Uzunömürlü moskvalı azərbaycanlı şairlər arasında söz üzərində illərlə, dönə-dönə işləyən, özünə-sözünə son dərəcə tələbkarlıqla yanaşan, şeir yazmaq xatirinə şeir yazmayan və bu səbəbdən də ən az şeir kitabı nəşr etdirən qələm sahiblərindən biri istedadlı söz xiridarı Sultan Mərzilidir, - desək, həqiqəti söyləmiş olarıq. İlk şeiri "Azərbaycan gəncləri" qəzetində 1971-ci ildə dərc olunan şairin özünün dediyi kimi: "Uzun macəralardan sonra ilk kitabım "Dünya bir pəncərədir" adı ilə 1984-cü ildə kiçik bir həcmdə "Yazıçı" nəşriyyatında işıq üzü gördü. Növbəti kitabımın çapı isə müsbət rəylərlə, müsbət vədlərlə qaldı... O heç vaxt ucuz şöhrət dalınca qaçmadı. Necə deyərlər, poeziyanı mərdlik və kişilik meydanı sandı:
Oda bələməsən ürək sözünü,
O söz ürəklərin elçisi deyil.
Kitabın qalını, şeirin uzunu,
Yaxşı ki, şairilik ölçüsü deyil!
(Sultan Mərzili. Bir addımlıq ömür... Şeirlər. Bakı, "UniPrint", 2006. S.10.364 s.)
Şair, tərcüməçi Məmmədov Sultan İskəndər oğlu - Sultan Mərzili 1 iyul 1948-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Xocavənd rayonunun Çöplü Göl yaylağında kolxozçu ailəsində doğulmuşdur. Onun əsli-nəsli Ağdam rayonunun Mərzili kəndində yaşayırmış. Ailə 1941-ci ildə Xocavəndin Hası kəndinə köçmüş və 1972-ci ilə qədər orada yaşamışdır. Onuşaqlı külfətin doqquzuncu övladı olan Sultan orta məktəbi həmin rayonda bitirmiş və 1965-1971-ci illərdə Bakıda S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. Təyinatla Xocavəndin Əmiranlar səkkizillik məktəbində dərs hissə müdiri (1971-1972), sonra Qaradağlı kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir (1972-1975). Daha sonra Sultan Məmmədov Sumqayıt şəhərində 4 saylı orta məktəbdə ixtisası üzrə müəllimlik etmiş (1975-1976), iki il yaxşı iş axtarışından təngə gələrək, 1978-ci ildən Moskvaya yığışmış, bu şəhərdə çeşidli peşələrə qulluq etmişdir. O, qaynaq texnologiyası laboratoriyasında mühəndis (1978-1980), SSRİ Dövlət Təchizat İdarəsində usta (1980-1981), tikinti idarəsində usta, təhlükəsizlik texnikası üzrə mühəndis (1981-1986), polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı (1986-1989) olmuşdur (T.Ə.Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı, "Nurlar", 2004. S. 809. 984 s.).

Sovet quruluşu dağılandan sonra müxtəlif özəl tikinti şirkətlərində çalışmış, son illərdə isə ancaq bədii yaradıcılıqla, ictimai işlərlə məşğuldur.
Hazırda şairin meydanda daha üç şeir kitabı var: "Bir addımlıq ömür...", Bakı, "UniPrint", 2006. 364s.; "Bəyaz vərəq içində", Bakı, "UniPrint", 2009. 214 s.; "Heroqliflər", Moskva, 2015. 272 s. Bu kitablarda cəmlənmiş şeirlərin əksəriyyəti illərlə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Sovet kəndi", "Azərbaycan müəllimi", "Literaturnaə qazeta", "Ədəbiyyat qəzeti", "Azərros", "Azərbaycan konqresi", "Azərbaycan diasporu" qəzetlərində və "Azərbaycan", "Ulduz", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Göyərçin" jurnallarında dərc olunmuş, oxucu sınağından keçmiş, bir daha müəllif redaktəsinə məruz qalandan sonra araya-ərsəyə gəlmişlər.
Torpaqlarımız işğal altında olan zillətli illərdə Azərbaycanın Moskvadakı ədibləri arasında bu mövzuda yana-yana, içindən qovrula-qovrula ən çox və ən təsirli yazanlardan biri də əslən Qarabağ torpağının övladı olan Sultan Mərzili idi.
