Uzman Dr. Aydın Talışinskiy
UİD Azərbaycan (United International Democrats) idarə heyətinin üzvü,
"Dialoq və İnkişaf Naminə" QHT-nın idarə heyətinin üzvü
Bəlkə də tarixdə ilk dəfə olaraq bu qədər cəsarətli və prinsipial bir müstəvidə irəli sürülən ideya - yeni, kreativ və gerçəkçi interpretasiyam...
Kərbəlanın Azərbaycan ölçüsü, yalnız dini bir hadisə olmaqdan kənar, tarixi faktlardan, geosiyasi reallıqlardan və mənəvi dəyərlərin süzgəcindən keçən tamamilə yeni bir baxış bucağıdır. Müasir dövrün siyasi terminologiyası ilə desək, biz Həzrət Hüseynin mübarizə apardığı o çətin və keşməkeşli dövrdə, o böyük dövlət mexanizminin, yəni Üməyyə xilafətinin subyekti olan coğrafiyada yaşayırdıq. Bu isə o deməkdir ki, biz Həzrət Hüseynlə eyni siyasi-hüquqi dövlətin "vətəndaşları" idik və bu nöqteyi-nəzərdən, o, bilavasitə Azərbaycanın da qəhrəmanı, mənəvi lideri və müdafiəçisi sayılır.
Dövlət xətti ilə ölkə hüdudlarından kənarda aldığım 12 illik gərgin və məsuliyyətli tibb təhsili mənə sadəcə insan bədəninin anatomiyasını, mürəkkəb cərrahi əməliyyatların texniki detallarını öyrətmədi; eyni zamanda bu illər ərzində dünyanın fərqli qitələrindən, müxtəlif mədəniyyətlərdən, fərqli düşüncə sistemlərindən gələn insanlarla, tələbə yataqxanalarının o rəngarəng, bəzən də ziddiyyətli mühitində yaşadım. Bu təcrübə mənə millətlərin düşüncə prinsiplərinə, onların ideoloji köklərinə, dövlət idarəçiliyinə və fəlsəfi yanaşmalarına bələd olmağım üçün unikal bir fürsət yaratdı. Bu beynəlxalq təcrübə və multidissiplinar yanaşma hadisələri təhlil etməyimdə mənə çox kömək edir. Məhərrəmlik ayındakı düşüncələrimi, tarixi xronikaları yenidən gözdən keçirməyimin nəticəsi olaraq ortaya qoyduğum üç konsepsiyanı bu yazıda təqdim etmək istəyirəm.
.jpeg)
Tarixi xronologiya və ictimai durum
680-ci ildə Kərbəla faciəsi baş verəcəyi ərəfədə, bugünkü Şimali və Cənubi Azərbaycan torpaqları, bütöv şəkildə Üməyyə xilafətinin tərkibində idi. Təbrizdən Dərbəndə, Bərdədən Ərdəbilə, Naxçıvandan Urmiyaya, Xoydan Borçalıya, Kərkükdən İrəvana qədər hazırda Azərbaycan ruhunun yaşadığı, bizim mədəni və tarixi kodlarımızı özündə saxlayan böyük coğrafiyanın da daxil olduğu geniş ərazilər həmin siyasi məkanın, vahid dövlətin bir parçası idi. Bu, sadəcə xəritədə rəng dəyişimi deyildi; bu bizim əcdadlarımızın eyni administrativ sistemin, eyni vergi siyasətinin və eyni mərkəzi hakimiyyət aparatının təsiri altında olması demək idi. Bu geniş torpaqlar ya birbaşa ərəb qoşunlarının, yəni vali və canişinlərin idarəçiliyində idi, ya da o dönəmin şərtlərinə uyğun olaraq müəyyən muxtariyyətə malik vassallıq, yəni "avtonom respublika" formasında, lakin mərkəzə tabe olan bir tərkib hissəsi idi. Mahiyyət dəyişmir; faktiki olaraq bizim coğrafiyamızda da hökm sürən xilafətin başında, əxlaqi və idarəçilik baxımından heç bir legitimliyi olmayan, amansız və zalım Yezid dayanırdı. Yəni, imam Hüseynin mövqeyi və apardığı mübarizə yalnız Məkkə, Mədinə, Kərbəla və Dəməşqlə məhdudlaşan lokal bir hadisə deyil, dövrün çox geniş, siyasi-coğrafi reallığı ilə birbaşa bağlı olan və imperiyanın bütün periferiyasına təsir edən bir məsələ idi.
