Məşhur bayatının son iki misrasındakı möhürbənd deyimlə heç vaxt, heç cürə razılaşa bilmirəm: "Hər gün bir kərpic düşər, Ömür-gün sarayından". Düşünürəm ki, tam əksinə, bəşər övladı ana bətnindən işıqlı dünyaya gəldiyi zamandan ta sonacan, hər gün ömür-gün sarayına bir kərpic qoyur, günlər ayları, aylar illəri dəhmərləyir, son an yetişəndə hər kəsin bənzərsiz, təkrarsız məbədi - ömür sarayı da tamam-kamal qütəbbər başa çatır. Kiminin ömür sarayı qəlbi, kəhkəşanlı, kimininki miskin, ufacıq alınır. Hərə kərpic-kərpic qurduğu ömür sarayını yaşadığı həyat yoluna, Tanrı qismətinə və bir də şəxsi bacarığına, zəhmətinə, çalışqanlığına münasib inşa edir...
Mən gündəlik həyat-məişətimizdə geniş yer almış bir basmaqəlib fikirlə də razılaşa bilmədiyimi dilə gətirmək istərdim: "qadının yaşını soruşmazlar", "qadının yaşını deməzlər" və s. və i. Zənn edirəm ki, bu ya xanımların gender hüquqlarının pozulması deməkdir, yainki kişilərin onlara cəmiyyətin bərabər sosial-bioloji üzvləri kimi baxmadıqlarından qaynaqlanır. Müdrik, ziyalı, milli-mənəvi dəyərlərimizin mühafizəkar qoruyucuları və daşıyıcıları olan xanım-xatın qadınlar üçün yaşın çoxluğu Yaradanın ən şirin nemət ərməğanı, başucalığı, qürur mənbəyidir, özünə, ailəsinə, ətrafına sevinc, şadlıq-şadyanalıq bəxş edən səbəbkardır...
Oxucularımızın yubilyarımız Gülbəniz xanım Babaxanlının kimliyinə bələd olmaları naminə yığcam şəkildə onun ömür təqvimini vərəqləməm gərəkdir. O, 3 avqust 1956-cı ildə qədim və əfsanəvi Naxçıvanımızın Şərur rayonunun Məmmədsabir kəndində ziyalı ailəsində (atası, bioloq İbrahim Əsədov və anası, məşhur Kəngərlilər nəslindən olan həkim Şəmsinur xanım) dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin qiyabi şöbəsində (1974-1980) ali təhsil alıb. Gənc tələbə qısa müddətdə "Azərnəşr"də kiçik redaktor, Azərbaycan SSR Elmlər Akademiyasında laborant işləyib və 1976-1979-cu illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində (indiki Azərbaycan Milli Xalça muzeyi) muzey baxıcısı olmuşdur. 1979-2004-cü illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyində zal baxıcısı, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində laborant, baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. Burada işlədiyi 25 ildə Gülbəniz Babaxanlı kamil muzeyşünasın keçməli olduğu bütün pillələri səbirlə, səriştə ilə, öyrənə-öyrənə qalxdı. Eyni zamanda, 1992-ci ildə uğurla "Azərbaycan poemaları və folklor (1920-1930-cu illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, alimlik dərəcəsi aldı. Elmi jurnallarda, toplularda tədqiqatlarının nəticəsini dərc etdirərək, imzasını tanıtmağa başladı. Azərbaycanda, imkan düşdükcə xaricdə elmi seminar və konfranslarda məruzələrlə çıxışlar etdi, ədəbiyyatımızın təbliğinə çalışdı.
Romantik poeziyamızın misilsiz ustadı Hüseyn Cavidin nakam yadigarı Turan xanım Cavidin 2004-cü ilin 12 sentyabrında haqqın dərgahına qovuşması bu ağır itkinin acısı ilə yanaşı, ədəbi aləmdə daha bir müşkülün yaranmasına səbəb oldu: dahi şairin Ev Muzeyinin yarandığı gündən - 1991-ci ildən ona direktorluq edən mərhuməni kim əvəzləyə biləcək? Ədəbi-elmi cameənin başbilən kişiləri qısa məsləhət-məşvərətdən sonra hamılıqla belə fikirləşdilər ki, bu çətin işin öhdəsindən ancaq mükəmməl muzeyşünaslıq məktəbi keçmiş, fəal tədqiqatçı alim Gülbəniz Babaxanlı gələ bilər və 2004-cü ilin payızında Hüseyn Cavidin Ev Muzeyinə təyin olunan yeni direktor 21 illik qüsursuz xidmətilə, ortaya qoyduğu fantastik nəşrlərlə həmin kişilərin etimadını yüzə-yüz doğrultdu. Hüseyn Cavidin zəngin bədii irsinin toplanması, tədqiqi yeni vüsət aldı. Gülbəniz xanımın direktorluğu dövründə araya-ərsəyə gələn kitabların sadəcə sadalanması görülən işin nəhəng miqyasını aydın göstərir: otuz cildlik "Cavidşünaslıq" elmi araşdırmalar toplusu, "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" üçcildliyi, "Heydər Əliyev və Hüseyn Cavid" monoqrafiyası. Ədibin övladları Turan Cavid və Ərtoğrol Cavidin irsləri də daima Gülbəniz Babaxanlının diqqət mərkəzində olub: "Turan Cavid: ömür salnaməsi" kitab-albomu, "Ərtoğrol Cavidin ömür salnaməsi" seriyasından "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" kimi fundamental çoxcildliyi, "Ərtoğrol Cavid: notlar", "Cavid ömrünün natamam əsəri - Ərtoğrol Cavid", "Cavid ocağının istedadla nurlanmış övladı" əsərləri də gərgin zəhmət hesabına başa gəlmiş, cavidşünaslığı daha da dolğunlaşdıran qiymətli tədqiqatlardır.
