Zirvə görüşü - "Türk Dünyası Həftəsi" - Nadir MƏMMƏDLİ

 

"Türk Dünyası Həftəsi" - Zirvə görüşünün keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Bu təşəbbüs, əslində, Azərbaycanın türk dünyasının elmi və mədəni həyatında oynadığı tarixə söykənir. Təsadüfi deyil ki, 1926-cı ildə keçirilən və adında "I Ümumittifaq" sözü yer alsa da, mahiyyət etibarilə beynəlxalq miqyaslı nadir elmi-mədəni forum olan I Türkoloji Qurultay məhz Bakıda təşkil olunmuşdu.

Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar tam şəkildə gerçəkləşməsə də, onun özü ortaq zəngin keçmişə və qədim mədəni irsə malik türk xalqlarının mənəvi-mədəni inteqrasiyası baxımından müstəsna əhəmiyyət daşıyan hadisələrdən biri kimi tarixə düşmüşdür. Türklüyün öz fikir tarixi vardır və bu tarixin elmi şəkildə araşdırılması qarşımızda yeni üfüqlər açır. Beləliklə, türk tarixçiliyinin, mədəniyyətinin və düşüncə həyatının öyrənilməsini özündə birləşdirən, elmi tədqiqatların mühüm istiqamətlərindən biri olan türkologiyanın tarixi formalaşır və inkişaf edir. Bakıda keçirilən "Türk Dünyası Həftəsi" də bu baxımdan xüsusi əhəmiyyət kəsb etmişdir. Bu toplantı son yüz ildə dünya türkoloqlarını bir araya gətirən ən möhtəşəm elmi görüşlərdən biri olmuşdur. Türkologiyanın müxtəlif sahələri üzrə alimlərin iştirakı ilə aparılan tədqiqatlar, qarşıda duran əsas problemlər və əldə edilən mühüm nəticələr müzakirə edilmiş, türkdilli xalqların etnik və mədəni inkişafının başlıca məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdır. Məhz bu görüşlərdə türkdilli xalqların dili, tarixi, ədəbiyyatı və etnoqrafiyası ilə məşğul olan alimlər arasında yaradıcı və təşkilati əlaqələrin inkişaf etdirilməsinin, elmi fəaliyyətlərinin əlaqələndirilməsinin, həmçinin türkdilli xalqların etnik tarixinə dair araşdırmaların davam etdirilməsi və qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Bu yaxınlarda Səmərqənddə keçirilən türkoloji toplantıya rəmzi olaraq "I Türkoloji Qurultayın vəsiyyəti" adı verilmişdi. Həqiqətən də, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda növbəti qurultayın 1928-ci ildə Səmərqənddə təşkili nəzərdə tutulmuşdu. Lakin həmin qurultay müxtəlif tarixi və siyasi səbəblərdən baş tutmadı. Məlumdur ki, I Türkoloji Qurultayın əsas müzakirə mövzularından biri türkdilli xalqların əlifba islahatı idi. Sonrakı illərdə sovet hakimiyyəti latınlaşma prosesini həyata keçirdi və bu proses daha geniş ideoloji məqsədlərlə əlaqələndirildi. Beləliklə, qurultayın gündəliyində duran əsas məsələlərdən biri reallaşdıqdan sonra II Türkoloji Qurultayın keçirilməsinə ehtiyac duyulmadı.

Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının həmrəyliyi ilə bağlı söylədiyi fikir bu gün xüsusi aktuallıq kəsb edir: "Türk dövlətləri, xalqları bizim vahid ailəmizdir. Bizim onlardan başqa heç kimimiz yoxdur." Müstəqillik illərində türk dövlətləri yalnız əməkdaşlıq platforması yaratmaqla kifayətlənməmiş, həm də mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən biri kimi formalaşmış, ortaq tarixi köklər və mənəvi dəyərlər əsasında qarşılıqlı etimadı daha da möhkəmləndirmişdir. Bu gün qardaş türk dövlətləri arasında müttəfiqlik münasibətlərinin gücləndirilməsi, mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarix, dil və mədəni irsin qorunması istiqamətində atılan addımlar davamlı xarakter almışdır. Bu mənada müasir türk inteqrasiyası yalnız yeni siyasi reallığın məhsulu deyil, həm də 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın formalaşdırdığı elmi və mənəvi ənənələrin məntiqi davamıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!