Mən bir meteorit kimi
Yana-yana düşdüm Yer üzünə.
Yad oldum insanlara,
Yad cisim kimi
tüstülənə-tüstülənə...
Xatirə Fərəcli.
"Kimin var ki" kitabından.
Müxtəlif səbəblərdən kimin-kimsənən olmaya bilər, əslində isə sənin arxa və dayağın kimin yox, nəyin varsa, odur!

1
Qaynar təbiətli şair-publisist, ictimai fəallığı və insaniyyəti ayrıca dəyərə malik olan Xatirə Fərəclinin "Kimin var ki" adlı 223 səhifəlik şeirlər kitabının əlyazması yazı masamın üzərindədir. Sonuncu səhifəsini indicə çevirdiyim poetik toplunun təəssüratı içindəyəm. Son vaxtlarda hansısa şairdən birnəfəsə bu həcmdə şeir külliyyatını oxuduğumu xatırlamıram. Əslində, yeni kitabını əvvəlcədən razılaşdığımıza görə, elə-belə, sadəcə, gözdən keçirib, "çapa layiqdi, layiq deyil" - qismində fikir bildirmək üçün elektron ünvanıma göndərəndə şeirlərə belə dərin diqqət kəsiləcəyimi, hələ bu azmış kimi, düşündüklərimi kağıza köçürəcəyimi bilmirdim, çox güman, Xatirə xanımın da belə bir təmənnası yox idi.
Amma, neyləməli, sözün, xüsusən, uğurlu ədəbi təsvirin ruhu var. Birdən fələyin çarxı elə fırlanır ki, bədiyyatdan doğan həmin o ruh adamı tutur, müxtəlif ölçülü misralar varlığına sarılıbmış kimi səni bir müddət təsir altında saxlayır.
Yeri gəlmişkən, mən Xatirə xanımı qələm adamı kimi yaxın zamanlarda tanımışam. Mətbuatda çıxan, əvvəlki kitablarında işıq üzü görən şeirlərini müntəzəm izlədiyimi də deyə bilmərəm. İndi isə belə bir mütaliə imkanının ələ düşməsi, məncə, həm şair, həm də oxucu üçün təsadüf yox, uğurlu qismət sayıla bilər.
2
Heç də qəribə deyil ki, Xatirə Fərəcliyə görə "həyat-bir parça şeirdi" - o, (həyat) səni duyğulandırır, yazırsan, sona çatıb bitir...
Təbiətdə olduğu kimi, zehniyyətdə, daha dəqiqi bədii düşüncədə də ideyalar təsdiq və inkar aralığında, ziddiyyətlər burulğanında inkişaf edib, yekunda ədəbi sərvətə çevrilir.
Xatirə Fərəcli sanki topludakı bütün şeirləri ilk bölməyə epiqraf kimi verilən bir fikrin - "həyat bir parça şeirdi, duyğulandırır, yazırsan, sona çatıb bitir," - poetik ifadəsinin məhz ironik olduğunu bədii yöndən əsaslandırmaq üçün yazmışdır. Budur, üç-dörd sətirlik poetik tezis var, bu öz yerində, amma o üç-dörd sətrlik tezisi küncə sıxan tam bir kitablıq poetik antitezis də ortadadır.
Olsun, bu fərdi bir yanaşmadır, ən əsası isə bütün hallarda şair doğru yol tutub, belə ki, o, hər uğurlu şeirilə həyatın yeni qatına enir və elə bu andaca həyat ədəbi fraqmental çərçivədən çıxıb, hər bir yaşantısı şeirə, bədii detallara dönən dolğun poeziya toplusuna çevrilir.
Mən elə bu barədə danışmalıyam.
