Aqil Abbasın bədii simfoniyası: "Rəmiş" - Murad KÖHNƏQALA

 

Əziz dostum, sevimli yazıçımız Aqil Abbasın "Rəmiş" povestini oxuyarkən gənclik illərim gözümün qabağına gəlirdi: o illərin maqnitofonunda Rəmiş gitarada "ağladır", biz də - bir dəstə dost ağacın kölgəsində oturub onu dinləyirik. İndi isə Aqilin qələminin ifasında Rəmişin sehrli gitarasını yenidən dinlədim və sanki "Rəmiş" filminə baxdım...

Əsəri oxuduqca mənə məlum olurdu ki, müəllifin məqsədi məşhur gitara ustasının həyatını xronoloji ardıcıllıqla nəql etmək yox, özünün bədii-mifik Rəmişini yaratmaqdır. Odur ki, əsərin maraq doğuran məqamları gitara ifaçısının real həyatı deyil, onun əfsanəvi həyatından yaranmış mif, magik əhvalatlar və müasir "hədis"lərdir.

Əsər başlayan kimi bilirsən ki, Aqilin qəhrəmanı  real Rəmiş yox, əfsanəvi Rəmiş olacaq. Povestin girişində mələklərin görünməsi, ölümün metafizik çalarlarla təsviri, ürəyin bədəndən ayrılması kimi səhnələr bizi real həyatın sərhədlərindən kənara çıxarır. Bilirsən ki, Aqil bu əsərlə real bioqrafiya yazmır, mifik obraz yaradır. Odur ki, əsərin əsas qəhrəmanı Rəmiş real həyatın içindən sıyrılıb çıxaraq epos məkanın sakininə çevrilir. Əsərin bu xüsusiyyətini milli bioqrafik nəsrimizdə novator hadisə kimi qiymətləndirə bilərik.

Adətən roman-povest müəllifləri hadisələri doğumdan ölümə qədər, ardıcıl şəkildə nəql etməyə üstünlük verirlər. Aqil Abbas isə bu əsərində tamam başqa istiqamət seçir. O, real hadisələrdən, olaylardan daha çox qəhrəmanın iç dünyasını açıb göstərməyə çalışır. Beləcə, oxucu Rəmişi tanımamışdan əvvəl müəllifin onun haqda yaratdığı "mərd oğlan" ab-havasının içinə düşür. Müəllif öz qəhrəmanını ətraflı tanıtdığına görə əsəri bioqrafik povestdən daha çox mini-roman saymaq olar. 

Rəmiş haqqında danışılan maraqlı söhbətlər, onun qeyri-adi həyat tərzi və sınırsız xarakteri gitaristi hələ sağlığında əfsanəyə çevirib. Bütün bunlara görə onun haqda maraqlı nəsə yazmaq, fanatlarına yeni söz demək, əlbəttə, çox çətindir. Çünki yazıçı ya qəhrəmanının ətrafında formalaşan həmin mifi dağıtmalı, ya da onun haqda yayılmış əfsanələrin əsirinə çevrilməlidir.

Lakin Aqil Abbas bu povestdə azacıq yan yolu seçir. O, mövcud Rəmiş mifini dağıtmır, əksinə, yaddaşlarda gəzən həmin mifdən bədii material kimi istifadə edir.

Rəmiş əsərdə yalnız istedadlı bir musiqiçi kimi yox, eyni zamanda azad sənətin simvolu kimi təzahür edir. Əsərdə biz Rəmişi yalnız taleyin əzizlədiyi azman sənətkar kimi deyil, eyni zamanda həyatın amansızcasına sınağa çəkdiyi bir insan kimi də görürük.

 

Bir daha vurğulamaq istəyirəm ki, "Rəmiş" povesti ənənəvi bioqrafik nəsrin çərçivələrinə sığmır. Əsər tarixi gerçəkliklə müəllif təxəyyülünün vəhdətindən yaranan mürəkkəb mətn strukturu kimi çıxış edir. Məhz bu xüsusiyyət onu sıravi həyat hekayətindən fərqləndirərək postmodern düşüncə estetikasına yaxınlaşdırır.

