Vahid Qazinin "Çöl Qala" romanı haqqında qeydlər

İş səfərindəyəm. Təyyarədə yanımda təxminən, 35-40 yaşlarında bir xanım oturub. Ünsiyyətcildir, söhbət etməyi xoşlayır. İsveç dilində ləhcə ilə danışığından gəlmə bilib haralı olduğunu soruşuram. Kaliforniyalıdır, İsveçdə işləyir, indi məzuniyyətə çıxıb. Böyük bir şirkətdə marketinq və satış üzrə məsuldur.
Yöteborqdan Münhenə uçuruq; mən oradan Çexiyaya, o isə Fransaya gedəcək. Müxtəlif mövzularda qısa söhbətdən sonra hərəmiz əlimizdəki kitaba başımızı qatırıq. Onun əlində elektron kitab oxuyucusu (Kindle), məndə isə kağız kitab var. Bir qədər keçmiş soruşur:
- Nə oxuyursan elə maraqla? Gözləmə salonunda da kitaba necə daldığın diqqətimi çəkmişdi.
- Hə, maraqlı kitabdır, - dedim. - Uzun müddətdən sonra ana dilimdə oxumaq istədim. Səhər evdən çıxarkən kitablarıma göz gəzdirib bunu seçdim. İndiyədək əlli səhifəsini oxumuşam, əl çəkə bilmirəm.
O da gülümsəyərək: - Görürəm, - dedi.
Kitabı ona göstərərək Vahid Qazinin arxa üz qabığındakı şəklinə işarə edir, müəllifin dostumuz olduğunu deyirəm. Sonra cildin arxasındakı avtoqrafı göstərib əlavə edirəm: "Bu kitabı neçə il əvvəl doğuşunu gözlədiyimiz uşağımıza hədiyyə edib".
Maraqlandığını görüb kitabın nədən bəhs etdiyindən danışdım. Roman belə başlayır: bir araşdırmaçı yazar universitet illərindən tanıdığı xanımla təsadüfən qarşılaşır. Bəs bu xanım kimdir? Bu xanım universitetdə çox tələbənin, hətta gənc müəllimlərin belə aşiq olduğu halda, kasıb bir rəssamla evlənərək hamını təəccübləndirmiş aristokrat bir ailənin çox gözəl qızıdır. Sonralar tanınmış, vəzifə sahibi olan rəssam əri yenicə vəfat edib. Xanım ərinin sərgisini keçirməyə hazırlaşır. "Əsl məqamıdır", deyib tələbə yoldaşından ərinin həyatı haqqında geniş məqalə yazmasını istəyir və araşdırma aparması üçün onu evinə dəvət edir. Yazar bir neçə gün rəssamın otağında, emalatxanasında olur. Əşyalarını nəzərdən keçirərkən, təsadüfən qeyd kitabçasında bir səhifənin küncündə şübhəli cızma-qara arasında güclə oxunan bir sözə diqqət yetirir: "Çöl Qala". Bir müddət bu ifadənin mənasını araşdırdıqdan sonra "Çöl Qala"nın rəssamın sosial şəbəkədəki hesabının şifrəsi olduğunu tapır. Rəssamın orada bir qadınla yazışdığını və ona dəlicəsinə aşiq olduğunu öyrənir. Kitabın əsasını rəssamla bir qadının yazışmaları, bu münasibətin necə başlayıb inkişaf etməsi təşkil edir. Yazar bir neçə il davam edən bu yazışmaları oxuyarkən qarşılaşdığı əxlaqi dilemma barədə də danışır: rəssamın gizli sevgisini xanımına bildirməlidirmi? Üstəlik, bu maraqlı hekayəni nəşr etdirmək istəyi etik baxımdan doğrudurmu?
Beləliklə, görək bu hekayə hara gedib çıxır...
Bunları yol yoldaşıma danışarkən onun gözlərindəki marağı görməmək mümkün deyildi. Uzun danışdığımın fərqində idim; dayanıb nəzakətlə sözü ona verməliydim. Soruşdum: - Bəs sən nə oxuyursan?
- Səninkinin yanında bu, o qədər də maraqlı deyil, - dedi. Kitabı elə-belə seçdiyini, başqasına tövsiyə edəcək qədər bəyənmədiyini söylədi.