Hərdən təklikdə "fəlsəfi düşüncələr (bəlkə də duyğular) dəryasına baş vuranda" yekun mülahizə bundan ibarət olur ki, dünyaya gələn milyardlarla insanın fərqinə varmadan (unamadan) içindən, böyründən, üstündən, altından... keçdiyi həyat deyilən konkret və mücərrəd varlıq bütün parametrlərinə (məziyyətlərinə) görə ən azı kainat (qalaktika, aləm) qədər hüdudsuzdur. "Həyat sandığı"nın içində nə var, nə yox, bəzən bundan Yaradanın da xəbəri olmur... Xatirə Fərəclinin şeirləri ilə nisbətən yaxın tanışlıqdan sonra düşüncəmdə hələ ki, qönçə halında olan, bərkiməyən, həmin bu xəyali və qlobal həqiqətə bir az daha artıq inandım.
Deyə bilmərəm ki, həyat məfhumunu ifadə edən söz və deyimlərin hansı miqyası ümumi istifadə üçündür. Ömürdən ötən illərin karvana, durna qatarına, vağzalları vağzallara birləşdirən qatarlara bənzədilməsi dünya şairlərinin ciddi- cəhdi sayəsində bədii obraz səlahiyyətini çoxdan itirib, keçmişdə ədəbi məziyyət yükü daşıyan qatar (il, ömür qatarı) indi adi danışığa məxsus leksik vahiddir. Məsələ burasındadır ki, keçmişdə obrazlı düşüncəni ifadə edən vahidlər də daşlaşmayıb, mütəhərrikdir, onlar yenidən obraz biçimində təzahür edə bilirlər.
Xatirə xanımın "Qatar gözləyirəm" şeirində olduğu kimi. Fikrimcə, bir qədər cilalanmağa ehtiyac duyulan bu bədii parçada "qatar" obrazının bədii psixoloji təsiri yetərincə hiss olunandır. Əsərdən belə məlum olur ki, insanın öz istəyinə qovuşmaq, vüsala yetmək ümidi gor evinəcən ölmür və sən ömür boyu, qoy lap boş yerə olsun, həyatın hansı bir məntəqəsindəsə dayanıb qatar gözləyirsən. O qatar varmı, varsa gələcəkmi, sənin gözlədiyin varlıq o qatarın içindədirmi, heç olmaya gözlənilən müsafir sənin burda onu gözləyərkən nələr çəkdiyini bilirmi? Hayıf ki, əksər hallarda olduğu kimi, "Qatar gözləyirəm"in də finalı nikbin deyil, məğlubiyyətin, havayı gözləntinin acı təəssüf hissinə bürünüb:
Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir,
Mənsə qatar gözləyirəm.
Torpaq anlayışı qismən də olsa, həyat anlayışının ekvivalenti kimi qavranıla bilər. Torpaq həyatın bir parçasıdır, yoxsa həyat torpaq üstündə bərqərardır? Torpaq məkandır, həyat isə həm də zamanı ehtiva edir. Zaman içində canlı varlığın doğuluşu da, yaşayışı da, ölümü də torpağa aid vaqeələrdir. Xatirə "Səni istəmək ağır" şeirində torpağa üz tutaraq yazır:
Niyə çat vermisən, torpaq,
kimin həsrətini çəkirsən?
Sənin istəyin bəlli,
Səni istəmək ağır.
Ruhsuz gəlir qucağına
bağrına basdığın adam,
qoynuna gələn fağır.
Üstündə
"həyat-həyat" oynayanlar,
Dünyayla başını qatanlar,
Səni sevənlər,
səni satanlar...
Eyni çat yerindən baxırsan hamıya...
Bu nə hikmət, nə səbir?!
Torpaq, ulu torpaq -
üstün gülüstan
dibin qəbir!
Həyat, dünya nəhayətsiz olduğuna görə sənətkarlar, demək olar, bütün yaradıcılıq dövrləri ərzində seçim qarşısında qalır və bu seçim imkanı mənəvi, eləcə də natural çevrə ilə mükalimədə aydınlanıb üzə çıxır. Xatirə Fərəcli "Dünya ayağım altda" adlı lakonik, amma bəs deyincə axıcı olan bir şeirində dilemma qarşısındadır. Baxaq, görək bu hansı ovqatın, necə bir poetik duyumun təsiri ilə baş verir?!
