeyini nümayiş etdirdi. Anar müəllim əlli il-altmış il əvvəl ifadə etdiyi ideyalarla indi də qürur duya biləcək, yüz il sonra da yazdıqlarına cavabdehlik və məsuliyyət hissinə şərəflə sahib çıxmağa qadir olacaq yazarlarımızdandır. Xəzərə, Bakıya, qədim İçərişəhərə ürəyimizdə uyuyan, izaholunmaz sevginin yozumunu Anarın əsərlərindən öyrəndik. Anarın əsərlərini yandırsaq belə, külündən ruhumuzun Simurq kimi sapsağlam çıxdığını görəcəyik. Axı ruhlar ölümsüzdür!
Sona VƏLİYEVA
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!