Azər TURAN
Ağdamda 35 il əvvəl olmuşdum. Ağdam üzərindən Ağdərəyə - Ortagüneypəyə kəndinə getmişdik. 1991-ci ilin avqustunda Alagöz kişinin evində gecələmişdik. Ağdam da, Ağdərə də süqut ərəfəsindəydi. Ağdərədə qarşı dağın yamacında ermənilərin qurduqları səngərlərdən açılan atəş səsləri...
İndi isə Ağdama Şuşadan gəlmişəm...
Bu qeydləri gündəliyimə Xankəndidə "Xankəndi" otelində, qaldığım otağın eyvanında oturub yazıram. Gecədən keçib. Hava sərindir. Meh əsir. Şəhər hüzur içindədir. Həmişəki kimi siqareti siqaretə calayıram...
Bayaq Şuşada Ege Universitetindən Yılmaz Özkaya ilə söhbət edərkən dedim ki, 1918-ci ildə Şuşanı erməni işğalından Cəmil Cahid Toydəmirin komandanlıq etdiyi mehmetciklər xilas edib, türk ordusu Andranikin ordusunu darmadağın edib və həmin döyüşdə türklər otuz üç şəhid verib...
Xankəndidəki məşhur inzibati binanın yaxınlığındakı küçədə Türkoloji Qurultayı əks etdirən reklam lövhəsini görmək adama ayrıca qürur verir.
Türk Dünyası Həftəsi çərçivəsində bu gün burda, Xankəndi Universitetində, sabah Bakıda İncəsənət Muzeyində çıxış etməliyəm. Təbii ki, söhbət Türkoloji Qurultayın 100 illiyindən gedirsə, burda da, Bakıda da Əli bəy Hüseynzadə barədə danışacağım şəksizdir.
Qarabağ Universitetində çıxışım
"Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası" konfransında danışarkən, ilk növbədə və məncə, haqlı olaraq, diqqəti Əli bəy Hüseynzadənin Türkoloji Qurultaydakı məruzəsinə, məruzənin elə 1926-cı ilin mart ayında, Qurultaydan bir neçə gün sonra Bakıda "Kommunist" qəzeti nəşriyyatı tərəfindən çap olunmuş mətninə - "Qərbin iki dastanında türk" əsərinə yönəltməliyik. Bəllidir ki, uzun illər bu əsərin Türkoloji Qurultayda məruzə mətni olub-olmaması mübahisə predmeti olub. Baxmayaraq ki, onun məruzə mətni olmasını 1926-cı ildə çıxmış kitabın annotasiyasında yazılanlar da təsdiq edirdi: "Ümumittifaq Türkoloji Qurultaydakı məruzələrdən birini təşkil edən bu kitabça professor Əli bəy Hüseynzadə tərəfindən çap edilmək üçün qəzetəmizə təqdim edilmişdir".
"Qərbin iki dastanında türk" XX yüzil türkoloji düşüncənin nadir örnəklərindən biridir. Amma əfsus ki, əsərin türkolojidəki yeri hələ də müəyyənləşdirilməyib, yaxud heç etiraf olunmayıb. Azərbaycanda da, Türkiyədə də indiyə qədər elmi araşdırmalardan kənarda qalmış bu məruzə Avropa ədəbiyyatının iki mühüm əsərinin müqayisəli təhlilindən ibarətdir. Yəni məruzədə portəgiz şairi Kamoensin "Luziada" və italyan şairi Torkvato Tassonun "Qurtarılmış Qüds" əsərlərində türk amilinə münasibət tədqiq olunur. Alman alimi, professor Menzel 1927-ci ildə "Der İslam" dərgisinin 1-ci sayında dərc olunmuş "Birinci Türkoloji Konqresindən qeydlər" əsərində yazırdı ki, "Hüseynzadə Əli bəyin təqdimatı... Qurultaydakı ən dərin və fəlsəfi çıxışlardan biri idi. O, ədəbiyyata sadəcə bir mətn kimi deyil, sivilizasiyalar arasında qarşılıqlı təsir sahəsi kimi yanaşmaqda ustalığını nümayiş etdirdi."
