"Vətən" Uluslararası elmi-publisistik ədəbi-bədii dərgisinin növbəti sayı işıq üzü görüb

 

Bu il 1926-cı il Birinci Bakı Türkoloji Qurultayının 100 illiyidir. Bu 100 il ərzində Türk dünyası elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ciddi nailiyyətlər əldə etmiş, ölkələr arası əlaqələr inkişaf etmiş, Türk Dövlətləri Təşkilatı yaradılmış, ortaq əlifba və ortaq dil gününüzün reallığına çevrilmişdir. Bununla yanaşı, türkologiyanın inkişafı qarşısında ciddi problemlər də var.

26 fevral 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin və Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçıkığı ilə Birinci Bakı Türkoloji Qurultayaına həsr olunmuş uluslararası elmi-praktik konfrans keçirildi. Giriş sözü ilə xalq yazıçısı Anar konfrans iştirakçılarını salamladı və Birinci Türkoloji Qurultayın əhəmiyyətini qeyd etdi. Konfransın moderatoru, Türk Dünyası Araşdırmaları Mərkəzinin başqanı, müasir türkologiya elminin patriarxı, əməkdar elm xadimi, professor Tofiq Məlikli proqram nitqi ilə çıxış etdi. Məruzəçilərdən akademik Nizami Cəfərov, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlı, professorlar - Minaxanım Nuriyeva-Təkləli (Azərbaycan), Nuridə Novruzova (Azərbaycan), Abid Tahirli (Azərbaycan), Vaqif Sultanlı (Azərbaycan), Bədirxan Əhmədov (Azərbaycan), İbrahim Tellioğlu (Türkiyə), Orhan ARAS (Türkiyə), fəlsəfə doktorları - Azər Turan (Azərbaycan), Kəmalə Abdinova (Azərbaycan), Səadət Kərimi (İsveç) mövzu ətrafında aktual çıxışlar etdilər. Dərgimizin bu sayında konfrans materialları ilə tanış ola bilərsiniz.

2026-cı il görkəmli Azərbaycan şairi və filosofu Əfzələddin Xaqani Şirvanin 900 illik yubileyidir.

Onun daxili tənhalıq, insanın cəmiyyətlə ziddiyyəti və mənəvi böhran haqqında fikirləri bu gün də müasir insanın düşüncələri ilə həmahəng səslənir. Dərgidə Xaqani Şirvani haqqında məqalə və Xaqani yaradıcılığından nümunələr yer almışdır.

Dərginin bu sayında, eləcə də, Xorxe Luis Borxesin, Vaqif Sultanlının və Mariya Karyaqinanın bədii yaradıcılıq nümunələri, qədim türk yurdu Çuvaş Respublikası barədə reportaj və digər maraqlı materiallarla tanış olmaq olar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!