Nizami CƏFƏROV
Mən Osman bəyi həmişə nüfuzlu məclislərdə özünəməxsus uca səslə danışan, nəinki hər bir sözü, hətta hər bir səsi belə aydın, təsirli və mənalı intonasiya ilə tələffüz edən görmüşəm. Onun çox da uzun olmayan çıxışlarının üç-dörd cümləsini dinləmək kifayətdir əmin olasan ki, haqqında bəhs etdiyi mövzunun, ümumən öz sahəsinin nə qədər böyük mütəxəssisi, nə qədər təcrübəli ustasıdır. Heç şübhəsiz, Osman bəy mükəmməl elmi məktəb keçmişdir. Özünün də dəfələrlə etiraf etdiyi kimi, xüsusilə, məşhur azərbaycanlı türkoloq Əhməd Cəfəroğludan aldığı türk dili tarixi dərsləri onun yaradıcı təfəkkürünün formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Bununla belə, Osman bəyin anadangəlmə dil həssaslığı, təbii dilçi istedadı olmasaydı, Əhməd Cəfəroğlu kimi əvəzsiz pedaqoq da onun tərcümeyi-halında bu qədər rol oynaya bilməzdi.
Hər bir həqiqi alimin, sənətkarın tərcümeyi-halının, həyatının ən mühüm hadisələri, heç şübhəsiz, onun yaradıcılığından ibarətdir. Osman Fikri Sərtqayanın həyatı (və yaradıcılığı) da bu baxımdan çox səciyyəvi, yeni nəslə örnək olacaq əsl alim-türkoloq taleyinin təzahürüdür.
1946-cı ilin 11 avqustunda Adanada, zəngin etnoqrafik-mədəni kökləri olan bir ailədə doğulmuş, İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. 1996-cı ildə otuz ildən artıq ardıcıl məşğul olduğu sahə - türk dili tarixi üzrə professor ünvanını almışdır. 2013-cü ildə yaş həddinə görə təqaüdə çıxsa da, elmi araşdırmalarını eyni həvəs, eşq və professionallıqla davam etdirməkdədir.

Osman bəyin 50-si beynəlxalq dillərdə olmaqla 500-ə qədər məqaləsi nəşr edilmişdir ki, hər birində türkologiyanın aktual problemlərinə toxunulur. Doğrudur, o, monoqrafik əsərlər qələmə almağa o qədər də meyil göstərməmişdir; yalnız bir neçə kitabını misal göstərmək mümkündür: "Göytürk tarixinin məsələləri" (1995), "Dədə Qorqud kitabının Drezden nüsxəsinin giriş bölümü" (2006), "Etimoloji araşdırmaları" (I c., 2018; II c., 2025 və s.), ancaq məqalələri həm öz-özlüklərində monoqrafik səciyyə daşıyır, həm də hamısı bir yerdə "Türkologiyanın aktual problemləri" adlandıra biləcəyimiz fundamental bir monoqrafiyanın üzvi tərkib hissələri kimi oxunur.
Buraya elm quruculuğu, beynəlxalq elmi əlaqələr və elmi-pedaqoji fəaliyyəti də əlavə etsək, Osman bəyin türkologiyadakı xidmətlərinin miqyası barədə aydın təsəvvür yaranar. Xüsusilə, onun böyük alim-mütəfəkkir Mehmed Fuad Köprülü tərəfindən məlum missiya ilə qurulan İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutuna uzun illər (1996-2009) rəhbərlik etməsi türkologiya tarixində əlamətdar hadisədir. Və bu illər türk xalqlarının mədəni yaxınlaşmasının ən intensiv (və ən həssas!) dövrünə təsadüf edirdi.