Fikir yelkənsiz gəmi,
bir mövzu tutub məni -
yazımmı, yazmayımmı?
Hisslər ağlı hərləyir,
Məni şeytan girləyir -
azımmı, azmayımmı?
Hər kəlmədə bir tənə,
Hər baxışda bir məna -
yozummu, yozmayımmı?
Bu nə eşq, bu nə istək,
Qovğada ağıl, ürək -
dözümmü dözməyimmi?
Hər istək ayrı adda...
Dünya ayağım altda -
əzimmi əzməyimmi?
Bu şeirdə bir qədər titrəyişli, bir qədər qüssəli əsəb tellərinin az qala gözlə görünən təlaşı əbəs yerə deyil, çünki şair bəzən oxucunu mütəəssir edə bilmək dərəcəsində həssasdır, adi mehdən belə ovulub səpələnmək təhlükəsi ilə üz-üzədir. "Qar üstündəki ləpir kimi pak olan insan" "içindəki tüstüdən qurum bağlayan canı" gizlədə bilmir, heç nə, sadəcə həmişə həqiqəti əks etdirən gözlər onu "ələ verir." "Könlü cingiltisiz qırılan" lirik varlığın darıxmağı da xislətin zərifliyindən irəli gəlir. Sevda duyğusunu qəlbində küsdürən, çılğın həvəsini içində kiridən şair - lirik "mən" bilir ki:
Zaman bu, məkan bu,
taxt bu, gərdiş bu;
kim gəlib, kim gedib,
hesabımı var?
Sorma bu dünyanı saran süstlüyü
İnsan bapbalaca, dünya dardan dar.
Belə darlıq və balacalıq sıxıntı üçün kifayət qədər ciddi səbəbdir. Bu səbəb şairi möhkəm darıxdırır:
Darıxıram dəli kimi -
kiminçün, neçün, bilmirəm.
Axtarıram qəmin hara
calayım ucun, bilmirəm.
...Öz evimdə-eşiyimdə
Uçulur içim, bilmirəm.
...Nisgildən zəmi bəslədim,
Nə ilə biçim, bilmirəm...
Elə çıxmasın ki, darıxmaq yalnız xarakterdən gələn cəhətlərlə bağlıdır, yox, Xatirə Fərəcliyə görə insanın narahat, həssas duyğusallığının obyektiv sosial, ictimai, mənəvi və hətta irfani səbəbləri də var. Şairi darıxdıran obyektiv reallıq ondan ibarətdir ki, "darıxıram, darıxıram - dar gəlir ruhuma bədən". Şair darıxır, o üzdən ki, qara qarışqalar kimi, sıra çəkib mənzildən-mənzilə daşınan insanın ixtiyarı öz əlində deyil, yön verən fələkdir, asta, yaxud yeyin getmək hamı üçün eyni olan son mənzilin mahiyətini dəyişmir. Şairin lirik qəhrəmanı (əslində özü), Füzuli babamız demiş, dərd əlindən dağa çıxanda, adətən olduğu kimi, Allahdan deyil, onu incidən sıxıntılardan imdad diləyir:
Göz yumub dincələndə
boz-qırmızı boşluq,
selə-suya həsrət qalan bənd,
Qıy vuranda
qulaq batan xaraba kənd,
Bəxtinə
içində boğulmaq qisməti düşən hayqırtı,
Sevə-sevə ayrılanların
qəhrindən can çəkən eşq,
Dar dünyalı birinin
ixtiyarına verilmiş geniş ürək,
Hisslərin işğalının verdiyi təəssüf,
Donan təbəssüm...