Hüseynzadənin Qurultaydakı məruzəsinin paraqrafları çox ilgincdir. O, araşdırdığı vacib məqamları sadalayır: 1. "Türkoloji nədir? 2. Muzeylərin, albomların lüzumu. 3. Beynəlmiləl ədəbiyyatdan türkə dair "Müntəxəbati-ədəbiyyə" (Albom xrestomatı) vücuda gətirilməsi lüzumu. Bunu müvərrixlərdən (tarixçilərindən), ya türkün kəndi milli ədəbiyyatından deyil, əcnəbi ədəbiyyatından toplamalıdır. Hər kəs kəndini mədh edər, gərçi Çaadayev kimi müstəsnalar da var. Çaadayev bugünkü inqilabi-tərəqqiyyatı parlaq surətdə təkzib ediyor. 4. Beynəlmiləl ədəbiyyatda türkün siması: Firdovsidə, Rusiya ədəbiyyatında Puşkində, Tolstoyda, Dostoyevskidə "Ölülər evi"ndə türk. 5. Avropa ədəbiyyatında Bayronun "Don Juan"ı. Puşkin Bayronun yazdıqlarını Rusiyanı görmədən yazdığı üçün müaxizə (məzəmmət) ediyor. Bayron Türkiyəni görmüş idi! 6. Klassik ədəbiyyatda İtaliyada və Amerikada da türk izi görünəmiyor. 7. "Luziada" və "Qurtarılmış Qüds" qiyas surətilə mütaliə... (istər türkə xüsumətkar (düşməncəsinə), istər dost surətilə yazılmış olsun). Məşhur sənətkar üdəbanın asarına nəzərən türk. 8. Krımskinin məsaisi (çalışmaları). XV-XVI əsrdə Avropa üdəbası nəzərində türk sevimli bir tərzdə təsvir olunur. 10. "İdealizatsiya tyurka". 11. İtalyan şairi Tasso ilə Portəgiz şairi Kamoensə nəzərən türk".
Bu əsər, yəni Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultaydakı məruzəsi ümumiyyətlə, istər Türkiyədə, istərsə də Azərbaycanda müqayisəli ədəbiyyatşünaslığın ilk nümunəsidir. Bu mənada Türkoloji Qurultayın elmi və mədəni mirasından danışarkən, ən əvvəl etiraf etməliyik ki, məhz bu məruzənin timsalında türk filoloji düşüncəsinə müqayisəli ədəbiyyatşünaslıq ixtisası daxil olurdu. Əli bəy Hüseynzadənin "Qərbin iki dastanında türk" əsəri humanitar düşüncənin bu istiqamətinin sistemini müəyyənləşdirir, eləcə də dünya ədəbiyyatında türk izləri nə vaxtdan görünməyə başlayır? kimi bu gün üçün də vacib olan sualı aktuallandırırdı.
