Abid TAHİRLİ
Hər dəfə xalq yazıçısı, ədəbiyyatşünas, professor, görkəmli dövlət xadimi Elçinin (13 may 1943, 3 avqust 2025 ) həyat və yaradıcılığı haqqında yazmaq istəyəndə, az qala, 40 ildən də çox bir müddətdə şəxsən tanıdığım, 31 il birgə çalışdığım, dostluq etdiyim bu böyük insanla bağlı xatirələrin içərisində itib- batıram, tükənməyən suallar fikrimi dumanlandırır: Bəlkə, "Odlar yurdu" qəzetinin növbəti nömrəsinə hazırlıqla bağlı mərhum redaktor Ramiz Əsgərlə birgə Elçinin yanında keçirdiyimiz müzakirələrdən, Elçinin öz yazılarına olduğu qədər qəzetin materiallarına da məsuliyyətlə və ciddi yanaşmasından, yoxsa mənim Avropa və Amerika ölkələri şöbəsinin müdiri işlədiyim dövrdə "Vətən" Cəmiyyətində həmvətənlərin iştirakı ilə təşkil olunan saysız-hesabsız görüşlərdə Elçinin milli və səmimi söhbətlərindən, bəlkə bəzi yazılarının ilk oxucusu kimi təəssüratlarımı dinlədikdən, yaxud pyesinin premyerasından sonra söylədiyim fikirlərimə münasibətindən, ya bəlkə ölkədəki ədəbi proses, ümumiyyətlə, yaradıcılıqla bağlı düşüncə və mülahizələrindən, bəlkə Baş nazirin müavini kimi kurasiyasında olan nazirlik, komitə və idarə rəhbərləri ilə dövlət quruculuğu, xüsusilə, mədəniyyət və təhsil problemlərinə dair tələbkar mövqeyindən, tabeliyindəki şöbə əməkdaşları ilə səmimi və işgüzar davranışından?.. Bunlar nəinki bir məqaləyə, heç bir kitaba da sığmaz.
.jpg)
Çağdaş nəsrimizin, dramaturgiyamızın, tənqidimizin aparıcı şəxsiyyətlərindən biri olan Elçinin həyat və yaradıcılığı ilə bağlı kitablar, monoqrafiyalar, dissertasiyalar, sayı bilinməyən məqalələr qələmə alınmış, onun haqqında ölkənin ən nüfuzlu ədəbiyyatşünasları - Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Məmməd Arif, Həmid Araslı, Mirzə İbrahimov, Mehdi Məmmədov, Kamal Talıbzadə, Aydın Məmmədov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Yusif Səmədoğlu, Anar, İsa Həbibbəyli, Kamal Abdulla, Nərgiz Paşayeva, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Nizami Tağısoy, Vilayət Quliyev, Cahangir Məmmədli, Vaqif Yusifli və başqaları sanballı əsərlər qələmə almışlar. Yazıçının zəngin və çoxşaxəli ədəbi fəaliyyəti nəticəsində ərsəyə gələn hekayə, povest, roman, publisistika nümunələri, ədəbi qeydləri, fundamental elmi-nəzəri tədqiqatları, ədibin bədii və sənədli irsinin mövzusu, ideya istiqaməti, sənətkarlıq məsələləri, obrazlar qalereyası bu gün də gündəmdə, diqqət mərkəzindədir. Əminliklə demək olar ki, Elçinin sənət dünyasının açılmayan qatları, üzə çıxarılmayan, araşdırılmayan cəhətləri kifayət qədərdir. Sözümün bu yerində xalq yazıçısı Mövlud Süleymanlının ürəyimdən keçən sərrast bir cümlə ilə ifadə etdiyi sanballı fikrini xatırlayıram: "Elçin həmişə vaxtdan ucada dayanmağı bacarıb, həmişə hər yerdə vaxtın sözünü deyə bilib. Elçin yaratdıqlarında səmimi olan, saxta rənglərə, cansız gəzişmələrə, qanadı sınmış cümlələrə yer verməyən, həyatı əslində necə varsa, o cür ifadə etməyi bacaran yazıçıdır". Görkəmli tənqidçi Cahangir Məmmədlinin "Elçinin bədii nəsri hansısa zamana və rejimə deyil, bütün zamanlar - bədii sözün qüvvədə olduğu bütün zamanlar üçün yaradılmışdır" - qənaəti obyektiv meyarlara, dərin təhlilə əsaslanan elmi-nəzəri nəticədir.
