Kitablar, rəylər
Dilçi, ədəbiyyatşünas, türkoloq, folklor araşdırıcısı, şair, nasir, ictimai xadim sözləri xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığının çoxcəhətliliyini əhatə etməyə yetməyən sözlərdir; çünki bunlardan əlavə, o, bütün ömrü boyu həm də pedaqoji fəaliyyətlə, multikulturalizm sorunlarının araşdırılması, dərslik yaradıcılığı və xaricdə Azərbaycan dili ilə maraqlananlar üçün vəsaitlərin yaradılması ilə məşğul olub; teatrlarımız üçün pyeslər yazıb. Bu sadalananlar onun bütün ömrünü qızırğanmadan, elmə, yaradıcılığa, millətinə xidmət işinə sərf etdiyini göstərir. O da bir əlində elm və pedaqoji fəaliyyət, bir əlində nəsr və poeziya ömrü qovhaqovdadır. "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" adlı nəsr əsərləri Azərbaycandan çox-çox uzaqlarda, bir çox xarici dillərə çevrilib və müəllifinə şöhrət qazandırıb. Kamal Abdulla həm də fəal ictimai xadimdir. Xalqının ağır günlərində çəkilib evində oturmadı, gedən proseslərin içində oldu və millətə həmişə düz söz deməyə çalışdı. O, ilk kitablarından başlayaraq ədəbi tənqidin diqqət mərkəzindədir, nəsr əsərləri, pyesləri barədə çox yazılıb. Deyilənlərə nə isə əlavə etmək çətindir.
Kamal Abdullanın folklorçu, ədəbiyyatşünas kimi üstün cəhətlərindən biri öz mövzularına sadiqliyi və başladığı işi inadkarlıqla sona qədər davam etdirməsidir. Bu baxımdan Dədə Qorqud boyları haqqında uzun illər davam edən araşdırmaları, bu mövzuda nəşr etdirdiyi kitablar silsiləsi ayrıca qeyd olunmalıdır. "Kitabi-Dədə Qorqud" türklərin elə bir fikir xəzinəsidir, keçmiş türk həyatının elə qeyri-adi bədiiliklə təsviridir ki, araşdırıldıqca daha da böyüyür, yeni dəyərləri üzə çıxır.
Kamal Abdullanın ötən il Bakının "Sim-Sim" nəşriyyatında nəşr edilmiş "Gizli Dədə Qorqud, yeni mənalar axtarışında" adlı irihəcmli monoqrafiyası müəllifin təxminən, 30 ilə yaxın davam edən zəhmətinin nəticəsidir. Onun bu araşdırmaları 1991-ci ildən başlayaraq azərbaycanca, türkcə, rusca dəfələrlə nəşr edilmiş, hər dəfə araşdırmaya yeni fəsillər əlavə edilmiş, müəllif bir şaxtaçı səbri ilə ildən-ilə dastanın daha dərin qatlarına enməyə, onun mifik qaynaqlarının bütün incəliklərini açmağa çalışmışdır. Bu uzun yol təkcə Dədə Qorqud kitabının sirlərini və böyük epik vüsətini açmır, həm də Kamal Abdullanın ədəbiyyatşünas və alim istedadının "gizli" imkanlarını və gücünü göstərir.

Bu dastanın (və ya dastanların) tarixini, yaranma coğrafiyasını, dilini, digər folklor nümunələri ilə əlaqələrini araşdıran əsərlər az deyil. Türkiyə, Avropa, Rusiya və Azərbaycanın böyük ədəbiyyatşünas alimləri Dədə Qorqud dünyası və dastanın bədii dəyəri haqqında çox yazıblar. Bu tədqiqatlar arasında seçim etmək istəsəm, hökmən Anarın "Dədə Qorqud dünyası", bir də Kamal Abdullanın "Gizli Dədə Qorqud" əsərlərinin adlarını çəkməliyəm. Anar dastanı Azərbaycan-türk tarixi işığında və bədii mətndən əlavə, həm də tarixi mənbə kimi araşdırıb və qiymətli sonuclara gəlib. Kamal Abdulla isə, adından da göründüyü kimi, dastanın gizli məna və köklərini açmağa çalışır və dünya xalqlarının mifologiyası ilə əlaqələrini incələyir.
