Ədəbi tənqidimizin filosof-dilçisi - Əsəd Cahangir - Nadir MƏMMƏDLİ

 

Əsəd Cahangir ədəbi-tənqidi və bədii cameənin ən sevilən, seçilən simalarından biridir. Nadir rasional düşüncə ilə bədii duyumun vəhdətindən yoğrulmuş təfəkkürü ilə istəsə idi, yalnız bədii yaradıcılıq sahəsində parlaq uğurlar qazana bilərdi. Lakin o, başqa bir yol seçdi - başqalarının yaradıcılığındakı gizli intellekt qatlarını açmaq, sənətin daxili mexanizmini düşüncə işığında araşdırmaq. Elmi təfəkkürün sərt məntiqini bədii ədəbiyyatın kövrək və sirli dünyasına gətirmək hər kəsin bacaracağı iş deyil. Əsəd Cahangir məhz bu çətin keçiddə özünün fərqli yaradıcı simasını, üslubunu formalaşdırdı. O, tədqiqat predmeti kimi quru elmi sxemləri deyil, insan ruhunun ən mürəkkəb ifadəsi olan ədəbiyyatı seçdi - bədii dünyaların məna sirlərini açmağı, onların daxili estetik və fəlsəfi mexanizmlərini araşdırmaq! Böyük həqiqətlər çox zaman monoqrafiyaların isti-soyuq səhifələrində deyil, bədii sözün daxili yanğısında yaşayır. Millətin fəlsəfi təfəkkürü, mənəvi ağrıları və tarixi yaddaşı əksər hallarda elmi traktatlardan əvvəl ədəbiyyatda doğulur, elmi düşüncəyə və fəlsəfi idraka aparan yolların mühüm bir qismi məhz sənətin içindən keçir. Əsəd Cahangirin tənqidi baxışlarının uğuru ondadır ki, bədii obrazı həm estetik hadisə, həm də düşüncəsinin illərlə axtardığı insan modeli kimi duyur: hər naqislikdə, pislikdə yaxşılıq, gözəllik axtarır və tapır!

Obrazlı deyimlərin elmi dillə təhlili xüsusi istedad, daxili harmoniya və güclü intellekt tələb edir. Əsəd Cahangirin yazılarında rasional təhlillə bədii duyum daim paralel hərəkət edir, lakin çox vaxt obrazlı təfəkkür rasional məntiqi qabaqlayır və öz arxasınca aparır. Bu səbəbdən onun tənqidi yalnız təhlil deyil, eyni zamanda yaradıcı düşüncə aktı təsiri bağışlayır. Bədii-elmi idrak vərdişinə malik belə insanların ədəbiyyat aləminə müraciəti xüsusi əhəmiyyət daşıyır. Çünki onlar sənətə kənardan baxmır, onun dərinliyinə enir, mətnin görünməyən tərəflərini duyur, həmin cizgilərdə gizlənən əsl həqiqəti üzə çıxarırlar. Əsəd Cahangir də məhz bu mənada adi tənqidçidən çox, düşüncə ilə sənət arasında körpü yaradan intellekt sahibidir. O, konkret ədəbi şəxsiyyətlərin yalnız ədəbiyyat tarixində yerini müəyyənləşdirməyə çalışmır, eyni zamanda mədəni yaddaşda və milli-mənəvi həyatda rolunu anlamağa çalışır. Bu baxımdan onun fəaliyyəti təkcə ədəbi tənqid deyil, həm də fəlsəfi-estetik düşüncə aktıdır. O, yazıçını yalnız mətnin yox, zamanın, cəmiyyətin və milli şüurun içində axtarmağa çalışır.