Bildiyimiz kimi, Türkoloji Qurultayda macar əsilli yeganə türkoloq Mesaroş idi. Amma təbii ki, o beynəlxalq tədbirdə Portuqaliyadan heç bir nümayəndə yox idi. Əli bəy Hüseynzadə bildirirdi ki, "Melind hökmdarına xitabən, Qama Avropaya dair coğrafi bəzi məlumat verdikdən və "sevgili və məsud vətəni olan Luzitaniyayi bütün Avropanın "baş məqamında" gördüyü İspaniyanın ta təpəsinə çıxardıqdan sonra, Portəgizi təsis edən gənc Henri ilə onun oğlu Kral birinci Alfonsdan başlayaraq Afrika və hind səfərini əmr və təhiyyə edən kral Manuelə qədər Portəgiz tarixinin ən mühüm vəqayeini hekayə ediyor. Bu hekayədən şayani-diqqət bir şey öyrəniyoruz ki, o da Portəgizi təsis edən zatın bir macar (yəni bir turani) olduğudur" - ifadəsinin də keçdiyi mətn Hüseynzadənin məruzəsində tamam fərqli aspektdən təhlil olunurdu. Hələ XX əsrin ilk illərində, daha dəqiq, 1903-cü ildə "Sizlərsiniz, ey qövmi-macar, bizlərə ihvan / Cümləmizin müştərəkən mənşəyi Turan" misrası ilə başlayan ilk turançı şeiri yazan Hüseynzadə Türkoloji Qurultayda tutaq ki, Avropanın dərinliklərində turan izlərini axtarır və deyirdi ki, "Luziada"nın 3-cü və 8-ci fəslində buna dair məlumat vardır. 8-ci fəslə nəzərən: hinddə Kalikut şəhərində Pol Qama hindli nazir Katuala Portəgiz bayraqlarında görünən rəsmləri və təsvirləri tərif edərkən Henri haqqında şu yolda izahat veriyor: "Bir də bayrağımıza ətfi-nəzər buyurunuz: bu bizim ilk krallarımızın şanlı babasıdır, hər nə qədər əcnəbilər onun Loranda təvəllüdündən bəhs ediyorlarsa da, bizcə, o bir macardır..." Demək oluyor ki, bu xüsusda başqa bir fikir təqib edən əcnəbi müvərrixlər varsa da, Portəgizin milli şairi krallıq müəssisinin macar olduğu qənaətindədir".
Bu gün Türk Dövlətləri Təşkilatında Macarıstanın da xüsusi yeri vardır və çağdaş ideologiyaların elmi şəkildə tənzimlənməsinin əsasları 1926-cı ildə keçirilən Qurultayda qoyulmuşdu. Bu baxımdan biz Birinci Türkoloji Qurultayın təkcə elmi və mədəni mirası barədə deyil, həm də onun ideoloji, məfkurəvi mirası barədə danışmalıyıq. Türkoloji Qurultay sonrakı onilliklərdə dünyanın siyasi mənzərəsinin də əsaslı şəkildə dəyişməsinə səbəb olmuşdur.
Çıxışımı Hüseynzadənin "Qərbin iki dastanında türk" mövzulu məruzəsində qaldırdığı bir problemi xatırlatmaqla tamamlamaq istərdim. "Beynəlmiləl ədəbiyyatdan türkə dair "Müntəxəbati-ədəbiyyə" (Albom xrestomatı) vücuda gətirilməsi lüzumu" Əli bəyin Türkoloji Qurultayda irəli sürdüyü ən ciddi filoloji təkliflərdən biri idi və həmin ədəbiyyat müntəxəbatının yaradılması ideyası yubanmadan gerçəkləşdirilməlidir. Menzelin elə Qurultay günlərində yazdığı kimi, Hüseynzadə "ədəbiyyata sadəcə bir mətn kimi deyil, sivilizasiyalar arasında qarşılıqlı təsir sahəsi kimi yanaşmaqda ustalığını nümayiş etdirdi".
"Birinci Türkoloji Qurultayın 100 illiyi (1926-2026)" xatirə nişanı
Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş "Birinci Türkoloji Qurultayın 100 illiyi" xatirə nişanı şəxsən mənim üçün yubiley tədbirlərinin ən işıqlı atributlarından biri oldu. Mənə də üstündə türk soyağacının təsviri olan bu gözəl nişandan verdilər. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nişanı mənə təqdim edəndə bunu "Həyatımın ən böyük mükafatı kimi qəbul edirəm" deyib kövrəldim. Çünki türkoloji ilə bağlı nişanı Qarabağda - Xankəndidə almağın anlamı sözlə ifadə edilməz...
