Baratı vüsala çatdırana şükür! - Məti OSMANOĞLU

Barat Vüsalın 75 illik yubileyinə sözardı

 

İndi həyata da, şeirə də ömrün müdriklik zirvəsindən baxan görkəmli şairimiz Barat Vüsalın keçdiyi zəngin yaradıcılıq yolu haqqında düşünərkən ağlımdan şeirin zamanla, tarixlə dialoqu keçir. Bu səbəbsiz deyil: Barat Vüsalın şeirləri Azərbaycanın ən yeni tarixinin son dərəcə dramatik bir dövrünün, müharibənin yağdırdığı mərmilər altında ağır sınaqdan alnıaçıq çıxmış bir torpağın, qamətini daim dik saxlayan məğrur bir elin Haqdan gələn səsidir:

 

Taxt özün olmasan, taxt gedəcəkdir,

Yığval yatacaqdır, baxt gedəcəkdir.

Önündə Haqq gedir, Haqq gedəcəkdir

Barat, arxasında Xalq dayananın!

 

Qazax mahalının yaxın keçmişi gözümdə daha çox bir şəkillə canlanır: Azərbaycan ədəbiyyatının nəhəng simaları - İsmayıl Şıxlı və Yusif Səmədoğlu əllərində Kalaşnikov avtomatı, səngərdə əsgərlərin arasında... Bu, bir anın əbədiləşmiş görüntüsüdür, amma o anın üzərindən bütöv bir tarixi oxumaq mümkündür. Aydın məsələdir ki, nə ağsaqqal İsmayıl müəllim, nə də pasifist təbiətli Yusif Səmədoğlu əllərindəki silahdan atəş açmayacaqdılar. Ancaq o illərdə bu şəklin mənəvi gücü, həmin anın pafosu və emosional çəkisi avtomat silahdan daha kəskin, daha təsirli idi...

 

XX əsrin əvvəlində əlindən zorla alınmış dövlət müstəqilliyinə əsrin sonunda yenidən qovuşan və çox vaxt səsi eşidilməyən, eşidilməzliyə vurulan Vətənimizin harayına hay verən Barat Vüsalın şeirlərindən o vaxtdan bu günə səngər havasının həyəcanı səngiməyib və şairin ruhuna çökmüş bu hava Böyük Zəfərdən sonra da onun qəlbindən və qələmindən çəkilməyib:

 

Belə ölməmişdi bu zülmət zülüm,

Belə görməmişdik biz aydınlığı.

Allahım, qoy mən də bayrağa dönüm,

Verim şəhidlərə gözaydınlığı...

 

Bu bir həqiqətdir ki, hər bir sənətkar öz dövrünün övladıdır. Öz zamanının yetirməsi olan Barat Vüsalın şeirlərindən tarixi proseslərin qatmaqarışıq mənzərəsindən daha çox, zamanın ruhu, içində müharibənin ağrılarını daşıyan insanın mənəvi portreti boy göstərməkdədir. Sənəti azadlığın ən yüksək forması hesab edən dahi mütəfəkkir Hegelə görə, böyük sənət öz dövrünün daxili ziddiyyətlərini və mənəvi gərginliyini yüksək pafosla ifadə edərək zəmanənin ruhunu aşkara çıxardır. Oğlu Arif müharibədə şəhid olan Sona xalanın könlünü almaq, qəlbinə təsəlli vermək üçün yaranan "Zirvədə" şeiri insan taleyinin kədərli hekayəsi, zəmanənin ruhunun yanıqlı səsidir. Bu şeir şəhid anasının gözlərindəki sükut qarşısında sözün və sənətkarın çəkdiyi mənəvi əzabın bədii etirafıdır.

Cəbhəyə, əsgərlərin yanına yollanan şair döyüş meydanında hərbi xidmətdə olan Arifin anasına söz verir ki, onun oğlu ilə görüşəcək. Şair anaya verdiyi vədi yerinə yetirərək Ariflə nəmli səngərdə görüşür. Bu, son görüş olur: müharibə üçün strateji əhəmiyyət daşıyan zirvəni fəth edən Arif döyüşdə şəhid olur, "zirvədə zirvəyə dönür". Şeirdə Arifin və silahdaşlarının sarsılmaz mənəvi bütövlüyü tərənnüm olunur. Əsgərin qəhrəmancasına şəhid olmasını şair dövrün ruhunun, ana Vətən sevgisinin, qorunmağa ehtiyacı olan yurd şərəfinin fərd üzərindəki qələbəsi kimi əyaniləşdirir.

Şeirin əsl bədii və psixoloji kulminasiyası isə Arifin zirvəyə dönməsindən sonra şairin içində baş qaldıran mənəvi gərginlikdə üzə çıxır. Müharibənin amansız reallığı, ananın başındakı "qapqara şal" şairin çiyninə ağır bir yük kimi düşür: şair də, şeir də, zaman da, müharibə də ananın "Bəs nə oldu?" deyən intizarlı baxışları qarşısında aciz qalır.