İmam Hüseynin ədalətli nizam naminə Azərbaycan qəhrəmanlıq irsi
Həzrət Hüseyn bizim də daxil olduğumuz o böyük dövlət sisteminin istibdadçı, avtoritar və ədalətsiz rejiminə qarşı prinsipial, sarsılmaz bir mövqe sərgiləmiş, korrupsiyaya, haqsız vergilərə, məmur özbaşınalığına və tiranlığa boyun əyməmişdir. Yezid ibn Muaviyə Azərbaycan torpaqlarında İslamı yeni qəbul etmiş, lakin hələ də öz milli kimliklərini qoruyan insanlardan, yəni məvalilərdən, İslamın sosial ədalət və bərabərlik prinsipinə zidd olaraq, daha ağır, dözülməz vergilər alınması siyasətini yürüdürdü. Halbuki İslamın etnik mizan təməlində "Ərəbin ərəb olmayandan, ağ dərilinin də, qara dərilidən heç bir üstünlüyü yoxdur, üstünlük yalnız təqvadadır" məşhur hədisi və ilahi prinsipi dayanırdı. İmam Hüseyn bu cür zülmlərə, insanların etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmasına qarşı çıxaraq, mütləq bir multikultural və humanist yanaşma sərgiləmiş, dövlətin hamı üçün ədalətli olması lazım gəldiyini öz canı ilə sübut etmişdir. O dövrdə hamımız eyni hüquqi-siyasi sistemin parçası idik və eyni idarəçiliyin və zülmün təsiri altında yaşayırdıq. Buna görə də Azərbaycan əhalisinin, bizim əcdadlarımızın taleyi də birbaşa həmin sistemlə və imam Hüseynin apardığı bu şərəfli mübarizə ilə bağlı idi. Deməli, həzrət Hüseyn həm də birbaşa Azərbaycan üçün, Azərbaycan əhalisinin azad, firavan və ləyaqətli yaşaması naminə ailəsiylə birgə şəhid düşmüş - elə əsl Azərbaycan şəhididir. Bu, təkcə şeiriyyət, təkcə məcazi bir ifadə deyil, həm də düz, konkret mənada, fiziki və geosiyasi baxımdan belədir. O, zülmə qarşı çıxaraq, imperiyanın hər bir guşəsində, o cümlədən, bizim torpaqlarda yaşayan insanların hüquqlarını müdafiə edirdi.
Multikulturalizmin bünövrəsi
Regionların aqressiv idarəçiliyi, repressiv aparatın təzyiqləri illərlə mərhələli şəkildə davam ediləcəkdi və edildi də. Təəssüf ki, imam Hüseynin şəhadətindən sonrakı yaxın illərdə ədalətli zəmindən artıq söz gedə bilməzdi; inteqrasiyadan, dini qardaşlıqdan çox assimilyasiya və ərəb hegemonluğu siyasəti apardı Ümeyyə rejimi. Bu, xalqların narazılığını daha da artırdı və nəticədə imam Hüseynin ədalət bayrağı bir çox dirəniş hərəkatlarına ilham verdi. İmam Hüseyn bəşəriyyətin vicdan və ədalət imtahanından alnıaçıq, şərafətlə çıxmış, öz fədakarlığı ilə bütün dünyanı işıqlandıran ümumbəşəri bir qəhrəmandır və məhz bu səbəbdən hər il Ərbəin ziyarətində təkcə müsəlmanlar deyil, həm də digər dinləri, fəlsəfələri təmsil edən, haqq axtarışında olan insanları görə bilirik. Lakin onun bizim üçün olan yeri sadəcə bu ucalıqla, bu qlobal miqyasla məhdudlaşmır. İmam Hüseynin ümumbəşəri bir qəhrəman olması ilə yanaşı, həm də Azərbaycanın öz doğma qəhrəmanı olması, bizim tariximizin ayrılmaz bir parçası olması bizim üçün ikiqat qürur