"Hər ölkədə, hər dildə anılmaqda o şöhrət", yaxud Dövlət Pantomim Teatrının Ağdamda təqdim etdiyi "İblis"
2002-ci ildə Hüseyn Cavidin 120 illik yubileyinə hazırlıq gedirdi. Prezident Heydər Əliyev bu barədə Sərəncam imzalamış, Sərəncama əsasən, Hüseyn Cavidlə bağlı sənədli filmin çəkilməsi nəzərdə tutulmuşdu. Filmin məsləhətçisi kimi Turan Cavid təsdiq olundu. Ssenarisini yazmağı isə Mədəniyyət Nazirliyi mənə tapşırdı. Həmin günlərdə Turan xanıma "ola bilməzdi ki, 1926-cı ildə Bakıda Türkoloji Qurultay keçirilsin və Hüseyn Cavid orda iştirak etməsin" dedim və təklif etdim ki, Türkoloji Qurultay günlərində çəkilmiş sənədli filmi bir yerdə izləyək. Bəlkə o kadrlarda Cavidə rast gəldik. Doğrudur, Qurultaydan sonra dərc olunmuş stenoqramda nümayəndələrin siyahısında Hüseyn Cavidin adı yoxdur. Amma dövrün görkəmli yazıçıları Qurultaya qonaq kimi dəvətli idilər. Turan Cavidlə bir yerdə kinostudiyaya gedib Birinci Türkoloji Qurultayın kinoxronikasına baxdıq. İclas zalında ikinci sırada əyləşmiş adamın Hüseyn Cavid olduğunu Turan xanım birmənalı şəkildə və qətiyyətlə təsdiq etdi. Mətnini Xalq artisti Rasim Balayevin oxuduğu "Səma şairi" filminə belə bir epizod daxil etdim: "Bu kadrlara diqqətlə baxın. 1926-cı ilin fevral ayıdır. Bakıda I Türkoloji Qurultay keçirilir. Bu insanlar türkolojidə söz və nüfuz sahibi olan tarixi şəxsiyyətlərdir. Siz indi 37-ci ildən sonra ilk dəfədir ki, Cavidi görürsünüz. Həmin Caviddir. Səma şairi. Yenə də narahatdır. Gələcəkdəki çox mətləbləri öncə görən Hüseyn Cavid həyatının, bəlkə də ən xoşbəxt məqamlarını belə üzüntülü ovqatla yaşayır. Türkoloji Qurultayın mötəbər qonaqlarından biri isə nur içində nur kimi görünən, milli Azərbaycan düsturunun - türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq triadasının müəllifi Əli bəy Hüseynzadədir. Buradakıların hamısı, o cümlədən, Əli bəy Hüseynzadə də bilir ki, türkolojidə böyük ədəbi hadisələrdən biri Cavidin yaradıcılığıdır. Ümumtürk ədəbi dilinin banilərindən biri Hüseyn Cavidin yaradıcılığı".
"Səma şairi" filmindəki bu kadrlardan sonra Türkoloji Qurultayla bağlı sənədli film də yenidən dövriyyəyə qatıldı və populyarlaşdı.
İndi bunu niyə xatırlatdım? Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn qonaqlar Qarabağa gedib Ağdam Muğam Mərkəzində təqdim olunan "İblis" faciəsinə baxdılar. Tamaşadan əvvəl səhnənin önündə sıralanıb dayanan qadınlar isə əsərin məzmununu sözsüz də şərh edirdi. Tamaşa zamanı yanaşı əyləşdiyimiz türkiyəli professor Mustafa Önər "Bunlar Ağdam şəhidlərinin analarıdır" dedi. "Hardan bildiniz?" soruşmaq istəsəm də, susdum. Mustafa bəy mahiyyəti anlamışdı. Ağdamlı şəhid analarının həmin anını telefonuma çəkib heç bir şərh yazmadan Milli Məclisin deputatı, ədəbiyyatşünas Elnarə Akimovaya göndərdim. O da sanki Mustafa bəyin dediyi fikri tamamladı: "Onların hər yerdə durmağa haqları çatır".

