Yubiley təəssüratları - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi öz işinə iyunun 29-da Heydər Əliyev Mərkəzində başladı. Və Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının təbrik məktublarının səslənməsi yalnız gözlərimizi yaşartmadı, həm də ürəklərimizi sonsuz qürur hissi ilə doldurdu. Məktublar hər bir xalqın öz dövlət dilinin yüksək ədəbi səviyyəsini nümayiş etdirməklə bir daha inandırdı ki, Qurultaydan keçən yüz il türk dillərinin inkişafı baxımından kifayət qədər əlamətdar olmuşdur.

Bunun ardınca mükəmməl bir bədii proqram təqdim edildi. Proqramın təsir gücü, fikrimcə, əsasən onda idi ki, müxtəlif türk xalqlarına mənsub musiqi ifaları böyük peşəkarlıqla bir araya gətirilmişdi. Və bu, müxtəlifliyin ruhu coşduran elə birliyi idi ki, dövlət başçılarının təbrik mesajlarının yaratdığı ovqatı daha da gücləndirdi, sənətin dili ilə səmimiləşdirdi.

Beynəlxalq türk əməkdaşlıq təşkilatlarının rəhbərlərinin çıxışları, əlbəttə, xoş hisslər, duyğular oyatdı. Xüsusilə, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mənəvi-mədəni inteqrasiyasında artıq böyük təcrübə qazanmışlar. Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda keçirilən çox müxtəlif məclisləri, yəqin ki, hamımız xatırlayırıq. Bu məclislərdə türk dünyasının ümumi irsi, keçmiş dəyərləri barədə geniş təsəvvür yaradılmaqla yanaşı, həmin irsin və dəyərlərin gələcək nəslə təbii tarixi zənginliyində çatdırılmasına ardıcıl təşəbbüslər göstərilir. TÜRKSOY-un gerçəkləşdirdiyi "mədəniyyət paytaxtı" layihələri, incəsənətin ayrı-ayrı sahələrinə dair festivallar, sərgilər və s., Türk Mədəniyyəti və İrsi Fondunun artıq müxtəlif seriyalar halını alaraq, bir növ, ixtisaslaşmış kitab nəşrləri, onların yüksək səviyyədə təqdimatları, türk mədəni irsinin dünya miqyasında təbliği, Beynəlxalq Türk Akademiyasının ümumtürkoloji elmi araşdırmaları ilə dil, ədəbiyyat, tarix və s. istiqamətlərdə həyata keçirdiyi layihələr, xüsusilə, ortaq türk əlifbası, ortaq türk terminologiyası üzrə əldə edilmiş uğurlar deməyə əsas verir ki, beynəlxalq türk əməkdaşlıq təşkilatları onlara bəslənən ümidləri layiqincə doğruldurlar. Və onlar 100 illik yubileyə də əliboş gəlməmişdilər, hər birinin öz töhfələri vardı.

"Birinci Türkoloji Qurultayın 100 illiyi (1926-2026)" xatirə nişanının təqdimi, əlbəttə, istər açılış mərasimində, istərsə də sonrakı toplantılarda xoş əhval-ruhiyyə yaratdı. Doğrudur, bu cür təqdimatlarda obyektivliyi axıra qədər gözləmək, bəlkə də, yaxşı olar deyək ki, hamını razı salmaq elə də asan deyil, ancaq Birinci Türkoloji Qurultayın xatirəsini yad etmək üçün belə bir nişana nə qədər böyük ehtiyac olduğu özünü açıq hiss etdirdi. Türkoloji Qurultay, yaxud ümumən türkologiya qarşısında az-çox xidmətləri olan hər kəs, üzərində Azərbaycan Prezidentinin "Bizim ailəmiz Türk Dünyasıdır" kəlamı yazılmış bu nişanı sinəsində fəxrlə daşımaq istəyirdi.

Süni intellekt əsaslı qısametrajlı filmin nümayişi də, elə bilirəm ki, uğursuz olmadı.

Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi ilə birlikdə Mədəniyyət Nazirliyinə həvalə olunmuşdu. Çox böyük uğurla özünün yeni "yol xəritəsi"ni - "Azərbaycan Mədəniyyəti-2040" Mədəniyyət Konsepsiyasını qəbul edib həyata keçirən nazirlik Prezident sərəncamının layihə gücündə gerçəkləşməsi üçün bütün məsuliyyəti ilə çalışdı, - deyə bilərik. Xüsusilə, əlaqələndirmə işində operativlik, səliqə-səhman özünü hər yerdə göstərirdi.

Panel iclasları kifayət qədər peşəkar təşkil edilmişdi. Və bu peşəkarlığın bir cəhəti məruzəçilərin öz sahəsinin tanınmış mütəxəssisləri olması, digəri həmin mütəxəssislərin ayrı-ayrı türk xalqlarını bərabər təmsil etməsi idi.