və sevinc mənbəyidir. Onunla fəxr edirik. Haqq və batilin bu böyük, əsrlər boyu davam edən qarşıdurmasında imam Hüseyn və Yezid bir-birinə tamamilə zidd, barışmaz, iki fərqli dünyagörüşü təmsil edirdi. Dönəmin ən yüksək təhsilini almış imam Hüseyn cəmiyyəti İlahi bir əmanət, xalqı isə hürr və izzətli insanlar olaraq görür, İslamın buyurduğu rəhbərlik prinsiplərində mərhəmət və bərabərliyi əsas tuturdu. O, xalqın malı olan xəzinənin şəffaf bölgüsünü müdafiə edərək, məhz bu mənəvi oyanış və haqqın bərqərar olması naminə öz canını fəda etdi. Bunun tam əksinə olaraq, Yezid kütlələri sadəcə itaətkar bir qul, bir nömrəli vergi ödəyicisi kimi dəyərləndirir, qorxu, təzyiq, casus şəbəkəsi və rüşvətlə asayiş qurur, xalqın alın təri ilə qazandığı sərvəti saray lüksünə, əyləncələrə xərcləyir və taxtını, hakimiyyətini qorumaq üçün ən qanlı, ən amansız qətliamlar törədirdi. Onların müxtəlif millətlərə, dində və ya etnik mənşəcə fərqli olan insanlara qarşı yürütdüyü fərqli rəftar isə bu fundamental təzadın ən bariz, ən qabarıq təzahürü idi. Həmin dövrdə, VII əsrin sonlarında Azərbaycan coğrafiyasında türklər, yerli Qafqaz albanları, digər yerli qədim etnoslar, xristianlar, zərdüştilər və hər millətdən olan, İslamı yeni qəbul edən müsəlmanlar bir yerdə yaşayırdı və imam Hüseyn məhz bu rəngarəng əhalinin hüquqlarını qorumaqla, İslamın erkən multikulturalizminin təməlini qoyurdu. Onun inanc prinsipləri "Dində məcburiyyət yoxdur" ayəsinə və atası "elmin qapısı" olan imam Əlinin Malik əl-Əştərə məşhur nəsihətindəki "İnsanlar ya dində sənin qardaşındır, ya da yaradılışda sənin bərabərindir" və "Rəiyyətə qarşı qəlbində mərhəmət, sevgi və lütf hissi bəslə; onlara qarşı parçalayıcı bir canavar olma" düsturlarına söykənirdi.
İslamın ilk genişlənməsi müasir anlayışla fəth kimi dəyərləndirilir. O dövrdə nə müasir dövlət sərhədləri, nə də bugünkü mənada milli şüur və milliyyət anlayışı vardı; cəmiyyətlər tamamilə fərqli idarəetmə ənənələri ilə yaşayırdı. İmam Hüseynin (ə) mübarizəsi isə bu ilkin mərhələdən sonra, siyasi sistemin imperiya xarakteri alaraq ilahi prinsipləri təhrif etdiyi dövrə təsadüf edir. Məlumdur ki, imam Hüseyn, ümumən, heç kimi qılınc gücüylə müsəlman etmək istəmir, əksinə, qoyulan bu haqq mirası ilə hər bir insanın hüququnu müdafiə edirdi.
Bunun mənəvi təzahürü olaraq, Kərbəla meydanında haqq cəbhəsində imam Hüseyn (ə) ilə birlikdə olan 72 nəfər, o cümlədən, aralarında çoxsaylı uşaq və körpələr olan ailə üzvləri, eləcə də əcdadımız gənc türk soydaşımız Aslam Türki, Sudan və Efiopiyadan olan qaradərili müsəlman qardaşlarımız, həmçinin xristian kökənli Vəhəb kimi gənclər - canlarını çiyin-çiyinə fəda etdilər. Füzulinin "Hədiqətüs-süəda" əsərində yazdığına görə, şəhid olanlardan ikisi azərbaycanlı idi - Müslüm Azərbaycani və onun oğlu.
