Bir əsrlik ideya, müasir reallıq: Türk dünyasının inteqrasiya modeli - Mehriban VƏLİYEVA

 

2026-cı il türk dünyasının ictimai-siyasi, elmi və mədəni həyatında xüsusi əhəmiyyət daşıyan tarixi hadisə ilə əlamətdardır. Məhz bu il Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi tamam olur. Bir əsr əvvəl Azərbaycan paytaxtında keçirilən bu möhtəşəm elmi toplantı yalnız türkologiya elminin inkişafında deyil, bütövlükdə türk xalqlarının milli-mədəni özünüdərkinin formalaşmasında, ortaq mənəvi dəyərlərin qorunmasında və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Bu gün Birinci Türkoloji Qurultayın yüz illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi irsə, tarixi yaddaşa və türk dünyasının ortaq dəyərlərinə verilən yüksək önəmin bariz nümunəsidir. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncam təkcə tarixi hadisənin yubileyinin keçirilməsi deyil, həm də türk dünyasının elmi, mədəni və siyasi inteqrasiyasına verilən strateji dəstəyin ifadəsidir. Bu yubiley həm keçmişə ehtiram, həm bu günün reallıqlarının qiymətləndirilməsi, həm də gələcəyə yönəlmiş baxışdır. Çünki yüz il əvvəl Bakıda səslənən ideyalar bu gün türk dövlətlərinin siyasi əməkdaşlığında, iqtisadi inteqrasiyasında, parlament diplomatiyasında, mədəni-humanitar əlaqələrində və beynəlxalq münasibətlər sistemində ortaq mövqelərinin formalaşmasında öz real təcəssümünü tapmaqdadır. 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində ən mühüm elmi hadisələrdən biri hesab edilir. Qurultayda müxtəlif ölkələrdən və regionlardan gəlmiş yüzlərlə alim, ziyalı, dilçi, tarixçi və ictimai xadim iştirak etmişdir. Türk dillərinin inkişafı, ortaq əlifba məsələləri, dil islahatları, tarix, ədəbiyyat, etnoqrafiya və mədəniyyət sahələrində geniş müzakirələr aparılmışdır. Qurultay türk xalqlarının ortaq köklərinin öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olmuşdur. Həmin dövrdə qəbul edilən bir sıra elmi yanaşmalar sonrakı onilliklər ərzində türkologiya elminin inkişafına ciddi təsir göstərmişdir. Bakının bu möhtəşəm tədbirə ev sahibliyi etməsi təsadüfi deyildi. Azərbaycan tarixən Şərqlə Qərbi, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən mühüm məkan olmuşdur. XX əsrin əvvəllərində Azərbaycan türk dünyasında maarifçilik, elm, mədəniyyət və modernləşmə proseslərinin aparıcı mərkəzlərindən biri kimi tanınırdı. Bu gün də Bakı həmin missiyanı uğurla davam etdirərək türk dünyasının mühüm siyasi, iqtisadi, elmi və mədəni platformalarına ev sahibliyi edir. Türkologiya yalnız elmi istiqamət deyil. Bu sahə türk xalqlarının tarixi yaddaşının, milli kimliyinin, dil və mədəni irsinin öyrənilməsi və qorunması missiyasını daşıyır. Qloballaşmanın sürətləndiyi, milli-mədəni kimliklərin müxtəlif çağırışlarla üzləşdiyi müasir dövrdə türkologiyanın əhəmiyyəti daha da artır. Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və dövlətçilik ənənələrinin öyrənilməsi onların gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan Birinci Türkoloji Qurultayın 100 illik yubileyi yalnız elmi hadisə deyil, həm də türk dünyasının ortaq mənəvi və siyasi irsinin təntənəsidir. Türk dövlətləri arasında əməkdaşlığın inkişafından danışarkən, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmək lazımdır. Müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyev türk dünyası ilə əlaqələrin genişləndirilməsini ölkənin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdi. O, türk xalqlarının ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik olduğunu dəfələrlə vurğulayaraq onların beynəlxalq münasibətlər sistemində daha sıx əməkdaşlıq etməsinin vacibliyini bildirirdi.

1990-cı illərin mürəkkəb geosiyasi şəraitində Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət sonrakı dövrdə türk inteqrasiyasının inkişafına mühüm zəmin yaratdı.

Heydər Əliyevin siyasi irsi bu gün də türk dünyasının inteqrasiyası proseslərində öz aktuallığını qoruyur. Onun müəyyən etdiyi strateji xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illərdə türk dövlətləri arasında əməkdaşlıq tarixində görünməmiş inkişaf müşahidə olunur. Bu proseslərin mərkəzində Azərbaycan dayanır.