Dünya xalqlarının şifahi yaradıcılığında mövcud olan məşhur əsərlərlə yan-yana qoyulanda, ağlımıza gələn bütün parametrlər üzrə, yəni tarixilik, bədiilik, xalq həyatına yaxınlıq, milli psixologiyanın incəliklərinin ifadə edilməsi, insanın ilkin yaşam tərzinin qeyri-adi bir canlılıq və romantika ilə ifadəsi baxımından Dədə Qorqud boyları ilə müqayisə ediləcək əsər tapmaq çətindir.
Kamal Abdulla sübut edir ki, indiyə qədər yazılanlar Dədə Qorqud boylarının dəyərini anlamaq üçün yetərli deyildir: "Kitabi-Dədə Qorqud" dastanlarından bu gün yalnız ədəbi-bədii dəyər kimi danışmaq, əlbəttə ki, çox azdır. Bu sirli dastanın mahiyyətinə vardıqca, onun dərinliyinə nüfuz etdikcə görürsən ki, o nəinki mənəvi dünyamızın müəyyənləşib formalaşmasına, həm də ümumiyyətlə, cəmiyyətin - bizim artıq haqsız olaraq unutmağa başladığımız Oğuz cəmiyyətinin - bir cəmiyyət kimi inkişafına təkan vermişdir". Bir sözlə, dastan millətimizin qədim varlığını göstərən əsl həyat pasportudur.
Kamal Abdullanın monoqrafiyada mifoloji dünyadan mədəni dünyaya, yəni mifdən yazıya keçidin araşdırılmasına geniş yer verməsi dəyərli bir filologiya hadisəsidir və məncə, bu sahədə ilk addımlardandır. Onun fikrincə, Dədə Qorqud kitabı bu keçidin körpülərindən biridir və bu körpünün ucları arasında ciddi fərq var; dastan təsəvvür ediləndən daha qədim dövrlərin məhsuludur və müəllifi də o qədimlik cəlb edir.
Kamal Abdullanın Dədə Qorqud sehrinnən çıxa bilməməsinin, hər dəfə bu mövzuya qayıdanda yeni gizlinlərə baş vurmasının əsas səbəblərindən biri, məncə, dünya mifologiyasının mahiyyəti və onun insanlıq tarixindəki yeridir. Miflər xalq yaradıcılığının yazıya qədərki dövrünün məhsulu sayılır və Kamal Abdullanın əsərində bu məsələ ciddi şəkildə araşdırılmışdır. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, əsatirləri ibtidai insan ağlının məhsulu sayırlar; bir sıra xalqların sivilizasiyaya keçməzdən öncəki düşüncə tərzləri məhz bu miflərdə əksini tapıb. Miflərin etnogenezi, yaranma tarixi, ilkin mənbələri və dünya tarixində oynadığı rol haqqında müxtəlif xalqların alimləri müxtəlif fikirlər söyləmiş, qədim dünyanın bu sehrli yadigarlarına münasibətdə yekdil bir fikrə gələ bilməmişlər. Şübhəsiz, miflərin daha dərindən araşdırılması gözlənilməz nəticələrə səbəb ola bilər.
Monoqrafiyanın mühüm keyfiyyətlərindən biri, şübhəsiz, "Kitabi-Dədə Qorqud"dakı süjet xətlərini və əsatir başlanğıclarını dünya mifologiyası və daha çox yunan əsatirləri ilə müqayisəli şəkildə araşdırmasıdır.