Kərbəla hadisəsi bir daha göstərdi ki, imam Hüseyn üçün insanın dəri rəngi, var-dövləti və ya mənşəyi əhəmiyyət daşımırdı. Bu onun ədalətinin nə qədər geniş şamil olduğunu göstərir. Digər tərəfdən, Yezidin heç bir dini, əxlaqi və humanist qayğısı yox idi; o, addımlarını tamamilə taxtını qorumaq marağına və siyasi opportunizmə uyğun atırdı. Öz hakimiyyətinə təhlükə gördüyü dindar müsəlmanları, fərqli xalqları və xüsusilə, yeni müsəlman olan qeyri-ərəbləri nifrətlə əzib onlardan qanunsuz olaraq cizyə vergisi aldığı halda, sırf xəlifəlik iddiası daşımayan və saray bürokratiyasını, maliyyə işlərini idarə edən xristianlarla (anasının qəbiləsi və baş müşaviri Sərcun vasitəsilə) strateji çıxar tərəfdaşlığı qurmuşdu. Beləliklə, Yezid xristianları öz taxt-tacı üçün sadəcə bir siyasi alət, kadr ehtiyatı və sığınacaq olaraq istifadə etdiyi halda, imam Hüseyn atası imam Əlinin buyurduğu kimi, xristian, yəhudi, türk və ya ərəb olmasından asılı olmayaraq hər bir insana eyni mənəvi ucalıqla, bəşəri bərabərliklə yanaşırdı.

Tarixi varislik, klassiklər və elm mərkəzli şəhidlik ideologiyası
"Allaha gedən yol həm də Əhli-beyt sevdasından keçər" fəlsəfəsi ilə Türk oğlu Türk, Azərbaycan Türkü Şah İsmayıl Xətai 1501-ci ildə rəsmiləşdirdiyi qərarlarla dünyada ilk dəfə bu inancları dövlət səviyyəsində qəbul etmiş və geniş yaymış, daha sonra başqa bir türk sülaləsi olan Qacarlar tərəfindən bu irsin yaddaşlara dərindən həkk edilməsi üçün hadisələr maraqlı təziyə (şəbih/tamaşa) formasına gətirilmişdir. Sözügedən igidlik anım mərasimləri həm qapalı salonlarda, həm xalqa açıq məkanlarda küçə yürüşləri tərzində hazırda bütün qitələrə, bütün dünyaya yayılmışdır: Avstraliyadan Yaponiyaya qədər, Amerikadan Almaniyaya qədər, Kanadadan İngiltərəyə qədər.
Türkün iradəsini və köklü ənənələrini heç bir şəxsin və ya heç bir millətin siyasi oyunlarına alət etməsinə əsla şərait yaratmarıq. Hər nə qədər Türkiyədə keçirilən Məhərrəmlik və Aşura mərasimlərində dövlət qurumları ən yüksək səviyyədə təmsil olunurlarsa da, biz ümumən dünyadakı bütün bənzəri proseslərə özümüz öndərlik etməli, türkün zəkasıyla yönləndirməliyik. Bizləri kənar təsirlər altına salmaq mümkün olmamalıdır; çünki biz özümüz tarixdə hər zaman öncülük, pionerik. Biz türklər əcdadlarımızın ruhunu həm də bu mənada yaşadır, tarixi dərslərdən düzgün nəticə çıxarırıq.
İmam Hüseynin xatirəsini əziz tutan ehtirama böyük hörmətlə yanaşırıq. Ancaq hər hansı anma tərzi, yalnız imamın bizə miras qoyduğu ali dini və əzəli hədəflərin ruhuna uyğun olduqda öz dəyərini tam şəkildə tapır; bu ali hədəfləri əyib-əskiltməmək və ya məğzindən uzaqlaşdırmamaq isə hər birimizin mənəvi borcudur. İmam Əli və imam Hüseyn İslamın elm və dərrakə zirvələrindəndilər. İmam Hüseynin göstərdiyi o misilsiz cəsarət, heç də ani bir emosional coşqu və ya sadəcə fiziki bir şücaət deyildi. O, çətin anlarda ortaya qoyduğu o dəmir iradəni, məhz imamın illərlə formalaşdırdığı, elm və ilahi hikmətlə yoğrulmuş beynində bişib-yetilən ali idrakın nəticəsi kimi ortaya qoymuşdu. Yəni, o şücaətin kökündə imamın kamil elmi və haqqı dərk etməkdən doğan sarsılmaz mənəvi qətiyyəti dayanırdı.