Pantomim üslubda, sözlərin iştirakı olmadan "İblis" oynamaq teatr tariximizdə yeni hadisədir. Müharibəyə - yox! Səfalətə - yox! Qırğınlara - yox! İstər Avropadan, istər Türkiyədən gəlmiş müsafirlər üçün anlaşılan bir dildə - pantomim üslubda "İblis"in təqdimatı.
Hüseyn Cavid də, şəhidlərin ruhu da, şəhid anaları da həmin gecə Ağdamdaydı. 30 il həsrətini çəkdiyimiz Ağdamın özü də burdaydı. İdeallarımızın və gerçəklərimizin ifadəsində bunu etməyi bacarmış rejissorun da, ssenaristin də zövqü və düşüncəsi hamını əfsunlamışdı...
"Avtobusumuz Əli bəy Hüseynzadənin doğulduğu Salyanın yaxınlığından keçir"
İstər Bakıdan Şuşaya gedərkən, istərsə də Qarabağdan Bakıya qayıdarkən, hər dəfə Salyanın yaxınlığından keçəndə mikrofonla verilən elan ayrıca bir ovqat yaradırdı: "Avtobusumuz Əli bəy Hüseynzadənin doğulduğu Salyanın yaxınlığından keçir". Türkoloq sərnişinlər heyrət və sevgi dolu baxışlarla Salyan səmtinə boylanırdılar... Bu həssas anları "Çırpınırdı Qara dəniz" havası müşayiət edirdi...
3 iyul Bakı.
Azərbaycan Milli İncəsənət Muzeyində
Bu dəfə rəssam Əli bəy Hüseynzadə barədə
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən "Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam" adlı elmi seminarda dedim ki, bu gün biz Türk Dünyası Həftəsinin ən metafizik bir tədbirində iştirak etmək üçün burdayıq. Türkoloji Qurultayın 100 illiyi günlərində belə bir tədbirin məhz İncəsənət Muzeyində keçirilməsi və onun Əli bəy Hüseynzadəyə həsr edilməsi dərin mənaları ehtiva edir. Türkoloji Qurultay Stalinlə Atatürkün arasında gedən gizli-açıq mübarizənin finalı idi və Qurultay nümayəndələrinə, xüsusən, Türkiyəni təmsil edən Əli bəy Hüseynzadəyə məhz bu binada fəaliyyət göstərən ÇK nəzarət edirdi. İndi isə biz 100 illik tədbirə toplaşmışıq və Azərbaycan Prezidentinin Sərəncamına əsasən keçirilən bütün tədbirlər, o cümlədən, İncəsənət Muzeyində keçirilən bu seminar-sərgi "Bizim ailəmiz türk ailəsidir" başlığı ilə təqdim olunur. Başqa sözlə desək, Atatürk Stalinə qalib gəlir.
Bir rəssam olaraq, şübhəsiz, Hüseynzadənin yaratdığı ən böyük əsər Azərbaycanın üçrəngli bayrağıdır. Fikirlərimi Yaşar Qarayevin sözləri ilə davam etdirmək istəyirəm: "Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir... "Türkləşmək, islamlaşmaq, avropalaşmaq" - düsturunun rəngdə ifadəsi..."
Bu gün türk sənətşünasları Əli bəy Hüseynzadənin rəssamlığı barədə sistemli bir qənaət ortaya qoyur. Özay Erkılıc yazır ki, Əli bəyin "sehrləyici bir üslubu var. Sağlam cizgi və perspektiv anlayışının rənglərdə tez-tez ustaca bir-birini əvəz etməsi" və s.