Monoqrafiyada Dədə Qorqud dünyası və dastanın qəhrəmanları ilə yunan mifologiyasının məşhur süjetləri və qəhrəmanları arasındakı bənzərliklər, Oğuz həyatı ilə qədim yunan həyatı arasındakı paralel xətlər araşdırılır; bu müqayisələrdə Kamal Abdulla heyrətamiz yaxınlıqlar görür və istər-istəməz, "kim kimdən təsirlənib?" sualını səsləndirir. Bu sualın cavabını tapmaq üçün axtarışlar davam etdirilməlidir.
Dünyada səyyah süjetlər çoxdur və bu istiqamətdə axtarışlar bizi yeni sürprizlərlə qarşılaşdıra bilər. Bu, ayrı bir müzakirə mövzusudur. Ümumi şəkildə onu demək olar ki, əgər bu gün insanlığın ana yurdu və oradan dünyaya yayılması haqqında mülahizələr az qala elmi həqiqət kimi qəbul olunursa və dünyadakı bütün xalqlar bir kökün budaqları kimi təsəvvür edilirsə, o zaman dünya miflərinin və folklorunun, hətta dinlərinin də vahid bir başlanğıcı olduğunu qəbul etməliyik.
Hansı daha əvvəldir? Bu əsatirləri yaradan xalqlar, yoxsa miflərin özü? Məncə, oğuzlar Dədə Qorqud dastanlarını yaratdıqları kimi, bu dastanlar da oğuzları yaratmışdır. Dastanlar oğuzların gündəlik həyat hekayələri olmaqla yanaşı, bəlkə də çoxdan ayrıldıqları qədim bir dünyanın xatirələridir. Bu mənada miflər onu dilə gətirən nəsillərin özündən daha əvvəl yaranmış başqa bir sivilizasiyanın anıları kimi qəbul oluna bilər. Məncə, nağıllara və bir sıra başqa folklor növlərinə də bu cür baxmaq lazımdır. Buna görə də Kamal Abdullanın Dədə Qorqud gizlinlərinin axtarışı həm də oğuzların unudulmuş, gizli bir sivilizasiyasının son qalıqlarının axtarışıdır.
Monoqrafiyanın bütün məziyyətləri haqqında bir məqalədə danışmaq çətindir və mənim belə bir niyyətim də yoxdur. Mənim diqqətimi çəkən Kamal Abdullanın ədəbiyyatşünaslığımızda, bəlkə də ilk dəfə mifdən yazıya keçid prosesini və bu prosesin Dədə Qorqud dastanları ilə əlaqəsini geniş şəkildə incələməsi və gəldiyi nəticələrdir.
Mifdən yazıya keçid monoqrafiyada xaosdan kosmosa, keçmişdən indiyə, yaşlılıqdan gəncliyə keçid prosesi ilə paralel təhlil edilir. Müəllif haqlı olaraq göstərir ki, əsatir və miflərin müəllifi kollektivdir. Məkanı "Qəhrəmanların heç kimdən asılı olmadıqları, ...daxilən azad ruhun hökm sürdüyü bir məkandır". Mifologiyada əsas olan möcüzəli söz və onun diriliyidir. Yəni Dədə Qorqud boyları bütöv, bitib-tükənməyən, güclü, canlı bir sözdür". Əsərdə mifdən yazıya keçidin bütün cəhətləri, uğurlu-uğursuz tərəfləri mükəmməl bir şəkildə təhlil etmişdir.
Kitabın "Ana varianta doğru" adlanan ikinci fəsli filoloji və tarixi mənbələri əhatə baxımından maraqlıdır. Yuxarıda dediyim kimi, burada Azərbaycan-Oğuz dastanının bəzi süjet və qəhrəmanlarının yunan mifologiyasındakı oxşarlıqları və fərqlərindən söz açılır. Bu sahədə ilk araşdırmalar alman alimi fon Ditsin "Təpəgöz-Polifem" bənzərliyi haqqında fikirlərindən və ədəbiyyatşünas-alim Əli Sultanlının bu mövzu ətrafında yazılarından başlamışdır (qırx il öncə bu barədə mən də yazmışdım: "Dədə Qorqudun Təpəgöz motivini Homerin "Odisseya" dastanı ilə müqayisə edən professor Əli Sultanlı vaxtilə Dədə Qorqud süjetinin daha qədim ola biləcəyi ehtimalını bildirmişdi. Onun tərəddüdlə dediyini tarixi dəlillər təsdiq edir." bax: "Ömür kitabı", səh.28).