Türk dünyasında elə bir tanınmış elmi türkoloji qurum təsəvvür etmək mümkün deyil ki, Prof.Dr. Osman Fikri Sərtqaya onunla bu və ya digər dərəcədə əməkdaşlıq etmiş olmasın. Təkcə onu demək kifayətdir ki, gənc yaşlarından başlayaraq indiyə qədər dünyanın müxtəlif yerlərində iki yüzə yaxın türkoloji məclisdə məruzələrlə çıxış etmişdir. Tanıyanlar bilirlər ki, əgər bir toplantıda Osman bəy iştirak edirsə, orada böyük türkoloji fikrin təsiri həmişəlik qalmış olur. Və heç də təsadüfi deyil ki, o, çoxlarından fərqli olaraq, hər bir məruzəsinə yalnız məsuliyyətlə yanaşmır, kürsüyə həmişə yeni söz demək, yeni məlumatlar vermək, yeni elmi nəticələr bəyan etmək üçün çıxır. Həqiqi elm adamı olmaqla təbiətinin səciyyəvi cəhətlərindən biri də budur ki, konfransın iclaslarında edilən, demək olar ki, bütün məruzələri eyni maraqla dinləyir, imkan verildiyi hüdudlar daxilində ciddi (və səmimi) polemikalara qatılır. Və bu cür məclislərdə onun yaradıcı siması, alim-türkoloq şəxsiyyəti (və portreti!) son dərəcə parlaq (və mükəmməl) görünür.
Prof.Dr. Osman Fikri Sərtqayanın istər danışıqlarında, istərsə də yazılarında diqqəti dərhal çəkən birinci məziyyət bəlgəlilik, sənədlilikdir. Və bu sənədlilik (dokumentallıq!) özünü o qədər təfərrüatlı bir şəkildə göstərir ki, adi dinləyici, adi oxucu bəzən müəllifin təfsilatlılığından yorula bilər, ancaq mövzunun mahiyyətinə varmaq istəyənlər üçün bu, nəinki yorucu, əksinə, son dərəcə maraqlıdır. Çünki etnoloji elmlərdə, o cümlədən, türkologiyada heç bir fakta əsaslanmayan, çox vaxt "mənə belə gəlir ki"yə dayanan mülahizələr o qədər geniş yayılır ki, əsl elmi baxışlar kənara sıxışdırılır. Bu cür halların qarşısını alacaq sınanılmış yollardan biri, əlbəttə, humanitariyada da riyazi-texniki dəqiqliyə əməl etməkdir.
Osman bəy artıq neçə illərdir ki, öz sahəsinin - türkologiyanın yalnız Ustası yox, həm də Ustadıdır. Bu isə o deməkdir ki, onun yarım əsrdən artıq bir dövrdə yazdıqları, danışdıqları yalnız Türkiyədə deyil, türk dünyasında və bütün dünyada yüzlərlə yüksəkixtisaslı türkoloqun yetişməsində həlledici rol oynamışdır. Müəllimi Əhməd Cəfəroğlundan, eləcə də adlarını həmişə böyük hörmətlə andığı digər müəllimlərindən aldığı dərsləri eyni ciddiyyətlə (və mütəvaze ilə) tələbələrinə çatdırmaqda heç vaxt tərəddüd etməmişdir. Onun müəllimlik istedadının təməli tələbəlik illərindən mənimsədiyi zəngin biliklər, xüsusilə yalnız türkcəni qədim dövrlərdən bəri dərindən öyrənməklə kifayətlənməyib, ümumən dil haqqındakı elmin təbiətinə, nəzəri-metodoloji problemlərinə yetərincə nüfuz etmək qabiliyyəti bünövrəsində qoyulmuşdur. Və əminliklə demək olar ki, bu gün də öyrətdiyindən daha çox öyrənir.
Osman bəylə ilk yaddaqalan görüşümüz türk xalqlarının Antalyada keçirilən çox mötəbər bir toplantısında oldu. Türkiyə və Azərbaycan dövlət başçılarının rəsmi çıxışlarından sonra ilk iclası aparmaq mənə həvalə edilmişdi. O zaman çox dəbdə olan, əslində, bu gün də aktuallığını itirməyən, ancaq izahına daha analitik, daha diferensial yanaşılan mədəni inteqrasiya məsələləri müzakirə olunurdu. Osman bəy proqramdan kənar söz istəyib özünəməxsus emosionallıqla, dalbadal bəzi təkliflər irəli sürdü. Möhtəşəm məclisi idarə etmək məsuliyyəti bir tərəfdən, Osman bəyin o qədər də sadə olmayan təkliflərinə münasibət bildirmək zərurəti, başqa tərəfdən, vəziyyəti bir qədər gərginləşdirdi. Ancaq bu hal çox çəkmədi. Osman bəy öz mövqeyini adəti üzrə, aydın şəkildə bildirdikdən sonra əyləşdi və məclis mövcud proqrama uyğun olaraq davam etməyə başladı.
