Zaman qaçqını və ya yaddaşın darçın qoxusu - Xanım AYDIN

 

Şəhər amansız bir orkestr kimi guruldayırdı. Beton divarların soyuq nəfəsi, asfaltdan qalxan toz dumanı və bir-birinin ruhuna toxunmadan ötüb keçən minlərlə insan meqapolisin bu bitmək bilməyən, monoton ritminə boyun əymişdi. Murad da bu nəhəng mexanizmin adsız-sansız varlıqlarından biri idi. Əynindəki başdan-ayağa qara geyimi onu kütlənin içində itirir, sanki varlığını görünməz edirdi. Bu şəhərdə sanki rənglər itmişdi. Hamı qara geyinirdi. İnsanlar şüuraltı rənglərin ahəngi üçün darıxsalar da, sanki əlvan geyinməkdən qorxurdular. Hamı eyni rəngdə - qaranın müxtəlif tonlarında geyinirdi. Bəzən ara-sıra göy və ya boz rəngin də müxtəlif çalarları gözə dəyirdi. Amma şəhər bütövlükdə binalı, insanlı qaraya-boza bürünmüşdü. Murad da bu adamlardan geri qalmırdı. O da elə o biri sakinlər kimi, hər sabah eyni saatda oyanır, eyni boz küçələrlə işə tələsir və daxilindəki boşluğu gündəlik qayğıların ağır yükü ilə doldurmağa çalışırdı. Onun üçün həyat artıq rənglərin yox olduğu, yalnız ağ və qaranın mübarizə apardığı bir xəritə idi. Bu mübarizədə daha çox qaranın ağı ləkələdiyini görür, bəzən ruhdan düşür, bəzən də hələ tam ölməyən ümidlərinə inanıb davam edirdi.

Lakin o gün, o dar döngədə kainatın zamanı donduran o gizli toxunuşu baş verdi. Köhnə, divarlarını şibyə basmış, gənc nəslin bəyənmədiyi, amma köhnələrin ən çox sevdiyi, bişirmə texnikası elə o zamanlardan qalan, işçiləri bu dünyaya aid olmayan  çörəkbişirmə sexinin bacasından havaya elə bir sehr yayıldı ki, Muradın addımları qeyri-ixtiyari kəsildi. Bu, darçın qoxusu idi. İsti xəmirin o məsum istiliyi darçının kəskin, həm də can yandıran doğmalığı ilə birləşib onun ruhuna süzüldü. Həmin an şəhərin bütün uğultusu susdu. Avtomobillərin qulaqbatırıcı siqnalları, insanların tələsik ayaq səsləri, hündür binaların soyuq kölgələri bir duman kimi dağılıb getdi.

Murad gözlərini yumdu və özünü qoxunun o görünməz qanadlarına təslim etdi. Bir neçə saniyənin içində o, otuz il əvvələ, zamanın hələ kəşf olunmamış bir cənnət olduğu o kiçik evə qayıtdı. İndi o, nənəsinin otağında idi. Bayırda payızın həzin yağışı yağır, damcılar pəncərənin şüşəsində naz-qəmzəylə, sanki bir şeir misrası kimi aşağı süzülürdü. Torpağın nəm qoxusu otaqdakı darçın ətri ilə elə bir harmoniyada birləşmişdi ki, elə bil təbiət özü bu evdə bir sevgi ayini keçirirdi. Hamı ancaq bir dua edir, hamı ancaq bir duaya "amin" deyir, hamı ancaq o duanın istisinə toplaşmışdı.

Nənəsinin unlu əlləri xəmir yoğurduqca, o ağappaq un zərrələri havada uçuşur, sanki mələklərin qanadlarından tökülən tozlara çevrilirdi. Murad balaca əlləri ilə nənəsinin ətəyindən yapışıb, onun hər hərəkətini heyranlıqla izləyirdi. Nənə gülümsəyirdi; o təbəssümdə dünyanın bütün şərindən qoruyan ilahi bir sığınacaq var idi. O zaman Murad üçün dünya nənəsinin unlu əlləri ilə hördüyü o görünməz qalanın içindən ibarət idi. Orada nə kədər var idi, nə də gələcəyin qorxulu qaranlığı. Hər şey rəngli idi, hər şey xoşbəxtlik vəd edirdi, hər kəs doğma idi və heç nə həyəcan və təhlükədən xəbər vermirdi. Sakit, öz axınında davam edən, bir-birindən gözəl günlər vardı.  Zaman sadəcə "indi"dən ibarət idi və hər şey hələ qarşıda, hələ ən gözəl rəngləri ilə yaşanacaqdı. Otaqdakı köhnə saatın "tık-tık"ları bir ömrün bitməsini deyil, nənəsinin bir azdan sobadan çıxaracağı o darçınlı möcüzənin yaxınlaşdığını müjdələyirdi. Saatın hər tıqqıltısı bir göz döyəcləməsinə bərabər olan günlər idi.

Birdən, yanından sürətlə ötən bir maşının kəskin siqnalı və kiminsə çiyninə bərk dəyib keçməsi bu rəngli yuxunu darmadağın etdi. Murad qəfil yuxudan oyanan kimi silkələnib geri - bu soyuq reallığa qayıtdı. "Bağışlayın," dedi bir yad səs və kütlənin içində itdi. Murad gözlərini açanda özünü bir "zaman qaçqını" kimi hiss etdi. Qarşısındakı hündür şüşə binalar sanki ona yuxarıdan istehza ilə baxır, "Sən bura, bu bozluğa aidsən", - deyə pıçıldayırdı.

Boğazında acı bir düyün yarandı. O darçın qoxusu indi daxilində dərin bir fəlsəfi kədərə çevrilmişdi. O, dərk etdi ki, əslində insan itirdiyi insanlara deyil, o insanların yanındakı özü üçün, o məsum, hələ dünyanın çirkinliyinə toxunmadığı ruhu üçün darıxır. O darçınlı isti çörəyi deyil, dünyanın hələ ona zərər verə bilmədiyi o saf anı xatırlayır, ora dönmək istəyirdi. İndi isə nənəsi çoxdan torpağa qarışmış, o görünməz sevgidən qurulmuş qala isə yerlə yeksan olmuşdu.

Murad cibindəki soyuq telefonuna toxundu; bu onun indiki zamanla bağlanan ağır zənciri idi. Öz-özünə düşündü: "İnsan nə zaman qocalır? Bəlkə də ilk dəfə keçmişi bir xoşbəxtlik sığınacağı, gələcəyi isə təhlükə kimi gördüyü an". O, zamanın kəndiri üzərində tarazlığını itirmiş bir kəndirbaz kimi idi və bu kiçik darçın qoxusu o kəndiri elə silkələmişdi ki, yıxılmamaq üçün nədənsə yapışmalı idi.

Yoluna davam etdi, amma artıq bir neçə dəqiqə əvvəlki Murad deyildi. Addımları daha yavaş, baxışları isə şəhərin o biri tərəfini görəcək qədər dərin idi. Çünki o, bir neçə saniyəlik də olsa, zamanın əlindən qaçmağı, ruhunun o tozlu otaqlarında gizlənən məsumiyyəti tapmağı bacarmışdı. Qoxu havadan çəkilmişdi, amma ürəyindəki o titrəyiş hələ də davam edirdi. O, artıq bilirdi ki, nə qədər boz paltolar geyinsə də, nə qədər bu mexanizmin bir parçasına çevrilsə də, içindəki o darçın qoxulu uşağı heç kim onun əlindən ala bilməz. Bu da elə ən əsası idi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!