Bu fəsildəki "Odissey, Basat və Beyrək", "Polifem və Təpəgöz", "Edip və Buğac", "Admet, Herakl və Dəli Domrul", "Sarı donlu Selcan xatun və gözəl Yelena", "Salur Qazan və Aqamemnon", "Beyrək və Antiqona", "Banuçiçək və Penelopa" bölmələri təhlilə nə qədər geniş bir mifoloji materialın cəlb edildiyini göstərir. Bütün bu paralel təhlillər əslində müəllifin ana variant axtarışına xidmət edir.
Müəllif haqlı olaraq qeyd edir ki, oğuz mifləri ilə yunan miflərinin müqayisəsi onların hər ikisinin eyni qədimliyə malik olduğunu göstərir. Bu kitabda ana variant aşkarlanmayıb, lakin ana varianta doğru gedən yolun böyük bir hissəsi keçilib. Skiflərin Qərbə axınlarının qədimliyi və Avropada buraxdığı izlər nəzərə alınanda oğuz və yunan mifləri arasındakı bənzərliklərin təsadüfi olmadığı nəzərə alınmalıdır. Daha qədim tarixlərə göz yetirəndə isə məlum olur ki, miflərin ana variantı insanlığın yaranma tarixinə paraleldir və ona bənzəyir. İnsanın Yer üzünün müxtəlif guşələrinə, müxtəlif qitələrinə yayılma prosesi nə qədər sürüb, insanlar nə qədər birgə yaşayıblar, nə vaxtdan ayrılıblar? - dəqiqləşdirmək çətindir. Əsas odur ki, genetik kök birdirsə və düşüncə, dil, dünyagörüşü, folklor, musiqi və sair sahələrdəki bənzərliklər də təsadüfi deyil. Kamal Abdullanın dediyi kimi, gələcəkdə oğuz miflərini German, Roman, Şumer, Hind, Misir, İran, Çin... mifləri ilə əsaslı müqayisələr gözləyir.
"Mətnin semantik boşluqları" adlı üçüncü fəsildə Oğuz dünyasının üst və dərin qatlarının müqayisəsi, mətnin üst qatındakı müəyyən əlaqəsizliklər, bu əlaqəsizlikləri gizli qatdakı məntiqi bağlılıqları, bugünkü mənəvi dəyərlərlə Qorqud dövrünün həqiqətlərinin müqayisəsi yer alıb. Müəllif "Oğuz - bizim Atlantidamızdır", deyir; Oğuzda demokratiya və antidemokratiya dəyərlərinin axtarışının şərti olduğunu o dövrün bugünkü anlayışlarla ölçülməsinin doğru olmadığını əsaslandırır. Həmin fəslin "Demokratiya və antidemokratiya", "Vədlər və əməllər", "İnformasiya mübadiləsi, yaxud xəbərləşmə vasitələri", "Qaraca çoban və dünya ağacı", "Baybura bəyin gözləri niyə açıldı?", "Tənha Dədə Qorqud" və sair bölmələri müəllifin dastanı az qala cümlə-cümlə incələdiyini və hər bölmənin əsatir köklərini necə ciddiyyətlə axtardığını göstərir.
"Kitabi-Dədə Qorqud mətni və oyun elementləri" adlı dördüncü fəsil də folklorşünaslığımızda az toxunulmuş bir mövzuya həsr olunub.