Hüseyn Cavidin zəngin ədəbi irsi təkcə türk dünyasının deyil, bütün sivil xalqların mənəvi sərvətlər xəzinəsinə daxil olmuş nadir incilərdəndir. Şöhrətli Azərbaycanımızın bəşər mədəniyyətinə bəxş etdiyi bu dahi sənətkarımızın müqəddəs ruhu keşiyində duran, onun həyat və yaradıcılığının hər ili, hər ayı, həftəsi, günü bir yana, az qala hər saatını, dəqiqəsini incələyib toplayan, araşdırıb öyrənən, ərsəyə gətirib işıq üzünə çıxaran insanlar arasında, heç şübhəsiz, zəhmətkeş elm fədaisi, Hüseyn Cavid vurğunu, Hüseyn Cavid məftunu Gülbəniz Babaxanlı əzəmətlə ən öndə dayanır. Hazırda Hüseyn Cavid irsinin belə bir dərin bilicisinin bu xəzinədən ayrı düşüb, təqaüdçü timsalında öz evində oturması təəccüb və təəssüf doğurur. Şükürlər olsun, axı Gülbəniz xanımın səhhəti-sağlamlığı da, Cavid irsinə sədaqəti, divanəliyi də yetərincədir, bu sahədə hələ çox töhfələr verə bilər. Giley-güzarım yubilyara aid deyil, sözüm-işarəm xətirli-hörmətli, adlı-sanlı, görəvli-vəzifəli sadiq dostlaradır...
Gülbəniz Babaxanlı 2010-cu ildə "Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)" mövzusunda doktorluq işi müdafiə edərək, çoxdan layiq olduğu filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Yubilyar alim 8 monoqrafiyanın, 200-dən çox elmi, elmi-publisistik məqalələrin, topluların, kitab-albomların müəllifi, tərtibçi-müəllifi, redaktoru və yaxud rəyçisidir. O, 2012-ci ildə "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyinə görə "Humay" milli mükafatına layiq görülmüşdür. Bütün bu söylədiklərim bioqrafik məlumatlar Gülbəniz xanımın çoxşaxəli, dəyərli elmi fəaliyyətinin yalnız və yalnız ən cüzi bir hissəsini əhatə edir. Elə bu lakonik ştrixlər də onun ədəbiyyatşünaslığımıza bəxş etdiyi ziqiymət töhfələrdən xəbər verir.
Müqtədir muzeyşünas, yüksək səviyyəli elm təşkilatçısı, tanınmış ədəbiyyatşünas, məhsuldar tədqiqatçı alim, Hüseyn Cavid irsinin fədakar toplayıcısı, araşdırıcısı, naşiri, usanmaz təbliğatçısı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz İbrahim qızı Babaxanlının şərəflə, ləyaqətlə, zəngin yaradıcılıq məhsulları ilə, layiqli övladları, zəkalı nəvələri, çoxsaylı qohum-əqrəbaları, sadiq dostları, sağlam canla gəlib yetişdiyi 70 ilin hər gününə, ayına, hər ilinə, bütövlükdə yubileyinə qutlu olsun, deyirəm və sevinclə, iftixarla vurğulamaq istəyirəm ki, doğma bacım qədər xatirini əziz tutduğum xeyirxah qəlbli, gülər üzlü, dostluqda hər zaman fədakarlıq örnəyimiz olan, bizim yaxın dostlar çevrəsinin "ictimai dirijoru" adlandırdığım, sonsuz dərəcədə mehriban insanın kərpic-kərpic ucaltdığı ömür-gün sarayının əzəməti, möhtəşəmliyi göz qabağındadır. Amma bu heyrətamiz sarayın hələ tikilməmiş, tamamlanmamış, süslənməmiş neçə-neçə mərtəbəsi, nöyül-nöyül hücrələri, odaları, otaqları var. Rəhim Allah seçdiyi bəndələrinə - ömür sarayını ilmə-ilmə incələyib ərsəyə gətirən mahir memarlarına möhlət verəndir, inşallah!.. Əziz bacım, sənə uzun və sağlam ömür, könül xoşluğu, bu fani dünyadan ürəkdolusu ləzzət almaq fürsəti arzulayıram! 80-də görüşənədək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