Susqunam,
burax, gedim, a dünya!
Sevdaya tutulan, dərdi başından aşan, dağınıq ovqat səbəbindən gecəni çimir eləməyən insanların Ayı (Yerin peyki) şahid çəkmələri ədəbiyyatda təzə mövzu deyil. Neçə-neçə şair bu tabloya öz əlavələrini edib. Xatirə "Ay bilir" adlı şeirini indi misal çəkəcəyim misralarla bitirir və bir anda zərif bir varlığın qüssəsi, küskünlüyü fonunda Ay insaniləşir, nəinki şahid, həm də nəmli gözlərin pasibanı olur:
Kimin duyğuları küskün, dağınıq,
Kimin yanaqları nəmdi bu gecə?
Kim çıxıb Ay ilə söhbətləşməyə? -
Ay bilir darıxan kimdi bu gecə...
Şairi kədərə boğduran reallıq, mənəvi-psixoloji səbəblər poetik məntiqlə yozulur, o, həyatın ziqzaq və neqativlərinə biganə qala bilməyən kövrək qələmiylə oxucuda düşüncə axını yaradır.
Yanında bir kimsə oldu, olmadı,
içində tək oldun, təkdən tək canım!
Səbrinlə nə tapdın, nələri çözdün,
nə var ki, tutasan bərkdən bərk, canım?!
İnsan nə qədər dözümlü olub dərdlə mərdi-mərdanə döyüşsə də, bəzən, xüsusilə ədəbiyyatda, göz yaşları axıtmadan keçinmək olmur. O ki qalmış poetik dərdin müəllifi qadın ola. Amma hər bir halda bu ağlamaq tərzi-hərəkəti elə ədəbi-estetik təsir gücünə malik olmalıdır ki, başqalarını ağlatmasa da, bir qədər kövrəltsin, qəhərləndirsin. Məsələn, mən şairin "Bu dərd var" şeirinin elə ilk bəndində içimdə tərpənən mərhəmət hissinin təlaşını boğazımdakı qəhərdə açıq-aşkar hiss elədim. O bənd belədir:
Bu dərd ki var, keçən deyil,
Çalış, yola ver də, ağla.
Bir ağladın, kar aşmadı,
Dərdini al dizin üstə,
Sıx sinənə, bir də ağla!
Xatirə Fərəcliyə görə, insan darıxırsa, deməli, yaşayır, hətta bəzən daxili sıxıntı ölümün yarısı həddinə çatsa belə. O, inanır ki, "Tanrını tanrı edən bəndələri, bəndəni bəndə edən çəkə bildiyi dərdidir". Elə bu səbəbdən də indi "əlimin biri dərdlərimə uzanıb, biri göyə," - yazır. Beləcə, uğurlu poetik ifadənin gücü ilə dərd ilahiləşir, doğmalaşır. Tanrı bir qayda olaraq dərdi dərd adlı ağır yükü çəkənə verir. Bir dəfə balaca nəvəsi köks ötürüb "darıxıram" deyəndə şair bu yükün əl boyda ciyərparasının çiyninə yüklənməsinə razı olmur, axı sən nə bilirsən ki, darıxmaq nədir? - deyə sanki hər cür darıxmaqlardan qorumaq üçün balaca Aylinin başı üzərinə sevgi, mərhəmət çətri tutur.