Hüseynzadə "Şeyxülislamın portreti"ni 1884-1888-ci illərdə Peterburq Universitetində təhsil alarkən yaratmış, 1910-cu ildə Bakıdan İstanbula köçərkən, əsəri özü ilə aparmış və bildiyimiz kimi, məhz yüz il bundan əvvəl, Türkoloji Qurultayda iştirak etmək üçün son dəfə Bakıya gələndə "Şeyxülislamın portreti"ni özü ilə bərabər gətirmiş, onu qardaşı İsmayıl Hüseynzadəyə bağışlamışdı. 1937-ci ildə Karaqandaya sürgün edilən İsmayıl müəllim dünyasını dəyişəndən sonra əsər onun oğlu Bəhram Hüseynzadədə qalmış, Bəhramın həyat yoldaşı, tarixçi Sara Aşurbəyli isə Bəhramın vəfatından sonra əsəri İncəsənət Muzeyinə bağışlamışdı...
Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən bu tədbirin daha başqa və fərqli bir anlamı vardır. Bu əsərlə Azərbaycan boyakarlıq sənətinin banisi hesab olunan tibb professoru Əli bəy Hüseynzadə həm də Azərbaycanın ilk türkoloqudur...
Rəssamlıqla, gözəl sənətlərlə bağlı yazılarını Əli bəy Hüseynzadə, adətən "Əbülnəqqaş" imzası ilə qələmə alıb. "Əbülnəqqaş" "Həyat" qəzetində yazırdı ki, "Bir vaxtlar rəssamlığa çox həvəsim var idi, hətta az qaldı Peterburqun Sənayei-nəfisə (Rəssamlıq) Akademiyasına giriyordum. Ancaq elmə meylim qalib gəlib məni ayrı yollara sövq etdi... Bununla bərabər rəssamlığa meylim heç azalmadı! Hətta getdikcə çoxaldı belə!.. Çoxaldığı üçün kitabxanamın bir qismini hər vaxt rəssamlığa dair kitablar təşkil edirdi: İppolit Tenin "Fəlsəfəyi-sənayei-nəfisə"si ("Rəssamlığın fəlsəfəsi")...və ilaxır, həp bu cümlədən idi. Fikrimin, zehnimin yorğun zamanlarında hər növ iş-gücümü tərk edib rəssamlığımda, nəqqaşlığımda özüm böyük istirahət tapardım..."
Əbülnəqqaş - Əli bəy Hüseynzadə "Şeyxülislamın portreti"ni, dediyim kimi, Peterburq Universitetində təhsil alarkən yaradıb. Əsərin sonrakı aqibəti ilə bağlı yuxarıda yazdım. Türkoloji Qurultayın yüz illiyi günlərində Şeyxin də ayrıca anılmasına böyük ehtiyac vardır. Bu mənada diqqətinizi mühüm bir məqama yönəltmək istəyirəm. Əli bəy Hüseynzadə 1906-cı ildə "Türklər kimdir və kimlərdən ibarətdir?" məqaləsini yazanda hələ Əli Əmiri Mahmud Kaşğarinin "Divani-lüğət it türk" əsərini tapmamışdı. Elm aləmi hələlik Kaşğari barədə, onun əsəri barədə hər hansı bilgiyə sahib deyildi və bu baxımdan Hüseynzadənin həmin məqaləsi nəinki Azərbaycanda, eləcə də bütün türk aləmində elmi türkologiyanın ilk konseptual əsəri kimi qəbul oluna bilər. Amma təəssüf ki, bu günə qədər nə üçünsə bu əsər Azərbaycanda da, Türkiyədə də türkoloqlarımızın araşdırma predmetinə çevrilməyib. Adıçəkilən məqaləsində Şəmsəddin Saminin, Nəcib Asimin tədqiqlərinin yalnız bir təşəbbüsdən ibarət olaraq qaldığını təəssüf hissilə qeyd edən Hüseynzadə bunun səbəblərinə də biganə deyildi: "Nə üçün? Çünki məsələyə elm və irfan sahiblərinin kuvayi-müttəhidəsilə (güc birliyi ilə) çalışmaq, məclislər, cəmiyyətlər, darülfünununda şöbələr güşad etmək (açmaq), türk asari-ətiqəsini (türklərin