Oxucusunun düşüncələrinin sirdaşı - Əli bəy Azəri-60 - Bayram MƏMMƏDOV

 

Bədii sözə sevgi necə yaranır, sözə təşnəlik ürəyi necə bürüyür? Sualın cavabı eynidi: sözü tanıyandan, sözün işığını duyandan, görəndən. Onda yeniyetməyə elə gəlir ki, həyatın mahiyyəti də sözdü, fəlsəfəsi də. Onu da dərk edir ki, min illərlə sözə ömür verənlər, ömrünü sözlə yaşayanlar tarixdə sözün cəfakeşi kimi tanınıb, sevilib, yaşayıb, yaşayır. Yazıçılar nəsrə belə gəlib, şairlər poeziyaya belə gəlib, jurnalistlər ictimaiyyətin söz dilmancı belə olub...

Əli Qurban oğlu Rzaquliyev də belə tanınan söz adamlarından biridir...

Bəzən bir insanın həyatı zamanın içində yox, zamanın özü kimi yaşanır. Belə ömürlərdə söz sadəcə ifadə deyil, yaddaşın nəfəsi, tarixin səsi, mübarizənin izidir. Əli bəy Azərinin taleyi də belə ömürlərdəndir...

1966-cı il iyulun 15-də Zəngilan rayonunun Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Torpağı sevib, bu sevgi ağsaqqalların söhbətləriylə, müəllimlərinin dedikləriylə daha da dönməzləşib. O illərdə dərk edib ki, söz qüdrətdi, bədii söz düşüncələrin qüdrətə yönəldilməsidi.

Vejnəli kənd səkkizillik məktəbini əla qiymətlərlə bitirmişdi. Yaxşı oxuyurdu. Fənlər dünyasını düşüncələrinə köçürdükcə dərk edirdi ki, dünyanın dərki elmdədir. Təhsilini Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində davam etdirmişdi. Orta məktəbi 1983-cü ildə bitirdi. Onda hiss eləmişdi ki, könlü sözün pərvanəsidi; jurnalist olmaq istəyirdi. Bu istək arzu idi, niyyət idi. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oluna bilmədi. Bu, Əlinin sözə sevgisinin üstündə yel əsdirməyi bacarmadı; bir el məsəlinimi xatırlamışdı ("Gec edər, güc edər"), ağsaqqalların məsləhətinimi, öyüdlərinimi eşitmişdi ("Niyyətin durudursa, uğurun gec, ya tez? səni tapacaq..."), sözə sevgisini yaşada-yaşada zamana bac vermədi, 1984-cü ildə Xarkov şəhərindəki Qvardiya Ali Hərbi Tank Komandirləri Məktəbinə daxil oldu. 1988-1992-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində tank taqımı, tank bölüyü komandiri vəzifələrində xidmət elədi. Komandiri olduğu bölük "Kiyev-90" hərbi təlimində fərqləndiyinə görə leytenant Əli Rzaquliyevə vaxtından əvvəl "baş leytenant" hərbi rütbəsi verildi.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi baş leytenant Əli Rzaquliyevin də heysiyyətində tərpəniş yaratmışdı. Həm azərbaycanlı kimi, həm də hərbçi kimi Azərbaycanda olmaq istəyirdi. "Vaxtında getməsəm, bunu özümə bağışlamaram, son nəfəsiməcən bağışlamaram...", - düşündü. Azərbaycana qayıdışını qanuniləşdirməli idi.

Şərait yaranmışdı. SSRİ dağılma ərəfəsindəydi. Ordu sıralarından tərxis olunmağa da imkan yaranmışdı, xidmətini Azərbaycanda davam etdirməyə də. Əli də Rusiyaya sədaqət andı içməmişdi. Komandirinə müraciət etdi. Azərbaycanda xidmət etmək fikrini bildirdi. Komandir onu diqqətlə dinlədi. Ani sükutdan sonra: "Yaxşı" dedi...

Az sonra Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına göndərildi. Azərbaycana qayıtmışdı. Zabit kimi! Torpaqlarımızın müdafiəsində dayanacaqdı...

1992-ci il noyabrın 1-də dislokasiya yeri Zəngilan olan N saylı hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin olundu.

2002-ci ildə "mayor" hərbi rütbəsində ordu sıralarından tərxis olundu...

Əli bəy Azərini hərbçi kimi tanıyanlar nasir kimi də tanıdı, jurnalist kimi də. Hərbi mundirdə vətəndaş kimi tanınmışdı, indi qələmi ilə vətəndaş kimi tanınırdı. Vətəndən yazırdı, vətəndaşlıqdan yazırdı. Nə yazırdısa, azərbaycançılığın işığında yazırdı. Yazdıqları həm bədii düşüncənin mətni olurdu, həm də ictimai-ədəbi fəlsəfi mətn; həyatı ədəbiyyat vasitəsilə düşündürücü səviyyədə ifadə edirdi...

