Azərbaycanda vəzifəsi olan yaradıcı adamlar haqqında müsbət fikir bildirmək, əlbəttə, fikir bildirən adamın reputasiyası üçün təhlükəlidir. Söz yox ki, bu təhlükə heç o qədər də əsassız deyil. Çünki Azərbaycanda məhz təkcə vəzifəlidir deyə haqqında müsbət fikirlər səsləndirilən saysız-hesabsız insanlar var. Fəqət əlahəzrət mətn elə şeydir, o, heç nəyə baxmır. Hazırda həbs həyatı yaşayan, dolayısı ilə artıq heç bir vəzifəsi olmayan Əjdər Ol haqqında da bir zamanlar fikir demək təhlükəsi var idi. Ancaq bütün bunlar "Lo" romanının yaxşı mətn olmağına şübhə salmır.
Bəs nədir "Lo" romanı, nədən bəhs edir, niyə məhz "Lo?"
Əjdər Olun "Lo" romanı 1988-1993-cü illəri, daha dəqiq desək, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı sosial-siyasi mübarizəni, o cümlədən, Birinci Qarabağ müharibəsini əhatə edən dramatik dövrü, demək olar ki, bütün çılpaqlığı ilə təsvir edir. Deyərdim, məhz bu roman həmin illərə işıq salan dəqiq xəritələrdən biridir. Başqa sözlə, Əjdər Olun "Lo" romanı özünün də təyinatlandırdığı kimi "canlı roman"dır. O cür canlı ki, o illərdə yaşamayan hər kəs bu roman vasitəsi ilə həmin illərə səyahət edə, adamları görə, söhbətləri eşidə və prosesləri bilərlər.
Əjdər Ol bu romanda mühakimə yürütməyə tələsmir. O, oxucuya hazır nəticələr təqdim etmir, hadisələri göstərir və qərarı oxucunun ixtiyarına, analizinə buraxır. Məhz buna görə "Lo" publisistika deyil, bədii nəsrdir. Faktlar burada yalnız məlumat vermək üçün yox, insan taleyini açmaq üçün istifadə olunur. Bir cümlə ilə belə demək olar ki, "Lo" romanında bəhs edilən əsas məsələ həmin illərin siyasilərinin üzbəüz qaldığı problemlər, ümumən ictimai-siyasi söhbətlər və həmin illəri ən dəqiq təsvir edən, mənzərəni iri planda göstərə bilən, faktlara söykənən bir romandır.

Obrazlı desək, bu roman təkcə romanda iştirak edən insanların yox, ümumilikdə, Azərbaycan xalqının həmin illərki xarakteri, simasıdır. Məsələn, "bu romandan nə öyrənmək olar?" sualına cavab bu ola bilər:
"Ən pis halda sovet azərbaycanlılarının yaxşı və pis cəhətləri ilə bu romandan öyrənmək olar".
Romanın adı da o illərlə həmahəngdir. Çünki "Lo" sözü qarışıqlığı, durğunluğu bildirir. Həmin illərin həm qarışıq, sonra isə durğunluq, böhran dövrü olduğunu nəzərə alsaq, məzmunla bir-birini tamamlayır. Roman oxucuya ilk başda müəllifin gündəliyi kimi də görünə bilər. Ancaq belə deyil. Çünki bu romanı xatirə yazıları olmaqdan ayıran böyük detallar var. Burada artıq tək bir insanın yaddaşı yox, kollektiv yaddaş danışır.
Konkret desək, romanda XX əsrin sonu ilə XXI əsrin əvvəlləri arasındakı körpünü, Qorbaçovun yenidənqurma siyasəti, SSRİ-nin çöküşü, milli hərəkat, Qara Yanvar, Sumqayıt hadisələri kimi ictimai-tarixi ümumi çalarlar əhatə olunub. "Lo" romanı vasitəsi ilə o dövrün siyasi ab-havasını öyrənməklə yanaşı, elə indiki dövrümüzün siyasi ab-havasının necə olacağını da görmək mümkündür.
Romanın dili kifayət qədər sadə, oxunaqlıdır. Başqa sözlə, bu romanı bir zamanlar yüksək vəzifələrdə olan Əjdər Ol yox, yazıçı Əjdər yazıb. Əslində, bu romanı adlandırsaq, tarixi roman deməkdə fayda vardır. Tarixə, o illərin tarixinə bu tərzdə işıq salan ikinci bir romanımız, demək olar ki, yoxdur. Ancaq roman bu hadisələri "tarix dərsi" kimi yox, canlı həyat kimi təqdim edir. Oxucu burada faktları oxumur, həm də o faktların içində gəzir.
"Lo"nu oxuyarkən hiss olunur ki, müəllif faktları sadəcə ard-arda düzmür. Faktlar romanın materialıdır, məqsədi deyil. Məqsəd həmin dövrün ruhunu tutmaqdır. Çünki tarix hadisələrin ardıcıllığından daha çox, insanların həmin hadisələri necə yaşamasıdır.
"Lo"nun roman gücü ondadır ki, o, hadisələri qəhrəmanlaşdırmır. Əksinə, çılpaqlaşdırır; o dövrün insanlarını ideallaşdırmadan göstərir. Qorxuları ilə, tərəddüdləri ilə, səhvləri ilə, bəzən də zəiflikləri ilə. Bəlkə də "Lo"nun ən böyük uğuru ondadır ki, müəllif oxucunu keçmişə aparmır, keçmişi bu günə gətirir. Romanı oxuduqca anlayırsan ki, tarix heç vaxt bitmir. O, sadəcə adını, simasını və iştirakçılarını dəyişir. Dünən tribunada deyilən sözlər bu gün başqa kürsülərdə təkrarlanır, dünən verilən səhvlər başqa formada yenidən qarşımıza çıxır.
Tarix yalnız qəhrəmanlardan da ibarət deyil. Tarix eyni zamanda tərəddüd edən, susan, səhv edən insanların da tarixidir. Məhz "Lo" daha çox bu adamların tarixidir. Məlumdur ki, ədəbiyyatın əsas funksiyalarından biri yaddaşı qorumaqdır. Amma yaddaşı qorumaq üçün onu bəzəmək yox, olduğu kimi göstərmək lazımdır. "Lo" romanı məhz bunu edir. Yəni o keçmişi romantikləşdirmir, onu çətin, narahat və bəzən də ağır şəkildə təqdim edir.
Bu roman həm də bir yol xəritəsi, zaman maşınıdır, tarixin bəzədilməmiş üzüdür.
Yaxşı romanın bir xüsusiyyəti var: son səhifəsini bağladıqdan sonra da oxucu ilə birlikdə yaşayır. "Lo" məhz belə romanlardandır. O, bitəndən sonra başlayır. Oxucunu rahat buraxmır, dövrlə, proseslərlə, adamlarla bağlı suallar doğurur, müqayisə etməyə məcbur edir və ən əsası, unutmağa imkan vermir.
Ona görə də "Lo"nu yalnız ədəbi hadisə kimi qiymətləndirmək azdır. Bu roman həm də ictimai sənəddir. Sadəcə fərq ondadır ki, rəsmi sənədlər dövrü qeydiyyata alır, "Lo" isə dövrün ruhunu qoruyub saxlayır.
Ruhu qorumaq isə bəzən faktı qorumaqdan daha qiymətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