qədim, əski əsərlərini) aramaq üçün uzaq məmləkətlərə fənni-heyətlər göndərmək lazımdır! Lakin heyhat, heyhat!" Bu, Türkoloji Qurultaydan 20 il əvvəl yazılmış məqalənin bir epizodudur. Və bu hüznlü və dərin "heyhat"ların cavabını 20 ildən sonra Türkoloji Qurultay verdi. Bəs Kaşğari divanının hələ kəşf olunmadığı illərdə Hüseynzadə o dövr üçün qeyri-adi olan məlumatları hansı qaynaqdan əxz etmişdi, yaxud edə bilərdi? Məsələnin ən həssas tərəfi bir də bu nöqtədədir. "Şeyxülislamın portreti"ndə aşıb-daşan metafizik ruhani estetika, işıqlı mistika bu unikal əsəri Azərbaycanın sənət relikviyasına çevirib. Bu gün portreti bütün millət tərəfindən əzizlənən Şeyxülislam, eyni zamanda türk ədəbiyyat tarixini, Cığatay ədəbiyyatı, uyğur mətnləri, Manas dastanı barədə yazılı fikir söyləmiş ilk Azərbaycan alimidir. Bu barədə 2009-cu ildə bizim "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Şeyxülislam - həm də türkoloq" adlı məqaləmdə bildirirdim ki, Axund Əhməd Salyanidən başqa elə bir şeyxülislamımız yoxdur ki, XIX yüzildə "Tarixi-ədəbiyyati-türki" adlı əsər hazırlamağa cəhd etsin. İmanpərvər olduğu qədər də milliyyətpərvər olsun. Türk millətinin başlıcaları və böyükləri, tu-kuye-lər - Göytürklər, uyğurlar barədə qələm çalsın. Ədəbiyyat tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin. "Qutadqu-Bilik", türklərin islamı qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz deməyi özünə vicdan borcu bilsin.
Əli bəy Hüseynzadə türkoloji ilə bağlı ilk fundamental bilgiləri başqa birisindən deyil, Qafqazın Şeyxülislamı olan babasından almışdı.
Şeyxülislamın portretini Avropa portret ənənəsinə uyğun rəsm edən Əli bəy Hüseynzadə estet idi, sənətə nəzəri yanaşmasında simvolizm cərəyanına daha yaxın idi. 1906-cı ildə yazdığı "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsində rəssamlığın nəzəri şərhini belə verirdi ki, "Rəssam heç bir vaxt fikrini açıq deməyəcək, ancaq zehin və qəlbində sirli, gizli olan bir fikri təlqinə çalışacaq... Nə rəngdə, nə də bir xətdə o fikir görünməyəcək, zikr olunmayacaq... rəssamın xəyal və vicdanında peyda olan bir hiss, bir fikir ancaq bir mənəvi təsirlə gizli, üstüörtülü bir surətdə seyrçinin qəlb və vicdanına keçib orada yenidən bunun qarşılığı olan hissiyyat və fikirləri oyandıracaq..." Rəssamlığın funksiyası ona görə estetik məcrada cərəyan etməliydi. "Canım, rəssama demək olurmu ki, "nə üçün bir dağın zirvəsinin, bir mənzərənin, ya dəryada baş verən bir qürubun mənzərəsilə məşğul oluyorsan? Bizə bol-bol məktəb rəsmləri ver, camaatımızı elm və maarifə təşviq et!.." Hüseynzadə bu sualı qaldırır və "şairliyin, rəssamlığın meydanı ayrıdır... Həqiqi rəssam sosial sifarişlərə yalnız bu sözlərlə cavab verməlidir: "İki aləm yarın gözəl işığındadır..." Yəni, Hüseynzadəyə görə, dünya gözəlliyin işığındaydı və sənət əsəri ideologiyalara deyil, estetikalara istinadən yaranmalıydı.