İmamın yolu cəhalətə qarşı elm və düşüncə nurunu ucaltmaqdan keçirdi.
Gözəl anım mərasimlərini daha da zənginləşdirmək üçün müsəlman gənclərin yürüşlərə qatılarkən əllərində elmi kitablar, dəftər-qələmlər, həmçinin hazırladıqları müasir elmi ixtiraların və texnoloji layihələrin maketləri, habelə bir çox döyüş qəhrəmanlarımızın təsviriylə yanaşı, alimlərimizin də şəkilləri və şüarları ilə meydana çıxması çox əlamətdar və elmə təşviq edən örnək bir addım olardı; bu, həmçinin dünyada İslama olan maraq və sevgini artırardı. Bu formada, imamın bizə miras qoyduğu "təfəkkür yolu"nu əməli şəkildə davam etdirə bilərik. Həqiqi Hüseyni məktəb - imamın o elmə söykənən idrakını mənimsəmək, cəhaləti elmlə qovmaq, gələcək nəsillərə təhsil və elm axtarışları ilə örnək olmaq və bəşəriyyəti yeni kəşflərin nuru ilə aydınlatmaqdır. Bu bizim tariximizə və şəhidlik fəlsəfəsinə olan ən böyük hörmətimiz və ehtiramımızdır.
Azərbaycanın milli-mənəvi fondunun qızıl irsini təşkil edən korifey yazıçı və şairlərimiz - Məhəmməd Füzulidən Seyid Əzim Şirvaniyə, Xurşidbanu Natəvandan Mirzə Ələkbər Sabirə, Şəhriyardan Məmməd Araza, Hüseyn Caviddən Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadəyə qədər, İslam dinimizə, bilavasitə Kərbəla faciəsinə və həzrət Hüseynin şücaətinə əsərlərində geniş və önəmli yer ayırmışlar. Hz.Peyğəmbərimizin əziz nəvəsinin qəhrəmanlığının səs-sədası həm Qərbdə misal bir çox Avropa-Amerika (Vaşinqton İrvin, Edvard Qibbon, İqnats Qoldziher, Uilyam Mür, Tomas Karleyl və s.) görkəmli şəxsiyyətlərinin ağızdolusu yazılarında yer alıb, həm də Şərqdə misal müasir Hindistanın qurucularından Mahatma Qandidən, Cəvahirləl Nehrudan tutmuş, Nobel laureatı Rabindranat Taqorun yaradıcılığında heyranlıq dəqiq və aydın müşahidə edilir. Bu dühalar Kərbəlanı təfərrüatlı analiz edərək, onu milli dirəniş, azadlıq və igidlik simvolu kimi xalqımızın ruhuna aşılamış və mənəviyyatımızı əsrlər boyu bu maya ilə formalaşdırmışlar. Bizə ötürülən bu mənəvi sənəd və tarixi pasport, bu gün şəhidlik məfkurəsini necə dərindən anlamağımızın əsas sütunlarındandır. Bu bizim üçün sadəcə bir keçmiş deyil, həm də gələcəyə aparan yol xəritəsidir.
