Uzun müddət ərzində müxtəlif kütləvi informasiya vasitələri platformalarında elmi-tənqidi və publisistik baxışlarını, aktyor-rejissor kimi televiziya, həmçinin digər kontentlərdə yayımlanan sənət nümunələrini izlədiyim yazıçı-dramaturq, şair-publisist İftixarı müxtəlif janrlarda yazdığı ədəbi nümunələrdən, daşıyıcısı olduğu dəyərlərin fonundakı portret cizgilərindən qiyabi tanımışam.
Sonralar tələbə yoldaşım, Azərbaycan Dövlət Televiziyasının Uşaq, gənclik və hərbi-vətənpərvərlik Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışmış Firuz Novruzovun təqdimatında şəxsi münasibətin yarandığı İftixarın imzasını mütəmadi olaraq izləmişəm.
İftixar Piriyevlə əyani tanışlığımızın başlanğıcında o, ədəbiyyat üzrə 60-cı illərin nobelçisi Mixail Şoloxovun dediyi kimi, yaddaşında cəmləşdirdiyi məlumatları əlaqələndirib tətbiqetmə bacarığı ilə diqqətimi çəlb etdi. Onun erudisiyası - bilgilərindən ayrı-ayrı sahələr üzrə konkret nəticələr çıxarma qabiliyyəti müəllifi olduğu bütün yazılarında müşahidə olunurdu.
Dövlət İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsini uğurla bitirdikdən sonra aktyorluq karyerasını Akademik Teatrın səhnəsində başlayan İftixarın canlandırdığı rolları teatr səhnəsində nadir hallarda izləyə bilsəm də, onun iştirak etdiyi tamaşalara müxtəlif televiziyalardan baxmağım məndə həmin tamaşalar haqqında kifayət qədər təəssürat yarada bilib. Onun oynadığı tamaşaların spektri genişdir: istər Uilyam Şeksprin "Kral Lir"ində Edqar, istərsə də Səməd Vurğunun "Vaqif"indəki Əlibəy, yaxud Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu"ndakı Niftalı, Anarın "Sizi deyib gəlmişəm"indəki Vəliqulu, Saday Budaqlının "Közərən evin işıqları"ndakı Əsgər, Əlibala Hacızadənin "İtkin gəlin"indəki Əbdül obrazlarının yaradılmasında aktyorluq sənətinin bütün elementlərini müşahidə etmək olar.
Aktyor İftixar oynadığı rolların ancaq vizual tərəflərini deyil, mahiyyətini, onların həyat dramını, o dramın fəlsəfəsini auditoriyasına çatdırmağı sənətinin başlıca vəzifəsi hesab edir və bu kontekstdə onun qazandığı uğurların sirrini açmaq olur.
İftixarın keçdiyi yaradıcılıq yolu onun "xoş ulduz altında doğulduğunun" təsdiqi sayıla bilər.
Yaradıcılığını aktyor kimi başlayan sənət adamları rejissorluğa keçid qapısından ayaqlarını kandara tərəf atandan aktyorların psixologiyasını dərindən anlamaq, atmosferik məkan yaratmaq bacarığı və bədii konsepsiyaları müstəqil şəkildə həyata keçirməklə içəriyə qədəm basırlar. Bu keçid, aktyorluq təcrübəsindən bəhrələnməklə rejissora mükəmməl sənət əsəri yaratmaq üçün ideyalarını reallaşdırmaq, son nəticəyə nəzarət etmək və unikal bədii sənət nümunələri yaratmaq imkanı qazandırır. Dramaturgiyanın əsaslarını dərindən anlamaqla aktyorluqdan rejissorluq sənətinə gələn İftixar ona görədir ki, tez-tez həyatının "keçid" mərhələsini nəzərdə tutaraq "Mənim üçün "güclü" və ya "zəif" aktyor anlayışı yoxdur" - deyir.
Rejissor İftixar Piriyevin rejissor taleyindəki uğurlarını - "İşıqlı, nurlu sabah", "Soyqırımı tarixinin dastanı", "Azərbaycan bayrağı", "Qurtuluş", "Haqq mənəm", "Siluet", "Stalin - İzm" və digər quruluş verdiyi tamaşaların publika tərəfindən qəbul edilməsini bu amillərlə izah etmək olar.