Mədəniyyət bayramı...
Türk həftəsi mədəniyyət fəsli Bakıda, Heydər Əliyev Mərkəzinin səhnəsində unudulmaz musiqi kompozisiyası ilə başladı, Ağdam Muğam Mərkəzində Pantomim Teatrının aktyorlarının ifasında Hüseyn Cavidin "İblis" əsərinin unikal tamaşası ilə yekunlaşdı.
1926-cı ildə keçirilmiş Türkoloji Qurultayı, eyni zamanda türk xalqlarının ilk mədəniyyət həftəsi də adlandırmaq olar. Gələn nümayəndələr həm Azərbaycan incəsənəti ilə tanış olur, həm də bəzi respublikalar burda öz incəsənətlərini təqdim edirdilər. Hələ Qurultaya hazırlıq prosesində türk kitab sərgisi, müxtəlif türk xalqlarının dram sənətinin, rəqslərinin və musiqisinin nümayişi, eləcə də ekskursiyaların təşkili qərara alınmışdı.
Menzel qeyd edir ki, "opera teatrında keçirilən Dağıstan axşamı da maraqlı idi. Dağıstanlı tələbələr və həvəskar aktyorlar sonsuz zərif rəqs və mahnılar proqramı, eləcə də qısa bir tamaşanı tamaşaçıların canlı iştirakı ilə ifa etdilər". Yaxud yenə də Menzel bildirir ki, "Özbəklər özləri ilə birlikdə çox cazibədar bir rəqqasə və musiqiçilərini də gətirmişdilər". Mən bu il Özbəkistanda "Xalid Səid Xocayev" kitabımın özbək dilində nəşrinin təqdimat mərasimində də, Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi konfransda da çıxış edərkən özbək alimlərinə Türkoloji Qurultayın bu maraqlı səhifəsini araşdırmağı təklif etdim. Araşdırsınlar, 1926-cı ildə Bakıya göndərdikləri o cazibədar rəqqasə kim imiş? Yenə də Menzelə istinad etmək istəyirəm. Yazır ki, (3 mart 1926-cı il, əlifba məsələsi ilə bağlı səsvermədən əvvəlki axşam!)... müxtəlif tayfaların, xüsusən də, özbək orkestrinin musiqi çıxışları üçün bir fürsət kimi istifadə edildi. Sadə simli alət olan dombra ilə müşayiət olunan, özünəməxsus melanxolik mahnılarını ifa edən qazax müğənnisi ən qəribəsi idi. Tez-tez vəhşi qışqırıqlarla kəsilən və bəzən təntənəli kilsə himnləri kimi səslənən bu mahnılar azərbaycanlıları tamamilə narazı salırdı... Bu, qəribə, vəhşi bir musiqidir ki, bəlkə də qədim türk çöl keçmişinin saf səsi hələ də əks-səda verir".
Diqqət etdinizmi? 1926-cı ildə "azərbaycanlıları tamamilə narazı salan", o "qəribə, vəhşi musiqi, bəlkə də qədim türk çöl keçmişinin hələ də əks-səda verən saf səsi..."
Menzelin 1926-cı ildə yazdığı bu cümlə 2026-cı ildə qəribə intibalar yaradır. Türkoloji Qurultayın mədəni miraslarından biri də budur: Yüz il əvvəl azərbaycanlıları tamamilə narazı salan bu mahnılar, yüz ildən sonra Azərbaycan musiqisi ilə hədsiz estetik bir harmoniya içində qaynayıb-qarışaraq tamaşaçıları həzin bir auranın cazibəsinə salmışdı... Deməli, Türkoloji Qurultay yüz ildən sonra təkcə əlifba birliyini deyil, müxtəlif türk uluslarının mədəniyyətləri arasında harmoniya yaratmağı da təmin edib.
Bakı-Şuşa-Ağdam-Xankəndi-Bakı
29 iyun-3 iyul 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