Kərbəla ruhundan Çanaqqala və Qarabağ zəfərinə
Çanaqqalada yaşayan Kərbəla ruhu, Çanaqqala savaşı, sayca üstün düşmən qarşısında geri addım atmayan mehmetciyin şəhadət dastanıdır. Bu qəhrəmanlığın mənəvi təməllərindən biri imam Hüseynin haqsızlığa qarşı ucaltdığı "Zillət bizdən uzaqdır!" şüarı idi. Əsir düşməkdənsə şərəflə şəhid olmağı seçən Anadolu və Azərbaycan övladları, eyni sipərdə qardaşlaşıb bu fədakarlıqla şəhadətə yürüdülər. Deməli, əsrlər keçdikcə həmin ruh daha da güclənib. Hər il Məhərrəm ayında minlərlə Əhli-beyt aşiqi müvafiq şüar, mərsiyə və matəm atributları ilə Çanaqqalaya rəsmi anım yürüşü təşkil edərək Kərbəla ilə Çanaqqala arasındakı sarsılmaz mənəvi bağı gələcək nəsillərə ötürürlər. Bu fəaliyyətlər, ortaq dəyərlər ətrafında milli birliyi möhkəmləndirməklə Türk dövlətçiliyini daha da qüdrətləndirəcək formada aparılır. Türkiyə vitse-prezidenti Cevdet Yılmaz 25 iyun 2026-cı il tarixində İstanbulun Zeynebiye məscidində keçirilən "Bəşəri Aşura matəm mərasimi" zamanı etdiyi çıxışda, "Məzlumlar üçün, ədalət üçün və qardaşlıq üçün "Lebbeyke Ya Hüseyin" (Ey Hüseyn, Sənin yolundayam) deyirəm" ifadəsini işlətmişdir.
Canımızla hiss etdiyimiz, milli kimliyimizin təməllərindən olan şəhidlik anlayışı müqəddəs və ali mənasını rəsmən birbaşa İslam dinindən və bu məfkurəni ümmətə bəxş edən peyğəmbərimizdən (s.ə.s) almışdır və sonrasında Məhərrəmlik ilə daha da güclü məna ilə açılmışdır. Bu uca məqamın zirvəsində isə peyğəmbərimizin (s.ə.s) mübarək dili ilə "Cənnət gənclərinin və şəhidlərin ağaları" elan olunan imam Həsən və imam Hüseyn dayanır. Onlar xalqa qarşı edilən haqsızlığa və zülmə boyun əyməyərək, haqqı ucaltmağın əbədi örnəyini miras qoyublar.
Əsrlər öncə eyni dövlət sərhədləri daxilində eyni istibdada qarşı baş qaldıran Azərbaycanın ilk böyük geosiyasi şəhidi sayıla bilən imam Hüseyn başda olmaqla, bu gün onunla eyni fədakarlıq ruhunu fərqli əsrlərdə yaşadan bütün əsgər və zabitlərimiz eyni müqəddəs amala xidmət edirlər. Vətənin müstəqilliyi, ərazi bütövlüyü və xalqının təhlükəsizliyi naminə canından keçən qəhrəmanlarımızın mənəviyyatında - Mübariz İbrahimovdan tutmuş Qarabağı yenidən azad edən igidlərimizin müharibə zamanı çəkdiyi çoxsaylı videolara qədər, bu tarixi varislik bağları açıqca görünür. Onlar imam Hüseynin haqq yolunu özlərinə mənəvi rəhbər seçmiş, onun sarsılmaz fədakarlığını öz mübarizələrində davam etdirərək, onu milli dirəni? simvolu etmişlər. Ya Hüseyn! Sənin əsrlər öncəki "Kömək edən kimsə yoxdurmu?" nidanı eşidirik. Biz sənin haqq və ədalət yolundayıq. Sənin o mübarizən - bizim Vətən sevgimizdə, yağı düşmənə qarşı sərt duruşumuzda və ləyaqətimizdə yaşayır. Biz buradayıq! Hətta Azərbaycanın göz-bəbəyi olan Şuşa azadlığa qovuşan kimi, ilk öncə məscidin üzərində Azərbaycan və Türkiyə bayraqları yüksəldildi, dərhal sonra isə bu mənəvi estafetin vizual bəyanı olaraq, əsgərlərimizin döyüş ruhunu misilsiz dərəcədə yüksəldən, imanın və mənəvi tərəzinin təzahürü olan imam Hüseyn bayrağı asıldı. Bu günlərdə Türkiyədə təmtəraqla keçirilən Məhərrəmlik mərasimlərində bu üç bayraq bərabər dalğalanır, ayrılmaz bir qardaşlıq nişanəsi kimi bir-birinə mənəvi dayaq durur. Bu, təsadüfi deyil, bu, qəlblərimizin dərinliyində yatan o tarixi irsin üzə çıxmasıdır. Hər il Məhərrəmlik ayında Kərbəla müsibətini anarkən, şəhidimiz olan imam Hüseynin rəhbərlik etdiyi o uca cəbhənin işığında həm də