Sənətinin sehrinin və istedadının gücü ilə milyonlarla oxucu qəlbini fəth etmiş Elçinin həyat və fəaliyyətini dərindən öyrənmək, dəyərləndirmək, mükəmməl obrazını yaratmaq üçün onun ömür yolunu aşağıdakı təsnifata uyğun izləmək məqsədəuyğundur: Elçinin uşaqlıq, gənclik və ilk yaradıcılıq illəri, Milli Elmlər Akademiyasındakı fəaliyyət dövrü, Yazıçılar Birliyində çalışdığı illər, "Vətən" Cəmiyyətinə rəhbərlik dövrü və Baş nazirin müavini işlədiyi illər. Elçin tutduğu yüksək və məsul vəzifələrdən asılı olmayaraq, özünün də dəfələrlə bəyan etdiyi kimi, o, ilk növbədə yazıçıdır. Akademik Nizami Cəfərovun təbirincə desək, müasir Azərbaycan və dünya ədəbiyyatının fenomeni Elçin müsahibələrinin birində atasının yaradıcılığından söz açarkən deyirdi ki, İlyas Əfəndiyevin ən böyük vəzifəsi yazıçılıq, ən böyük kabineti isə evindəki iş kabineti idi. O, heç kommunist partiyasının üzvü də deyildi və bu, Sovet İttifaqında onun səviyyəsində bir yazıçı üçün çox nadir hadisə idi. "Ancaq iş belə gətirdi ki, mən lap gənc yaşlarımdan ictimai həyatın içində oldum, vəzifələr daşıdım. Ancaq mən hansı vəzifəni daşımağımdan asılı olmayaraq, aydın məsələdir ki, ilk növbədə yazıçıyam". Elçin əsərlərinin mövzusu geniş, rəngarəngdir, bir çərçivəyə sığmır, janr baxımından çoxşaxəli və zəngin, sənətkarlıq, üslub nöqteyi-nəzərindən özünəməxsusdur. Onun irsinin ideyası Vətənə, sözlə, əməllə onun xidmətində duran şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə məhəbbət, sadə, səmimi, saf həmvətənlərə sayğı, fərdləri düşündürən, cəmiyyətin tərəqqisinə əngəl olan naqisliklərin, nöqsanların ifşasıdır.
Elçin xalq müdrikliyinin, ağsaqqallığın və mənəvi rəhbərliyin simvolu olan Dədə Qorquddan yazanda da ("Dədə Qorqud aliliyi"), tiran və milyonların qatili Stalindən bəhs edəndə də ("Ölüm hökmü"), sadə, xəyalpərəst və saf bir gənci - Baladadaşı əsər qəhrəmanı səviyyəsinə qaldıranda da, cəsur Azərbaycan gənci Mahmudla keşişin qızı Məryəmin taleyini qələmə alanda da, başdan-ayağa "Şər və mənfilik mücəssəməsi" (Vaqif Yusifli), "Rusiyanın dünya fütuhatı ideyası ilə alışıb-yanan general Sisianov"u (Əsəd Cahangir) canlandıranda da (onun başını rəmzə çevirəndə!), "Məmmədağa və Məsməxanım, Zübeydə, Baladadaş ağrısını nəsrə gətirəndə də" (Sərvaz Hüseynoğlu) Elçin yaradıcılıq missiyasına, məfkurəsinə və prinsiplərinə sadiqdir. Eyni fikri ədibin digər əsərlərinə - burada adlarını bir-bir çəkməyə imkanımız olmadığı çoxsaylı hekayə, povest, roman, ssenari, pyes, ədəbi-tənqidi, publisistik məqalələrinə də şamil etmək olar.
Elçin yaradıcılıq sahəsində olduğu kimi, ictimai xadim kimi də bir çox ilklərə imza atmışdır. Bütün təzyiq və müqavimətlərə baxmayaraq Elçin ilk dəfə: - 1988-ci ildən başlayaraq "Odlar yurdu" qəzetində Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri, atributları barədə silsilə yazıların işıq üzü görməsini təşkil etmişdir;
- elm, ədəbiyyat, mədəniyyət xadimlərinin - İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti kimi dünya şöhrətli sənətkarların də iştirakı ilə Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi çərçivəsində elmi simpozium keçirmişdir (31 oktyabr, 1988);
- Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisləri - Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli, mühacir təşkilatının qurucularından Əhməd Qaraca və digərləri ilə ilk dəfə siyasi mühacirlər kimi Vətəni ziyarətə gəldilər (1989);
- İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayında "Vətən" Cəmiyyəti nümayəndə heyətinin iştirakına nail olmuşdur (1989-cu il 3-6 noyabr);
- Amerika senatoru Cim Mudini ölkəmizə dəvət etmiş (1990-cı il 26 noyabr) və ABŞ senatı üzvünün Şəhidlər Xiyabanına ziyarətini təşkil etmişdir.
Əlbəttə, Elçinin dövlət xadimi kimi uzun illər qüsursuz və səmərəli fəaliyyəti də ayrıca mövzudur. Onun xidmətlərinin ölkə prezidentləri səviyyəsində yüksək dəyərləndirilməsi fikrimizi təsdiqləyir: "İstiqlal" ordeni, "Şərəf" ordeni, "Şöhrət"ordeni", Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (bu, mükafatların tam siyahısı deyil)...
Azərbaycan ədəbiyyat, mədəniyyət tarixinin mümtaz siması, görkəmli dövlət xadimi Elçinin həyat və fəaliyyətini bir məqalədə bütün cəhətləri ilə əhatə etmək mümkünsüzdür. Amma bir həqiqəti demək lazımdır: Epoxalar dəyişsə də, Elçinin Azərbaycan tarixinə söz və əməllə saldığı iz əbədidir, dəyişməzdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