Osman bəyin dövri türkoloji nəşrlərlə əməkdaşlıq mədəniyyətini, doğrusunu deyim ki, heç kəsdə görməmişəm. 1970-ci ildən Bakıda çıxan nüfuzlu "Türkologiya"nın bütün nömrələrini evində yığıb saxlayan alimin həmin jurnalda çoxlu məqaləsi dərc olunmuşdur ki, hər birində ciddi məsələlərdən bəhs edilir. Bir dəfə telefon danışığımız zamanı ərklə mənə dedi ki, sənin qızın Aysel jurnalın son nömrəsini ünvanıma göndərməyib. Aysel "Türkologiya"nın məsul katibi idi. Ondan "göndərmişik" cavabını eşidəndə dedim ki, birini də göndərin, çatmasa üçüncüsünü də göndərin... Heç bir şübhə yox idi ki, jurnalın son nömrəsini görməməsi, orada gedən materiallarla tanış olmaması Osman bəy üçün çox böyük çatışmazlıq sayılırdı.
Keçən ilin payız günlərində görkəmli yazıçı, türkoloq, akademik Kamal Abdullanın yetmiş beş illik yubileyi münasibətilə Ankara və İstanbulda keçirilən toplantılara, tamamilə təbii idi ki, yubilyarın dostu Osman Fikri Sərtqaya da dəvət edilmişdi. Ancaq ağır beyin əməliyyatından sonra hələ məclislərə getməyə çətinlik çəkən alimi İstanbuldakı evində Kamal müəllimlə birlikdə akademik Muxtar Kazımoğlu ilə mən də ziyarət etdik. Osman bəylə Ayşəgül xanım bizi çox böyük səmimiyyətlə qarşıladılar. Malikanələri, həqiqətən, şahanə idi. Və ev sahibləri bu gözəl məkanda bizə heç vaxt unutmayacağımız bir qonaqpərvərlik göstərdilər. Osman bəy yenə də gur səslə, aram-aram danışırdı. Hiss edilmirdi ki, yaxınlarda ağır cərrahiyyə əməliyyatı keçirib. Ürəyi yaradıcılıq eşqi ilə dolu olan bu qüdrətli alim üçün türk dili hər an sirlərini açmaq uğrunda mübarizə apardığı son dərəcə doğma bir ərazi idi.
Xudahafizləşib ayrılanda Osman bəy bizə yenicə çapdan çıxmış "Kəlmə dağarcığımızdan. Etimoloji araşdırmalar"ını bağışladı. Bu, kitabın ikinci cildi idi, Türkiyə Yazarlar Birliyinin "Türk Dil Ödülü" ilə təltifləndirilmiş birinci cild 2018-də nəşr olunmuşdu. Yeni kitabını türkologiyanın klassiklərindən Prof.Dr. Mühərrəm Erginın (1923-1995) ölümünün 30 illiyinə həsr etməsi Osman bəyin öz müəllimlərinin xatirəsini həmişə əziz tutmasının daha bir ifadəsidir.
Üçüncü minilliyin əvvəllərində türkcənin etimoloji tədqiqinə həsr olunmuş əsas kitablar barədə qısa məlumat verdikdən sonra müəllif "Türkcədə sözlərin etimologiyası necə edilir?" sualını cavablandırır ki, bu zaman ən önəmli məsələlərdən biri heca quruluşunun fonetik təsbitidir. Müəllif türkcənin altı heca quruluşunun (qrupunun) varlığını göstərir: 1)V; 2)KV; 3)VK; 4)KVK; 5)VKK və 6)KVKK (burada: V - vokal. K - konsonant). Həmin qruplaşma türkcənin heca, ümumən səs quruluşunun təbii xarakterindən irəli gəlməklə, etimoloji (müqayisəli-tarixi) təhlilin əsasında dayanır. "Etimoloji araşdırmalar" müəllifi bundan sonra a)uydurmaca, b)başqa bir kəlməyə bənzətmə və c)səs bənzəşməsi örnəkləri ilə təzahür edən xalq etimologiyasından bəhs etməklə onu elmi etimologiyadan prinsip etibarilə ayırmış olur.