Sonra "Çöl Qala"nın mənasını soruşdu. Rəssamın Şuşada uşaqlıqda yaşadığı məhəllənin adı olduğunu açıqladım. Vahid Qazinin də qarabağlı olduğunu deyərək onun haqqında bir qədər danışdım: sovet rejiminə qarşı tələbə azadlıq hərəkatında iştirak etməsindən, Qarabağın işğalından sonra Bakıda qaçqın həyatı yaşamasından, beynəlxalq demokratiya təşkilatları ilə əməkdaşlığından və hazırda İsveçdə yaşamasından söz açdım.
Xanım dodaqlarını bir-birinə sıxıb gözlərini azca böyütdü və "Maraqlıdır!" - dedi. Bir anlıq səssizlik yarandı. Mən isə astadan "Elədir..." deyib yenidən kitaba qayıtdım.
Deyəsən, xanım əlindəki kitaba marağını artıq itirmişdi. Kindle-ını bir az o yan-bu yana çevirdikdən sonra qəfil soruşdu: - Kitabın ingiliscə tərcüməsi varmı?
- Bilmirəm, - dedim. Müəllifin bəzi əsərlərinin rus və İsveç dillərinə çevrildiyini, ancaq ingiliscə nəşrlərin olub-olmadığını bilmədiyimi söylədim.
***
Üçgünlük səfər ərzində kitabı oxumaq üçün hər fürsəti dəyərləndirdim. Hekayənin gedişi adamı ardınca sürükləyib aparır. Əslində, oxucu bu kitabda iki paralel süjet izləyir. Bir tərəfdən, tanınmış rəssamın bir qadınla gizli yazışmalarını oxuyur, digər tərəfdən isə, yazarın bu yazışmalar qarşısında hansı mövqe tutacağını səbirsizliklə gözləyir. Maraqlısı budur ki, hər iki süjeti bir-birinə bağlayan şəxs rəssamın yazışdığı qadın yox, öz xanımıdır. O, hər iki hekayənin mühakimə nöqtəsində dayanır. Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək istəyən oxucu ilk növbədə o xanımı düşünməlidir. Ancaq bu, o qədər də asan deyil. Çünki kitabı oxuduqca hökmün dəfələrlə dəyişir. Hər kəsə haqq qazandırmaqla yanaşı, eyni zamanda onu haqsız da görə bilirsən. Belə bir deyim var: aslan haqqında sənədli film izləyəndə, onun günlərlə ac qalıb əziyyət çəkdikdən sonra bir ceyran ovlamasına sevinirsən. Eyni səhnəyə ceyran haqqında sənədli filmə baxanda isə tamam əks hisslər keçirirsən. Roman boyu bu baxış dəyişməsini dəfələrlə yaşayırsan.
Rəssamla qadın arasındakı yazışmalar əvvəlcə bir qədər maqazin marağı oyadaraq səni qarşıda ehtimal etdiyin erotik məqama çatmağa tələsdirsə də, heç vaxt intellektual və sevgi dolu məzmunun hüdudlarından kənara çıxmır. Qadın rejissorluq təhsili almış, rəssam kimi kitab əhli olan biridir. Hekayə irəlilədikcə söhbətlər səmimiləşib açıq sevgi etiraflarına çevrilsə də, onların dialoqu daim filmlər, kitablar, yazıçılar və ictimai tənqidlərlə zəngin qalır.
Bu onlayn yazışmalar bir ildən çox davam etsə də, rəssamın bütün israrlarına baxmayaraq, qadın onunla görüşməkdən yayınır. Bunun səbəbi rəssam qədər oxucunu da maraqlandırır. İrəlilədikcə, məlum olur ki, hələlik dilə gətirmək istəmədiyi hadisələr üzündən qadın artıq sevməkdən, sevilməkdən və kiməsə bağlanmaqdan qorxur. O, fatalistə çevrilərək hər şeyin qismət və qədər kimi əvvəlcədən yazıldığına inanır.
Onun qarşısında isə rəssam ekzistensialist mövqedə dayanır: insanın əvvəlcədən yazılmış taleyin əsiri olmadığını, seçimləri ilə həyatına yeni istiqamət verə və onun mənasını özü yarada biləcəyini düşünür.