Əsəd Cahangirin diqqətçəkən cəhətlərindən biri də Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini bir-birindən ayıran mənəvi bağlantıları həssaslıqla duymaq bacarığıdır, hər dövrün özünəməxsus bədii dilini, daxili ritmini və düşüncə üslubunu üzə çıxarmağa çalışır. Yaradıcılıq istiqaməti ədəbi tənqid olsa da, təhlilləri bəzən klassik tənqid çərçivəsini aşır, konkret bir əsərin məzmununu daha geniş zaman və məkan çərçivəsində nəzərdən keçirir, onu bəzən milli, bəzən isə dünya ədəbi-estetik təcrübəsi ilə müqayisəli şəkildə dəyərləndirir. Ən maraqlı cəhət isə budur ki, təhlil zamanı mətnin zahiri mənasına deyil, mahiyyət nüvəsinə diqqət edir. Bəzən, ilk baxışda, böyük məna yükü daşımayan bir əsəri belə dərin elmi-fəlsəfi müzakirə obyektinə çevirə bilir. Çünki onun üçün ədəbiyyat sadəcə süjet və obraz deyil, insanın daxili potensialı, milli şüurun gizli çalarları və zamanın mənəvi portretidir. Elə ona görə də əsərlərində görünməyən məqamları sezərək onları düşüncə müstəvisinə çıxara bilir.

Əsəd Cahangir nitqin estetik təbiətinə yanaşarkən onu yalnız ünsiyyət vasitəsi kimi deyil, düşüncənin bədii enerjiyə çevrilmə məqamı kimi dəyərləndirir. Onun qənaətincə, fikrin məntiq və dil qanunları daxilində uğurlu ifadəsi, obrazlı ümumiləşdirmə ilə qovuşduğu zaman adi nitq estetik hadisəyə çevrilir. Məhz bu məqamda söz yalnız məlumat daşımır, həm də duyğu yaradır, düşüncəni daxili ahəngə çevirir. Onun fikrincə, nitqin emosional qatının estetik funksiyaya yüksəlməsi yaradıcı harmoniyanın nəticəsidir. Ümumxalq dilinin başqa üslublarında kommunikativ və təfəkkür funksiyası əsas yer tutduğu halda, tənqidi və bədii nitqdə estetik məqsədi ön plana keçirir - nə tənqid, nə də sənət dili gerçəkliyi sadəcə ifadə etmir, onu yenidən qurur, mənalandırır. Əsəd Cahangir bədii dilin siqlətini də məhz burada görür: sözün semantik gücü emosional və fəlsəfi enerji yaratmasındadır. Onun yanaşmasına görə, söz sənətinin estetik keyfiyyəti nitqin quruluşu ilə məzmunu arasındakı harmonik uyğunluqdan doğur. Obrazlı ifadə forması, sözlərin məna çalarları, sosial boyaları, poetik və ritmik səslənişi bir-biri ilə qovuşaraq mətndə daxili musiqi yaradır. Bu zaman söz artıq lüğəvi vahid olmaqdan çıxır, daha geniş miqyasda müəllifin düşüncə, duyğu ritmini ifadə edir və estetik elementə çevrilir. Poetik əsərlərdə bu sistem daha aydın görünür. Şeirdə hər bir söz ümumi poetik intonasiyanın tərkib hissəsinə çevrilir, ritmin tələbi ilə başqa sözlərlə assosiativ əlaqəyə girərək yeni məna çalarları qazanır; sözün səslənişi, ritmi və daxili enerjisi birləşərək ahəng, harmoniya yaradır. Əsəd Cahangirin yaradıcılığında diqqət çəkən əsas cəhətlərdən biri də budur ki, o, təhlil etdiyi ədəbi-bədii mətnlərə yalnız fikir daşıyıcısı kimi deyil, həm də canlı orqanizm kimi yanaşır - ana dilinin milli ruhu əsərlərində aydın görünür.

Əsəd Cahangir bu gün də öz orijinal düşüncə sistemi, tərzi ilə seçilir. O, heç bir ədəbi dəbin, konyuktur marağın və ya ideoloji diktənin arxasınca getmədən milli-mənəvi dəyərlərimizi araşdırır və təbliğ edir. Bu müstəqil mövqe yazılarına xüsusi daxili azadlıq və mənəvi asudəlik, yüngüllük verir. Onun fəaliyyəti yalnız ədəbiyyatşünaslıq, dilçilik hadisəsi deyil, həm də ümummilli düşüncənin və mənəvi tərəqqinin xidmətində duran ziyalı mövqeyidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!