3
Bura qədər qeyd olunanlardan belə çıxmasın ki, Xatirə xanımın şeirləri büsbütün "qara paltarlı qadındır", misralar göz yaşına, yanan qəlbin tüstü-dumanına bürünüb. Elə deyil, əslində mən barəsində danışılan mövzuda (qəm, dərd, darıxmaq) olan şeirlərin eyni başlıq altında təqdim edilən konkret poetik silsiləni nəzərdən keçirirdim. Xatirə Fərəcli sözügedən silsiləyə daxil "Dur qarşıla ölümünü" adlı şeirində haqlı olaraq yazır ki, dünya yalnızca fani deyil, o həm də əbədi qalan işıqdır. Şair hüznlü hissiyyatın miqyasından asılı olmayaraq, əsasən, öz sözünün üstündə durur, bədii dillə oxucusuna çatdıra bilir ki, hər cür dərdə sinə gərmək, ən ağır yükü çəkməyə girişmək bir şərtlə yerinə düşür ki, lap yekunda insan övladına əyilməyən, dözümlü, digərləri üçün də dəyərli örnək olan bütöv ömür, mənalı həyat yolu qalır.
Şairin poetik silsilələrindən biri təbiətlə, o cümlədən, yer-yurd, doğma məkanlarla bağlıdır. Nədənsə Xatirə xanımın bu qəbildən olan şeir silsiləsi payızın iki misralıq tərifi ilə başlayır:
Yarpaqlar sarı, yaşıl,
Təbiət payızlaşır...
Və qəribədir ki, payızla başlayan təbiət, yer-yurd mövzulu yazılar fəsillərin ardıcıllığına, mövsümlərin doğal sırasına tabe olmur, bədii təxəyyül yayın-qışın üstündən adlayıb yazla, baharla davam edir. Ağ çiçəklərə bürünmüş düzənlik mənzərəsi şairi daha mübhəm, özünə də sirli olan bir aləmə çəkib aparır:
Ürəyim ağ kələğayı,
Bir yer yoxdur ki, sərim.
Bəlkə belə ürəklə
Çiçək olub əzəlim?!
Onun "Bahar gəlir" şeirində yaratdığı peyzaj-tablo bu fəslin gəlişiylə təbiətdə baş verən oyanış və dəyişilmə prosesinin özünə bənzər şəkildə çoxçalarlı, hissiyyatlıdır.
Şairin qələmə aldığı "Bu yağan yağış" poetik nümunəsi, məncə, çağdaş ədəbiyyatımızda bu mövzuda yazılan ən yaxşı əsərlərdən biridir. Şeirin məzmunu və bədii intonasiyası vəhdət yaradaraq oxucuya imkan verir ki, o, yağışı gözüylə görsün, şairlə yanaşı dayanıb göydən ələnən nurun tamaşasından doymasın:
Bu yağan yağış nə narın -
sıx, qalın bulud
dolaşır dağı,
çəkib örtüyünü tarım.
Bu yağan yağış nə uzun -
bir nəğmədir asta, həzin,
muncuq-muncuq, düzüm-düzüm.
Bu yağan yağış nə inci -
göylərin eşqi, sevinci,
göz, könül seyri, dinci.
Bu yağan yağış nə gözəl -
göydən yerə səpilən ləl,
təbiət canlı, təzə-tər.
Bu yağan yağış nə xırda -
rəqs edir arxda,
axında,
selə qarışır axırda...
Yer-yurd təsvirləri, nə yazıq ki, bəzən tarixin acı həqiqətlərini ifadə etmək zorunda qalır."Şəhidlər xiyabanı - şəhidlərin şəhəri, bəzəyi bayraqlar, çiçəklər" - yazan Xatirə xanım Xudafərin körpüsünə üz tutuban görün, nə söyləyir:
Mən səndən keçə bilmirəm,
Sən mənim
ürəyimin başından keçirsən,
Xudafərin!
Xudafərin körpüsü tarixi abidəsi və İçərişəhər tarix və mədəniyyət qoruq abidəsi vətənimizin bir-birindən aralı coğrafi məkanlarında yerləşir, onların yaranışı fərqli tarixi dövrlərə aiddir. Onların memarlıq səciyyələri, yerləşmə vəziyyətlərini müqayisə etmək yersizdir. Ədəbiyyat pəncərəsindən baxanda isə deyə bilərəm ki, hər iki abidə haqqında şeiri, nəsr əsəri, ədəbi-publisistik essesi olmayan az qələm əhli tapılar.
