İki elm sahəsinin qovşağında mükəmməl xidmət örnəyi - Teymur KƏRİMLİ

 

Müxtəlif dövrlərin aqilləri, mütəfəkkirləri insanın bu dünyadakı həyat tərzinə, daşıdığı sosial-bioloji missiyasına görə onu cürbəcür epitetlərlə səciyyələndirməyə çalışıblar. "Düşünən insan", "oynayan insan", "gülən insan" və s. epitetlər məhz bu cəhdin nəticəsində meydana çıxıb. Bu siyahıya mən bir də "sayan insan" ifadəsini artırardım. Çünki insan hesab haqqında ilk təsəvvürlərinin formalaşdığı gündən saymağa başlayır və bu say onun ömrünün sonuna qədər davam edir.

 

Aydı, gündü, gəlib keçir ömürdən,

Tələsirik, görən yaza nə qaldı?

  

Ancaq "saymaq" feilinin bir başqa mənası da var: deyir, sayanın quluyam, saymayanın ağası... Bu mənada insan cəmiyyətində sayılan insanlar, seçilən şəxsiyyətlər olur. Bu sayılan, cəmiyyətdə üzdə olan insanlar da bəzən yadımıza həm də başqa bir say münasibətilə, yəni onların ömür təqvimindəki rəqəmlərin şərti estetik forma kəsb etməsi və yaxud yuvarlaqlaşması zamanı düşür: 50-lər, 60-lar, 70-lər və s. insan ömrünün təqviminə sanki xüsusi tale mürəkkəbi ilə yazılır... Çünki hər adama da yaşının, ömrünün bu saylarını görmək nəsib olmur. Ona görə də insan həyatındakı bu nadir tarixləri əlamətdar hadisə kimi qiymətləndirməyə özümüzü borclu saymaq üçün əlimizdə kifayət qədər əsas var.

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin uzun müddət direktoru olmuş (2004-2025) filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının da ömür təqvimində üçüncü dəfə belə bir hadisə baş verir, "7" ilə "0" yan-yana düzülür. Əlbəttə, könül istər ki, bu sayın sol tərəfdəki rəqəmi daha da artsın, amma elə 7 ilə 0-ın "paradı" da əlamətdar hadisədir və bu bəhanədən yararlanıb Gülbəniz xanımın elmimiz və ədəbiyyatımız, eləcə də muzeyşünaslığımız qarşısındakı xidmətlərinin bir qismini xatırlatmaq istərdim.

 

Keçən yüzilliyin 70-ci illərinin sonu, 80-ci illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirərək böyük elmin astanasına ürkək qədəmlərini qoyan Gülbəniz xanım Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin zal baxıcılığından başqa bir muzeyin direktorluğuna qədər şərəfli bir yol qət edib.

Akademik Bəkir Nəbiyevin elmi rəhbərliyi altında "1920-30-cu illər Azərbaycan epik şeiri və folklor" mövzusunda namizədlik, "Azərbaycan epik şeiri və klassik irs (1920-50-ci illər)" mövzusunda isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş Gülbəniz xanım Babaxanlı elmi-tədqiqat sahəsindəki bilik və bacarığına, eyni zamanda muzeyşünaslıq sahəsindəki elmi-təşkilati işlər yönündə səriştə və qabiliyyətinə görə bir müddət Ədəbiyyat Muzeyinin aparıcı şöbələrindən birinə  uğurla rəhbərlik etmişdir.

Əlbəttə, mən Gülbəniz Babaxanlının indiyədək işıq üzü görmüş 10-a yaxın monoqrafiyasının, tərtibçisi olduğu 100-ə yaxın kitabının, 150-yə qədər elmi məqaləsinin və başqa yazılarının qısa xülasəsini vermək fikrindən çox uzağam və bunu ədəbiyyatşünaslığımızın müəyyən dövrünün keçilmiş mərhələsi sayıram. Təkcə onu demək istəyirəm ki, bu xanımın istər namizədlik dissertasiyası və həmin dissertasiya əsasında çap olunmuş "Qurumayan bulaqlar" monoqrafiyası, istərsə də bu mövzunun davamı olaraq doktorluq işi kimi müdafiə edilən "Azərbaycan epik şeiri və klassik irs (1920-50-ci illər)" problemi ətrafında nəşr olunmuş monoqrafiyalar və çoxsaylı məqalələr, istərsə də cavidşünaslığa həsr etdiyi üçcildlik "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid", "Heydər Əliyev və Hüseyn Cavid", "Cavid fəlsəfəsi" və s. monoqrafiyası və məqalələri öz aktuallığı, elmi gərəkliliyi və orijinallığı ilə sayılıb-seçilən əsərlərimizin sırasında layiqli yerlərini tutmaqdadırlar. Xüsusən, son fundamental tədqiqatlarında 40 illik məhsuldar bir dövrün Azərbaycan poemalarının hansı qaynaqlardan enerji aldığı, obraz və ideya zənginliyinin hansı qaynaqlara söykəndiyi səbirli bir araşdırıcı təmkini ilə öz elmi həllini tapmış, ədəbiyyatşünaslığımızda bu sahədə özünü göstərən ehtiyac kifayət dərəcədə dəf edilmişdir.