Kitabın ən maraqlı fəsillərindən biri "Gizlindəki semantik sayrışmalar" adlanır. Müəllif qeyd edir ki; "Dastanda qədim və gizli rituallardan biri olan... adlandırma cəmiyyətin gənc nümayəndəsinin rəsmi olaraq cəmiyyətin üzvü kimi təsdiq edilməsi deməkdir. Bu ritualı... Oğuz cəmiyyətinin mənəvi lideri Dədə Qorqud özü həyata keçirir... Adlandırmanı həyata keçirmək, əslində qədim cəmiyyətin daxili ruhuna hakim olmaq deməkdir".
Bu fəsildə müəllif "Ana haqqı", "Anaxaqanlıq", "Arxetik", "Arzunun gizli arzusu", "Banu Çiçəyin istəkləri", "Cəsus", "Cəza", "Dəlilər", "Dövlət", "Dünya ağacı", "Günah" və s. dastanın ruhunu və mənəvi dəyərini müəyyənləşdirən onlarla anlayışın maraqlı açıqlamasını vermişdir.
Monoqrafiyanın son dərəcə maraqlı hissələrindən biri də "Gizlindəki semantik sayrışmalar" fəslidir. Burada dastanda işlənmiş bəzi anlayışların bir-biri ilə sıx bağlı olan gizli və aşkar cəhətlərinin incələnməsi yer almışdır. Bu bölməyə dastanın lüğət fondundakı ən əsas ifadələrin təhlili kimi də baxmaq olar.
Beş fəsildən ibarət olan kitabın sonunda, müəllifin uzun illər davam edən araşdırmalarının "nəticələr"ində Dədə Qorqud dünyasının öyrənildikcə bitməyən sirləri bir daha diqqətə çatdırılır. Kamal Abdulla araşdırdığı mövzu ilə vidalaşmağa çətinlik çəkir. "Son söz və yaxud yenə də ilkin nəticələr" adı müəllifin kitabdan ayrılsa da, mövzudan, Dədə Qorquddan ayrıla bilmədiyini təsdiq edir.
İngiliscə və rusca xülasələr xarici oxucuların kitabın mahiyyətini anlamaq işini asanlaşdırır.
Kitabın sonuna daha iki bölmə əlavə edilmişdir. "Əlavələr"in birincisində Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"la bağlı əvvəllər yazdığı yazılardan müəyyən parçalar, ikincisində onun kitablarına rəy yazmış Kərimə Üstünovanın, Əli Duymazın, Rəhman Bədəlovun, Nizami Cəfərovun, Əhməd B. Ərculasunun, Qorxmaz Quliyevin bir- birindən maraqlı yazıları yer almışdır.
Beləliklə, Kamal Abdulla bir kitabda Dədə Qorqudla bağlı ensiklopedik bir genişliyi əhatə edən yazılarını və Dədə Qorqud dünyası ilə bağlı əlimizdə olan ən yaxşı elmi düşüncələri bir yerə toplamağı bacarmışdır.
Dünya mifologiyasına həsr olunmuş ensiklopediyalarda, təəssüf ki, türk xalqlarının əsatirlərinə son dərəcə az yer verilir; üstəlik, miflər millətlərin qədimliyini və dünya tarixində rolunu göstərən əsas əlamətlərdən biri kimi qiymətləndirilir. Bu yanaşmanın alt mənasını, "gizlini"ni başa düşmək çətin deyil. Lakin günahı həm də özümüzdə, türk folklorşünaslarında axtarmalıyıq. Çünki türk mifologiyasını ilk növbədə özümüz araşdırmalı və tanıtmalıyıq. Akademik Kamal Abdullanın kitabı həm də bu cəhətdən dəyərləndirilməlidir. Məhz onun kitabı Azərbaycan folklorunun həm xalqımızın, həm insanlığın keçmişinə işıq tutan nə qədər zəngin bir mənbə olduğunu və folklorun gizli dünyasına aparan yolları göstərir.
"Gizli Dədə Qorqud" yeni mənalar axtarışında" əsəri tək Kamal Abdullanın yox, bütövlükdə Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının böyük uğurudur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