Əsərdə müəllif hadisələrin özündən çox, əhvalatların yaratdığı atmosferdən yazıb. Yəni, oxucuya faktlardan da maraqlı gələn duyğular ötürülür: o dövrün ab-havası, bir sənət haləsinin  ətrafında dolaşan hisslər, əyarı duyğularla ölçülən cazibə...

Maraqlı məqamlardan biri də budur ki, Rəmişin sevimli dostu olan Aqil Abbas əsərdə xüsusi olaraq, öz obrazını oxucuya nümayiş etdirməyə çalışmır.  Odur ki, əsər dost haqda yazılmış tərifnamə yox, öz dostunun real və mifik dünyasından danışan adamın təhkiyəsi üstündədir. Elə bu üsluba görə mən Aqil Abbasın "Rəmiş" povestini "şifahi dilin nəsri" adlandırardım.

Azərbaycan nəsrində bəzən müəlliflər yeni "ədəbi dil" yaratmaq naminə mətni süni pafosla yükləyirlər. "Rəmiş"də isə belə deyil. Bu əsər bir yazıçının (povestdə simvolik olaraq şairin) öz dostuna sevgidən yaranmış mifə, nağıla bənzəyir. 

Əsərin dilini sadə bir bənzətmə ilə ifadə etmək istəsəm,  deyərdim ki, bu dil sakit axan bir kənd çayıdır. Bu dil lazım olanda poetikləşir, ancaq heç vaxt özünü ön plana çıxarmağa çalışmır. Odur ki, ən adi oxucu belə, bu təbii, sadə cümlələrin yaratdığı mistik dünyaya girə bilir...

Diqqət çəkən başqa bir məqam da obrazların təqdim olunma üsuludur. Aqil Abbas personajları uzun-uzadı xarakterizə etmir. Onların kim olduğunu izah etməyə çalışmır. Əvəzində bir baxış, bir replika, bəzən də adi görünən kiçik detal həmin adam haqqında uzun təsvirlərdən daha çox şey deyir. Bu metod nəsrdə ən çətin üsullardan biridir. Çünki oxucuya "bu adam belədir" demək asandır, ancaq bunu oxucunun özünün hiss etməsinə şərait yaratmaq yazıçıdan ustalıq tələb edir. Povestdə müəllifin bu cür priyomlarına tez-tez rast gəlirik. Burada personajlar müəllifin izahı ilə yox, öz davranışları ilə yadda qalır. Məsələn, əsərdə Əmir Teymur məclisində Qədir Rüstəmovun peyda olması və onun səsinin xilaskar qüvvə obrazı kimi verilməsi dediyimizə bir sübutdur.

Adətən, bioqrafik əsərlərdə müəllifin ən çox yol verdiyi səhvlərdən biri oxucunun hisslərini idarə etməyə çalışmasıdır. Bəzən qəhrəmanın taleyi elə təqdim olunur ki, oxucunun yalnız bir cür reaksiya verməsi gözlənilir: mütləq yazığı gəlməli, mütləq heyran olmalı, mütləq təsirlənməlidir. Aqil Abbas "Rəmiş"də bu yoldan imtina edir. O, Rəmişin taleyini müxtəlif rənglərdə göstərməyə çalışır, oxucunun əvəzinə hökm verməkdən uzaq dayanır.

Gələk povestdə istifadə edilmiş simvolik elementlərə: gitara, yol, külək, gecə, işıq, ölüm, sükut... Bunlar əsərdə sadəcə, gözəl, bəzəkli görünmək üçün işlədilmiş detallar deyil, bunların hər biri Rəmiş obrazının daxili aləminə açılan qapılardır. Yəni, əsərdə verilən  hər bir simvol Rəmiş könlünə giriş üçün bir qapı rolunu oynayır.