 

Necə də zəifmiş yaddaşım, heyif,

Görüm yaddaşımı gülləyə gəlsin.

Yadımdan çıxdı ki, deyəm, ay Arif,

Anan deyirdi ki, bir öyə gəlsin!

 

Şair müharibənin amansız ölüm hökmünü öz "unutqanlığının" ayağına yazsa da, əslində, əsgərin şəhadətinin fərdi yaddaşın zəifliyi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Şairin müharibənin günahını öz üzərinə çəkib yaddaşı ittiham etməsi insanın bəşəri kədər qarşısındakı çarəsizliyinin pafosudur. Barat Vüsal bu şeirlə təsdiq edir ki, zəmanənin ruhu təkcə qələbə müjdəsində ifadə olunmur, həm də qələbəni öz canı, qanı və bitməyən göz yaşları ilə qazanan fədakar insanların mənəvi ağrılarında, gözlərdə dolaşan "Bəs nə oldu?" sualında yaşayır...

1960-cı illərdə Azərbaycan ədəbiyyatşünaslığının gündəliyinə gətirilən məsələlərdən biri də şeirdə (və dramaturgiyada) "pafos, yoxsa pıçıltı?" dilemmasının qoyulması idi. Əmin-amanlıq dövründə sanki zaman poeziyanı tribunadan endirmək, oxucuya insanın ürək döyüntüsünü, pıçıltısını eşitdirmək istəyirdi. Bu, fərdin azadlığının, daxili dünyasının ifadə olunması üçün zəruri idi. Elə gənc Baratın "Vüsal" təxəllüsünü götürməsini də fərdin daxili azadlığa qovuşması kimi yozmaq mümkündür.

Məsələ toplumun, millətin azadlığına gələndə isə pafosdan qaçmaq mümkün olmur. Belə məqamlarda xalqın ruhunun hayqırtısı fərdi pıçıltıya üstün gəlir. Barat Vüsalın yaradıcılığındakı pafos pıçıltısı boğazında düyünlənən, evi yandırılan, torpağı tapdanan bir el qəhrəmanının dəli nərəsidir. Bu pafos fərdi iztirabın deyil, milli yaddaşımızın yığılmış enerjisinin partlayışıdır. Bu baxımdan, Barat Vüsalın Xəlil Rzanı soraqlaması, şeirinin üzərində Xəlil Rza ruhunun dolaşması heç də təsadüf deyil:

 

İsti verməz söyüddürsə o odun,

Palıd tapın, məni bir az ovudun.

Kül başına o ocağın, o odun,

Altdan əgər Xəlil Rza çıxmasa!

 

Yaddan çıxmaz, kitaba bax, sözə bax,

Hayandasa yaddan çıxıb bu torpaq.

Barat, heç vaxt yaddan çıxmaz Qarabağ,

Yaddan əgər Xəlil Rza çıxmasa!

 

Həqiqi poeziyada elə məqamlar olur ki, pafos və çılğınlıq sənətkarın fərdi emosiyalarından daha çox yaşadığı zamanın və coğrafiyanın sinəsindən yüksəlir. Şair mühitdə baş verənləri müşahidə etməklə, gördüklərinin ağrısını içinə çəkməklə kifayətlənmir, səsini zamanın gərginlik nöqtəsindən, mənsubu olduğu millətin və dövlətin taleyinin sınaq meydanından yüksəldir. Hegelin "zəmanənin ruhu" adlandırdığı o böyük tarixi enerji epoxanın bütün ağrısını, üsyanını şairin dili ilə car çəkir. Barat Vüsalın poeziyasındakı bəzən çılğınlıq həddinə çatan, "iki cahana sığmayan" bədii pafosun kökündə də məhz zaman-məkan gərginliyi dayanır. Bu poeziya rahat və asudə günlərdə sakit yazı masası arxasında əyləşən şairin içində vurnuxan təzadlı düşüncələrə deyil, başında müharibə mərmilərinin partladığı, üstündə barıt qoxusunun dolaşdığı qazax mühitinin, otuz il davam edən Vətən müharibəsinin cod havasına köklənmişdir. Yəqin elə buna görə də onun şeirlərindəki çılğın pafos tarixin gərgin dönəmində od-alovun içindən keçən zamanın hayqırtısı, dövrün şair mənliyinə həvalə etdiyi mənəvi zərurətin bədii ifadəsidir.

