İsa HƏBİBBƏYLİ
Görkəmli ədəbiyyatşünas alim və böyük pedaqoq, professor Əli Sultanlı adı əfsanəyə çevrilmiş şəxsiyyətlərdəndir. Azərbaycanda XX əsrin otuz-qırxıncı illərindən altmışıncı illərə qədərki dövrdə Azərbaycan Dövlət Universitetində təhsil almış bir neçə nəslin yaddaşında bu ad əfsanə kimi yaşamışdır. Professor Əli Sultanlının (1906-1960) adının əfsanəyə çevrilməsində onun universitetdəki qeyri-adi müəllimlik qabiliyyəti mühüm rol oynamışdır. Müasirləri və tələbələri Əli Sultanlını müəllimlik istedadını geniş dünyagörüşə, möhkəm yaddaşa, xüsusi natiqlik qabiliyyətinə malik olan, hərtərəfli şəkildə hazırlıqlı bir şəxsiyyətin yüksək məharəti ilə izah etmişlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında təhsil alarkən, birinci kursdan dördüncü kursa qədər bizə dərs deyən müəllimlərimiz onun haqqında əfsanəvi şəxsiyyət kimi danışırdılar. Onlar Əli Sultanlıdan söz açarkən Azərbaycan Dövlət Universitetində Antik ədəbiyyat fənninin tədrisində bu böyük məharətə malik olan müəllimin göstərdiyi dərin biliyi və natiqlik mədəniyyətini xüsusi olaraq qeyd edirdilər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında bizə "Antik ədəbiyyat" fənnindən dərs demiş filologiya elmləri namizədi, dosent İzzət Maqsudov sözün əsl mənasında Əli Sultanlısayağı dərs keçməyə səy göstərməklə bizlərdə ustad ədəbiyyatşünas və böyük müəlliminin obrazını yaratmağa çalışırdı. İzzət müəllim həm də Əli Sultanlının ədəbiyyatşünas kimi elmi irsinə də dərindən bələd idi. O, professor Əli Sultanlının ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərindən də ürəkdolusu danışır, "Antik ədəbiyyat" dərsliyinin həm də ciddi ədəbiyyatşünaslıq əsəri olmasını xüsusi olaraq qeyd edirdi.
Daha sonra Əli Sultanlının "Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" adlı monoqrafiyasına professor Abbas Zamanovun yazdığı müqəddimədən bir daha başa düşdük ki, İzzət Maqsudov özünün unudulmaz müəllimi haqqında dediklərində nə qədər haqlı imiş. Möhtərəm Abbas Zamanov professor Əli Sultanlının Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində keçdiyi dərsləri kənar fakültələrin müəllimləri və tələbələrinin də gəlib maraqla dinlədiklərini xüsusi olaraq qeyd etmişdi. Beləliklə, bizdə - altmışıncı illərin axırlarının tələbələrində görkəmli ədəbiyyatşünas və böyük pedaqoq Əli Sultanlının əfsanəvi obrazı canlandırılmışdı.