O, Qarabağ kədərimizdən, Qarabağ faciəmizdən ürək ağrısı ilə və inandırıcı poetik detallarla, səmimiyyətlə yazırdı. Oxucu onun naləsinə, harayına biganə qala bilmirdi. Müxtəlif tədbirlərdə şair Qarabağ mövzusunda şeirlərini oxuyanda dəfələrlə salonda onlarca soydaşlarımızın göz yaşlarını saxlaya bilmədiklərinin şahidi olmuşuq. Onun "Qarabağ harayı" sərlövhəli şeirinin üçcə bəndinə diqqət yetirsək, müəllifin daxili dünyasının təlatümlərini tam aydınlığı ilə görə bilərik:
Qara torpaqlıyam, Qarabağlıyam
Doğulduğum gündən ölənə qədər.
Mənim bayrağıma qara bağlayın,
Qara torpaqlarım dönənə qədər!..
Baxsın o bayrağa, əllərim qalxsın,
Alçalmış, tapdanmış illərim qalxsın,
Pərən-pərən olmuş ellərim qalxsın,
Qaldır qarabağlım, bayrağımızı,
Qarabağ çağırır, çağırır bizi!..
Dəlidağ oynasın cəngi səsindən,
Xocalım dikəlsin, çıxsın yasından.
Şəhidlər boylanır o dünyasından,
Qaldır, qarabağlım, bayrağımızı,
Qarabağ çağırır, çağırır bizi!
(Sultan Mərzili. Bir addımlıq ömür... Şeirlər. Moskva, "UniPrint", 2006. S. 15. 364 s.)
Əminəm ki, Sultan Mərzilinin bir çox şeirləri, ələlxüsus, hər biri altı bəndlik "Qarabağ harayı" və "Qarabağ atı" şeirləri Azərbaycan poeziyasında işğal illərində yaranmış ən siqlətli, yetkin poetik əsərlər sırasında layiqli yerlərini tutur və ən kamil örnəklər kimi ədəbiyyat tariximizdə əbədi qalacaqlar. "Qarabağ atı" şeirindən də nümunə gətirdiyimiz üç seçmə bənd, yəqin ki, fikrimizin doğruluğunu təsdiqləmək üçün kifayət edər:
Səni mən arayım, mən soraqlayım,
Qarabağ köhləni, Qarabağ atı.
Gətir, yalmanına qara bağlayım,
Ay qara şikəstəm, qara bayatım!
Qara buludlar var göyün üzündə -
Günəşlə yarışan oğullar gərək!
Gəl, qoşa atılaq Cıdır düzündən,
Bəlkə qismət oldu, Şuşanı görək...
Oyadaq torpağı, oyadaq daşı,
Oğullar yığılsın, bu dərdə gəlsin.
Başlasın müqəddəs Vətən savaşı,
Pənah xan - qeyrətli Sərkərdə gəlsin!
(Sultan Mərzili. Heroqliflər... Şeirlər. Moskva, 2015. S.23. 272 s.)
Min şükürlər! Qeyrətli Sərkərdəmiz - Ali Baş Komandanımız boyaboy ayağa qalxdı, sevimli xalqına üz tutdu, rəşadətli ordumuzu səfərbər etdi, Dəmir yumruqla döyüş meydanına atıldı və 44 günə müqəddəs Zəfər çaldı, yurdumuzu biryolluq mərə kafirlərdən arındırıb-durundurdu. Dərhal misli görünməmiş abadlıq işlərinə başlandı... Bütün yaradıcı sənətkarlarımız kimi, Moskvadakı Azərbaycan ədibləri, o cümlədən də, Sultan Mərzili qəmdən, kədərdən, qüssədən, nisgildən xali, abadlığa, qurub-yaratmağa çağıran yeni şeirlər yazmağa başladı. Tanrı dünyamızı və millətimizi xətadan, bəladan qorusun! Ədiblərimiz də nikbin ruhlu əsərlər yaratmaqla könülləri şadmanlığa qərq eyləsinlər!..
