İyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam" adlı elmi seminar keçirildi.
Əli bəy Hüseynzadə Azərbaycan tarixində milli ideologiyanın banisi, üçrəngli dövlət bayrağımızın müəllifi, görkəmli ictimai-siyasi xadim və mütəfəkkir kimi tanınır. Lakin onun rəssam kimi zəngin yaradıcılığı hələ də geniş ictimaiyyətə kifayət qədər tanış deyil. Seminarın əsas məqsədi məhz bu çoxşaxəli irsi yeni rakursdan təqdim etmək, onun bədii yaradıcılığını və mədəni irsimizdə tutduğu yeri elmi baxımdan işıqlandırmaq idi.
Seminarı giriş sözü ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova açaraq Əli bəy Hüseynzadənin bədii irsi haqqında məruzə ilə çıxış etdi.
Daha sonra "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova, tarix üzrə fəlsəfə doktoru, kolleksioner Dilqəm Əhməd və Əməkdar rəssam, Türkiyənin Yeditepe Universitetinin professoru Teymur Rzayev məzmunlu məruzələrlə çıxış etdilər.
Məruzələrdə Əli bəy Hüseynzadənin rəssamlıq irsi, fəlsəfi və ictimai-siyasi baxışları, Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolu, milli teatr sənətinin inkişafına verdiyi töhfələr, I Türkoloji Qurultayın ideya-mədəni əhəmiyyəti, eləcə də türk dünyasının ortaq mədəni irsi ilə bağlı məsələlər geniş şəkildə təhlil olundu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi birgə təşkilatçılığı ilə keçirilən seminar Əli bəy Hüseynzadənin şəxsiyyətini yalnız milli ideoloq kimi deyil, həm də görkəmli rəssam, ziyalı və Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş universal şəxsiyyət kimi yenidən dəyərləndirmək baxımından mühüm elmi platformaya çevrildi.



.jpg)






© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