Filologiya elmləri namizədi, dosent İzzət Maqsudovun dediyi kimi, professor Əli Sultanlının "Antik ədəbiyyat" kitabı ali məktəblər üçün mükəmməl bir dərslik olmaqla bərabər, həm də ciddi ədəbiyyatşünaslıq əsəridir. "Antik ədəbiyyat" kitabında qədim yunan mifologiyasından başlamış dünya ədəbiyyatının beşiyi sayılan bu ədəbiyyatın bütün inkişaf mərhələləri və əsas yaradıcılarının həyatı və yaradıcılığı elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilmişdir. Burada antik yunan ədəbiyyatının hər inkişaf mərhələsinin əsas xüsusiyyətləri, yenilikləri və təmsilçiləri haqqında müfəssəl və sistemli elmi qənaətlər ifadə olunmuşdur. Bundan başqa, "Antik ədəbiyyat"da həm də qədim yunan ədəbiyyatının görkəmli nümayəndələrinin geniş və hərtərəfli şəkildə işıqlandırılmış elmi portretləri canlandırılmışdır. Hər yazıçı və şair haqqındakı portret-oçerkdə həmin sənətkarın tərcümeyi-halı və əsərlərinin dəqiq, aydın və mükəmməl elmi təhlili verilmişdir. Bütün bunlara görə professor Əli Sultanlının "Antik ədəbiyyat" dərsliyi həm də ciddi bir elmi-tədqiqat əsəridir, monoqrafiyadır. "Antik ədəbiyyat" dərsliyi qədim dünya ədəbiyyatının elmi proqramıdır. Təsadüfi deyildir ki, sonrakı mərhələlərdə Əli Sultanlının "Antik ədəbiyyat" dərsliyinin hər fəsli əsasında ayrı-ayrı dərsliklər yazılmışdır. Hətta ilk dəfə "Antik ədəbiyyat" dərsliyində professor Əli Sultanlının haqqında portret-oçerklər təqdim etdiyi qədim yunan yazıçı və şairlərinə, habelə həmin dövrün görkəmli alimlərinə həsr edilmiş ayrıca monoqrafiyalar və dissertasiyalar, çoxsaylı elmi məqalələr meydana çıxmışdır. Bütün bunlara görə professor Əli Sultanlı Azərbaycanda Antik ədəbiyyat epoxasının elmi proqramını yaratmış görkəmli elm xadimi kimi qəbul olunur. Beləliklə, ayrılıqda bir elmi tədqiqat şöbəsinin və ya kafedranın tədqiqatçılarının apara biləcəyi kollektiv araşdırmanı professor Əli Sultanlı təkbaşına həyata keçirmişdir. XX əsrin otuz-əllinci illərində, SSRİ ilə Qərbin kapitalist ölkələri arasındakı münasibətlərin sərt və gərgin olduğu bir dövrdə Sovetlər İttifaqında, o cümlədən, Azərbaycanda Antik ədəbiyyata, xarici ölkələr ədəbiyyatına dair elmi ədəbiyyatların az olduğunu nəzərə alsaq, Əli Sultanlının gördüyü işin miqyasını və əhəmiyyətini daha aydın surətdə təsəvvür etmək olar.
Məlum olduğu kimi, Antik dövrdə Yunanıstanda teatr və dramaturgiya aparıcılıq təşkil etmişdir. Təbii olaraq Əli Sultanlı da yunan ədəbiyyatının timsalında dramaturgiya haqqında daha geniş biliklərə və təcrübəyə malik olmuşdur. Bu isə Əli Sultanlının tədqiqat obyekti kimi Azərbaycan dramaturgiyasının inkişafı problemlərinə nə üçün müraciət etməsinin səbəblərinə aydınlıq gətirməyə əsas verir. Əli Sultanlının "Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" adlı tədqiqat işi çoxəsrlik Azərbaycan ədəbiyyatında yeni meydana çıxmış dramaturgiya haqqında yazılmış ilk genişhəcmli və ümumiləşdirilmiş elmi tədqiqat əsəridir. Bu, Azərbaycan ədəbiyyatında dramaturgiyanın yaranmasına, inkişaf yoluna və əsas yaradıcılarına həsr edilmiş birinci monoqrafik tədqiqat kimi də mühüm əhəmiyyətə malikdir.
Azərbaycan ədəbiyyatında gec yaranmasına baxmayaraq, Əli Sultanlı ədəbiyyatımızda dramaturgiyanın "gəlmə" ədəbi növ olmadığını isbat etmək üçün ilk dəfə olaraq xalq oyunlarını və məhərrəmlik mərasimlərində ifa edilən şəbihləri tədqiqata cəlb etmişdir. Beləliklə, zəngin faktik materiallar əsasında Azərbaycan xalq dramlarının mənşəyi və xüsusiyyətləri elmi dövriyyəyə gətirilmişdir. Əli Sultanlı xalq dramı ənənələrinə istinad edərək, XIX əsrdə Azərbaycan yazılı ədəbiyyatında dramaturgiyanın yaranmasını təbii bir proses kimi qiymətləndirmişdir. Əli Sultanlının xalq dram ənənələri haqqında açdığı yol sonralar Azərbaycan folklorşünaslığında daha da genişləndirilərək, bu məsələyə dair neçə-neçə yeni elmi əsərlərin meydana çıxmasına səbəb olmuşdur.
"Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" monoqrafiyasında milli dramaturgiyanın XIX əsr dövrü və XX əsrin əvvəlləri mərhələsi tədqiq olunmuşdur. Əli Sultanlı haqlı olaraq Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dramaturgiyasının tədqiqinə geniş yer ayırmış və böyük ədibin ədəbiyyatımızda formalaşdırdığı dram sənəti ənənələrinin sistemli elmi mənzərəsini müəyyən etmişdir. Əsərdə dramaturq Mirzə Fətəli Axundzadənin Azərbaycan dramaturgiyasının banisi kimi xidmətləri elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilmişdir. Müəllif Mirzə Fətəli Axundzadənin dram əsərlərinin həm ideya-məzmunu və surətlər aləmi, həm də sənətkarlıq xüsusiyyətləri haqqında yüksək nəzəri təsəvvür yaratmağa müvəffəq olmuşdur. Bu isə, həm də o deməkdir ki, Əli Sultanlı Azərbaycan ədəbiyyatşünaslığında komediya janrının poetikasının da ilk tədqiqatçılarından biridir.
Əli Sultanlı XIX əsrin ikinci yarısında dramaturgiya sahəsində yazıb-yaratmış Azərbaycan yazıçılarından hər birinin bu istiqamətdəki fəaliyyətlərini və xidmətlərini elmi cəhətdən dəqiq müəyyən etmişdir. Nəcəf bəy Vəzirovun və Rəşid bəy Əfəndiyevin məişət dramlarını Azərbaycan ədəbiyyatına gətirmələri dramaturgiyanın bu mərhələsini zənginləşdirən faktlar kimi səciyyələndirilmişdir. Bundan başqa, Əli Sultanlı tərəfindən dramaturgiyaya atalar və oğullar probleminin ayaq açmasının maarifçilik hərəkatının əks-sədası kimi dəyərləndirilməsi də obyektiv elmi qənaətdir. Nəhayət, XIX əsrin sonlarında Azərbaycan ədəbiyyatında faciə janrında dram əsərlərinin yaranması da obyektiv olaraq ədəbiyyatımızda dram sənətinin mühüm ədəbi nailiyyəti hesab edilmişdir.
XX əsrin əvvəllərinin dramaturgiyasının inkişaf xüsusiyyətlərindən bəhs edərkən, Əli Sultanlı haqlı olaraq bu tarixi dövrdə baş vermiş ictimai-siyasi hadisələrin oyatdığı ideyalardan və milli şüurun oyanışı sahəsindəki proseslərdən çıxış etmişdir. Bu baxımdan Cəlil Məmmədquluzadənin dram əsərlərinin Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ təşkil etməsi diqqətə çatdırılmışdır. Bu məqamda Əli Sultanlının Cəlil Məmmədquluzadənin dramaturgiyasına xüsusi maraq göstərməsi və dərindən bələd olması geniş mənada dramaturgiyanın yeni tarixi mərhələsi haqqında ümumiləşdirilmiş elmi söz deməyə imkan yaratmışdır. Əli Sultanlının tədqiqatlarından çıxış edərək, XIX əsr dramaturgiyasını Mirzə Fətəli Axundzadə dövrü, XX əsrin əvvəllərinin dramaturgiyasını isə Cəlil Məmmədquluzadə mərhələsi adlandırmaq olar. Eyni zamanda, Əli Sultanlıya istinad etməklə XIX əsr Azərbaycan dramaturgiyasını komediya və faciə dövrü, XX əsrin əvvəllərinin dram sənətini isə dram və tragikomediya mərhələsi hesab etmək lazım gələr. Bütün bunlar professor Əli Sultanlının "Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" adlı monoqrafiyasından çıxarılan mühüm elmi nəticələrdir.
"Antik ədəbiyyat" dərsliyi kimi, "Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" monoqrafiyası da proqram xarakterli elmi tədqiqat əsəridir. Bu əsərin yaranmasından keçən yetmiş ilə yaxın bir dövr ərzində "Azərbaycan dramaturgiyasının inkişaf mərhələləri, əsas yaradıcıları, sənətkarlıq xüsusiyyətləri haqqında yazılmış, çap olunmuş çoxsaylı monoqrafiyalarda, dissertasiyalarda, məqalələrdə, hətta ssenarilərdə və bədii əsərlərdə professor Əli Sultanlının "Azərbaycan dramaturgiyasının inkişafı tarixindən" monoqrafiyasından "bir duz" vardır.