Bakı Dövlət Universitetinin hazırladığı "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" mövzusundakı beynəlxalq konfransın ilk iclası Həftənin başladığı gün oldu.

Rektor Elçin Babayev başda olmaqla, təşkilatçılar Milli Elmlər Akademiyasının proqramını təkrar etməmək üçün konfransda tədris məsələsinin müzakirəsini önə çıxarmışdılar. Ancaq təbii ki, türkologiya (və Birinci Türkoloji Qurultay) mövzularından təcrid olunmamaq şərti ilə.

İkinci gün səhər BDU-nun hazırladığı "Birinci Türkoloji Qurultayın dərsləri", Türk Akademiyasının hazırladığı "Bəlgələr işığında 1926 Bakı Türkoloji Qurultayı" kitablarının təqdimatından sonra konfrans öz işini "Birinci Türkoloji Qurultayın elmi-mədəni irsi: tədqiqi və tədrisi", "Birinci Türkoloji Qurultayda dil quruculuğu: öyrənilməsi və tədrisi" və "Türk xalqlarının mədəniyyəti, tarixi və onların tədrisi məsələləri" olmaqla üç bölmədə davam etdirdi. Onu da qeyd edək ki, konfransın materialları rektorun "Birinci Türkoloji Qurultayın işığında müasir türk dünyasında elm və təhsil sahəsində əməkdaşlığın prioritetləri" adlı Ön sözü ilə nəfs şəkildə yayınlanmışdır.

Həftənin ikinci günü İsmailiyyə binasında başlayan toplantıların xüsusi əhəmiyyəti onda idi ki, Birinci Türkoloji Qurultay məhz bu binada keçirilmişdi. Odur ki, həm "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" mövzusundakı birinci, həm də "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusundakı ikinci panelin iştirakçıları yalnız etdikləri elmi məruzənin keyfiyyəti üçün məsuliyyət daşımırdılar, həmçinin, təbii ki, müəyyən nostalji hisslərin təsiri altına da düşürdülər.

Həftənin ikinci gününün istər birinci, istərsə də ikinci yarısında tədbirlərin paralelliyi məlum diskomfortluğa səbəb oldu, ancaq bu, qaçılmaz idi. Mən Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Mahirə Hüseynova və Aysel Qəribli ilə həmmüəllifi olduğum "Birinci Türkoloji Qurultay" kitabının təqdimatında iştirak etdim. Fond kitabı Azərbaycan, rus və qazax dillərində çox yüksək poliqrafik səviyyədə nəşr etdirdiyi kimi eyni səviyyədə də elitar bir məclis keçirdi. Əlbəttə, burada Fondun prezidenti, professor Aktotu Raimkulovanın xidmətləri müstəsna idi.

Həmin saatlarda Azərbaycan Milli Kitabxanasında Türk Akademiyasının çap etdirdiyi "100 ilin ardından Bakı Türkoloji Qurultayı" kitabının təqdimatı, Azərbaycan Milli Xalça Muzeyində isə "Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk" sərgisinin nümayişi oldu.

İştirakçıların, xüsusilə, qonaqların bir hissəsi üçüncü gün Qarabağa yollandılar. Və həm proqramdan, həm də eşitdiklərimdən bilirəm ki, ikigünlük səfər son dərəcə maraqlı, təəssüratlar kifayət qədər yaddaqalan olmuşdur.

Bakıda isə yubileyin əsas tədbirlərindən biri keçirildi. Həftənin dördüncü günü Azərbaycan Milli Kitabxanasında Türk Dünyası Milli Kitabxanaları Birliyinin, eləcə də "Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay. Biblioqrafiya" kitablarının təqdimatları əsl hadisəyə çevrildi.

Həftənin son iş günü təşəbbüsü Milli İncəsənət Muzeyi ələ aldı. "Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam" mövzusunda əvvəl elmi seminar, sonra isə eyni mövzuda sərgi keçirildi.

Atatürk Mərkəzində mərhum professor Valeh Hacıların "Borçalı Mehralı bəy" kitabı təqdim olundu.

Yubiley mərasimlərində həm Azərbaycan, həm də türk dünyası ziyalıları, ilk növbədə, görkəmli türkoloqlar vardı. Qonaqlar arasında Osman Fikri Sərtqaya, Şükrü Haluk Akalın, Osman Mərd, Janseyit Tuymebayev, Səma Barutçu, Sırtbay Musayev, Kadırali Konkobayev, Takaşi Osava, Şerubay Kurmanbayulu, Həmidulla Boltabayev, Məğribə Yeskeyeva, Qulqayşa Saqıdolda və bir sıra başqalarının adlarını çəkə bilərəm.

Türk Dünyası Həftəsi göstərdi ki, Bakı yüz il əvvəl olduğu kimi, bu gün də dünya türkologiyasının mərkəzi missiyasını inamla yerinə yetirir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!