1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü bayramı münasibətilə dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirəm! Ana dili xalqın milli kimliyini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlər sistemini özündə yaşadır. Azərbaycan dili əsrlər boyu xalqımızın zəngin ədəbi-bədii təfəkkürünü, elmi-mədəni nailiyyətlərini və milli-mənəvi dəyərlərini nəsildən-nəslə ötürərək bu günümüzədək inkişaf yolunu uğurla davam etdirmişdir. Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və dövlət dili kimi nüfuzunun daha da möhkəmləndirilməsi hər birimizin vətəndaşlıq borcudur. Bu baxımdan dilimizin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması və gələcək nəsillərə bu irsin ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndərin qeyd etdiyi kimi: "Bu dil bizə babalarımızdan miras qalıb. Onu göz bəbəyimiz kimi qoruyub, gələcək nəsillərə sağlam şəkildə çatdırmalıyıq." Bu, ana dilimizin qorunması və inkişaf etdirilməsi üçün hər bir vətəndaşdan milli təəssübkeşlik tələb edən bir çağırışdır.
Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, dövlətçiliyimizin mühüm atributu və milli kimliyimizin əsas göstəricilərindən biridir. Dilimiz əsrlər boyu xalqımızın tarixi yaddaşını, zəngin ədəbi irsini, mədəni dəyərlərini və milli təfəkkürünü yaşadaraq bu günümüzə çatdırmışdır. Müstəqil Azərbaycanın dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, milli həmrəyliyin və ictimai inkişafın strateji amilidir. Buna görə də dövlət dilinin qorunması, inkişaf etdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması ölkənin milli siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və dövlət onun inkişafını təmin edir. Bu konstitusion norma dövlət dili siyasətinin hüquqi əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan dili dövlət idarəçiliyinin, təhsilin, elmin, məhkəmə-hüquq sisteminin və ictimai həyatın bütün sahələrində öz layiqli mövqeyini möhkəmləndirmişdir. Sonrakı dövrdə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, xüsusilə, Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, elektron məkanda tətbiqinin genişləndirilməsi və dil normalarının təkmilləşdirilməsi ilə bağlı sənədlər bu siyasətin müasir mərhələdə uğurla davam etdirildiyini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən görüşdə səsləndirdiyi inkişaf proqramı xarakterli çıxışı xüsusi elmi və strateji əhəmiyyət daşıyır. Həmin çıxışda o, elmin dövlət idarəçiliyində rolunun gücləndirilməsi, fundamental tədqiqatların praktik dövlət siyasəti ilə uzlaşdırılması və dil, tarix, milli kimlik istiqamətində aparılan araşdırmaların strateji əhəmiyyətini xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, normativ baza yalnız hüquqi mexanizm deyil, həm də milli intellektual təhlükəsizliyin mühüm tərkib hissəsidir. Eyni zamanda, dövlət dilinin inkişafının rəqəmsal platforma, süni intellekt və müasir informasiya texnologiyaları ilə əlaqələndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Bu yanaşma göstərir ki, XXI əsrdə dil siyasəti təkcə humanitar sahənin deyil, həm də innovasiya, informasiya təhlükəsizliyi və dövlət idarəçiliyinin mühüm komponentinə çevrilmişdir.
Azərbaycan dilinin inkişafı milli dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında səsləndirdiyi konseptual yanaşma göstərir ki, dövlət qarşısında duran əsas vəzifələrdən biri elmi potensialın dövlət siyasətinə real töhfəyə çevrilməsidir. Ana dilimizin saflığını qorumaq, onun elmi əsaslarla inkişafını təmin etmək və müasir dünyanın tələblərinə uyğunlaşdırmaq milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi irsimizin etibarlı təminatıdır.
Müasir dövrdə Azərbaycan dilinin təminatı kifayət qədər geniş normativ-hüquqi baza ilə tənzimlənir. Bununla yanaşı, qloballaşma, rəqəmsallaşma, süni intellekt texnologiyalarının sürətli inkişafı və informasiya məkanının dinamik dəyişməsi yeni çağırışlar edir. Bu səbəbdən mövcud normativ bazanın müntəzəm şəkildə yenilənməsi və müasir reallıqlara uyğunlaşdırılması obyektiv zərurət kimi çıxış edir. Bu istiqamətdə ilk növbədə dövlət dilinin işlənməsi ilə bağlı yeni standartların hazırlanması mühüm əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyi, elektron hökumət portalları, təhsil sistemi, media və rəqəmsal kommunikasiya üçün müasir dil normalarının müəyyənləşdirilməsi vahid dil siyasətinin daha səmərəli həyata keçirilməsinə xidmət edəcəkdir.