Prezident İlham Əliyev türk dövlətlərinin birliyini Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Dövlət başçısının təşəbbüsləri nəticəsində Azərbaycan türk dünyasının inteqrasiya proseslərində aparıcı rol oynayan ölkələrdən birinə çevrilmişdir. Cənab Prezidentin "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" fikri artıq türk dövlətləri arasında əməkdaşlığın ideoloji əsaslarından birinə çevrilmişdir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Transxəzər nəqliyyat marşrutu, Orta Dəhliz və digər beynəlxalq layihələr türk dövlətlərini vahid iqtisadi və logistika məkanında birləşdirən mühüm platformalara çevrilmişdir.

Türk dünyasının müasir inteqrasiya tarixində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da xüsusi rolu vardır. Onun rəhbərliyi altında Türkiyə türk dövlətləri ilə münasibətlərin inkişafına böyük önəm vermiş, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Azərbaycan və Türkiyə arasında formalaşmış müttəfiqlik münasibətləri türk dünyasının birliyinin əsas sütunlarından birinə çevrilmişdir. İki qardaş ölkənin liderləri - Prezident cənab İlham Əliyev və Prezident cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən siyasət türk dövlətlərinin yaxınlaşmasını sürətləndirmişdir.

Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi qətiyyətli dəstək bütün türk dünyasında böyük rəğbətlə qarşılanmışdır. Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə münasibətlərində yeni dövr açmış və türk inteqrasiyasına əlavə təkan vermişdir.

Türk dövlətlərinin inteqrasiyasında ən mühüm hadisələrdən biri Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi olmuşdur.

Hazırda təşkilat türk dövlətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, elm, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığını əlaqələndirən mühüm beynəlxalq təsisatdır.

Dövlət başçılarının zirvə görüşləri türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas platformaya çevrilmişdir. Bu görüşlər zamanı qəbul edilən qərarlar türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarını gücləndirmişdir.

Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində nüfuzu artan, geosiyasi əhəmiyyəti yüksələn və qlobal proseslərə təsir imkanları genişlənən təşkilatlardan biridir.

Türkdilli Ölkələrin Parlament Assambleyası - TÜRKPA türk dövlətləri arasında parlament əməkdaşlığının inkişafında mühüm rol oynayır. Son illərdə TÜRKPA çərçivəsində həyata keçirilən fəaliyyət qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə, ortaq hüquqi yanaşmaların formalaşdırılmasına və beynəlxalq platformalarda siyasi koordinasiyanın gücləndirilməsinə xidmət etmişdir.

Parlament diplomatiyası türk dövlətləri arasında siyasi etimadın möhkəmləndirilməsində və ortaq maraqların müdafiəsində mühüm vasitəyə çevrilmişdir. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər türk dünyasının son onilliklərdə əldə etdiyi ən mühüm siyasi uğurlardan biri kimi qiymətləndirilə bilər.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdi, beynəlxalq hüququn norma və prinsiplərini bərpa etdi və tarixi ədaləti təmin etdi. Bu haqq savaşında türk dövlətlərinin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək türk həmrəyliyinin ən parlaq nümunələrindən biri oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri türk dövlətlərinin əməkdaşlığı üçün yeni imkanlar yaradır. Qardaş ölkələr müxtəlif layihələrdə iştirak edir, investisiya yatırır, iqtisadi və humanitar təşəbbüslərə dəstək verirlər.

Füzuli, Şuşa, Zəngilan, Laçın və digər bölgələrdə həyata keçirilən layihələr türk dünyasının birgə inkişaf modelinin praktiki nümunəsinə çevrilməkdədir. Müasir dövr türk dünyasının yüksəliş dövrüdür. Türk dövlətləri artıq yalnız ortaq tarix və mədəniyyət ətrafında deyil, həm də ortaq strateji maraqlar əsasında birləşirlər. Avrasiya məkanında formalaşan yeni geosiyasi reallıqlar türk dövlətlərinin rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq ticarət marşrutları sahəsində türk dövlətləri mühüm aktorlara çevrilmişdir. Türk dünyasının ümumi əhalisi, iqtisadi potensialı, zəngin təbii ehtiyatları və strateji coğrafi mövqeyi bu birliyi gələcəyin ən perspektivli regional əməkdaşlıq modellərindən birinə çevirir. Birinci Türkoloji Qurultayın yüz il əvvəl irəli sürdüyü ideyalar bu gün artıq real siyasi və iqtisadi məzmun qazanmışdır. Türk xalqlarının birliyi ideyası romantik arzu olmaqdan çıxaraq beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi amilə çevrilmişdir. Bu mənada Birinci Türkoloji Qurultayın 100 illiyi yalnız keçmişin xatırlanması deyil. Bu yubiley türk dünyasının gələcəyinə ünvanlanmış mühüm mesajdır. Bu gün Bakı yenidən türk dünyasının fikir, elm, siyasət və əməkdaşlıq mərkəzi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə, ortaq tarixi irsin qorunmasına, siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir. Türk xalqlarının ortaq tarixi, ortaq yaddaşı və ortaq gələcəyi vardır. Birinci Türkoloji Qurultayın yüz illik yubileyi isə bu həqiqətin növbəti dəfə bütün dünyaya nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!