Bir müddətdən sonra hekayənin sətiraltı qarşıdurmasının əsasını fatalist və ekzistensialist baxışların toqquşması təşkil edir. İnsan və azadlıq əsas mövzuya çevrilir. Bu qarşıdurmanın gedişində rəssamın təsiri ilə qadının fatalist dünyagörüşü tədricən dəyişir. Rəssam sevgidən qaynaqlanan səbirsizliyinə rəğmən, çox səbirlə, sehrli sözləri ilə qadını özünə və sevgisinə inandırmağı bacarır. O, başqalarının yaratdığı dəyərlərlə onların dünyasında kirayənişin olmaqdansa, öz dünyalarını yaratmağın vacibliyindən danışır. Rəssam qadının inanclarını birbaşa sorğulamaq əvəzinə, peşəkar bir terapevt kimi, onda tədricən sevgi və ümid oyadır. Ona hər şeyin müsbət tərəfini görməyi, mükəmməllik axtarışına qapılmaq əvəzinə nikbin olmağı öyrədir. Bunu qadına yaşatmaq üçün görüşəndə ona göstərəcəyini vəd etdiyi portretini çəkir. Lakin portretdə yalnız qadının çox sevdiyi gözlərini tamamlayır və rəsm məhz bu vəziyyətdə yarım bitmiş olur. "Çoxları onu yarımçıq hesab etsə də, biz tamamlandığını bilirik. Çünki öz dünyamızda nəyin tamam olduğuna biz qərar veririk". Rəssamın bu fikri məşhur avstriyalı rəssam Qustav Klimtin "Fraulein Lieserin portreti" əsərini yadıma saldı. Həmin portretdə üz tamamlanmış olsa da, digər hissələr natamam təsir bağışlayır. Kimisi onu yarımçıq əsər, kimisi isə rəssamın yaradıcılıq sərbəstliyinin ifadəsi kimi görür.
***
Hadisələr irəlilədikcə qadının həyata və sevgiyə münasibəti dəyişməyə başlayır. Lakin əsərin gözlənilməz dönüşləri bu dəyişikliyi asan bir qələbəyə çevirmir. Final fatalizmlə azad iradə arasındakı qarşıdurmanı daha da mürəkkəbləşdirir və oxucunu taleyin hökmü, insanın seçimləri və sevginin dəyişdirici gücü barədə düşünməyə vadar edir.
Fatalizmlə ekzistensializm arasındakı qarşıdurmanın pessimist sonluğu oxucunun diqqətini digər paralel süjetindən yayındırmır. Əsas suallardan biri hələ də cavabsızdır: yazar baş verənləri rəssamın xanımına bildirdimi? Bəs yazışmaları neylədi? Onları bir bədii əsər kimi nəşr etdirmək istəyinə çatdımı?
Bu sualların cavabı hekayənin növbəti sürprizidir. Hadisələri nəql edən yazar əvvəldən elə bir təəssürat yaradır ki, sanki bütün olanlar gerçəkdir. Oxucu, hətta onun hazır yazışmalarla qarşılaşmasını bir növ yazıçı şansı kimi qiymətləndirir. Çünki hər halda kitab nəşr olunub və indi oxucunun əlindədir. Lakin son səhnədə yazar uzun tərəddüddən sonra yazıçı ehtirasına qalib gələrək bütün yazışmaları yandırıb məhv edir. Məhz bu anda oxucu anlayır ki, əvvəldən bəri gerçək hesab etdiyi bütün hekayə əslində müəllif təxəyyülünün məhsuludur.
Məşhur bir söz var: "Hisslə çəkilmiş hər portret modelin deyil, rəssamın portretidir." Bu mənada "Çöl Qala" da müəllifin düşüncə dünyasının portretidir. Vahid Qazi bu hekayənin bütün obrazlarını təxəyyülündə yaratsa da, yazar obrazında özü də hekayənin bir parçasına çevrilir. Ancaq onun əsərdəki varlığı yalnız yazar obrazı ilə məhdudlaşmır; Vahidi tanıyanlar rəssamın dünyagörüşündə də müəllifin düşüncələrinin izlərini asanlıqla görə bilər. Onun aqnostik yanaşması, intellekti və ekzistensialist dünyagörüşü rəssamın sözlərində əks olunur. Romanda əcəl Vahidin yaratdığı rəssam obrazına aman verməsə də, bu dəfə Vahid yazar kimi yazışmaları məhv etməklə onun düşüncəsində çıxış edir. Daha dəqiq desək, insanın öz seçimləri ilə dəyərlərinə sahib çıxmaq gücünü müdafiə edən Vahid Qazi burada öz ədəbi dünyasının həm yaradıcısına, həm də sakininə çevrilir.
İyul 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