Diqqətəlayiqdir ki, yaşadığımız qloballaşma və mədəniyyətlərin dialoqu əsrində Gülbəniz xanım Babaxanlı təkcə Azərbaycan ədəbi klassikasını deyil, həm də dünya ədəbi-fəlsəfi fikrini, müxtəlif ideoloji istiqamətləri araşdırma obyektinə çevirərək apardığı müqayisələr sayəsində maraqlı elmi nəticələr əldə etməyə nail olmuşdur. 

Ən başlıcası isə, Gülbəniz Babaxanlı başladığı hər bir işə yüksək məsuliyyət və ciddiyyətlə, dərin entuziazmla yanaşır və lazımi səviyyədə həyata keçirməyənə qədər dinclik nə olduğunu bilmir.

Gülbəniz xanım Babaxanlı elmi fəaliyyətlə elm təşkilatçılığı, muzeyşünaslıq fəaliyyətini üzvi şəkildə birləşdirə bilən və hər iki sahədə kifayət qədər uğurlar əldə etmiş alimlərimizdəndir. Cavid ocağının son canlı alov dilimi, dahi Hüseyn Cavidin sevimli qızı Turan Cavid əbədiyyətə qovuşandan sonra bu ocağın çıraqsuzluğunu üzərinə götürən Gülbəniz xanım bu yaxın zamanlara qədər də həmin məsul və şərəfli missiyanı böyük uğur və yüksək vətəndaşlıq qeyrəti, ürəyinin odu-közü ilə yerinə yetirməkdə bir an belə qeyrət kəmərini belindən açmamışdır.

Bir zamanlar böyük Füzuli də Seyyidüş-şühədanın müqəddəs türbəsində çıraqsuzluq etməyi ilə şərəf duyduğunu yazmışdı. Hüseyn Cavid də Azərbaycan xalqı üçün kommunist yezidizminin qəddarcasına qətlə yetirdiyi bir şəhiddir və bu baxımdan onun ev-muzeyinin çıraqsuzu - çıraqyandıranı olmaq hər bir vətənsevər ziyalımız üçün böyük şərəfdir.

Əlbəttə, "çıraqsuzluq" rəmzi bir ifadədir və bu sözün altında çox mənalar yatır. İstərdim ki, bu babətdən bilgisiz oxuculara Gülbəniz xanım Babaxanlının Hüseyn Cavidin Ev Muzeyindəki çıraqsuzluq fəaliyyəti barədə qısa da olsa, bəzi məlumatları çatdırım.

Azərbaycanın dahi söz-sənət adamlarının əksəriyyəti kimi, Hüseyn Cavidin də ədəbi-fəlsəfi irsinə, xalqımız qarşısındakı xidmətlərinə layiqli qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin yüksək mesenatlığı altında Turan xanımın sevə-sevə, əzizləyə-əzizləyə ərsəyə gətirdiyi Hüseyn Cavidin Ev Muzeyi Gülbəniz Babaxanlının rəhbərliyi dövründə də eyni sevgi və qayğı ilə inkişaf etmiş, cavidlərin müqəddəs ruhlarını sevindirmişdir.