İftixarın dramaturgiyasında rastlaşdığımız İnsan obrazı Allahın yaratdığı insanın özü qədər təbiidir və o obrazda qeyri-səmimi yanaşmalar yox, ironiya, sitat, janr qarışığı və oxucu ilə "oyun"la xarakterizə olunan, tərəqqidən məyusluq və vahid həqiqətin olmamasını əks etdirən kifayət qədər elementlər tapmaq mümkündür. O, klassiizm və realizmdən qaçmır, lakin didaktikliyi və obyektivliyi rədd etməsi, məna axtarışını yaxına buraxmaması ilə modernizmdən fərqlənir. Həyata ciddi münasibəti fonunda oynaq formaya meyil etməsi isə müəllifin özünəinamı ilə ciddi ədəbiyyat hadisələrinin yaranmasına impuls verir.
Ona görədir ki, İftixar bütün rakurslardan baxdıqda necə var, eləcə, olduğu kimi görünür. Həmin görüntüdə, xüsusilə ictimai-siyasi hadisələrə ümumazərbaycançılıq sərhədlərindən daha geniş müstəvidə, əsasında türkçülüyün dayandığı turançılıq ideologiyasından baxsa da o, bəşəri dəyərlərin daşıyıcısı olaraq qalır. Müəllifin "Qurtuluş dastanı"nı yaratması bu baxışların bucağından ancaq dünənimizə deyil, sabaha baxışdır. Bunun üçün də əminliklə deyə bilərik ki, "Qurtuluş dastanı" ilk baxışda Ümumilli Lider Heydər Əliyevin deyil, ayaq üstə dayanandan yaxın tariximizə qədər gəldiyi yolda addım atan, yeriyən, yüyürən, yıxıldıqdan sonra qalxmq üçün özündə güc taparaq bir də gələcəyə üz tutan bir xalqın dastanıdır.
Onun "Qurtuluş dastanı", "İşıqlı, nurlu sabah", "Soyqırımı tarixinin dastanı" "Nurlu ömrün anları", "Qalx ayağa, Azərbaycan!", "Azərbaycan bayrağı", "Qurtuluş", "Osman və Süsən - Qanlı qızıl toy", "Haqq mənəm", "Könüllər mülkünün sultanı - Şeyx Nizami Gəncəvi", "Turan" və digər dram əsərləri buna görədir ki, ancaq ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrindəki teatr repertuarlarında yer ala bilib.
Mətn, oxucunu heç nəyə inandırmağa çalışmır, qəhrəmanın davranışını təhlil etmir və ona qiymət vermir, sadəcə yaratdığı mənzərəni təqdim edir. Oxucunun diqqəti, bir qayda olaraq, mətnnin alt qatındakı gizli süjeti tanımağa yönəlib.
Həmin "gizli süjet xəttini" İftixarın bədii yaradıcılığının poeziya nümunələrində müşahidə etmək maraqlıdır. O nümunələr "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş", "Böyük Turanın Himni", "Müstəqil Vətənin Memarı" kitablarında yer alıb.
Bu şeirlərində İftixar görüb də dərk etdiyi dünyanı hayqırmaqla deyil, pıçıltılı səslə öz qəhrəmanına danışır. Onun sözləri, cümlələri və bütövlükdə özünün formaladırdığı lüğət tərkibi vasitəsilə təhtəlşüurunda yuva salan dünyanın obrazı və xəyali həyat səyahəti qurulur.
İftixarın poeziyası oxucusu və yaxud dinləyicisinə enerji verir.
İftixara görə, poeziyanın bətnindəki poetikanı ən mükəmməl rejissor işi belə, açmaqda acizdir...
...Bütün sənət adamları kimi, İftixar Teatra insan tərbiyəsi işində mühüm vasitələrdən biri kimi baxır.
Həmin üzvi bağlılığın məntiqi nəticəsi o oldu ki, XIX əsrin 80-ci illərindən əsası qoyulan İrəvandakı teatr ənənələrini özündə cəmlədirən, bir əsr sonra qaçqınlıq həyatı yaşamağa məhkum olunan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2000-ci ildən rəhbərlik etmək İftixar Piriyevin taleyinə yazıldı, yükünü çiyinlərinə götürmək yazıldı. Onun, Teatrın direktoru kimi fəaliyyət göstərdiyi 25 ildə qədim sənət məbədi böyük uğurlara imza atdı və bu uğurlarda bütün kollektivin və əlbəttə, onun direktorunun müstəsna xidmətləri oldu.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin görəcəyi kifayət qədər işlər var və inanırıq ki, bu işləri görməyə macal tapacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