"Beşikdəki körpəyəm, Gordakı indi mənəm" deyən Barat Vüsal fiziki cəhətdən bizimlə bir dövrdə yazıb-yaratsa da, onun yaradıcılıq təfəkkürü keçmişdən gələcəyə bir xətt üzrə axan zamanın axarını qıraraq həm əvvəlimizlə, həm də axırımızla ünsiyyət qurur. Şair insanlığın ilkin dövrlərinin mifləri, xalq dastanları, orta əsrlərin irfan əxlaqı və gələcəyin hələ verilməmiş sualları ilə polifonik dialoqa girir, oxucunu da zamana sığmayan bu söhbətin tərəfdaşına çevirir. Bu dialoq bəzən mətnin görünən tərəfində, bəzən də alt qatındakı genetik kodlarda baş verir; ancaq hər iki halda oxucu ilə tarixi yaddaş arasında canlı, qopuqsuz bir mənəvi ünsiyyət yaradır. Şair öz fərdi "mən"ini milli-mənəvi bütövlüyün içində əridir, özünü keçmişin böyük ruhlarının davamı və gələcəyin carçısı kimi hiss edir. Bu baxımdan, müəllifin klassik irsə mifik-fəlsəfi qayıdışının fərqli bir nümunəsi olan "Nəsiminin türbəsi önündə" şeiri xüsusilə səciyyəvi və ibrətamizdir:

 

Gəlmişəm, görsünlər çıxmayıb canın,

Saralıb... sönməyib Günəşi Danın!

Gəlmişəm, kəsilsin tökülən qanın,

Dur, geyin, soyulmuş dərinəm, babam!

 

Şeirin son akkordu Barat Vüsal poeziyasındakı mifik-fəlsəfi yaddaşın sadəcə keçmişə sədaqət deyil, həm də bu günün od-alovlu reallığından doğan ictimai-publisistik çağırışını bəyan edir. Şair orta əsrlərin irfan fəlsəfəsindən, ruhun əzəli birliyindən danışarkən birdən-birə oxucunu özünün real mühitinə, bu günün gerçəkliyinə qaytarır...

"Qisas" şeirinin epiqrafı "Koroğlu" dastanından götürülüb. "Alı kişi dedi: Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Mən sənə yaxşılıq eləmək istədim. Məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm".

Şeirdə qisasın hədəfi cəbhənin o tayındakı, səngərin qənşərindəki yağı deyil, Alı kişinin gözlərini çıxardan, yəni öz xalqının işığını söndürən, haqqına qənim kəsilən xandır. Onun adının nə olmağı, hansı əsrdə, hansı zəmanədə yaşamağı da heç bir əhəmiyyət daşımır. Hər dövrün öz xanı, hər zəmanənin də öz Alı kişisi var...

"Qırat bir gözüydü, Dürat bir gözü, Aldı Alı kişi öz qisasını!" Alı kişinin qisası itirdiyi dünya işığının əvəzinə milli yaddaşın iki böyük rəmzi dəyəri - Qırat və Düratdır. Yaddaşın qeyb aləmindən kişnəyib gələn Qırat və Düratı müdrik Alı kişi onu kor etmək istəyən dövrana qarşı qoyur. Bu onu göstərir ki, Baratın poeziyasında dava təkcə torpaq qovğası deyil, həm də mənəviyyat, haqq-ədalət savaşıdır. Haqq-ədalət davası isə insan oğlu var olan gündən başlayıb və qiyamətə qədər davam edəcək. Qiyamətə qədər də:

 

Zalım öz kamını alası deyil,

Rövşən qalxasıdı Qıratın üstə.

Qisas qiyamətə qalası deyil,

Bir eşqin, bir yolun, bir andın üstə!

 

Bu misralardakı pafos işığın qələbəsinə, zülmətin - zalımın, zülmün məğlubiyyətinə inamın ifadəsidir. Səməd Vurğunun sözü ilə desək, "Zülm də, zalım da var ola bilməz!"

Barat Vüsalın dəli-dolu, çılğın şair ruhunun, insan kimi xarakterinin bir kökü də doğulduğu və hazırda sakini olduğu Kosalar kəndinə bağlıdır. Bu kəndin Azərbaycan tarixində bütün nəsillərə nümunə olacaq bir keçmişi var. 1918-ci ildə öz dəbdəbəli mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Məşədi İbrahim ağa Kosalardan olub. O, şərəfli ömrünü Kosalardakı sadə kənd evində başa vurub. Seminariyadan isə Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Möhsün Poladov, İlyas Əfəndiyev, Mehdixan Vəkilov kimi şəxsiyyətlər çıxıb və onların işığı Azərbaycan milli varlığının üzərindədir. 

Barat da günlərin bir günü öz işığını bu gur işıqlara qatmaq, böyük vüsala çatmaq üçün Kosalar kəndindən uzaq üfüqlərə uzanan yola çıxdı. Bu yol zamanın sərt döngələrindən, sıldırımlı eniş-yoxuşlarından, torpaq itkisindən, Şuşa həsrətindən keçdi. Ancaq Barat tutduğu yolun uğura calanacağına ümidini heç itirmədi:

 

Duman enir, çən qayıdır,

Yerinə Vətən qayıdır.

Şuşa səfərdən qayıdır...

Bu yol Şuşayacan gedir.

 

Arxasında xalq dayanan, önündə Haqq gedən Barat Vüsalın yolunu Azərbaycan xalqının sarsılmaz iradəsi və tarixin ədaləti Böyük Zəfərə, itirilən torpaqların azadlığına qovuşdurdu.

Həsrətliləri vüsala çatdırana çox şükür!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!