2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyəndə də respublika qəzetlərində müxtəlif mövzularda məqalələri dərc olunurdu; sözü yaşatmalısan ki, sözlə yaşatmalısan ki, sözün cəfakeşi kimi tanınasan. Əli bəy Azəri sözün cəfakeşi idi.

Əli Bəy Azəri 2005-ci ildən "Qərbin qərbi", 2007-ci ildən isə həftəlik "Rəsmi Bakı" qəzetinin baş redaktoru olub. Öz yazdıqlarında necə məsuliyyətli olubsa, bu qəzetlərdə dərcə hazırlanan məqalələrə də həmin məsuliyyətlə yanaşıb. Bu, Azərbaycan jurnalistikasına sədaqətin, sevginin təzahürü idi.

 "Yurd nisgili", "Şah bərəsi", "Qəmlibel müsibəti", "Özününkülərin hədəfində", "Hərbi Zəngilan", "Məhəbbət piyaləsində zəhər", "Arazgersdən keçən köç" "Çovğun", "Generalın yefreytor vəkili", "Çovğun", "Gəlin, tanış olaq" (publisistika), "Şəhərli qızın dəli sevgisi" (povest və hekayələr), "Sərhədçi zabitin etirafı", "İki Zəngəzurlu zabit", "Nə deyim?.." kitablarının və yüzə yaxın hekayənin müəllifi olan Əli bəy Azərinin nəsr əsərləri tarixin əsərləridir. Müşahidələrdən ədəbiyyata, ədəbiyyatdan tarixə aparan yol belə olur. Onun yaradıcılığının əsas istiqaməti Vətən, müharibə yaddaşı, milli kimlik və tarixi şüur üzərində qurulub. Bu baxımdan "İki Zəngəzurlu zabit" romanı çağdaş ədəbiyyatımızda boyu görünən əsərlər sırasındadır.

Əli bəy Azərinin "Hərbi Zəngilan" kitabı müharibənin sənədli yaddaşıdır. Əsərdə müəllif hadisələri təsvir etməklə kifayətlənmir, həm də onların daxili məntiqini açır, Zəngilanın müdafiəsinin hərbi və mənəvi-psixoloji mənzərəsini bir zabit müşahidəsi ilə bədii baxımdan sənədləşdirir. Bu əsər publisistika deyil, tarixin publisistikasıdır. Hadisələr təkcə bədii düşüncə ilə deyil, həm də (başlıca olaraq!) hərbi reallığa (tarixə!) söykənir, Zəngilanın müdafiəsinin tarixini tarixləşdirir...

Onun yaradıcılığında həyat ədəbiyyatdadır, ədəbiyyat həyatın ifadəsidir...

Əli bəy Azərinin "Nə deyim?.." kitabı bir ömrün düşüncə gündəliyidi: burada publisistika təkcə məlumat vermir, həm də mövqe formalaşdırır, yaddaş yaradır.

Əli bəy Azərinin yaradıcılıq dünyasında xüsusi bir bədii məkan da var - "Xəzan" jurnalı. Onun təqdimatında təsis etdiyi və baş redaktoru olduğu bu jurnal yalnız nəşr deyil, ədəbi mövqedir. O, bu platforma vasitəsilə həmin ədəbi mühiti formalaşdırır, yeni imzaları üzə çıxarır; "Xəzan" sözün ictimai məsuliyyətini daşıyır.

Onun publisistikasında azərbaycançılıq düşüncəsi mərkəzi xətt kimi çıxış edir: Vətən təkcə sərhədlərlə ölçülən məkan deyil, ruh və yaddaş vahididir. Əli bəy hadisələrə analitik baxır, bu, həyatdan gələn duyumun nəticəsi kimi oxunur.

Vətən yalnız torpaq deyil, ruhdur. Bu ruhu daşıyan mətnlərdə həm tarix, həm də gələcək var, milli-xəlqi ruh bu səbəbdən qüdrətdir!

Dəfələrlə bədii, eləcə də publisistik yazı müsabiqələrində iştirak edib, qalib olaraq mükafatlandırılıb.

Şəxsiyyət kimi isə Əli bəy Azəri sərtliklə səmimiyyət arasında bədii uzlaşma yaradan insandır. Onu tanıyanların dili ilə desək, onun bənzərsiz xarakteri haqsızlığa dözməyən, həqiqəti dedikdən sonra könül almağı bacaran bir xarakterdir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!