öz xalqımızın başına gətirilən müasir müsibətləri - Xocalı soyqırımını, 20 Yanvarı və Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızı yad edirik. Kərbəladakı zülm nədirsə, tariximizdəki bu qanlı amansızlıqlar da eyni vəhşiliyin təzahürüdür. Şəhidlik coğrafiya və zaman tanımır; 1346 il əvvəl Kərbəla çölündə axan o mübarək qanla, xalqımızın müasir azadlıq mübarizəsində tökülən qanlar eyni milli və mənəvi qəlbdə birləşir. Şəhidlərimizin qanı həm torpağımızı, həm də mənəviyyatımızı suvarır, bizə gələcək qurmaq üçün güc verir. Əgər bir vətəndaşımız imam Hüseynin prinsiplərini düzgün anlayırsa, o, mütləq şəkildə öz Ana Vətəninin - Azərbaycanın və həmçinin qardaş Türkiyənin fədakar sevdalısına çevrilir; üçrəngli bayrağımızı və al bayrağı iftixarla tutur. Çünki Hüseyn məktəbi xurafata "yox" deyərək, haqqı müdafiə etmək, qorxmamaq və torpağına sahib çıxmaq deməkdir. Burada ən həssas və fundamental fəlsəfi meyar budur: əgər bir insan bu yolu sadəcə sözdə, cahillikdən, kor-koranə və ya kimlərinsə siyasi maraqlarının aləti kimi yox, məhz İslamın təməlində dayanan ali, gerçək və doğru ideallar - haqq, mütləq ədalət və insan ləyaqəti uğrunda tərəddüdsüz canından keçibsə, o ruh gerçək şəhiddir və hamımızındı. Bu həqiqi prinsiplər uğrunda vuruşanların isə bütün müsəlman aləminə, o cümlədən, bizə - Azərbaycana mütləq və birbaşa böyük faydası toxunmuşdur. Hansı əsrdə və hansı coğrafiyada olursa-olsun, bu gerçək və ali dəyərlər uğrunda verilən hər bir qurban, tarixin mürəkkəb gərdişində Bütöv Azərbaycan torpaqlarında qurduğumuz çoxsaylı şanlı xanlıqların, bəyliklərin və sultanlıqların müstəqilliyini qorumuş, xalqımızın etnik-mənəvi bütövlüyünə dayaq olmuş və bizi tarix səhnəsindən silinməyə qoymamışdır.
Həqiqi və doğru İslam idealları uğrunda verilən hər bir şəhid, dolayısı ilə bu gün müstəqil dövlət kimi ayaqda qalmağımızın və milli dirənişimizin mənəvi sütunudur. Bu uca şəhidlik ruhu ilə tarixboyu torpaqlarımızın azadlığı, ləyaqəti və müstəqilliyi uğrunda qılınc çalan, Çar Rusiyasının işğalçı mütləqiyyətinə qarşı qəhrəmanlıqla dirəniş göstərən, SSRİ dövrünün amansız repressiyalarında milli mənliyini qoruyan və Vətən savaşlarında canını fəda edən bütün istiqlal fədailərimizə və şəhidlərimizə Allah rəhmət eləsin! Dövrümüzün Yezidlərinə, Qarabağ torpaqlarımızda at oynadan erməni terrorçularına və onun havadarlarına qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyev başçılığında Zəfər çalmış şanlı Azərbaycan Ordusuna eşq olsun! Bəşəriyyəti təhdid edən digər müasir "Yezid"ləri və onların qaranlıq güclərini isə, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli liderliyi altında hərəkət edən oyunpozan Türk diplomatiyası və yeri gəldikdə, Şanlı Türk Ordusu, hamımızın ortaq ali milli-mənəvi dəyərlərinə söykənərək tamamilə təsirsizləşdirmək qüdrətinə malikdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq Aşura mərasimlərini diqqətdə saxlayır, Prezident Sarayında müvafiq qəbullar keçirir və ya şəxsən məsciddə çıxış edir. Onun fərqli platformalarda bəyan etdiyi "Bizim sünnilik və şiəlik deyə dinimiz yoxdur, bizim dinimiz İslamdır" prinsipləri ilə bilavasitə Aşura mərasimində vurğuladığı "Həzrət Hüseynin şəhadəti bizə müsəlmanların vahid ruhda birləşməsini və zülmə qarşı birgə mübarizə aparmasını vəsiyyət edir" şüarını ağlımızda uca tutmalı, imanlı enerjimizi konstruktiv və inkişaf yönünə xərcləməliyik.