Nəhayət, professor Əli Sultanlının Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətlərindən bəhs edərkən, onun "Kitabi-Dədə Qorqud və qədim yunan dastanları" adlı tədqiqatından da xüsusi olaraq söz açmaq lazım gəlir. Qədim yunan ədəbiyyatına dərindən bələd olan Əli Sultanlının "Kitabi-Dədə Qorqud" eposundakı Təpəgöz obrazı ilə Homerin "Odisseya" əsərindəki Polifem arasındakı oxşar və fərqli cəhətlər haqqındakı fikirləri obyektiv elmi qənaətlərin ifadəsindən ibarətdir. Həm də Əli Sultanlının Təpəgözlə Polifem surətləri arasında apardığı müqayisədəki Təpəgözün daha qədim və mükəmməl obraz olmasına dair mülahizələri heç də milli təəssübkeşlik deyil, həqiqi elmi-nəzəri müqayisə əsasında gəlinmiş elmi nəticə kimi də mühüm əhəmiyyətə malikdir. Professor Əli Sultanlının qənaətinə görə, "Odisseya"dan fərqli olaraq, "Kitabi-Dədə Qorqud" eposunda Təpəgöz obrazının tərcümeyi-halının əsas məqamlarının verilməsi, Təpəgözün tənha deyil, insan cəmiyyəti ilə birlikdə mövcudluğu, Oğuznamədəki təkgözlü obrazın igid insanlarla vuruşması və dövrün silahlarından istifadə etməyi bacarması, Odisseyin mağaradan çıxması ilə Basatın Təpəgözü aldatmaq məharətinin daha düşünülmüş olması dünya ədəbiyyatının bu iki qeyri-adi qüvvəsinin fərqli cəhətlərini dəqiq şəkildə ifadə edir. Ən nəhayət, 1815-ci ildə "Kitabi-Dədə Qorqud"un əlyazmasını Almaniyanın Drezden kitabxanasından tapıb üzə çıxarmış Fridrix Fon Ditsin irəli sürdüyü "Odisseya"dakı Polifemlə müqayisədə, Azərbaycan Oğuznaməsindəki Təpəgözün daha qədim olması haqqındakı mülahizələrinin Əli Sultanlı tərəfindən daha da dəqiqləşdirilməsi və dərinləşdirilməsi Əli Sultanlının Azərbaycan Qorqudşünaslığındakı mühüm xidmətidir. Bununla Əli Sultanlı "Kitabi-Dədə Qorqud" eposunun yaranma tarixinin daha da qədimliyi haqqında Azərbaycan folklorşünasları arasındakı tərəddüdləri və ehtiyatlı yanaşmaları aradan qaldırmışdır. Bu elmi müqayisə Azərbaycan xalqının və onun ədəbiyyatının da dünyanın ən qədim xalqlarından və ədəbiyyatlarından biri olduğunu təsdiq edir. Fikrimizcə, bu fakt və Əli Sultanlının həmin detal haqqındakı nəzəri qənaətləri Azərbaycan xalqının mənşəyi və tarixinə dair, habelə "Kitabi-Dədə Qorqud" eposunun yaranma prosesi haqqındakı baxışları dəyişdirməyə təsir göstərmişdir.
Ümumiyyətlə, görkəmli ədəbiyyatşünas alim, professor Əli Sultanlı Azərbaycanda dünya ədəbi-elmi fikri haqqındakı məlum mülahizələri dəyişdirməyi bacarmış, Azərbaycan ədəbiyyatının mənşəyi məsələsinə aydınlıq gətirmiş, ədəbiyyatımızın yeniləşməsi və inkişaf xüsusiyyətləri haqqında mükəmməl elmi təlim yaratmışdır. Bu, həqiqətən də, çox da uzun olmayan əsl alim ömrünün əfsanəsidir. Professor Əli Sultanlının adı da elmi-ədəbi fikrimizin əfsanəsi kimi yaşayır.
19 iyul 2026-cı il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