Yaşadığımız qloballaşma dövrünün tələblərinə uyğun olaraq Hüseyn Cavidin Ev Muzeyi beynəlxalq təşkilatlarla da yüksək səviyyədə əməkdaşlıq etmişdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) ilə sıx əlaqələr yaradılmışdır. Mütəmadi olaraq ICOM-un rəsmi nəşrlərində muzeyin cari fəaliyyəti ilə bağlı məlumatlar dərc olunmuş, mütəxəssislər tərəfindən muzeyin işinə yüksək qiymət verilmişdir. Əlaqələrin coğrafiyasının genişlənməsində muzeydə yaradılmış İnternet səhifəsinin (www.huseyncavid.az) də rolu az olmamışdır. Sayt vasitəsilə zamanından və məkanından asılı olmayaraq istənilən şəxs muzeyi virtual şəkildə ziyarət edə bilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı yüksək sərəncamlara əsasən Ev Muzeyində də bir çox tədbirlər həyata keçirilmişdir.

Göstərilən dövlət qayğısı nəticəsində son illərdə Hüseyn Cavidin Ev Muzeyində xeyli sayda yeni kitab çap olunmuşdur. Müxtəlif dövrlərdə dövri mətbuatda Hüseyn Cavid haqqında dərc olunmuş məqalələrin toplandığı çoxcildli "Cavidşünaslıq" toplusunun 32 cildi, Hüseyn Cavidin əsərlərinin 5 cildlik külliyyatı, "Məhəbbətdir ən böyük din", "Cavid hikməti" (seçmə aforizmlər), "Hüseyn Cavid: həyat və sənət yolu" (biblioqrafik göstərici), Hüseyn Cavid və Abdulla Şaiqin "Ədəbiyyat dərsləri", "Heydər Əliyev və Hüseyn Cavid" monoqrafiyası, "Turan Cavid. Ömür salnaməsi", Hüseyn Cavidin "Topal Teymur", "Knyaz", "Uçurum" kitabları və s. işıq üzü görmüşdür.

Son illərdə Hüseyn Cavid irsinin elmi araşdırılması işi davam etdirilmiş, Gülbəniz Babaxanlının "Poetik sözün arsenalı", "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" üçcildliyi nəşr olunmuşdur.

Hüseyn Cavidin əsərləri xarici dillərə də tərcümə olunmuşdur. Şairin "Şeyx Sənan" əsəri fars dilinə, seçmə şeirləri ingilis və fransız dillərinə, Hüseyn Cavidin külliyyatından hazırlanmış aforizmlər ingilis dilinə, "Maral" əsəri bolqar dilinə, "Şeyda" bir çox Avropa dillərinə, "Topal Teymur" dramı rus və ingilis dillərinə tərcümə olunmuşdur.

"Cavid ömrü" adlı bədii filmin ərsəyə gəlməsində Hüseyn Cavidin Ev Muzeyi də əlindən gələn yardımı əsirgəməmişdir.

Gülbəniz Babaxanlının səyi nəticəsində Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin irsini özündə əks etdirən silsilə nəşrlər işıq üzü görmüşdür. "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" seriyası altında 13 cild kitab çap olunmuşdur ki, bu da muzeyin ərtoğrolşünaslıq sahəsində uğurlu fəaliyyətindən xəbər verir.

Hüseyn Cavid irsinə, onun böyük şəxsiyyətinə sevgidən qaynaqlanan bütün bu işlər belə bir arzumuzun gerçək olacağına heç bir şübhə yeri qoymur ki, dövlətimizin diqqət və qayğısı altında Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti bundan sonra da səmərəli şəkildə davam edəcək və muzey Hüseyn Cavid irsinin, yaradıcılığının təbliğində respublika səviyyəli, eləcə də beynəlxalq əhəmiyyətli işlərin görülməsində aparıcı rolunu qoruyub saxlayacaqdır.

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində öz fəaliyyətini davam etdirən Ev Muzeyinə Hüseyn Cavid ocağının çıraqsuzu, filologiya elmləri doktoru Gülbəniz xanım Babaxanlı rəsmi olaraq rəhbərlik etməsə də, onun Cavidşünaslıq və muzeyşünaslıq sahələrində qoyduğu ənənələr davam etdirilir, alimin bu sahədəki zəngin təcrübəsi yenə də kara gəlir.

Bu şanlı yubiley günlərində filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülbəniz xanım Babaxanlıya möhkəm cansağlığı və könül xoşluğu arzulamaqla, ona humanitar elmimizin hər iki sahəsinə verdiyi töhfələrə görə də elmi ictimaiyyətimiz adından öz minnətdarlığımızı bildiririk!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!