Digər mühüm istiqamət terminologiya sisteminin yenilənməsidir. Elm və texnologiyanın dinamik inkişafı nəticəsində yaranan yeni anlayışların Azərbaycan dilində elmi cəhətdən əsaslandırılmış qarşılıqlarının müəyyənləşdirilməsi həm dilin zənginləşməsinə, həm də beynəlxalq elmi inteqrasiyaya töhfələr verir. Terminologiyanın elmi əsaslarla yenilənməsi də müasir dövrün mühüm vəzifələrindəndir. Yeni iqtisadi münasibətlər, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, biotexnologiyalar, süni intellekt və digər innovativ sahələr üzrə meydana çıxan terminlərin vahid konsepsiya əsasında işlənməsi elmi ünsiyyətin keyfiyyətini yüksəldir, dövlət idarəçiliyində və təhsil sistemində vahid dil mühitinin formalaşmasına şərait yaradır.
Süni intellekt texnologiyaları vasitəsilə Azərbaycan dilinin funksionallığının artırılması, nitqin avtomatik tanınması, maşın tərcüməsi, rəqəmsal lüğətlər və dil korpuslarının hazırlanması üçün normativ tələblərin müəyyənləşdirilməsi artıq strateji zərurətə çevrilmişdir. Dövlət dili siyasətinin elmi təminatında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun rolu xüsusi qeyd olunmalıdır. Fundamental elmi tədqiqatlar Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinin, dialekt və şivələrinin, fonetik, leksik, semantik və sintaktik xüsusiyyətlərinin sistemli şəkildə öyrənilməsinə imkan yaratmışdır. Bu zəngin elmi irs dövlət dili siyasətinin nəzəri əsaslarını formalaşdıran mühüm resursdur. Digər tərəfdən, tətbiqi dilçilik istiqamətində həyata keçirilən praktik işlər, o cümlədən, Azərbaycan dilinin orfoqrafiya, orfoepiya, izahlı lüğətlərinin hazırlanması müasir informasiya cəmiyyətinin tələblərinə cavab verən yeni imkanlar açır. Korpus dilçiliyi, kompüter dilçiliyi, rəqəmsal lüğətçilik, mətnlərin avtomatik emalı, nitqin tanınması və süni intellekt modellərinin Azərbaycan dili əsasında inkişaf etdirilməsi gələcəkdə dövlət idarəçiliyi, təhsil, elektron xidmətlər və milli informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Məhz buna görə də dil texnologiyalarının inkişafı dövlət dil siyasətinin ayrılmaz istiqamətlərindən biri hesab olunmalıdır.
Müasir dövrdə Azərbaycan dili yalnız milli-mədəni kimliyin əsas göstəricilərindən biri deyil, həm də milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilməlidir. Qloballaşma və rəqəmsal informasiya mühitinin sürətli inkişafı şəraitində dil normalarının pozulması, xarici dil elementlərinin nəzarətsiz şəkildə geniş yayılması, sosial media platformalarında ədəbi dil normalarından kənar istifadə hallarının artması, eləcə də rəsmi üslubun təhrif olunması dil siyasəti və informasiya təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. Bu baxımdan dövlət dilinin normalarının qorunması və tətbiqinə nəzarətin təkmilləşdirilməsi, Azərbaycan dilinin fundamental və tətbiqi istiqamətlər üzrə sistemli şəkildə tədqiqi, kütləvi informasiya vasitələrində və rəqəmsal kommunikasiya platformalarında ədəbi dil normalarının təmin olunması Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun prioritet fəaliyyət istiqamətlərindən birini təşkil edir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, xüsusilə, akademik İsa Həbibbəylinin təşəbbüsü və dəstəyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və elmi əsaslarla öyrənilməsi istiqamətində həyata keçirilən fəaliyyətin genişləndirilməsi üçün əlverişli elmi və təşkilati mühit formalaşdırılmışdır. İnstitutun elmi kollektivi Azərbaycan dilinin saflığının, zənginliyinin, funksional imkanlarının və ictimai nüfuzunun qorunmasını özünün əsas elmi və vətəndaşlıq məsuliyyəti kimi qəbul edərək bu istiqamətdə ardıcıl tədqiqatlar və praktik fəaliyyət həyata keçirir.
Bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edirəm. Bayramınız mübarək! Azərbaycan dili daim yaşasın, zənginləşsin və beynəlxalq elmi-mədəni məkanda öz layiqli mövqeyini daha da möhkəmləndirsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