Xatirə Fərəclinin də şeirlərindən biri "İçərişəhər" adlanır. Yeri gəlmişkən, şairin Yardımlıya, Sumqayıta, Yanardağa, Şuşaya, Qarabağa, Xocalıya... həsr olunmuş şeirləri də var. Onların arasından nəzər salmaq üçün məhz "İçərişəhər"i seçməyim əlhavasına (təsadüfi) deyil, ədəbi tənqid baxımından isə fikrimcə, bu əsər xüsusi yanaşma tələb edir. Məsələ burasındadır ki, şair əsasən ənənəvi memarlıq quruluşunu qoruyub saxlayan qocaman şəhərin küçə, dalan, tinlərindən yalnız onun özünəməxsus tərzdə, başqa şairlərin poetik qənaətini, obrazlı müşahidələrini təkrarlamadan ötüb keçir. "İçərişəhər" şeiri reallaşmış bədii düşüncə baxımından İçərişəhərin özü kimi təkrarsızdır. Əgər biz şeirin qısa məzmununu nəsrlə tərtib etsək, belə bir düşündürücü, duyğulu və xüsusi təşnəliklə yaddaşa hopan mədh-mənzərə alınacaq.
Nədənsə, əslində dərin, incə müşahidə səbəbindən Xatirə xanıma görə İçərişəhər məhdudiyyət və ümiddir (Çünki insan cığır kimi dar, məhdud yolların onu harasa aparıb çıxaracağına inanır). X. Fərəcliyə görə İçərişəhərin dar dalanları bitirib nöqtə qoymaq istədiyin sevgi nağılını təzədən başlamaq kimidi. Keçib gedərkən iki divar arasında deyil, iki təzadlı fikir arasında qalmış kimi olur müsafir. Bitən və təzədən başlayan dalan təzə həyat, yeni eradır. Arxada qalan küçə aldanışlara əl yelləyib boş verməyi öyrədir, həm də onlar ələklənib ələkdə qalan dostlara fatihədir və şeir belə davam edib bitir:
Küçəyə sığmayan ürəklər,
içində ürək olmayan tənlər görüb,
Bu dər-divar
təpiklər, tapdaqlar görüb,
Məhəbbətlə basılan addımlar,
meh sığalı,
külək öpüşü,
Günəş təbəssümü görüb bu daşlar...
Başqa bir şeirdə ("Qəbir üstə bitən ağac") o, başdaşının yanında bitən ağacı öz dərdiylə qoşa duran görür, canı qədər sevdiyi insan o məzar içində torpağa qarışıb, torpaq ağaca can verir. Ağacın yarpaqları şairin dərdinə yanan doğma bir kəs kimi hüznlə nəsə pıçıldayır. Xatirə Fərəcli qəbir üstə bitib başdaşıyla (şairin dərdi ilə) qoşa dayanan ağacdan bunu soruşur:
...Oxşayımmı,
sığınımmı sənə
əzizimin kölgəsi kimi?
Və ağac kimi dikəlib daim yaşıl qalan bu dərd, bu kədər sərdabəsi bir başqasının deyil, şairin dünyadan vaxtsız getmiş ömür-gün yoldaşının, üç övladının atasının əbədi mənzilidi.
Şairlər vergili olurlar, onlar az qala, alın yazılarını oxumağa qadirdilər. Bəlkə elə bu səbəbdən oxucuda belə təəssürat yaranır ki, yarıda qırılan böyük sevginin acı qəhəri Xatirə Fərəcliyə irəlicədən agah olubmuş.
Şairin kədər və işıq saçan, hər bir halda əli, ayağı yerdən, göydən üzülməyən sevgi şeirləri vəfa, etibar, mərdi-mərdanə məhəbbət nəğmələridir. Bu nəğmələri onun özünün yazdığı kimi, "gündüzlər hara getsə də axşamlar ürəyinə çəkilməyə" qadir olan şairlər səsləndirə bilər, məncə...