Povestin kompozisiyası haqqında düşünəndə bir məqam xüsusilə diqqəti çəkir: Aqil Abbas klassik bioqrafik sxemi izləməyə çalışmır. Hadisələr sərt xronoloji ardıcıllıqla düzülmür. Mətn yalnız yaddaşın hərəkətinə uyğun inkişaf edir. Diqqət etsək, görərik ki, hər bir insan öz keçmişini elə bu cür xatırlayır. Bir xatirə digərini səsləyir, xatirə xatirəni çəkib uzadır və illərlə uzaqda qalmış səhnələr yaddaşımızda canlanır. "Rəmiş" povesti də dediyimiz həmin daxili ritmlə qurulub.

Deyim ki, yaxşı əsər oxunub unudula bilər, lakin yaxşı, canlı, rəngli yaradılmış bədii obraz illərlə oxucunun yaddaşında yaşayır. Bu mənada Aqilin Rəmişi unudulmazdır. Oxucu kitabı bağlayıb gözlərini yumur, lakin oxuduğu əsərin qəhrəmanının səsi, davranışları, taleyi onun düşüncəsində yaşamağa davam edir.

Əsəri gözəlləşdirən elementlərdən biri də dialoqların təbiiliyidir.   Maraqlıdır ki, bu əsərdəki dialoqlar yazılı ədəbiyyat təsiri bağışlamır. Adama elə gəlir, müəllif onları uydurmayıb, sadəcə eşidib və olduğu kimi kağıza köçürüb. Əlbəttə, yarada bildiyi bu illüziyanı da yazıçının usta qələminin üstünə gəlirəm.

Yazıçının bir başqa xüsusiyyəti isə onun mikroskopik müşahidə qabiliyyətidir. Əlbəttə, bədii ədəbiyyatda böyük xarakterlər çox vaxt böyük hadisələrlə yox, kiçik detallar vasitəsilə də ötürülə bilir. Aqil Abbas bir yazıçı kimi bu priyomları yaxşı bacarır. Bir baxış, bir ifadə, adi görünən bir hərəkət bəzən uzun psixoloji izahlardan daha təsirli olur. Belə ki, hadisəyə xarakterik detalları seçmək bacarığı, necə deyərlər, hayku hissiyyatı Aqilin nəsrində həmişə hiss olunur.

"Rəmiş" povestində mənim diqqətimi çəkən başlıca bir məqam da var: mətndə müəllifin öz varlığını geri çəkmə təmənnasızlığı!  O, hadisələrə öz münasibətini gizlətmir, eyni zamanda oxucunun yerinə qərar da vermir. Yəni, müəllifin səsi hər yanda eşidilir, lakin bu səs personajların səsini üstələmir. Təbii ki, bədii yaradıcılıqda bu cür tarazlığı qorumaq heç də hər yazara nəsib olmur.

Fikrimcə, Aqil Abbasın məqsədi bioqrafik əsər yaratmaq yox, insan yaddaşının yaradıcılığını yazmaq olub. Bədii yaddaş isə heç vaxt hadisələri olduğu kimi saxlamır, onları zamanın, hisslərin və xatirələrin içindən keçiribən, öz əlavələrini edərək yenidən yaradır. Elə buna görə də əsərin bəzi məqamlarında real Rəmiş və onun haqqında formalaşmış mif bir-birinə qarışır.

Əsəri oxuyub bitirdikdən sonra deyə bilərəm ki, Aqil Abbasın "Rəmiş"i ilə mənim tanıdığım Rəmişin arasında müəyyən fərqlər  olsa da, mifik bağlılıq da var. Mənim Rəmişim qədim maqnitofondan səslənən, kasıb toylarında pulsuz çalan, uzun saçlı, çiynində meymun gəzdirən (bir taksistin mənə danışdığı kimi), bəzən corabının dabanı sökülmüş Rəmişdi. Aqilin Rəmişi isə Əmir Teymura meydan oxuyur, "şeytan" ləqəbli Paqaninini heyrətləndirir, Yanıq Kərəmin alovunu söndürür, mələklərlə uçur. Odur ki, əlbəttə, Aqilin yaratdığı Rəmiş mənim yaddaşımdakı Rəmişi "döyər".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!