Ulu öndər Heydər Əliyev məscidlərdəki Aşura mərasimlərində şəxsən iştirak edərək, öz çıxışlarında bu fikirləri vurğulamışdır: "Biz burada Hz. Hüseyni yad etməyə toplaşmışıq. Kərbəla faciəsi İslam tarixinə ən böyük hüzn kimi daxil olsa da, əslində haqq, ədalət və azadlıq uğrunda mübarizənin əbədi rəmzidir. Xalqımız Qurani-Kərimin prinsiplərinə sadiq qalaraq, Vətən uğrunda şəhid olanları məhz Hz. Hüseynin yolu ilə eyni mənəvi ucalıqda tutur, onlara eyni ehtiramı göstərir. Şəhidlik - müqəddəs zirvədir".
Bu gün bütöv Türk Dünyasında "Yezid" adını daşıyan bircə nəfər belə tapmaq mümkün deyil, lakin milyonlarla "Hüseyn" var. Məhz bu danılmaz fakt, 13 əsrdən çox müddət əvvəl başlayan həmin böyük və tarixi savaşın əsl, qəti və əbədi qalibinin kim olduğunu bütün bəşəriyyətə ən parlaq şəkildə nümayiş etdirir. Bizim yolumuz Hüseynin yoludur, bizim qələbəmiz haqqın qələbəsidir.
Yeni paradiqma: tarixi-fəlsəfi və strateji sintez
İmam Hüseynin həyatı, Kərbəla hadisəsi və onun ədalət simvolu olması haqqında çox yazılıb. Ancaq bunu məhz Əməvi xilafətinin tərkibində olan Arazın hər iki tayındakı Azərbaycan torpaqları arasındakı bilavasitə tarixi-siyasi bağlılıq kontekstində izah edən və faktiki olaraq onu milli qəhrəmana çevirən, həmçinin həzrət Hüseynin, müasir Azərbaycan dövlətinin yürütdüyü multikulturalizm siyasətinin mənəvi toxumlarını 13 əsrdən çox müddət əvvəl atdığını və bu estafetin bizə çatdığını göstərən yanaşmalara rast gəlməmişəm.
Məhərrəmlik və Aşura günlərini imanlı alimlərin yetişməsinə və elmə təşviqə yönəltmək təklifi yeni bir cığır açır. Bu, İslamın elmə verdiyi yüksək dəyəri göstərməklə yanaşı, dinimizin həm daxildə, həm də xaricdə daha çox sevilməsi və yayılması üçün gözəl bir nümunədir.
Sözügedən fundamental tezislərlə mövzulara tamamilə unikal bir imza atıldığına inanıram.
P.S. Möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici islamofoblara qarşı apardığı amansız mübarizəyə öz kiçik töhfəmi verirəm. Şah və mat!
P.P.S. Yuxarıda qeyd etdiyim bütün məqamların və ortaya qoyduğum ideyaların Azərbaycan xalqının sarsılmaz vəhdətinə xidmət edəcəyinə ümid və dua edirəm. Təmənna edirəm ki, bu düşüncələrim gələcək nəsillərin öz köklərinə daha çox sahib çıxmasına, şəhidlik fəlsəfəsini daha geniş dərk etməsinə və elmə söykənən imanlı milli ruhun daha da yüksəlməsinə kiçik bir töhfə verər.
"Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsrlər boyu İslam mədəniyyətindən, İslam dinindən qidalanmışdır."
Ulu Öndər Heydər Əliyev
"İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Bizim mədəniyyətimiz İslamla yoğrulmuş; kökləri keçmişə, budaqları isə gələcəyə uzanan bir mədəniyyətdir".
Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