Ürəyim bal şərbəti,
duyğularım şan,
Gündüzlər bal arısı kimi
harda gəzib dolaşsam,
ürəyimə çəkilirəm
hər axşam!
Yer üzündə bəlkə də insanın sığına biləcəyi ən etibarlı, təhlükəsiz məkan (məcazi mənada) öz ürəyidir...
4
Xatirə xanımın şeirlərində oxucu diqqətini cəlb edən bir çox bədii-estetik məziyyətlər var ki, onların bəzilərini qeyd etmək yerinə düşür.
Bu səciyyəvi cəhətlərdən biri obrazlı ifadənin yaratdığı vizuallıqdır, yəni misralar elə qurulur, sözlər elə seçilir ki, həyat epizodu, fraqmental hissiyyat, ümumiyyətlə götürdükdə isə reallıq sanki gözlə görülür. Məsələn, "Bu sükut" şeirində şair dilimizdəki "ölü sükut" deyiminin ifadə etdiyi məzmunun poetik modelini cızarkən ciddi bir bədii sual yaradıb ona qarşı ayrı bir bədii sual yaratmaq yolu ilə cavab verir. Sükut - dondurmaq dərəcəsində soyuqdursa, dilsiz kölgə vahimə yaradırsa, bir sərçə uçuşundan ürək ürpənirsə, səni udub dərin səssizliyə çəkmək istəyirsə, əflakı zillət, lal dili ilan zəhəridirsə, niyə ona ölü sükut deyirik? Bu ki, dipdiri sükutdur!
"Anam dəniz" şeirində bədii təxəyyülün cızdığı lövhə oxucunu "şair yalanına" inandıra bilir:
...Dənizdir sanki Göy üzü də -
qatlanıb gəlib başım üstünə.
Bir çox hallarda səmimiyyət, daha doğrusu, fikrin səmimi, təbii, xalq dilinə və deyim tərzinə yaxın ifadəsi onun şeirlərinin təsir gücünü artırır. Məsələn,
"Evdə kim yoxdursa" şeirində:
"Evə qadın gərək, isidə evi,
Otağım soyuyub qara bürünür"...
"Evə qadın gərək", - söyləyən dostum,
Evdə kim yoxdursa, yeri görünür.
"Çıx get" şeirində:
Darıxmağın daşın atdım,
daha darıxan deyiləm,
Soyuqluğun ilan kimi,
sinəmə sıxan deyiləm.
"Gəlmisən" şeirində:
İllər həsrət, qəm yaşıdı,
Qəlb eşqinə baş daşıdı,
Yerin bağrımın başıdı,
Gəl, öz mülkünə gəlmisən.
"İçində" adlı şeirdə:
Dönmüşəm bir gizli nisgilə, aha,
Mənə yazı yazan batıb günaha,
Köçümü dünyadan çəkmişəm daha,
Kim qalar bu boyda talan içində?!
"Gözüm sığal çəkir" şeirində:
Uzaqdan gəlirsən yaxınım kimi,
Gözüm sığal çəkir sən gələn yola.
Açımmı qəlbimin qapılarını?
Orda kimsə yox ki, yeri dar ola.
Poetik nümunələrin əksərinə məxsus forma və məzmunun qaynayıb-qovuşması estetik ahəngin özülündə dayanaraq nəğmə qədər axıcı misraların doğuluşunu şərtləndirir.
Təbii ilham uğurlu bədii-estetık nümunənin yeganə şərti deyil. Zər zərdi, cilalandıqca dəyəri artır. Bədii əsər ədəbiyyat qanunlarına tam əməl edilməklə yaradıla bilər və buna görə hər bir qələm sahibi məsuliyyət daşıyır. Güman edirəm ki, fikrimi aydın ifadə elədim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