Əlbəttə, türkoloq olmaq hələ etimoloq olmaq demək deyil. Və etimoloq üçün mümkün qədər çox, müxtəlif sistemli dillərə yaxından bələd olmaqla yanaşı, müqayisəli-tarixi dilçiliyi dərindən bilmək gərəkir. Osman bəyin etimologiyaları bu tələbləri hərtərəfli ödədiyinə görə obyektivliyi ilə seçilir. Məsələn, ilk baxışdan türk mənşəli kimi görünən "bayram" kəlməsinin etimologiyasını araşdırarkən onun qədim uyğur türkcəsinə hind-İran dillərindən "aram" (sanskritcəsi: "rama") şəklində daxil olduğunu göstərdikdən sonra yazır: "Kaşğarlı Mahmud "bayram" şəklində maddə başını verdikdən sonra bu maddə başının "bezrem" - "bazram" kəlməsindən dönüşdürüldüyünü söyləyir". Və belə məlum olur ki, türk dillərində "bayram", "mayram//meyrem", "payram// peyrem" formalarında geniş yayılmış bu söz mənşə etibarilə sanskritcədir.
Eyni elmi obyektivlik özünü "lavaş" sözünün izahında (çincə: "liv" + türkcə "aş") da göstərir.
Bu və bu kimi etimologiyalarda bir tərəfdən, sözün keçmişinə enilirsə, digər tərəfdən, bu günü, nitq mədəniyyəti imkanları işıqlandırılır.
Osman bəyin yer adlarına (Çanakkala, Yenisey və s.) verdiyi tarixi-etimoloji şərhlər də mükəmməldir.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi"ndə Osman bəylə Ayşəgül xanımın iştirakı, əlbəttə, bizi sevindirdi. İştirak etdiyi bütün məclislərdə Prof.Dr. Osman Fikri Sərtqayanın yeri müstəsna idi. Və onun çıxışları, həmişə olduğu kimi, bu günlərdə də zəngin informasiyası, dərin (və sərt) məntiqi, ümumbəşəri olduğu qədər də milli təəssübkeşliyi ilə seçilirdi. Xüsusilə, Türkoloji Qurultayla bağlı verdiyi bir məlumat, elə bilirəm ki, mühüm əhəmiyyət kəsb edirdi. Qurultayda Türkiyə nümayəndə heyətinin rəhbəri Prof.Dr. Mehmed Fuad Köprülünün oğlu sonralar Osman bəyə danışırmış ki, atasının əski ərəb əlifbasına münasibətdə mühafizəkar mövqeyi Türkiyə hökumətinin yox, özünün şəxsi təşəbbüsü imiş. Həyatının gənclik illərini bütünlüklə orta əsrlər əlyazmalarının araşdırılmasına həsr etmiş, əsərləri bu əlifbada yayınlanmış alim-filoloqun belə bir mövqeyi müdafiə etməsi müəyyən mənada təbii görünməyə bilməz. Ancaq hər sahədə olduğu kimi, sözügedən sahədə də inqilab tərəfdarı olan Mustafa Kamal eşidəndə ki, Mehmed Fuad əski əlifbaya rəğbət göstərir, onu möhkəm tənbeh etmiş, Türkiyənin tez bir zamanda latına keçəcəyini bildirmiş, görkəmli alimə də fikrini dəyişməyi məsləhət görmüşdür.
"Türk dünyası həftəsi"nə Osman bəy yeni kitabı ilə gəlmişdi ki, bu, atalar sözlərindən ibarət məşhur "Oğuznamə"nin Sankt-Peterburq nüsxəsinin mükəmməl elmi tənqidi mətninin nəşri idi.
Bu il böyük türkoloqun səksən yaşı tamam olur. Biz arzu edirik ki, o, doxsan yaşına da, yüz yaşına da dəyərli araşdırmalarla qədəm qoysun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