Doğma torpaqların itkisindən doğan ağrının hərtərəfli əksilə bərabər, digər bəşəri sevginin çoxçalarlı aspektlərinin tərənnümü, yorulmadan İnsan və Təbiət vəhdətinin təsdiqi, dərin psixologizm, dünyanın gələcəyinə dair kədərli düşüncələri inkar edən nikbin bədii proqnozlar, obrazlı poetik dil - bütün bunların cəmi Sultan Mərzilinin bədii yaradıcılığının mayasını təşkil edir. Şairin "Heroqliflər" kitabının giriş sözündə filologiya elmləri doktoru Vaqif Yusifli müəllifin yaradıcılıq palitrasını tam əhatəli şəkildə müəyyənləşdirmişdir: "Sultan Mərzilini təbiətdən, onun gözəlliklərindən yazdığına görə "təbiət şairi", Vətəndən, Qarabağdan yazdığına görə "vətənpərvər şair", insana sevgisindən, bu sevginin əzablarından və sevincindən yazdığına görə "məhəbbət şairi", həyatın, gerçəkliyin hadisə və olaylarını qələmə almasına görə "ictimai şair" adlandırmaq doğru olmazdı. O, bu mövzuların hər birində uğurlu şeirləri ilə diqqəti cəlb edir..." (Sultan Mərzili. Heroqliflər... Şeirlər. Moskva, 2015. S. 11. 272 s.)
Sultan Mərzili bədii tərcümə sahəsində də qələmini uğurla sınayıb, rus klassik və müasir poeziya sənətkarlarının ayrı-ayrı şeirlərini doğma dilimizə yüksək zövqlə, ustalıqla çevirib: Aleksandr Puşkin (1799-1837), Mixail Lermontov (1814-1841), Aleksandr Blok (1880-1921), Sergey Yesenin (1895-1925), Vladimir Mayakovski (1893-1930), Andrey Dementyev (1928-2018), Yevgeni Yevtuşenko (1932-2017), Andrey Voznesenski (1933-2010), Anton Çexovun (1860-1904) bir neçə hekayəsi, moskvalı həmkarları Əbdül Hüseynovun (1925-2017) "Üsyankar Xaqani" (Moskva, 2010) tarixi romanı və Fərhad Ağamalıyevin (1946-2012) "Canəli Ay altında" (Bakı, 2011) sənədli elmi-publisistik kitabı da Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994) Sultan Mərzilinin nəsr tərcüməçiliyi sahəsində zəhmətinin dəyərli bəhrələridir. Bu tərcümələr təkcə Moskvadakı Azərbaycan ədəbi mühitində deyil, həmçinin doğma Azərbaycanda da birmənalı olaraq bədii uğur kimi qiymətləndirilmişdir. Şübhəsiz, Sultan Mərzilinin hər iki dili, hər iki ədəbiyyatı dərindən bilməyi Azərbaycan-rus ədəbiyyatlarının dialoqunda önəmli rol oynamış və qarşılıqlı ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.
Şair, əsasən, Azərbaycan dilində yazır, lakin arabir qələmini rus dilində də sınayır. Sultan Mərziliyə sözün tam mənasında bilinqv - ikidilli şair demək çox şişirtmə olardı. Çünki onun ikidilliliyi tam bilinqvizm funksiyasını yerinə yetirmir, şair bundan daha çox poetik eksperimentlər kimi istifadə edir. Etiraf etmək lazımdır ki, onun ikidilli poetik cəhdləri, bütövlükdə epizodik, mütərəddid, bəzən isə ədəbi həvəs, əyləncə təsiri bağışlayır. Hər halda Sultan Mərzilinin rus dilində yaratdığı bəzi layiqli poetik nümunələr də mövcuddur, maraq doğurur və tamamilə ciddi qəbul oluna bilər...
Sultan Mərzili yaradıcılıq prosesinə olduqca ciddi, məsuliyyətli yanaşan sənətkardır. Onun özü haqqında təvazökarlıqla söylədiyi fikirlər şairin keçdiyi poetik yolun sanbalını müəyyənləşdirməkdə dəqiq meyar hesab oluna bilər: "Həyatımın mənalı hesab etdiyim hissələrini, hisslərimin, düşüncələrimin bir qismini misralara, şeirlərə çevirmək istəmişəm, buna nə qədər nail ola bilməyimi siz bilərsiniz. Dünya ədəbiyyatına nəhənglər bəxş etmiş Azərbaycan ədəbiyyatında söz demək, yer tutmaq çox çətin və şərəfli bir işdir" (Sultan Mərzili. Heroqliflər... Şeirlər. Moskva, 2015. S. 8. 272 s.).
Qətiyyətlə deyə bilərik ki, Sultan Mərzili müasir Azərbaycan poeziyasında bir şair kimi imzası çoxdan təsdiqlənmiş, bəlli yeri olan istedadlı söz sənətkarıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
